Məhkəmə qərarları › İş №2-1(103)-2099/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2099/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2099/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13717/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü övladı X11 doğum haqqında akt qeydinin uşağın soyadına dair bənddə soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsi barədə öhdəliyin cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdən rəsmiləşdirilmiş nikahla Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızı ilə nikahdadır. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü övladı X12 verilmiş doğum haqqında akt qeydinin uşağın soyadı bəndində soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. 20 avqust 2024-cü il tarixdə cavabdeh ərizə ilə əlaqədar imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilənlərə əsasən soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsinin orqanın imkanı xaricində olması bildirilmiş, bununla bağlı yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdehin imtinasında qeyd olunmuş “uşağın soyadı bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilir” hissədəki mövqeyə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsində qeyd olunan “uşağın soyadının valideynlərin soyadı ilə müəyyən edilməsi” ifadəsi, uşağın soyadının valideynin soyadı ilə tamamilə eyni olması ilə deyil, məhz kökün saxlanması deməkdir. İstinad edilən normadan da aydın göründüyü kimi, qanunvericilikdə uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. Cavabdehin imtinasında qeyd olunmuş uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir” hissədəki mövqeyə münasibətdə isə bildirmişdir ki, inzibati orqana olan müraciəti soyadın dəyişdirilməsi barədə deyil, soyadın sonluğunun dəyişdirilməsi barədə olmuşdur. Qanunvericilkdən də göründüyü kimi soyadın dəyişdirilməsi və soyad sonluğunun dəyişdirilməsi anlayışları eyni mənanı ifadə etmir, fərqli anlayışlardır. Əlavə olaraq bildirmişdir ki, birgə nikahdan doğulmuş övladı X3 sonluğunun dəyişdirilməsinə münasibətdə valideynlər arasında hər hansı fikir ayrılığı yoxdur. Valideyn olaraq hər ikisi “Hacıyev” soyadının “Hacıbəyli”yə dəyişdirilməsinə razıdırlar (uşağın anası tərəfindən verilmiş razılıq ərizəsi də ərizəyə əlavə edilir). Cavabdehin imtinasında qeyd olunmuş “yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət edilməsi məsləhət görülür” hissədəki mövqeyə münasibətdə isə qeyd olunmuşdur ki, bu imtina əsası da tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” Qaydaların 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Yuxarıda da qeyd ediliyi kimi, cavabdeh inzibati orqana edilmiş müraciət soyad dəyişdirilməsi ilə bağlı olmamışdır. Hətta müraciət soyad sonluğunun deyil, soyad dəyişdirilməsi ilə bağlı olduğu təqdirdə belə imtina əsassız olmuşdur. Belə ki, uşağın soyadının dəyişdirilməsinə (inzibati orqanın cavab məktubunda göstərdiyi kimi), uşağın soyad sonluğunun dəyişdirilməsinə münasibətdə valideynlər arasında hər hansı narazılq yoxdur. Bu səbəbdən də yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət edilməsinə də zərurət yaranmır. Əlavə olaraq bildirilmişdir ki, digər övladları “Hacıbəyli” soyadını daşıyırlar. Üçüncü övladlarının “Hacıyev” soyadı daşıması ailə ənənəsinə uyğun sayılmır və bu hal ailə ciddi psixoloji narahatlıq yaradır, həmçinin, övladların soyadının eyni olmaması uşaqların gələcək həyatlarına təsirsiz ötüşməyə bilər. İddiaçı hesab etmişdir ki, cavabdeh idarənin ona verdiyi cavab konstitusion hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13717/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa oxşar əsaslandırılmış apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13717/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi xx.xx.2017-ci il təvəllüdlü övladı X11 doğum haqqında akt qeydinin uşağın soyadına dair bənddə soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsi barədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddiaçı qismində X15 qeyd edilməklə Yasamal Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilir və uşaq 18 yaşına çatana qədər onun soyadının yalnız digər valideynin soyadına dəyişdirilməsinə icazə verilə bilər. Hazırki iş üzrə 18 yaşına çatmayan X11 atasının soyadı “Hacıyev” (İddiaçı), anasının soyadı isə “Hacıyeva”dır (Reyhanə Ramiz qızı). İddia tələbinin məzmunundan isə aydın olur ki, hazırkı işdə uşağın (X11) soyadının valideynlərinin soyadlarından fərqli olaraq (“Hacıbəyli” kimi) dəyişdirilməsi tələb edilmişdir. X1 “Hacıbəyli” olaraq dəyişdirilməsi yalnız valideynlərindən birinin soyadı “Hacıbəyli” olduğu təqdirdə mümkündür. Uşağın mənafeyi nəzərə alınaraq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsi (eləcə də adının dəyişdirilməsi) valideynlərin birgə xahişinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən verilmiş icazə (rəy) əsasında həyata keçirilir. Müvafiq halla bağlı iddiaçıya hüquqi yardım məktubu ünvanlanmasına baxmayaraq, şəxsin Qəyyumluq və Himayəçilik orqanına müraciət etməsi və müraciəti əsasında müvafiq orqan tərəfindən verilmiş rəyin mövcudluğu müəyyən edilməmişdir. Hazırkı iş üzrə iddia tələbi məhz X1 dəyişdirilməsi ilə bağlı olduğundan iddiaçı qismində də X15 (valideynləri isə qanuni nümayəndə qismində) iştirak etməlidir. İddiaçıya ünvanlanan hüquqi yardım məktubunda müvafiq tələb də qeyd olunmasına baxmayaraq, iddiaçı tərəfindən “iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi” barədə hər hansı ərizə təqdim edilməmişdir. İddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır və İddiaçı hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, AZ-İ 025152 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X7 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. AA5016049 seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X15 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 191.2-ci maddəsinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən: 4.1-ci maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci maddəsinə əsasən uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü maddəsinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2-ci maddəsinə əsasən hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3-cü maddəsinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4-cü maddəsinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.5-ci maddəsinə əsasən ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir. 5.6-cı maddəsinə əsasən akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir. 5.7-ci maddəsinə əsasən ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir. 5.8-ci maddəsinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. 5.9-cu maddəsinə əsasən ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X4 Reyestri Xidmətinə bildiriş göndərir. 5.10-cu maddəsinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.26-cı maddəsinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci maddəsinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İddiaçının hüququnun pozulub-pozulmamasına qiymət verilməsi üçün iddiaçıya münasibətdə inzibati orqan tərəfindən həyata keçirilən hərəkətin (inzibati akt və ya faktiki xarakterli hərəkət formasında) qanunsuz olub-olmaması və hüququn pozulması ilə həmin hərəkətin qanunsuzluğu arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu baxımdan iddiaçının hazırkı tələbinin məzmunu, onun hüquqi marağı və irəli sürdüyü tələb vasitəsi ilə nail olmaq istədiyi məqsəd müəyyənləşdirilməlidir. İşin hallarından görünür ki, hazırda iddiaçının tələbi İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü övladı X11 doğum haqqında akt qeydinin uşağın soyadına dair bənddə soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsi – yəni soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz sayılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, Yasamal Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komitəsinin rəyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.3-cü maddəsinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü X11 valideynləri arasında soyad sonluğunun dəyişdirilməsi ilə bağlı hər hansı narazılıq, fikir ayrılığı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, uşağın valideynlərinin razılığı olduğu üçün yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyinin olmamasına istinad etməklə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçının digər övladları X6 və X2 sonluğunun dəyişdirilməsinə əsas olmuş (məhkəmə qərarları və s.) sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 20 iyun 2025-ci il tarixli, 3-16-5/8-13/1448/25 saylı məktubunda qeyd edilir ki, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş X6 xx.xx.2013-ci il tarixdə 2935 saylı doğum haqqında akt qeydi tərtib edilərkən uşaq bəndində soyad “Hacıbəyli” yazılmışdır. X13 xx.xx.2016-cı il tarixli 219 saylı doğum haqqında akt qeydi tərtib edilərkən isə soyad “Hacıyev” olaraq qeyd edilmişdir. Daha sonra Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən soyad “Hacıbəyli”yə dəyişdirilmişdir. Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 20 iyun 2025-ci il tarixli, 3-16-5/8- 13/1448/25 saylı məktubuna əlavə edilmiş 05 sentyabr 2013-cü il tarixli, 0032 1 2935 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Almaz Kəyan qızının soyadı “Hacıbəyli”dir. 0032 1 0219 16042016 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Əli Kəyan oğlunun soyadı “Hacıbəyli”dir. (Yasamal rayon Məhkəməsinin 2882 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası məqsədilə YİH-nin 412 saylı sərəncamı ilə “Hacıbəyli”yə dəyişdirilmişdir. Göründüyü kimi, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş digər 2 uşağı onların istədiyi kimi “Hacıbəyli” soyadını daşıyır. Məhkəmə kollegiyası bu səbəbdən hesab edir ki, X1 “Hacıbəyli” olaraq dəyişdirilməsinin yalnız valideynlərindən birinin soyadı “Hacıbəyli” olduğu təqdirdə mümkün olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13717/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar