Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-21/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı prosessual hüquqi varisi X4, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Ağstafa rayon şöbəsinə qarşı «qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə 9 dekabr 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildən Azərenerji ASC-də elektrik çilingəri vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işləyir. 38 ildən artıq vaxt o, həmin sahədə işləyir və əmək haqqı alır. 2019-cu ilin dekabr ayının əvvəllərində DSMF Ağstafa rayon şöbəsində yoxlama zamanı güya onun elektrik çilingəri işlədiyi vəzifənin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaratmadığı üçün 17 dekabr 2019-cu il tarixli **********9 saylı DSMF Ağstafa rayon şöbəsi tərəfindən ümumilikdə ona ödənilən 7.301,21 manat pensiya məbləğinin geriyə ödənilməsi barədə qəbul etdiyi qərar (məktub) göndərmişdir. "xxxx" ASC-nin 21 oktyabr 2016-cı il tarixli 01-VŞ/1644-saylı arxiv arayışında da onun 5 sentyabr 1979-cu il tarixdən "Azərenerjisazlama" müəssisəsinin Hava Açarlarının Təmiri sexində və X7 təmiri üzrə Ağstafa qrupunda elektrik çilingəri işləməsi 6 yanvar 2010-cu il tarixdən hal-hazırkı dövrədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində, Elektrik Mühəriklərinin, Generatorlarının və Hava Açarlarının Təmiri sahəsində, X2, Təmiri və Sazlanması İdarəsinin Gəncə Transformator Təmiri sexində və Stansiya və X1 xidmətində elektirk çilingəri vəzifəsində işləməyə davam edir. Bundan başqa onun işlədiyi sahə və bilavasitə vəzifəsi AR NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Lakin DSMF Ağstafa rayon şöbəsi ona cavab vermişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı üçün pensiya dayandırılmışdır. Bütün bunlardan sonra isə 28 fevral 2020-ci il tarixdə Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona pensiya verilmiş pulun geri ödənilməsi ilə bağlı "İcraata başlamaq haqqında" qərar göndərilmişdir. Həmin qərarda onun ödəməli olduğu məbləğ şikayətlərdən sonra 3.301,21 manat təşkil edir. Bütün bu qanunsuzluqlar onu göstərir ki, DSMF Ağstafa rayon şöbəsi tərəfindən verilmiş qərar və dayandırılmış pensiya təminatı tamamilə qanunsuz dayandırılmış və düzgün qərar qəbul edilməmişdir. Bundan başqa, "xxxx" ASC-nin 2 mart 2020-ci il tarixli 01-7P/101-saylı arayışı ilə təsdiq olunur ki, o, 1979-cu ildən hazıradək X3 220/330/500 kVt-lıq hava açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işləyir. Onun əmək stajı pensiyaya çıxmağa çatır və ağır sahə olduğu üçün güzəşt də tətbiq edilir. Göstərilənlərə əsasən, cavabdehin 17 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və dayandırılmış pensiyanın əvvəlki (aylarda daxil olmaqla) vəziyyətinə geri qaytarılması, yəni bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra məhkəmənin 28 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh DSMF Ağstafa rayon şöbəsi DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli digər qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində elektrik çilingəri işlədiyi vəzifə AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təsdiq edilən 24 aprel 2018-ci il tarixli güzəştli arayışda iddiaçının peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində olan peşələrə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçı elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində işləməmişdir. Göstərilənlərə əsaslaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ümumilikdə onun pensiya təminatının nə üçün dayandırılmasını və iş stajının çatıb-çatmadığını və zərərli sahə olub-olmadığını belə araşdırmadan qərar çıxarmışdır. Halbuki, işinin zərərli sahə olduğuna dair mötəbər sübutlar təqdim etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1394/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə icraat vəfat etmiş İddiaçı prosessual hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin iş üzrə 2-1(103)-21/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ölümü ilə əlaqədar X5 onun prosessual hüquq varisi qismində tanınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının təşəbbüsü ilə iddiaçının hüquqi varisi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, mərhum həyat yoldaşı İddiaçı təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya məbləği ödənişinin mərhum həyat yoldaşının vəfat etdiyi xx.xx.2021-ci il tarixədək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, heç bir inzibati icraat aparılmamışdır, sadəcə olaraq iddiaçının ünvanına məktub göndərilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair idialara (mübahisələndirmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır, 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1–ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə iddiaçıya pensiya ödənişinin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. - 67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə pensiya məbləğinin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İş materiallarında olan DSMF Ağstafa rayon şöbəsinin İddiaçı ünvanlanmış 17 dekabr 2019-cu il tarixli məktubuna əsasən artıq alınmış 7301 manat 21 qəpik pensiya məbləğinin 10 gün müddətinə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DSMF Ağstafa rayon şöbəsinin Ağstafa rayon yerli xəzinədarlıq orqanında olan hesabına ödənilməsi, əks halda qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət olunacağı ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan DSMF Ağstafa rayon şöbəsinin İddiaçı ünvanlanmış 29 dekabr 2019-cu il tarixli məktubuna əsasən, iddiaçının tələb olunan güzəştli iş stajı olmadığından, pensiyanın ödənişi dayandırılmışdır. Belə ki, "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində elektrik çilingəri işlədiyi vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəsilinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaratmır. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı artıq alınmış məbləğin qaytarılmasına razılıq verməmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində faktiki xarakterli hərəkətlərlə əmək pensiysı dayandırılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Həmçinin, kollegiya qeyd edir ki, iş materiallarında olan ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən dayandırılmış pensiya məbləği ödənişi İddiaçı vəfat etdiyi xx.xx.2021-ci il tarixədək bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı prosessual hüquqi varisi X4 iddiası təmin edilsin. İddiaçı təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya məbləği ödənişinin İddiaçı vəfat etdiyi xx.xx.2021-ci il tarixədək bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Pərviz Hüseynov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-21/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-21/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver