Məhkəmə qərarları › İş №2-1(103)-2098/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2098/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2098/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Razdak oğlunun cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “qarajın altındakı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı Razdak oğlu cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində, A.Şaiq küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində, 25 dekabr 2003-cü il tarixdə 3718-ə nömrə ilə mərhum atası X1 mülkiyyət hüququ qeydə alınmış qarajın altındakı torpaq sahəsinə görə ona kompensasiya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir . İddianın əsaslarına görə iddiaçının mərhum atası X1 “Sovetski” adlanan ərazidə mülkü olmuş, atasının varisi kimi, həmin ərazidə yerləşən mülkün sökülməsi ilə bağlı verilən kompensasiya məbləği etibarnamə əsasında həyat yoldaşı Nümayəndə1 qəbul etmişdir. Lakin nə mülkün altındakı torpaq sahəsinə nə də qarajın altındakı torpaq sahəsinə görə ona ödəniş edilməmişdir. Cavabdeh tərəfindən onun qarajın altındakı torpaq sahəsinə görə əvəzinin ödənməsi barədə müraciətinə cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinə görə kompensasiya hüququnun olmadığını əsas gətirərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia Maliyyə Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin Məhkəmənin 2-1(112)-1435/2022 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia cavabdeh Bakı şəhəri Cavabdeh1nə münasibətdə rədd edilmişdir. İddiaçı R.Məmmədov həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbuledilən qərar qüvvədə qala bilməz. Belə ki, məhkəmə araşdırması zamanı bəlli oldu ki,qaraj və altındakı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd 3718-Ə saylı texniki pasportda Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayon İH Mənzil İdarəsinin xx.xx.1996-cı il tarixli razılıq məktubu olmuşdur. Arxiv İdarəsinin arayışı ilə də təsdiq olunur ki, torpağın verilməsinə Bakı Sovetinin 27 dekabr 1961-ci il tarixdə 18/627 saylı qərarına əsasən 6 dekabr 1963-cü il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin 17 saylı protokolunun 747-ci punktuna əsasən avtomobil qarajının tikilməsinə razılıq verilmişdir. Bütün bunlar torpaq sahəsinin iddiaçı tərəf daimi istifadəyə qanuni əsaslarla verilməsini təsdiq edir. Bütün respublika ərazisində və Bakı şəhərində qarajın qeydiyyatı texniki pasportla nizama salınır. Digər tərəfdən Nazirlər Kabinetinin qərarında təkcə mülkiyyəti qeydə alınanların yox, qanuni istifadədə olan torpaq sahələrində əvəzinin ödənməsi nəzərdə tutulur. Qaraj üçün torpaq sahəsi Bakı şəhəri XDS İK-nin xx.xx.1963cü il tarixli 10/15 saylı icazə məktubu ilə mülkiyyət hüquqları xx.xx.2003-cü il tarixdə 3718 inventar nömrə ilə qeydə alınmışdır. Bütün bunlardan əlavə söküntü işləri ilə bağlı AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahələri mülk qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahəsi əvəzləşdirilməlidir. Buradan da çıxan nəticə odur ki, qarajın altındakı torpaq sahəsi əvəzinə ya bazar qiyməti ilə pul ödənilməli, ya da əvəzində yerləşdiyi yerə uyğun başqa torpaq sahəsi verilməlidir. Məhkəmə bu faktlara qərarda qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə qarajın Evlər İdarəsinə məxsus olduğunu və icarə müqaviləsi ilə iddiaçının mərhum atasının istifadəsinə verildiyini, həmin qaraja görə də iddiaçıya kompensasiya ödənildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 2.2.7-ci madəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 247.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir: 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; 247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. İddiaçının iddia tələbindən göründüyü kimi, cavabdehdən Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində, A.Şaiq küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində yerləşən, 25 dekabr 2003-cü il tarixli 3718-ə inventapr nömrəli texniki pasport əsasında mərhum atası X1 adına qeydə alınmış qarajın altındakı torpaq sahəsinə görə ona kompensasiya verilməsini tələb etmişdir. Lakin iş materialarına əsasən iddiaçının qeyd olunan iddia tələblərinin təmin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, işdən görünür ki, mübahisəli qarajın yerləşdiyi torpaq sahəsi - Bakı Şəhər İcra Hakimiyyəti başçısının «Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq- quruculuq işləri çərçivəsində Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması haqqında» 12 dekabr 2013-cü il tarixli 501 nömrəli Sərəncamının təsiri altına düşən ərazidə yerləşir. İş materiallarına (xx.xx.2022-ci il tarxli müqaviləyə və qiymətləndirmə gədvəlinə) əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan sərəncamının icrası qaydasında 22 iyul 2014-cü il tarixində, iddiaçı ilə cavabdeh arasında müqavilə imzalananmış və iddiaçı istifadəsində olan Bakı şəhəri Yasmal rayonu, B.Səfəroğlu 32 ünvanında yerləşən, sahəsi 17,89 kv.m olan, qeyri-yaşayış sayhəsindən (qarajdan) - köçürləmə ilə aldığı 8.945,00 manat kompensasiyaya ödənilməsinin əvəzi olaraq, cavabdehin xeyrinə imtina etmişdir və bu işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Konkret halda, iddiaçı həmin qarajın Texniki Pasportuna istinadən hesab edir ki, həmin qarajın altındakı torpaq sahəsinə görə də ona kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı həmin tələbində haqlı hesab oluna bilməz. Belə ki, onun istinad etdiyi, xx.xx.2003-cü il tarixdə tərtib olunmuş 3718 inventar nömrəli Texniki Pasportda qaraj tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılması barədə əsasa (qərara) istinad olunmur və Texniki Pasportun yerli (Oktyabr rayon) icra hakimiyyətinin Mənzil İdarəsinin xx.xx.1996-cı il tarixli 10/15 saylı icarə məktubuna əsasən tərib olunduğu müəyyən olunur. İşə əlavə olunmuş arxiv materiallarına (AR Dövlət Arxivinin Bakı Filialının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarsindən alınmış sənədlərə ) əsasən müəyyən olunur ki, iddiaçının istinad etdiyi Bakı şəhər XDS İK-nin 27 dekabr 1961-ci il tarixdə 18/627 saylı qərarı və həmin qərara dəyişiklik edilməsi barədə 6 dekabr 1963-cü il tarixli 17 saylı qərarı - qaraj tikintisi üçün ayrılan torpaq sahəsi fərdi qaydada ayrı-ayrı vətəndaşlara, o cümlədən, iddiaçının mərhum atasına deyil, məhz, Bakı şəhər Oktyabr (Yasamal) rayonu XDS İK-nin Evlər İdarəsinə ayrılmış,sonuncu tərəfindən də qarajlar tikildikdən sonra, onların icarəyə verilməsinə dair vətəndaşlarla (o cümlədən, iddiaçının mərhum atası Razdoq Məmmədovla) müqavilə bağlanmışdır. Başqa sözlə, Evlər İdarəsi tərəfindən icarə müqaviləsi əsasında iddiaçının mərhum atasının icarəsinə verilən daşınmaz əmlak torpaq sahəsi deyil, məhz, qarajın özü olmuşdur ki, həmin qaraja (sökülməsinə) görə də cavabdeh tərəfindən ona kompensasiya məbləği ödənilmiş, bunun əvəzində isə iddiaçı həmin qeyri-qayayış sahəsindən cavabdehin xeyrinə imtina etmişdir. Göründüyü kimi, əvəzləşdirmə yolu ilə tərəflər arasında icarə münasibətlərinə artıq xitam da verilmişdir. Mülki Məcəllənin 527.1-ci maddəsinin tələbindən də görünür ki, qarşılıqlı əvəzləşdirmə yolu ilə öhdəliyə xitam verilir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən mübahisəli ünvanda yerləşən qeyri-yaşayış (qaraj) sahəsinin altında yerləşən torpaq saphəsinə görə də kompensasiya ödənilməsinin tələb olunması əsassızdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, qərar iddiaçının mülahizələrinə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar