Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2099/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3118/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1983-cü ildən başlayan uzun müddətli əmək stajına malikdir. 35 ildən artıq bir müddəti əhatə edən əmək fəaliyyətinin əhəmiyyətli hissəsini zərərli işlər təşkil edir. Başqa sözlə, uzunmüddətli əmək fəaliyyəti əmək qanunvericiliyinin müəyən etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun tələblərinə tam şəkildə cavab verir. Buna görə də, yəni əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə yazılı ərizə ilə müraciət etmişdir. Ərizəsinə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını təsdiq edən müvafiq sənədləri də əlavə etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********8 saylı imtina məktubu ilə ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı 02 iyul 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla imtina verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi: aromatik karbohidrogenlərin saflaşdırılması bəndində (10.3) texnoloji qurğuların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş sənədlərdə xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə SOCAR-ın “Heydər Əliyev adına X4”nda texnoloji qurğuların operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. SSRİ Nazirlər Kabinetinin xx.xx.1977-ci il tarixli 369/11-16 nömrəli Qərarına əsasən estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri zərərli hesab edilib. Lakin əmək fəaliyyəti ilə məşğul olduğunuz iş zamanı işlətdiyiniz neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır Eyni zamanda sözügedən zavodda kükürdlü neft və neft məhsullarının emalı xx.xx.1995-ci il tarixində dayandırılmışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 8 ay 3 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3118/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2020-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3118/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3118/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Zəngilan rayonunda, Zərnəli kəndində anadan olmuş, notarial qayadada təsdiq edilmiş xx.xx.1983cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisə və peşələrdə işləmiş və hal-hazıradək işləyir. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən (60 yaşdan) təyin edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili olan iddiaçının xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə SOCAR-ın “Heydər Əliyev adına X4”nda texnoloji qurğuların operatoru vəzifəsi peşəsinin mübahisələndirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan “SOCAR” “Heydər Əliyev adına X4”nun “Zərərli iş şəraiti haqqında” Arayışında göstərilmişdir ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrdə çalışmışdır: xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək 1 N-li sex, 20 N-li texnoloji qurğu, texnoloji qurğuların operatoru; xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək 1 N-li istehsalat, 20 N-li qurğu, texnoloji qurğuların operatoru; xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək 1 N-li istehsalat, 20-21 N-li qurğu, texnoloji qurğuların operatoru (qeyd edilən dövrlərdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində nəzərdə tutulmuşdur); xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilədək 6 N-li sex, naften turşuları istehsalı üzrə 67 N-li qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 11000000-16081, X bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.3. bölməsi); xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək 6 N-li sahə, naften turşuları istehsalı üzrə 67 N-li qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.3. bölməsi). Həmin Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının X bölməsinin 3-cü yarımbölməsində 11000000-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.3 bölməsində göstərilən texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan naften turşuları istehsalında məşğul olan texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edir. Eyni zamanda arayışda göstərilmişdir: “Heydər Əliyev adına X3 (NEZ) istehsal olunan ilkin emal benzini, reaktiv mühərrik yanacağı və dizel yanacağı distillatlarının qələvi ilə təmizlənməsi zamanı alınan işlənmiş qələvi tullantılarının tərkibindəki dünya bazarında böyük tələbata malik olan naften turşularını ayrılması məqsədilə 2001-ci ildə "MARKEM Corporation" firmasından alınmış müasir "MERİKON" texnologiyasının və onun avadanlıqlarını tətbiqi ilə xam naften turşuları istehsalına başlanılmışdır. Xam naften turşularının alınması prosesində reaktiv mühərrik yanacağının distillatının və dizel yanacağı distillatının təmizlənməsi zamanı alınan qələvi tullantılarına sulfat turşusu ilə təsir etməklə naften turşularının reduksiya edilməsi nəzərdə tutulur. Proses aşağıdakı reaksiyalar üzrə gedir: 2RCOONa + H2SO4 -> 2RCOOH + Na2SO4 2NaOH + H2SO4 -> Na2SO4 + 2H2O Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar № 12, xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.3 bəndində “qələvi tullantılarının yağsızlaşdırılması və turşulaşdırılması” prosesi qeyd olunmuşdur. Bildirmək istəyirik ki, yuxarıda qeyd olunduğu kimi NEZ-də qələvi tullantılarının turşulaşdırılması prosesindən xam naften turşuları alındığı üçün Siyahının 10.3 bəndində qeyd olunan proseslə uyğunluq təşkil edir.” Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq daxil olmuş “SOCAR” “Heydər Əliyev adına X4”nun xx.xx.2022-ci il tarixli Arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illər, xx.xx.1994-xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2001-ci il illər ərzində çalışdığı texnoloji qurğuların operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü ii tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində, onun xx.xx.2001-xx.xx.2014-cü illər ərzində çalışdığı texnoloji qurğuların operatoru vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 11000000-16081, X bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.3. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsində öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1995- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində, həmçinin xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək dövr ərzində işlədiyi peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələr hesab edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin “3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsində “texnoloji qurğuların operatorları” (kod 2130301a—16081) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “10.3. Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması” yarımbölməsində “qələvi tullantılarının yağsızlaşdırılması və turşusuzlaşdırılması; tərkibində kükürdlü hidrogen olan neftin və qaz kondensatının elektriklə duzsuzlaşdırılması və susuzlaşdırılması, sabitləşdirilməsi, hidrotəmizlənməsi, adi (qaz) kükürdün alınması istehsallarında məşğul olan yuxarıda sadalanan fəhlələr” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göründüyü kimi iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyindən iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3118/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3118/2022 saylı, 09 mart 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2099/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2099/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver