Məhkəmə qərarları › İş №2-1(103)-210/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-210/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-210/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı Əliş qızının, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Əliş qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Xidmət Nümayəndəliyinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-208/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Əliş qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü ildən xx xxxx 2018ci ilə qədər olan müddət ərzində iddiaçının 1-ci qrup əlil olan yataq xəstəsi məcburi köçkün olan bibisi 1936-cı il təvəllüdlü Məmmədova Mülayim Xuduş qızına ev şəraitində qulluq illərinin sığorta stajına daxil edilməklə və əmək kitabçasında olan qeydlər nəzərə alınmaqla xx.xx.2018-ci ildən yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-208/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 1994-cü ildən xx xxxx 2018-ci ilə qədər olan müddət ərzində 1-ci qrup əlil olan yataq xəstəsi məcburi köçkün olan bibisi 1936-cı il təvəllüdlü Məmmədova Mülayim Xuduş qızına ev şəraitində qulluq illərini sığorta stajına daxil etməklə və əmək kitabçasında olan qeydlər nəzərə alınmaqla xx.xx.2018-ci ildən yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Xidmət Nümayəndəliyi” ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi 2-1(112)-208/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarında iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş Füzuli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 14 saylı arayışa istinad etmiş və kolxozun sənədlərinin arxiv idarəsinə təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Digər tələbi olan 1994-cü ildən xx xxxx 2018-ci ilə qədər 1-ci qrup əlil, yataq xəstəsi olan X3 qulluq etməsini gəlincə, məhkəmənin qənaətinə görə 1994-cü ildən xx xxxx 2018-ci ilə qədər 1-ci qrup əlil, yataq xəstəsi olan X3 qulluq etməsini təsdiq edən şəxslərin notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim edən zaman iddiaçının X3 qulluq ediməsi müddətini təsdiq edən akt tərtib etməli olduğu halda bunu etməmişdir. Həmçinin məhkəmə qənaətinə görə həmin hüquq münasibətlərinin mövcud olması inzibati qaydada işə baxan məhkəmə tərəfindən müəyyən edilməlidir. Nümayəndə məhkəmənin gəldiyi bu nəticələrlə razılaşmayaraq bildirmişdir ki, - iddiaçının nümayəndəsinin təqdim etdiyi arayış, keçmiş dövrün möhürü olmasına baxmayaraq möhür üzərindəki xx.xx.2018-ci il tarixi qeyd olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət X8 sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət X8 ünvanlmış sorğu əsasında arayış təqdim olunmuşdur. Təqdim olunan arayışda qeyd olunmuşdur ki, Füzuli rayon Aşağı Rəfədinli kənd “K.Marks” adına kolxozun 1973-1985-ci illərə aid sənədlər tamamilə xx xxxxxxx 1993-cü il tarixdə Horadiz qəsəbəsində erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Həmçinin 1985-1993-cü illərə aid sənədlər ümumiyyətlə arxivə təhvil verilməmişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, kolxozun sədri hazırda möhürü özündə saxlayır və onlar arayışı xx xxxxx 2018-ci il tarixdə ondan almışlar. “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 13-cü maddəsinə əsasən Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan idarə ləğv edildikdə onun arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsini ləğvetmə komissiyası təşkil edir. Komissiya müvafiq idarənin komplektləşdirmə mənbəyi olan dövlət arxivinin nümayəndəsinin iştirakı ilə ləğv edilmiş idarənin arxiv sənədlərinin onun varisi olan təşkilatın, varisi olmadıqda yuxarı təşkilatın idarə arxivinə təhvil verilməsini təmin edir. Yuxarı təşkilat ləğv edilmiş idarənin arxiv sənədlərini onun fəaliyyət göstərdiyi ərazidə yerləşən dövlət arxivinə təhvil verə bilər. Varisi və yuxarı təşkilatı olmayan ləğv olunmuş hüquqi şəxslərin arxiv sənədlərinin elmi və əməli əhəmiyyətə malik hissəsi müvafiq ərazidə yerləşən dövlət arxivinə təhvil verilir. Həmçinin Azərbaycan Respublikası Dövlət X5 direktoru qeyd etmişdir ki, kolxozlar ləğv olunan zaman bütün sənədlər arxivə təhvil verilməli olduğu halda, K.Marks adına kolxoz tərəfindən arxivə heç bir sənəd, möhür təqdim edilməmişdir. Yəni həmin möhürün hazırda kolxozun sədrində olmasının və həmin möhürlə arxiv arayışını təsdiqləməsinin heç bir hüquqi əsası yoxdur. Bu zaman AR Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbinə əsasən sənədlərdə - rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə cinayətinin əlamətlərinin olması ehtimalı olduğu üçün bu barədə xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bununla bağlı nümayəndə qeyd etdi ki, vətəndaşın əmək kitabçasında işdən çıxma tarixi xx.xx.1993-cü il tarixidir. Lakin Füzuli rayonu xx.xx.1993-cü il tarixində işğal olunmuşdur. xx.xx.1993-cü il tarixində Füzuli rayonu işğal olunduğu halda İddiaçı xx.xx.1993-cü il tarixədək orada işləməsi əmək kitabçasının saxtalığına dəlalət edir. Bu səbəbdən nümayəndə müvafiq ekspertizanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə məhkəmənin qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.3.1-ci maddəsinə görə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən “İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir”. Məhkəmənin qənaətinə görə 1994-cü ildən xx xxxx 2018-ci ilə qədər 1-ci qrup əlil, yataq xəstəsi olan X3 qulluq etməsini təsdiq edən şəxslərin notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim edən zaman iddiaçının X3 qulluq ediməsi müddətini təsdiq edən akt tərtib etməli olduğu halda bunu etməmişdir. Həmçinin məhkəmə qənaətinə görə həmin hüquq münasibətlərinin mövcud olması inzibati qaydada işə baxan məhkəmə tərəfindən müəyyən edilməlidir. Lakin belə bir məqam mövcuddur ki, iddiaçının təqdim etdiyi X2 ölüm haqqında şəhadətnaməsində xx.xx.2018-ci il tarixində öldüyü qeyd edilmişdir. İddiaçı xx xxxx 2018-ci il tarixdə müraciət etmişdir. İddiaçının şöbəyə müraciət etdiyi zaman M.X.Məmmədovanın yaşadığını nəzərə alsaq, İddiaçı qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı almalı idi. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əliş qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1957-ci ildə Füzuli rayonu Aşağı Güzdək kəndində doğulmuşdur, yaşayış yeri kimi Füzuli rayonu Yuxarı Güzdək kəndi göstərilmişdir. 087480 №li məcburi köçkün vəsiqəsinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən iddiaçı Füzuli rayonundan gələn məcburi köçkündür, Binəqədi rayonunda məcburi köçkün kimi qeydiyyatdadır. Məmmədova Mülayim Xuduş qızının şəxsiyyət vəsiqəsinin surətinə əsasən həmin şəxs xx.xx.1936-cı ildə Füzuli rayonunun A.Güzdək kəndində doğulmuşdur. Azərbaycan Karlar Cəmiyyətinin verdiyi vəsiqəyə əsasən X4 1989-cu ildən həmin cəmiyyətin üzvü olmuşdur. 957731 №li “Ölüm haqqında şəhadətnamə”yə əsasən X4 xx.xx.2018-ci ildə xroniki koronar çatışmazlıqdan vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6463 №li , xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Məmmədova Elnarə Əliş qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı əmək stajı hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuşdur, İddiaçı Əliş qızının xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə qədər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Füzuli Aqrokombinatının Aşağı Rəfəndinli kəndində yerləşən K.Marks adına kalxozda kolxozçu vəzifəsində işləməsi faktı və 1994-cü ildən 03 iyul 2018-ci ilə qədər 1-ci qrup əlil, yataq xəstəsi olan Məmmədova Mülayim Xuduş qızına qulluq etməsi faktı müəyyən edilmiş və həmin müddətin ona iş stajı kimi hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-978/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6463 №li, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)- 3005/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8728/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6463/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Məmmədova Elnarə Əliş qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı əmək stajı hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini təmin etməməsini onunla əsaslandırılmışdır ki, İ qrup əlilə qulluq edilməsi müddəti müvafiq komissiya tərəfindən müəyyən olunmuş qaydada tərtib olunmuş müayinə aktı əsasında müəyyən olunur. Ona görə də ərizəçi bu məqsədlə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə müraciət etməli, həmin orqan müayinə aktı tərtib etdikdən imtina etdikdə isə həmin imtina müvafiq inzibati iqtisadi məhkəmədə mübahisələndirilməlidir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən İddiaçı Əliş qızının qulluq etdiyi 1-ci qrup əlil bibisi xx.xx.2018-ci ildə vəfat etdiyinə görə müayinə aktını tərtib etmək mümkün olmamışdır. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Pirəhmədli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 31 №-li, xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı Əliş qızı xx.xx.1973-cü ildən 1993-cü ildə Füzuli rayonunun işğal edilməsinə qədər Füzuli rayon Aşağı Rəfəndinli kəndi K.Marks adına kolxozda kolxozçu işləmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə qədər Füzuli rayonu Aşağı Rəfəndənli kəndi K.Marks adına kolxozda kolxozçu işləmişdir. İddiaçının pensiya işinə əsasən iddiaçı əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətini, məcburi köçkün vəsiqəsini,Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini, İsgəndərova Müzaya Qiyas qızının, Məmmədova Mənsurə Mikayıl qızının, Allahverdiyev Baloğlan Əhməd oğlunun Məmmədova Elnarə Əliş qızının yataq xəstəsi olan bibisi Məmmədova Mülayim Xuduş qızına 1994-cü ildən 2018-ci ilə kimi qulluq etməsi barədə notariat qaydasında təsdiq edilmiş ərizəsini, Məmmədova Mülayim Xuduş qızının Azərbaycan Karlar Cəmiyyətinin üzv olması barədə vəsiqəni, onun şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətini təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə qədər iş stajının yoxlanması zərurəti yarandığından və 1994-cü ildən hal-hazıra qədər xəstə 1-ci qrup əlil bibisi Məmmədova Mülayim Xuduş qızına baxdığı dövrü sığorta stajına hesablamaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmamışdır İddiaçının əmək kitabçasında iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə qədər olan dövrdə kolxozda işləməsi qeyd edilmişdir və həmin qeyd həmçinin Füzuli rayon İcra Hakimiyyəti Başçısının Pirəhmədli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 31 №li, xx.xx.2020-ci il tarixli arayışı ilə də təsdiq edilir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Pirəhmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Rəfədinli kəndi ərazisindən 35,0 ha torpaq sahəsi əlavə edilmiş xəritəyə uyğun olaraq Horadiz qəsəbəsinin inzibati ərazisinə verilmişdir. Yəni qeyd edilən qanun təsdiq edir ki, iddiaçının işlədiyi K.Marks adına kolxozun yerləşdiyi Aşağı Rəfədinli kəndi Pirəhmədli kənd inzibati ərazi dairəsinin tərkibində olmuşdur. Birinci instansiya məykəməsinin qənaətinə görə iddiaçının əmək kitabçasına əsasən iddiaçının 20 il 6 ay iş stajının olması müəyyən olunur. İddiaçının işlədiyi kolxozun sənədlərinin arxiv idarəsinə təhvil verilməməsi barədə cavabdehin etirazına gəldikdə isə məhkəmənin gəldiyi qənaətə görə iddiaçı bu hala görə məsuliyyət daşımır və göstərilən əsasla əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunauyğun deyildir. Həmçinin cavabdeh özü iddiaya etirazında göstərmişdir ki, Füzuli rayon Aşağı Rəfədinli kənd “K.Marks” adına kolxozun 1973-1985-ci illərə aid sənədləri xx.xx.1993-cü ildə Horadiz qəsəbəsində erməni işğalı zamanı yandırılaraq tamamilə məhv edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;..21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Birinci instansiya məhkəməsi ifadə verən şahidlər Məmmədova Məxmər Məmmədxan qızının, Abbasova Zeynəb Məhər qızı, Mamedova Səidə Əliağa qızının iddiaçının 1994-cü ildən 2018-ci ilə qədər olan dövrdə yataq xəstəsi olan bibisi Məmmədova Mülayim Xuduş qızına qulluq etdiyini təsdiq etdiyini qeyd etdiyini, qeyd edilən şahid ifadələrinin mötəbərliyini şübhə altına ala bilən dəlillər cavabdeh tərəfindən bildirilmədiyini və həmin ifadələrin mötəbərliyi məhkəmədə şübhə doğurmamasını qeyd etmişdir.Qeyd edilən şahidlər iddiaçının və bibisi X2 qaçqın düşdükləri yaşayış məntəqəsindən olmaqla onlarla bir ünvanda məskunlaşmış şəxslərdirlər, yəni işin halları barədə məlumatlara malik olan şəxslərdir. İddiaçı hələ bibisi X1 cavabdehə müraciət edərək 1994-cü ildən 03 iyul 2018-ci ilə qədər 1–ci qrup əlil, yataq xəstəsi olan Məmmədova Mülayim Xuduş qızına qulluq etməsinin sığorta stajı kimi nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci bəndinə əsaəsn 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:.3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Həmin qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Belə olan halda cavabdeh 2018-ci ildə iddiaçı tərəfindən ona pensiya təyin edilməsi üçün müraciət edən və 1994-cü ildən 03 iyul 2018-ci ilə qədər 1 –ci qrup əlil, yataq xəstəsi olan Məmmədova Mülayim Xuduş qızına qulluq etməsini təsdiq edən şəxslərin notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim edən zaman iddiaçının X10 qızına qulluq edilməsi müddətini təsdiq edən akt tərtib etməli olduğu halda bunu etməmişdir. Məhkəmənin qənaətinə görə həmin hüquq münasibətlərinin mövcud olması inzibati qaydada işə baxan məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı prosessual normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının cavadehə qarşı birinci tələbi - 1994-cü ildən xx xxxx 2018-ci ilə qədər olan müddət ərzində iddiaçının 1-ci qrup əlil olan yataq xəstəsi məcburi köçkün olan bibisi 1936-cı il təvəllüdlü Məmmədova Mülayim Xuduş qızına ev şəraitində qulluq illərinin sığorta stajına daxil edilməklə və əmək kitabçasında olan qeydlər nəzərə alınmaqla xx.xx.2018-ci ildən yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin üzərinə qoyulmasıdır. İşdə olan iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizədən (i.v.75-76) görünür ki, iddiaçı cavabdehin üzərinə 1994cü ildən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 1 qrup əlil olan, yataq xəstəsi, məcburi köçkün bibisi, 1936 il təvəllüdlü X3 ev şəraitində qulluq göstərdiyi barədə təqdim etdiyi sənədləri nəzərə alaraq pensiyanın təyin edilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının protokolundan (i.v.79-80) görünür ki, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili tələbin məhkəməyə dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir (i.v.125-126). Həmin ərizədən görünür ki, cavabdeh AR ƏƏSMN yanında DSMF Binəqədi rayon şöbəsinin üzərinə təqdim etdiyi sənəndlər və əmək kitabçası əsasında pensiyanın təyin edilməsi və pensiyanın pensiya hüququn yarandığı (60 yaş 06 ay) və cavabdehə müraciət etdiyi xx.xx.2018-ci il tarixdən təyin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasının protokolundan (i.v.127-128) görünür ki, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. Lakin icraata qəbul edilmiş sonuncu dəqiqləşdirilmiş iddiaya baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının birinci tələbi üzrə qərar çıxartmışdır. Halbuki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddiaçı tələbindən kənara çıxmağa haqlı deyil. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında olan qeydlər nəzərə alınmaqla yaşa görə pensiyanın təyin edilməsi tələbini təmin edərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət X5 DSMF Füzuli rayon şöbəsin ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05 saylı məktubunda bildirilmişdir ki, Füzuli rayon Aşağı Rəfədinli kənd “K.Marks” adına kolxozun 1973-1985-ci illərə aid sənədlər tamamilə xx xxxxxxx 1993-cü il tarixdə Horadiz qəsəbəsində erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Həmçinin 1985-1993-cü illərə aid sənədlər arxivə təhvil verilməyib. Lakin birinci instansiya məhkəməsi qərarında Füzuli rayon İcra Hakimiyyəti Başçısının Pirəhmədli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 31 №-li, xx.xx.2020-ci il tarixli arayışına istinad edərək, İddiaçı Əliş qızı xx.xx.1973-cü ildən 1993-cü ildə Füzuli rayonunun işğal edilməsinə qədər Füzuli rayon Aşağı Rəfəndinli kəndi K.Marks adına kolxozda kolxozçu işləməsi təsdiq olduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş K.Marks adına kolxozun sədri tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 14 saylı arayışa istinad etmişdir. Həmin sənəndlərin hansı əsaslar nəzərə alınmaqla verilməsi, hansı sübutlarla təsdiq edildiyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında olan məlumtlara görə onun işdən çıxma tarixi xx.xx.1993-cü il tarixidir. Lakin məlum olduğu kimi, Füzuli rayonu xx.xx.1993-cü il tarixində işğal olunmuşdur. xx.xx.1993-cü il tarixində Füzuli rayonu işğal olunduğu halda İddiaçı xx.xx.1993-cü il tarixədək orada işləyibişləməməsi araşdırılmamışdır. İddiaçının digər ilkin tələbinə - 1994-cü ildən xx xxxx 2018-ci ilə qədər olan müddət ərzində 1-ci qrup əlil olan yataq xəstəsi məcburi köçkün olan bibisi 1936-cı il təvəllüdlü Məmmədova Mülayim Xuduş qızına ev şəraitində qulluq illərini sığorta stajına daxil etməklə yaşa görə pensiyanın təyin edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə əmək pensiyalarının təyin edilməsi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir; habelə, ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Cavabdehin nümayəndəsinin izahatından görünür ki, İddiaçı xx xxxx 2018-ci il tarixdə DSMF Binəqədi rayon şöbəsinə müraciət etmişdir, X2 ölüm haqqında şəhadətnaməsində xx.xx.2018-ci il tarixində öldüyü qeyd edilmişdir. İddiaçının şöbəyə müraciət etdiyi zaman M.X.Məmmədovanın yaşadığı nəzərə alınsa, İddiaçı qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı almalı idi. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən X3 qulluq ediməsi müddətini təsdiq edən aktın alıb-alınmamasını araşdırmamışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən birinci instansiya məhkəməsi iddia tələblərinin dəqiqləşdirilməsində, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya yardım göstəməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-208/2020 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar