Məhkəmə qərarları › İş №2-1(103)-2098/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2098/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2098/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2837/2017 saylı 18 may 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 26.10.1979-cu il tarixdən 20.12.1993-cü il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 23 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1927/2017 saylı, 25 avqust 2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2086/2017 saylı 21 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1927/2017 saylı iş üzrə 25 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı icra edilməsi üçün 20.12.2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli, 21(81)- 2837/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 52 yaşından əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə orta aylıq əmək haqqı üzrə pensiyanın təyin olunması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə olunmasını tələb etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına istinad etməklə, əmək kitabçası və hərbi bilet üzrə 2006-cı ilədək hesablanmış 33 il sosial sığorta stajı, həmçinin 01 yanvar 2006-ci il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 78,20 manat pensiya kapitalı nəzərə alınmaqla İddiaçı 418782 №-li güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 23.02.2012-ci il tarixdən 232,06 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01.01.2017-ci il tarixdən 290,46 manata çatdırılmış və 01.07.2017-ci il tarixdən ödənişinə başlanılmışdır. Qeyd edildiyi kimi, pensiya işində İddiaçı tərəfindən əvvəllər pensiya təyin olunması barədə yazılmış heç bir ərizəsi və şöbənin həmin ərizəyə verilmiş imtina məktubu aşkar olunmadığından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli (İş № 2-1(82)-2837/2017) qərarına əsasən sözügedən şəxsin şöbəyə 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdiyini, lakin şöbənin tarixi və nömrəsi olmayan imtina məktubu ilə onun işlədiyi peşənin güzəştli siyahida olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüzlüyü barədə məlumat verildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiyası ilə əlaqədar məhkəmə işlərinə pensiya təyinatına müraciət etdiyi 2017-ci ilin may ayından başlanılmışdır. M.X2 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 26.10.1979-cu il tarixdən 20.12.1993-cü il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 23 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. M.X1 rayon şöbəsinə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli (İş № 2-1(82)-2837/2017) qəbul etdiyi qərarı ilə iddia təmin təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş 23.06.2017-ci il tarixli qərarına qarşı apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25.08.2017-ci il tarixli qərarı (İş № 2-1(103)-1927/2017) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 21.11.2017-ci il tarixli qərarı ilə (iş № 2-1(102)-2086/2017) şöbənin şikayəti təmin olunmamışdır. Qeyd olunmalıdır ki, Şöbənin aidiyyəti məsul şəxsləri tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 25.08.2017-ci il tarixli qərarının (İş № 2-1(103)-1927/2017) pensiya işinə tikilmədiyi müəyyən edilmiş, bu səbəbdən məhkəmədə iddiaçının və ya onun nümayəndələrinin iştirakı barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Pensiya işinə tikilmiş və seriya nömrəsi olmayan əmək kitabçasının surətinə əsasən İddiaçı 05.10.1972-19.02.1973-cü il dövr ərzində “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində 1-ci dərəcəli yardımçı fəhlə, 19.02.1973-13.04.1973-cü il və 13.06.1975-02.08.1978-ci il dövr ərzində “Azərdənizneftinşaat” trestinin 3 və 7 saylı Tikinti Quraşdırma İdarəsində 2, 3 və 4-cü dərəcəli bənna, 02.08.1978-01.05.2001-ci illərdə daşyonan peşəsində işlədiyi dövrdə paralel olaraq 20.12.1993-01.05.2001-ci il dövr ərzində 2-ci peşə kimi 4, 5 və 6-cı dərəcəli qülləli kran maşinisti peşəsində, 01.05.2001-01.09.2014-cü illərdə qülləli kran maşinisti işlədiyi dövrdə yenə də 06.02.2002-01.12.2005-ci il dövr ərzində 2-ci peşə kimi 4-cü dərəcəli bənna peşəsində, 01.12.2005-cı il tarixdən pensiya təyin edilməsi üçün müraciət etdiyi 10.05.2017-ci il tarixədək kran maşinisti peşəsində işləmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti tərəfindən İddiaçı adına tərtib olunmuş 02 iyun 2017-ci il tarixli № SOCAR**********30020123X00089 arayışında qeyd olunan illərdə işlədiyi peşələrin “Güzəştli siyahı”nın 29-cu bölməsinin “a” bəndində göstərilən peşələrə uyğun olduğu qeyd olunmaqla güzəştli şərtlərlə pensiya hüququnun olduğu ümumi sözlərlə bildirilmişdir. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətinə əsasən İddiaçı 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, 26.10.1979-cu il tarixdən 20.12.1993-cü il tarixədək işlədiyi müddətlər nəzərə almaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən peşələrin xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və işlədiyi peşələrin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli siyahıda göstərilmiş peşələrə uyğunluğu barədə zəruri tədqiqat işləri aparılmadan iddia tələbi təmin edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş bənna və daşyonan peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, bənna peşəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahısında 2290000a-12680, daşyonan peşəsi isə 2290000a-12690 kodu ilə göstərildiyindən İddiaçı güzəştli şərtlərlə pensiya hüququ 52 yaşdan deyil, 57 yaşından, yəni 2012-ci ildən yaranır. Araşdırma zamanı aşkar edilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının son iclası 21.11.2017-ci keçirilmiş və həmin tarixdə çıxarılmış qərar 15 dekabr 2017-ci il tarixdə şöbəyə daxil olduğu zaman həmin qərarın üzərinə şöbənin daxilolma ştampı vurularaq qeydiyyata alınmışdır. Göründüyü kimi, şöbə tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla bu işdə maraqlı şəxslərə görə pensiyanın məbləğinin artırılması haqqında şöbənin sərəncamı ilə 23.02.2007-ci il tarixdən hesablanaraq Ali Məhkəmənin qərarının elan olunduğu vaxtdan 45 gün əvvəl - 10.10.2017-ci il tarixdə ödənişə göndərilərək icra edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixədək M.Mərdanovun 10 il əvvəl, yəni 2007-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarları və digər sənədlərə, o cümlədən "Neftqaztikinti” tresti tərəfindən təsdiq və təqdim edilmiş 02.05.2017-ci il tarixli SOCAR**********320123X00051 nömrəli 2004- 2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının (şöbə müdirinin və Pensiya sektorunun müdirinin imzası ilə) tarixi olmayan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamı əsasında İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 23.02.2007-ci il tarixdən 52 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 33 il sosial sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq 23.02.2012-ci il tarixdən düzgün təyin olunmuşdur. Bu barədə yuxarıda müvafiq məlumat verilmişdir. Eyni zamanda İddiaçı yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası 01.03.2018-ci il tarixdən yenidən hesablana bilər. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində onun plastik kart hesabına külli miqdarda əsassız məbləğ köçürülmüşdür. Təyin olunmuş və ödənişi aparılan pensiya işi ilə əlaqədar izahat verməsi üçün İddiaçı əmək kitabçası və digər zəruri sənədlərin əsilləri ilə birlikdə Fondun Bakı şəhəri Suraxanı rayon şöbəsi vasitəsilə Nazirliyə dəvət olunmuş, vətəndaş Nazirliyə gələrək yazılı izahat təqdim etmiş, həmin izahatda 1973-1975-ci illərdə hərbi xidmətdə olduğunu, əmək kitabçasında qeyd olunan idarə və müəssisələrdə müvafiq vəzifə və işlərdə işlədiyini, məhkəməyə özünün müraciət etdiyini, məhkəmə işləri barədə Fondun Suraxanı rayon şöbəsinin ona kömək etdiyini, plastik kart hesabına köçürülmüş məbləğləri özünəməxsus plastik pensiya kartı vasitəsilə bankomatdan çıxardığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli 2-1(81)-2837/2017 nömrəli qərardadı ilə ərizə təmin edilərək İddiaçı 26.10.1979-cu il tarixdən 20.12.1993-cü il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 23 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017cü-cü il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılaraq, hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmişdir. (hakim: F.Mədətli) Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil Çahmalı oğlu apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi yeni açılmış hallarla bağlı ərizəsində qeyd etmişdir ki, pensiya işində İddiaçı tərəfindən əvvəllər pensiya təyin olunması barədə yazılmış heçbir ərizəsi və şöbənin həmin ərizəyə verilmiş imtina məktubu aşkar olunmamışdır. Ərizəçinin bu xüsusatı tam qanunsuz və əsassızdır, belə ki, ərizəçi qanunvericiliyin tələbini bilmir ki, əgər cavabdeh tərəfindən verilmiş imtina məktubu olmasa idi, iddia təmin deyil, mümkünsüz sayılmalı idi. Ərizəçinin bu xüsusatı ona görə də qanunsuzdur ki, iş materiallarında cavabdehin iddiaçıya ünvanladığı 22.05.2017-ci il tarixli, 18/04-2681 nömrəli imtina məktubu mövcuddur. Ərizəçi eyni zamanda ərizəsində qeyd etmişdir ki, şöbənin məsul şəxsləri tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 25.08.2017-ci il tarixli qərarının (iş № 2-1(103)-l927/2017) pensiya işinə tikilmədiyi müəyyən edilmiş, bu səbəbdən də məhkəmədə iddiaçının və ya onun nümayəndələrinin iştirakı barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Ərizəçinin bu xüsusatı da qanunsuz və əsassızdır. Belə ki, ərizəçinin qeyd etdiyi Bakı Apelyasiya Məhkəməsinin qərarının pensiya işinə tikilib-tikilməməsi, iddiaçının vəzifəsi deyildir. Ərizəçi özü də etiraf etmişdir ki, öz idarələrinin məsul şəxsləri tərəfindən məhkəmə qərarı pensiya işinə tikilməmişdir. Bu səbəbdən də DSMF-nin məsul şəxsləri, vəzifəli şəxsləri barədə cinayət işi başlanaraq, hazırda cinayət işi üzrə icraat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili kimi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı sorğusuna cavab olaraq bildirilmişdir ki, (212026031 saylı, 12 mart 2021-ci il tarixli) İddiaçı pensiyasının tərəflərindən dayandırılması barədə hər hansı bir tədbir görülməmiş, həmçinin istintaqın ilkin mərhələsində sonuncunun əməlində hər hansı bir qanun pozuntusunun olması müəyyən edilməmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, məhkəmə baxışı formal keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş müvafiq öhdəliyin qoyulması olmuşdur. Ərizəçinin bu xüsusatı da qanunsuz və absurddur. Belə ki, hazırki iş üzrə birinci instansiyası məhkəməsinin qanuniliyi, apelyasiya instansiyası məhkəməsi və kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmışdır. Ərizəçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qanuni olub-olmaması və həmin qərarların şablon olub-olmaması barədə fikir irəli sürmək üçün nə qanuni nə mənəvi haqqı yoxdur! Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hesab edir ki, ərizəçinin yeni açılmış hallarla bağlı ərizəsi qanunsuz və əsassızdır. Ərizə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, qanunla müəyyən edilmiş müddətdə verilməmiş və bununla bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı guya belə əsaslandırmışdır ki, “Göründüyü kimi, pensiyanın təyin edilməsinə əsas verən müvafiq sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cinayət faktlarına dair araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmiş, daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanılmışdır.” Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cinayət faktlarına dair araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılması yeni açılmış hallar üçün ondan asılı olmayan səbəb deyildir. Bu hal sadəcə Dövlət orqanı əməkdaşlarının əməllərində cinayətin əlamətləri olduğundan müvafiq cinayət işinin açılmasını təsdiq edən haldır. Eyni zamanda birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizəni təmin etmək istəyərkən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-106-cı maddələrinin tələblərinə əsasən, yeni açılmış hallarla bağlı ərizənin verilməsinin mümkünlüyünü araşdırmaq əvəzinə, qəsdən və qərəzli olaraq, özünün də qeyd etdiyi kimi yuxarıdan aldığı tapşırığa əsasən, qanunvericiliyin tələbini kobud pozaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarım mahiyyəti üzrə araşdırmışdır. Bununla da hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən, hakim qanunvericiliyin tələblərini pozaraq, işi mahiyyəti üzrə araşdırmağa cəhd belə etməsi qanunsuzdur. Daha sonra birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərardadını onunla əsaslandırmışdır ki, Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, yekun məhkəmə aktları əsasında iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yaş və staj ilə bağlı şərtlərinin ödənilməsi, həmçinin, onun güzəştli pensiya hüququna imkan verən peşədə işlədiyi göstərilsə belə, sonradan təqdim olunan arxiv arayışı iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun hansı tarixdən yaranması ilə bağlı yenidən araşdırmanın aparılması üçün kifayət qədər əhəmiyyətli sübut sayılır. Əlavə olaraq Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, sözügedən arxiv arayışı ilkin məhkəmə icraatı zamanı təqdim olunmamışdır. Həmin arayış olmadan isə iddiaçının işlədiyi peşənin güzəştli peşəyə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsi 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini haradan əldən etdi, o hissəsi də aydın deyildir. Həmçinin sonradan təqdim edilmiş arayış da hansı arayışdan söhbət gedir o hissədə aydın deyildir. Belə ki, cavabdeh tərəfindən o vaxt pensiya təyin edilən zaman, sorğu verib müvafiq arayış ala bilərdi. Vaxtında bunu etməmiş, hansı səbəbdən məhkəmənin bu qənaətə gəlməsi də şübhəlidir. Belə ki, məhkəmə SOCAR tərəfindən verilmiş güzəştli arayışı nəzərdə tutursa həmin arayış, 2017-ci ildə məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Bu haldan da cavabdehin xəbəri o zaman olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən bu halların əsaslandırılması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Suraxanı rayon xidmət nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış **********0 saylı, 28.08.2020-ci il tarixli məktubundan görünür ki, cavabdehin istinad etdiyi yeni açılmış hal - (pensiyanın alt sistemində İddiaçı adına olan pensiya aydınlaşdırma statusu ilə bağlanmışdır) - inzibati məhkəmə icraatı başa çatmamış artıq cavabdehə 04.02.2020-ci il tarixdə artıq məlum olmuşdur. Belə ki, cavabdehə (ərizəçiyə) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu (yəni 04.02.2020-ci il) gündən yeni açılmış hallarla bağlı ərizə ilə 25.12.2020-ci il tarixdə məhkəməyə daxil olduğu vaxtadək 3 aydan artıq yəni 10 ay 21 gün müddət keçmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizəni təmin etmək istəyərkən belə əsaslandırmışdır ki, Məhkəmə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi müddəti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin Qərarı 04 yanvar 2018-ci il tarixdə cavabdeh tərəfindən poçt vasitəsilə qəbul edildiyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə isə 10 dekabr 2020-ci il tarixdə verildiyini nəzərə alaraq, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 3 illik müddətin ötürülmədiyi qənaətindədir. Birinci instansiya məhkəməsinin, hakim hörmətli Fərid Mədətlinin bu cür əsaslandırması çox qanunsuz, absurd və qərəzlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 104.1.4.-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat - Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmununu təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdə, cavabdeh (ərizəçi) tərəfindən 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə ərizənin verilməsinə dair sübutlar ərizəyə əlavə olunmamışdır və müddətin ötürülmədiyini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda bu müddətlərin bərpasına yol verilmir. (İPM-nin 103.3-cü maddəsi) Birinci instansiya məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin Qərarı 04 yanvar 2018-ci il tarixdə cavabdeh tərəfindən poçt vasitəsilə qəbul edildiyinə istinad edərək, müddətin keçmədiyini əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin bu qanunsuz, əsassız və absurd əsaslandırmasına əsasən bildirir ki, hamıya məlumdur ki, qanunvericiliyin tələbinə əsasən Ali Məhkəmənin Apelyasiya Məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını qüvvədə saxladığı halda, birinci instansiya məhkəməsinin qərarı Ali Məhkəmənin qərarı qəbul edildiyi gün qüvvəyə minir. Belə ki iş materiallarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 20 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ünvanladığı məktubunda da qeyd olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı 21 noyabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bununla da sübut olunur ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2837/2017 saylı, 23 iyun 2017ci il tarixli qərarı 21 noyabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş, iş materiallarına əsasən yeni açılmış hallarla bağlı məhkəməyə ünvanlanmış ərizə isə 25.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu hald İPM-nin 103.2-ci maddəsinin təsirinə düşməsə də, hər bir halda 3 ildən artıq müddət keçdiyi sübut olunur. Bununla da birinci instansiya məhkəməsi tərəfindən müddət məsələsinə bu cür qanunsuz və əsassız yanaşma hakimin qanunvericiliyin normalarını səhv tövsif etməyindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən Qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Bununla da sübut olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın icra olunması üçün cavabdeh inzibati orqana məktub ünvanlanmışdırsa, o deməkdir ki, birinci instansiyası məhkəməsinin qərarı qüvvəyə minmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi özünün qəbul etdiyi 2-1(82)-2837/2017 saylı, 18.05.2021-ci il tarixli qərardadının nəticə hissəsində qeyd etmişdir ki, məhkəmə qərarının icrası dayandırılsın. Hesab edir ki, bu halda qanunsuz, əsassız və absurddur. Həmçinin məhkəmənin qərarının icrasının dayandırılması barədə hər hansı bir ərizə(vəsatət) yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən (həmin maddə bu cür adlanır “Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması” Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Həmin maddənin tələbindən görünür ki, məhkəmə qərarının icrasının dayandırılması üçün yalnız və yalnız ərizə (vəsatət) olmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən belə bir ərizə məhkəməyə daxil olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini kobud pozaraq, məhkəmə qərarının icrasının dayandırılması qanunsuz və əsassızdır. Apelyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçı və onun nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını apelyasiya və kassasiya instansiya məhkəmələri qüvvədə saxlamış və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 20.12.2017-ci il tarixdə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apelyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi-vəkilinin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2837/2017 saylı 18 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar