Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2099/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “minik avtomobilinin dəyişdirilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş (qeydiyyat şəhadətnaməsi nömrəsi 597084) minik avtomobilinin avtomatik sürət qutusu ilə təchiz olunmuş minik avtomobili ilə dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi və ya iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş (qeydiyyat şəhadətnaməsi nömrəsi 597084) minik avtomobilinin satılmasına icazə verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34). Sonradan, iddiaçının elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh həmin nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmuşdur. Daha sonra isə məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək onun əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birinci qrup Qarabağ müharibəsi əlilidir. Dövlət tərəfindən müharibə əlilləri üçün müəyyən edilmiş bütün imkanlardan istifadə imkanı iddiaçıya da yaradılıb. Məhkəməyə müraciət etməyində səbəb dövlət tərəfindən iddiaçıya verilmiş minik avtomobili ilə bağlıdır. Həmin avtomobil mexaniki sürət qutusu ilə təchiz olunduğu üçün iddiaçı onu idarə edə bilmir. İddiaçı iki ətrafın güdülü diaqnozu ilə birinci qrup əlil olduğu üçün mexaniki sürət qutusundan istifadə edə bilmir. İddiaçı iki ətrafın güdülü səbəbindən avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil idarə edə bilər, mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə etmək onun fiziki imkanları xaricindədir. Buna görə də qərara gəlmişdir ki, ona verilən avtomobili satsın və idarə edə biləcəyi avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil alsın, lakin xx.xx.2019-cu il tarixdə ona verilmiş minik avtomobilinin 597084 nömrəli qeydiyyat şəhadətnaməsində göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icazəsi olmadan avtomobili satmaq olmaz. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icazə verərsə o avtomobili sata bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”-a əsasən, məlumdur ki, əlilə verilmiş avtomobili satmaq olmaz. Eyni zamanda qeydiyyat şəhadətnaməsində göstərilir ki, icazə olmadan satmaq olmaz. Beləliklə, birinci qrup müharibə əlilinə, ona icazə verilərsə, ona verilmiş avtomobili sata bilər. Eyni zamanda dəfələrlə cavabdehə müraciət etmişdir ki, ona verilən mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə edə bilmədiyi üçün həmin avtomobili avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil ilə əvəz etsinlər, dəyişsinlər. Müraciəti isə təmin edilməyib. Buna görə o birinci qrup müharibə əlili kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ yaradılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Həmin Qaydaya əlavənin 57-ci bəndinə əsasən Nazirlik tərəfindən imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. Odur ki, İddiaçı 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Y.Qüdrətli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı əlliyi üzündən 2019-cu ildən ona verilmiş avtomobili idarə edə bilmir. Dəfələrlə cavabdehə müraciət edərək həmin avtomobilin avtomat sürət qutulu minik avtomöbili ilə dəyişdirilməsini tələb etsə də, cavabdeh onun ərizəsini təmin etməmişdir. Odur ki, məhkəmədən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıya minik avtomobilin verildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: -5.2.3-cü bəndinə əsasən avtomobillər aşağıdakı hallarda verilir: …; 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); 5.2.3.13. baldırın güdülü (S88, Z89.7) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın: - 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda 2 ətrafın güdülü diaqnozu ilə birinci dərəcə əlildir. O, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən minik avtomobili ilə təchiz edilmiş və qeydiyyat orqanı tərəfindən ona 597084 nömrəli şəhadətnamə verilmişdir. İşin iddia olunan hallarından isə göründüyü kimi, iki ətrafın güdülü diaqnozu ilə əlillik dərəcəsi təyin olunmuş iddiaçı, ona təhkim edilmiş minik avtomobili 5 pilləli mexaniki sürətlər qutusu və üç əyləc sistemi ilə təchiz olunduğundan sərbəst və təhlükəsiz idarə edə bilmir. Onun cavabdeh orqana həmin avtomobili idarə edə biləcəyi avtomobillə dəyişdirilməsi barədə müraciətləri müsbət nəticə verməmişdir. Konkret halda mütəxəssis və ekspertiza rəyi əsasında belə, iddiaçının ona təhkim edilmiş, mexaniki və üç əyləc sistemli avtomobili idarə etmək imkanına qiymət verilməsi də ağlabatan hesab edilə bilməz, Ən azından, avtomobili idarə edərkən onun hansı rahatsızlıq hissəlrini keçirməsi məhz iddiaçının özünə xas xüsumiyyət nəzərə alınmaya bilməz. «Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 5.0-cı maddəsinə görə əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: …; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; …; 12 dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. …27.0 dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 30.1. əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunvericiliyin qeyd olunan normaları ilə ehtiva olunan məzmunundan göründüyü kimi, dövlət əlilliyi olan şəxslərin qayğısına qalır və onların dövlət büdəcəsinin vəsaiti hesabına münasib reablitasiya vasitələri ilə təhiz olunmasını həyata keçirir. Konkret halda işin hallarından göründüyü kimi, iddiaçı idarə edə bilmədiyi avtomobillə təmin olunmuşdur. Yəni, onun əlillik vəziyyəti həmin avtomobildən istifadə etməsinə imkan vermir. AR Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” isə nəzərdə tutur ki: 3.9. bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. … 3.14-cü bəndinə görə minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15. bəndinə əsasən minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. Qaydanın qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçı ona verilmiş avtomobili sataraq idarə edə bildiyi başqa avtomobillə də əvəz etmək hüququna da malik deyildir. Onun yegənə çıxış yolu cavabdeh orqan vasitəsilə həmin avtomobili avtomat sürət qutulu və ya onun idarə edə biləcəyi başqa tip (əllə idarə olunan) avtomobillə dəyişdirsin. Cavabdeh orqan əlilliyi olan şəxslərin onları idarə edə bilcəyi avtosmobillə təmin etmək vəzifəsi isə məhz, cavabdeh oorqanın üzərinə düşən öhdəliyidir. Lakin işin hallarından göründüyü kimi, cavabdeh bu öhdəliyini lazımınca yerinə yetirməmiş, iddiaçını 2019-cu ildə idarə edə bilmədiyi nəqliyyat vasitəsilə təmin etmklə hüquqlarını pozmuş və onun həmin avtomobilin münasib avtomobilə dəyişdirilməsi ilə bağlı müraciətlərinə məhəl qoymur, bu gün də onun hüquqlarını pozmaqda davam etəmkdədir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki,qeydolunanlar nəzərə alınmaqla məhkəmə,iddianın təmin olunması barədə işin hallarına və maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsinin mümkünsüz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2099/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2099/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver