Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2097/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2038/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1.) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -"xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən binanın 3-cü girişinin 4-cü mərtəbəsi, ümumi sahəsi 68,0 kv.m olan, 1 otaqlı, 170 nömrəli mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli, 20 №-li müqaviləyəsasən kooperativin payçısı olan iddiaçı tərəfindən pay haqqı tam olaraq kooperativə ödənilmiş və müqavilə şərtlərinə müvafiq olaraq MTK tərəfindən mənzil ona təhvil verilmişdir. Həmin mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət edilmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********42 nömrəli cavab məktubunda ərizəsinin icrası mümkünsüz hesab etmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı ərazi idarəsinə daxil olmamışdır. Halbuki, bina, orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bundan əlavə binanın bəzi sakinləri öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu haqda dövlət reyestrindən çıxarış da almışlar. Belə olan halda, onun da, həmin bina sakinləri kimo belə bir hüququ vardır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında, imtina məktubunda gösitərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2038/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə təqdim edilmiş sübutları nəzərə almamış, Konstitusiyanın bərabərlik prinsipinə riayət etməmiş iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Halbuki iddianın təmin edilməsi üçün mövcud hüquqi baza olmuş, bundan əlavə həmin ünvanda analoji məhkəmə qərarları tələbin təmin edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında, Ali Məhkəmənin elektron “saytı”ndan əldə etdiyi məlumatlara əsaslanaraq qeyd etmişdir ki, Ali Məhkmənin hüquqi mövqeyinə görə dövlət orqandarı eyni faktiki və hüquqi halara əsaslanan işlərdə eyni qərarlar qəbul etməlidir. Reyestr xidməti eyni binada yaşayan bir vətəndaşa mənzilə dair çıxarış verirsə, başqalarına münasibətdə də eyni xidməti göstərməlidir. Əks halda vətəndaşların bərabrlik hüququ pozulduğundan məhkəmələr tərəfindən nəzərə alınmalı olacaq. Həmin binadan məhkəməyə 14 şəxsin çıxarış təqdim edilmişdir. Ona görə də nümayəndə hesab etmişdir ki, iddiaçının bərabərlik hüququnun təmin edilməsi üçün birnci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir (Nümayəndə tərəfindən istinad etdiyi Ali Məhkəmənin saytından əldə etdiyi həmin məlumatları çıxarış şəkilində işə əlavə edilməsi üçün məhkəməyə təqdim etmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə binanın istismar aktının olmadığına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən binanın 3-cü girişinin 4-cü mərtəbəsi, ümumi sahəsi 68,0 kv.m olan, 1 otaqlı, 170 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “...; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ...; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən sonra) inşa edilmiş tikililərə dair: ...; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə... İş materiallarına əlavə olunmuş, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2018- ci il tarixli 20 nömrəli müqaviləyə və həmin MTK-nın eyni tarixli mənzilin addan-ada keçirilməsi barədə arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ”V” yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında, X3 adına olan 1 otaqlı, sahəsi 68.0 kv.m 170 saylı mənzil İddiaçı adına keçirilmişdir. Eyni zamanda, sözügedən "xxxx"MTK-nın təsisçilərinin ümumi iclasının xx.xx.2018ci il tarixli protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin mənzilin payçısı kimi təsdiq edilərək sənədlər mənzilin onun adına rəsmiləşdirilməsi üçün cavabdeh qeydiyyat orqanına göndərilmişdir. Belə olan halda,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd olunan 8.0.6-cı maddəsində nəzərdə tutulan əsas mövcuddur. Lakin işin cavabdeh tərəfindən mübahtsələndirilən hallarından göründüyü kimi, həmin mənzilin yerləşdiyi binanın Qanunun qeyd olunan 8.0.10.1-ci maddəsində nəzərdə tutulan istimarına icazə sənədinin idarəyə daxil olmaması əsas tutularaq, mənzilin iddiaçının adına qeydə alınması mümkünsüz hesab edilmişdir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hal müvafiq sorğu verilmklə yoxlanılmış və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Baki şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Komitənin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən yaşayış binası ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmə də məhz, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binaya dair tikinti obyektinin istismarına icazə sənədi məhkəməyə təqdim edilmədiyi və həmin sənədin inzibati məhkəmə icraatının gedişi zamanı cavabdehdə də müəyyən edilmədiyi əsas tutularaq, “İnzibati icraat haqqında” haqqında Qanunun 15.1.1-ci maddəsinə istinadən, dövlət qeydiyyatı barədə iddiaçı tərəfindən müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması əsası ilə, iddianı rədd etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Konkret halda, məhkəmə, iş materiallarına əlavə olunmuş, mübahisəli çoxmərtəbəli yaşayış binasında yaşayan çoxlu sayda digər sakinlərin mənzillərin, habelə, həmin binada yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmmasına dair reyestrdən çıxarışlara diqqət yetirməmiş, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddələrinin tələbələri baxımından, onlara hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin özünün müvafiq sorğusu əsasında cavabdeh idarənin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna və cədvəl formasında həmin məktubuna əlavə olunmuş məlumatlara, eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi - eyni binada olan mənzillərə və qeyri-yaşayş sahələrinə dair reyestrdən çıxarışlara əsasən müəyyən olunur ki, həmin binadan 14 şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onlara reyestrdən çıxarışlar verilmişdir (i.v. 51-116). Halbuki, İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” İşin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən, iddiaçıya münasibətdə, eyni binadan daşınmaz əmlak əldə edən 14 nəfər şəxslə müqayisədə ayrı-seçkilik nümayiş olunmuş, onun qanunla qorunan bərbərlik hüququ pozulmuşdur. «Saghinadze və başqaları Gürcüstana» qarşı iş üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Beləliklə də, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasından imtina olunmasının qanunsuz və əsassız olduğu və onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən qeyd olunanlar nəzərə alınmamış, iddianın rədd olunması barədə gəldiyi nəticə işdə olan sübutlara və qanunvericiliyin sözügedən tələblərinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2038/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, həmin qərar ləğv olunmalı və iddianın təmin edilməsi, Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən binanın 3-cü girişinin 4-cü mərtəbəsi, ümumi sahəsi 68,0 kv.m olan, 1 otaqlı, 170 nömrəli mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2038/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin olunsun. İddiaçı - Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən binanın 3-cü girişinin 4-cü mərtəbəsi, ümumi sahəsi 68,0 kv.m olan, 1 otaqlı, 170 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2097/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2097/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver