Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-21/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-49/2019 saylı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüquqlar qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-49/2019 saylı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 0,12 hektardan ibarət B-29-30 saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizəsinə əlavə etdiyi sənədlər surətdir, əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7054/2015 saylı, 25.06.2015-ci il tarixli qərardadına əsasən “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələrinin rəsmiləşdirilməsinə və özəlləşdirilməsinə qadağa qoyulmuşdur. Bundan əlavə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03.10.2018 tarixli qətnaməsilə iddia təmin edilərək keçmiş “Gəmitəmirçisi” bağçlıq yoldaşlığı birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiya gedişi haqqında iclasının 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarixli protokolunun ləğv olunması və etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il lı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, idarənin qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi" bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən “Gəmi təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 25 iyun 2019-cu il tarixli qərardadından verdiyi şikayət ərizəsi təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin yekun məhkəmə qərarı İdarəyə daxil olmamışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan - Bakı Şəhər XDS İK-nın 12 oktyabr 1985-ci il tarixli 16/358 saylı qərarı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İB “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. - “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Gəmi Təmiri və Gəmiqayırma” İB “Gəmitəmirçisi” BYC tərəfindən İddiaçı bağçılığın üzvlük bileti verilmiş və üzvlük biletinə əsasən o, “Gəmitəmirçisi” BYC-nin üzvüdür və ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 0,12 hektardan ibarət B-29-30 saylı bağ sahəsi ayrılmışdır. - “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Gəmi Təmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” BYC-nin 18 sentyabr 2012-ci il tarixli 42 BY saylı arayışında aşağıdakılar qeyd olunmuşdur: İddiaçı 1999-cu il tarixdən bağçılığın üzvü olaraq həmin bağçılığın sahəsində İ sektorundakı 0,12 hektar B29,30 nömrəli bağ sahələri İddiaçı məxsusdur və onu bağçılıq cəmiyyətinə heç bir borcu yoxdur. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 27 noyabr 2017-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Hövsan bağ massivində yerləşən 1 sektorun B-29,30 saylı bağ sahələri üzərində hüquqların qeydiyyata alınması ilə bağlı müraciətə baxılmışdır. Bildirilir ki, sənədlər kserosurətdir, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ərizəçinin adı aşkar edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7054/2015 saylı iş üzrə 25 iyun 2015-ci il tarixli qərardadına əsasən “Gəmitəmirçi” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələrinin rəsmiləşdirilməsi və özəlləşdirilməsinə qadağan qoyulmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 hektar olan İ sektorun B-29,30 saylı bağ sahələrinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. İşin hallarından aydındır ki, iddiaçının müvafiq bağ sahəsinə hüquqlarını təsdiq edən sübut qismində təqdim etdiyi sənədlərə nəzərən cavabdeh apelyasiya şikayətində müvafiq sənədlərin kserosurət olmasını bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə üzvlük kitabçası, 15.06.1986-cı il tarixli protokoldan çıxarış və 18 sentyabr 2012-ci il tarixli 42 BY saylı arayışın əsilləri təqdim edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin əsillərinin cavabdeh orqana təqdim edilməməsinə dair sonuncunun dəlili inandırıcı deyildir. Digər tərəfdən, kollegiya bildirir ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, ləğv olunmuş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşlarının istifadələrində bağ sahələri olmuşdur. Həmin idarə ləğv olunanadək bağ sahələrinin idarəçiliyini “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı həyata keçirmişdir. 02.11.2017-ci il tarixdə “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti adlı qeyri-kommersiya hüquqi şəxsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Əvvəlki “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı, onun rəhbər işçiləri və sonradan qeydiyyatdan keçmiş “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti arasında davamlı məhkəmə mübahisələri olmuşdur. Mübahisələrin mahiyyəti idarə tərəfindən paylanmış bağ sahələri ilə bağlı mütəmadi xidmətin hansı təşkilat tərəfindən həyata keçirilməsi, hansı təşkilatın həmin bağlara xidmət göstərən səlahiyyətli orqan kimi tanınması ilə bağlı olmuşdur. Belə ki, mübahisələrin mahiyyəti bağların idarə olunması ilə bağlı əvvəl qəbul edilmiş bir neçə qərarların, protokolların ləğv edilməsi, nəticələrinin etibarsızlığı, bağların idarə olunması sahəsində sonradan yaradılmış cəmiyyətin səlahiyyətlərinin tanınması ilə bağlı olmuşdur. Həmin mübahisələrdən biri də cavabdehin apelyasiya şikayətində istinad etdiyi iddiaçı “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X2 (üçüncü şəxslər: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və X4) cavabdeh X3 qarşı Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, keçmiş “Gəmitəmirçisi" b/y birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqındakı iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/ynin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi tələbinə dair mülki mübahisə olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-107/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qərardadı ilə həmin mülki işə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmış, 19 noyabr 2021-ci il tarixli, 2-1(103)-34/2021 saylı qərardadla müki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə mindiyindən hazırki mübahisə üzrə məhkəmə icraatı təzələnmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.07.2021-ci il tarixli, 2(103)-6288/2021 saylı qətnaməsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İşin hallarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-(103)-6288/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilmədiyindən apelyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı qanuni qüvvəsini almışdır. Sadalananlardan göründüyü kimi, müvafiq bağ sahələrinə dair çoxsaylı mübahisələr olsa da, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi 15.06.1986-cı il tarixli protokol da hazırda ləğv edilməmiş, etibarsızlığı tanınmamışdır. Həmçinin, şikayət onunla əsaslandırılmışdır ki, idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar edilməmişdir. Ziddiyyətli halların araşdırılması məqsədilə məhkəmə tərəfindən cavabdeh orqana ünvanlanmış sorğu əsasında “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə dair arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. İşin hallarını araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşlarının istifadələrində olmuş bağ sahələrinin idarəçiliyini idarə ləğv olunanadək “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı həyata keçirmişdir. 02.11.2017-ci il tarixdə “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti adlı qeyri-kommersiya hüquqi şəxsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Bugünə qədər bağ sahələrinin idarəçi rəhbərliyində çoxsaylı dəyişikliklər olmuş, dəyişikliklərə bağlı müxtəlif hüquq mübahisələri yaranmışdır. Buna görə də, iş materiallarında olan sənədləri, həmçinin, məhkəməyə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə dair arxiv qovluğuna daxil olan materialları araşdıran zaman sənədlərin xroniki ardıcıllığının da tam olmadığı müyyən edilmişdir. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Gəmitəmiri Zavodlarının “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq üzvlərinin 01.09.2013-cü ilə müəyyən edilmiş siyahısında İddiaçı B-29, B-30 saylı bağlar göstərilməklə 1999-cu ildən üzvlüyə daxil olduğu göstərilmişdir. Bakı şəhər İcra Hakimiyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin normanın təhlilindən görünür ki, məhkəmə o şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırki halda isə belə bir ehtimal yaranmadığından Bakı şəhər İcra Hakimiyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs kimi işə cəlb edilməsinə dair apelyasiya şikayətinin dəlili əsassızdır. Eyni zamanda, ekspertiza kecirilməsinin zəruriliyi cavabdeh tərəfindən əsaslandırılmadığından apelyasiya şikayətinin həmin dəlilini də əsaslı saymaq olmaz. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisəli işin hallarını nəzərə alan kollegiyanın mövqeyi belədir ki, bağ sahələrinin idarəçiliyilə bağlı mübahisəli hallar hazırki iş üzrə iddiaçının ziyanına deyil, xeyrinə şərh edilməlidir. Belə ki, mövcud qanunvericiliklə («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsaslarındairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçı isə qanunun təlblrinə uyğun olaraq tələbinin təmin edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etmişdir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-49/2019 saylı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-21/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-21/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver