Məhkəmə qərarları › İş №2-1(103)-210/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-210/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-210/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar - 03 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Ağsunun Kalva kəndində anadan olmuşdu. xx.xx.1978-1980-cı illər tarixində 57 saylı peşə məktəbində təhsil almışdır, xx.xx.1980-xx.xx.1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. xx.xx.1982ci il tarixdə Bakı metropolitenində hərəkət edən tərkibin elektrik avadanlıqlarının elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir, xx.xx.1982-ci ildən metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinist vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə elektrik qatarının maşinisti kimi ona 10-cu dərəcə verilmişdir. Bu günə kimi o, Bakı metropolitenində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində çalışır. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuş və xx.xx.2006-cı il tarixədək (Vətəndaşların pensiya təminatı haqqında Qanunu qüvvədə olduğu son müddət) onun ümumi iş stajı 27 il 4 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”na əsasən həmin stajdan 23 il 17 günü Bakı Metropoliteni QSC-də elektrik qatarının maşinist köməkçisi və maşinisti kimi işlədiyi vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olunduğundan, o, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə Dost xidmətinə müraciət etmişdir. Lakin cavab verilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına xx.xx.2021-ci il tarixdə sorğu verilmişdir. xx.xx.2021-ci il tarixdə ona yazılmış **********9 №-li cavab məktubu ilə onun ərizəsinə imtina cavabı verilmişdir. İmtina məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat (21) metropolitençilər bəndində hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 13 iyun 1982-ci il tarixli HT-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "Bakı Metropoliteni” ASC-nin Depolar üzrə iş departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin qüzəştli iş stajınız 1 yanvar 2006-cı il tarixinədək yoxdur.” İddiaçı cavabdeh tərəfindən verilmiş bu imtina məktubundan narazıdır. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1978-1980-ci illər tarixində 57 saylı peşə məktəbində təhsil aldığını, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında xidmət etdiyini, xx.xx.1982-ci il tarixdə Bakı metropoliteninində hərəkət edən sostavların elektrik avadanlıqlarının elektrik çilingəri vəzifəsinə qəbul edildiyini, xx.xx.1982-ci il tarixdən metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirildiyini, xx.xx.1999-cu il tarixdən elektrik qatarının maşinisti kimi ona 10-cu dərəcə verildiyini, bu günə kimi Bakı metropolitenində elektrik qatarlarının maşinisti vəzifəsində çalışdığını, bu səbəbdən də ona xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğunu iddia edir. İddiaçı daha əvvəl xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 13 iyun 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixədək yoxdur. Bundan narazı qalan iddiaçı. E.Şükürov iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında" AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalısan sıqortaolunanların: kişilər - 60 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçı E. Əliyevə məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus ******* nömrəli hərbi biletdən məlum olur ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövr ərzində “Bakı Metropoliteni" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 03 avqust 2021-ci il tarixli A/206 nömrəli arayışında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində çalışdığı, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC-nın Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işlədiyi. xx.xx.2017-ci il tarixdən X2 üzrə İş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının nəqliyyat bölməsinin (28) metropolitenlər bəndində (28.2) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumpf aqreqatlarının maşinistləri; daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət ilə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər; elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında, o cümlədən "xxxx" QSC tərəfindən təqdim edilmiş arayışda iddiaçının qatar maşinistinin köməkçisi, qatar maşinisti vəzifələrində işlədiyi qeyd olunmuş, lakin həmin vəzifə Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı iddia ərizəsində işlədiyi vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 №-li siyahısının təsdiq edildiyini, 2 №-li siyahıda onun işlədiyi peşə(iş) nəqliyyat - XXVİİİ bölməyə aid edilməklə (kod - 23001000 - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadaları) qeyd olunan kodlarla göstərildiyini qeyd etmişdir. Bununla bağlı cavabdeh qeyd edir ki, həmin kodun aid olduğu bölmədən də görünür ki, həmin kod Metropoliten işçilərinə deyil, dəmiryol nəqliyyatı işçilərinə aid edilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.(hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Ağsu rayonunun Kalva kəndində doğulmuşdur. İş materiallarında olan Nərimanov rayon Hərbi komissarlığı tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş HЗ ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 414 №li attestatından görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Azərbaycan SSR Bakı şəhəri 87 nömrəli texniki məktəbin gündüz şöbəsinə daxil olmuş və xx.xx.1980-ci ildə elektrik qatarlarının maşinist köməkçisi peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 165-B №li attestatından görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan SSR Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1986-cı ildə metronun hərəkət qatarları maşinisti peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək Azərbaycan SSR Bakı şəhəri 87 nömrəli texniki məktəbində təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə Bakı Metropolitenində hərəkət qatarı tərkibində elektrik avadanlıqları təmiri üzrə çilingər-elektrik vəzifəsinə təyin edilmişdir. xx.xx.1982-ci ildə baxış və avadanlıq üzrə sahəyə elektrik avadanlıqlarına baxışcı çilingər vəzifəsinə 2-ci dərəcə üzrə keçirilmişdir. xx.xx.1982-ci ildə istismar sexinə maşinist köməkçisi keçirilmişdir (zərərli iş şəraiti-həftədə 36 saatlıq iş). xx.xx.1986-cı il tarixdə istismar sexinə elektrik qatarına maşinist keçirilmiş (ağır əmək şəraiti, 36 saatlıq iş həftəsi), xx.xx.1999-cu ildə əməyin ödənişinin vahid tarif cədvəlinin tətbiqi ilə əlaqədar olaraq 10 dərəcə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən BMP-nin və “Azərelektrotikinti” SC-nin yenidən təşkili dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdə Depolar üzrə İş Departamentinin istismar sahəsinə 10-cu dərəcə ilə qatar maşinisti (tək işləyəm 3-cü dərəcəli sürücülük) vəzifəsinə keçirilmişdir. (yeraltı ağır şəraiti ilə) xx.xx.2017-ci il tarixdə Hərəkət qatarının istismarı üzrə iş Departamentinin istismarı sahəsinə 10-cu dərəcə ilə qatar maşinisti (13-cü dərəcəli sürücülük vəzifəsinə keçirilmişdir, yeraltı ağır iş şəraiti ilə) İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 06 oktyabr 2021-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 13 iyun 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Bakı Metropoliteni" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində X4 qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, X4 işlədiyi qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də X4 güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olduğundan, cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada, eləcə də etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Azərbaycan SSR Bakı şəhəri 87 nömrəli texniki məktəbində təhsil almış (1 il 6 ay 3 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuş (2 il 1 ay 9 gün), əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən Bakı Metropolitenində hərəkət qatarı tərkibində elektrik avadanlıqları təmiri üzrə çilingər-elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci ildə baxış və avadanlıq üzrə sahəyə elektrik avadanlıqlarına baxışcı çilingər vəzifəsinə 2-ci dərəcə üzrə keçirilmiş, xx.xx.1982-ci ildə istismar sexinə maşinist köməkçisi keçirilmiş (zərərli iş şəraiti-həftədə 36 saatlıq iş), xx.xx.1986-cı il tarixdə istismar sexinə elektrik qatarına maşinist keçirilmiş (ağır əmək şəraiti, 36 saatlıq iş həftəsi), xx.xx.1999-cu ildə əməyin ödənişinin vahid tarif cədvəlinin tətbiqi ilə əlaqədar olaraq 10 dərəcə verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən BMP-nin və “Azərelektrotikinti” SC-nin yenidən təşkili dövlətə məxsus "xxxx" QSC yaradılmış, xx.xx.2014-cü il tarixdə Depolar üzrə İş Departamentinin istismar sahəsinə 10cu dərəcə ilə qatar maşinisti (tək işləyən 3-cü dərəcəli sürücülük) vəzifəsinə keçirilmiş (yeraltı ağır şəraiti ilə), xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (xx.xx.2006-cı il tarixədək 23 il 5 ay 19 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu və təhsil müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-ci il tarixədək 27 il 1 ay 1 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən iddiaçının hüquqlarını müdafiə edən Vəkil ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X6 ilə bağlı daxil olmuş sorğuya baxılaraq bildirilir ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində çalışmış (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə), xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək “Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə), xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). Bildirilmişdir ki, metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı təsdiq edilməsi haqqında" xx.xx.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi. Həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları aşağıdakılardır: 23000000 XXVİİİ. Nəqliyyat, 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000- 16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Əlavə olaraq bildirilmişdir ki, xüsusilə zərərli əmək şəraitində İddiaçı əmək stajı 38 il 09 ay 21 gün (otuz səkkiz il doqquz ay iyirmi bir gün) (xx.xx.2021-ci il tarixinə) təşkil edir, əmək məzuniyyətinə 6 təqvim günü əlavə edilir və əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilən xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, arayış X5 ondan ötrü verilmişdi ki, o, həqiqətən xx.xx.1982-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, peşələrində çalışmışdır (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işləmişdir (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). Yeraltı, həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraitində əmək stajı 38 il 07ay 16 gün (otuz səkkiz il yeddi ay on altı gün) təşkil edir və işçinin zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “vaqonların baxıcı — təmirçiləri” (kod 23001000—16275) və “vaqonların baxıcıları” (kod 23001000— 16279) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri” nəzərdə tutulmuşdur. Sözügedən siyahıda metropoliten qatarlarının maşinistləri vəzifəsinin zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının Bakı Metroplitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar