Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-210/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Kəmaləddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əlavələr nəzərə alınmaqla təminat xərcliyinin düzəldilməsi, kompensasiyanın və sığorta ödənişin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2673/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyənetdi: İ. İddiaçı Kəmaləddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4270 saylı məlumat vərəqi üzrə pul təminat xərcliyinin düzəldilərək aldığı bütün əlavələrin nəzərə alınaraq tam həcmdə yenidən tərtib olunması, yeni pul təminat xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiya məbləğinin ödənilməmiş hissəsinin və 5 illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixə qədər Müdafiə Nazirliyiyinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində müxtəlif hərbi hissələrdə kəşfiyyatçı kimi xidmətdə olmuş, 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Xocavənd, Ağdam rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, müxtəlif medallarla təltif olunmuşdur. Hadrut uğrunda gedən döyüşlərdə yaralanmış, bu xəsarətlər nəticəsində 3-cü qrup əlillik təyin olunaraq ehtiyata buraxılmış, pul təminatına dair arayış tərtib olunaraq 3 illik təminat xərcliyi həcmində kompensasiya məbləği hesabına köçürülmüşdür. Lakin pul təminatında iddiaçının xidmət etdiyi illər ərzində aldığı bütün əlavələr deyil, yalnız vəzifə, hərbi rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi və ixtisas dərəcəsi göstərilmiş, ümumilikdə 812,1 manat pul təminatı hesablanmışdır. Xidmət göstərdiyi sahə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə aid olduğu üçün ona xidməti illər zamanı daim bu məbləğdən daha yuxarı məbləğ bank hesabına köçürülmüş, ehtiyata buraxılmamışdan qabaq sonuncu dəfə 2.501,82 manat məvacib almışdır. Hələ xidməti illər zamanı aldığı əmək haqqı barədə arayışda aylıq məvacibi bütün əlavələrlə birlikdə 1.814,80 manat göstərilmişdir. Bütün xidməti illər zamanı pul təminatında aylıq əmək haqqısı xx.xx.2021-ci il tarixli arayışda qeyd olunan 812,1 manatdan çox olmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixində cavabdehə müraciət olunsa da, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə icrasından imtina olunmuşdur. Ona görə də iddiaçının xidməti illər zamanı aldığı bütün əlavələrin hesablanaraq pul təminatına düzəliş olunmasına zərurət vardır. Qeyd olunan təminat xərcliyinin düzgün hesablanmaması iddiaçıya ödənilən həm kompensasiya məbləğində, həm də təyin olunan əlilliyə görə əmək pensiyasında öz əksini tapmışdır.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 409-3 №--li sərəncamınanın 2-ci bəndinin icrası olaraq Müdfaiə nazirinin xx.xx.2014-cü il tarixli 020 №-li əmrinə uyğun olaraq hərbi hissənin hərbi qulluqçulara xüsusilə ağır olan xidmətlərinin stmullaşdırılıması üçün vəzifə və hərbi rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə artım əmsalları tətbiq olunur. Həmin əmsallar daimi xarakter daşımadığı üçün təminat xərcliyinə daxil edilmir. Təminat xərcliyinə yalnız rütbə və vəzifə maaşı, xidmət illərinə görə faiz əlavəsi, məharət (ixtisas) dərəcəsinə görə əlavə daxil edilir. Hərbi qulluqçulara sığorta ödnişləri xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılmışdır. İcra mexanizmi olmadığından kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunarkən təminat xərcliyi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 N-li xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının” tələbin uyğun hərbi xidmətdən buraxıldığı günə aldığı vəzifə və rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ixtisas dərəcəsinə görə əlavə və ərzaq payı əvəzinə pul kompensasiyasından hesablanmışdır. “Hərbi qulluqçuları statusu haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən təminat xərcliyi qaydasının və xərcliyin normalarının dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinin səlahiyyətidir. İddiaçının təminat xərcliyi Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun tərtib olunmuşdur. Nazirlər Kabinetinin qeyd olunan qərarının 2-ci bəndinin icrası olaraq Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq olunmuş Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamənin tələblərinə uyğun olaraq yalnız hərbi qulluqçulara aid ödəniş növlərindən yalnız “uzun müddət xidmətə görə verilən faiz əlavəsi” eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşlarından hesablanır. Odur ki, iddiaçının rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarında nəzərdə tutulmadığından pul təminatı növlərinə daxil edilməsi qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2673/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosssual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşaığdakılarla əsaslandırılmışdır: «İddiaçıya verilən əlavələr xx.xx.2014-cü il tarixdən dəə vvəl olmuşdur. Məhz, Müdfaiə nazirinin 3.02.2014-cü il tarixli 020 №-li əmri əsasında bu əlavələr verilsəydi onun bu tarixdən əvvəl müvafiq əlavələri alması mümkün olmazdı. Məhkəmənin nəyə əsasən onun aldığı əlavələri vəzifə maaşından əlavə qismində nəzərə alımaması aydın deyildir. Ümumiyyətlə, qanunvericilikdə hansı əlavələrin təminat xərcliyinə daxil edilib, hansıların daxil edilməməsi məsələsi müəyyənləşdirilməmişdir. Qanunvericilikdə konkret bir norma yoxdur ki, vəzifə maaşına əlavələrin məhz Nazirlər Kabinetinin qərarında göstərilməli olmasını müəyyən etsin. Əksinə, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1,1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» 15 may 2020-ci il tarixli qərarı mövcuddur. Həmin qərarda da göstərilir ki, şəxsin əmək pensiyasının hesablanması və yenidən hesablanması zamanı Əmək pensiyaları haqqında Qanunun 1.0.1 və 1.0.5-ci maddələrində göstərilən qaydada nəzərə alınır. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını müəyyən edir. Digər tərəfdən, təqdim edilən məlumat vərəqində təminat xərcliyinə yalnız hərbi rütbə maaşı, vəzifə maaşı, xidmət illərinə görə faiz əlavəsi, məharət (ixtisas) dərəcəsinə görə əlavə daxil edilmişdir. Əgər məhkəmənin və cavabdehin qeyd etdiyi kimi üstəlik verilən pul təminatı növləri yalnız AR Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarında qeyd edilsəydi, məharət (ixtisas) dərəcəsinə görə əlavə də məlumat vərəqində qeyd edilməzdi. Çünki, həimin əlavə Nazirlər Kabinetin qeyd edilən qərarında yoxdur. Buradan müəyyən olunur ki, üstəlik verilən pul təminatının bütün növlərinin Nazirlər Kabinetinin həmin qərarında qeyd edilməsi məcburi şərt deyildir. İddiaçı ilə oxşar hüquqi vəziyyətdə olan xüsusi komanda briqada üzvləri vəzifə maaşlarından hesablanan əlavələri pul təminatına daxil edilir və pensiya zamanı nəzərə alınır. Həmin birliklərin fəaliyyəti xx.xx.2021-ci il 380 №-li qərarı ilə tənzimlənir və halhazırda da aldıqları əlavələr pul təminatı xərcliyinə daxil edilir. Ona görə də eyni şərtlərlə xidmət göstərilən iddiaçıya bu əlavələrin nəyə görə nəzərə alınmayıb, digər şəxslərdə nəzərə alınması bərabərlik hüququnun pozulmasıdır. Məhkəmə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir.» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxalanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məlumat vərəqi üzrə pul təminat xərcliyinin düzəldilərək aldığı bütün əlavələrin nəzərə alınaraq tam həcmdə yenidən tərtib olunması, yeni pul təminat xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiya məbləğinin ödənilməmiş hissəsinin və 5 illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin qoyulmasını məhəkəmədən tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərində ilk öncə mübahisələndirir ki, təminat xərcliyində kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi, ona ödənilən bütün əlavələr nəzərə alınmamışdır. Lakin qanunvericiliyin tələbləri baxımından iş materialları araşdırıldıqda müəyyən olunur ki, onun qeyd olunan dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Resmublikası Nazirlər Kabinetinin 135 N-li xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndinə əsasən təminat xərcliyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5ci maddəsinə əsasən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İşə əlavə olunmuş cavabdeh tərəfindən DSMF-yə təqdim olunmuş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş məlumat vərəqində (i.v.87) iddiaçının təminat xərcliyi aşağıdakı kimi göstərilmişdir: - vəzifə maaşı 515,00 manat; xidmət illərinə görə əlavə 124 manat; xidmət illərinə görə əlavə (15%) 95,85 manat; ərzaq payı əvəzinə kompensasiya 64,00 manat; 1-ci məharət dərəcəsinə görə 15% -77,25 manat. cəmi, 876,10 manat məbləğində müəyyən olunmuşdur. Apellyasiya şikayətindən belə anlaşılır ki, iddiaçı qeyd olunan əlavələrdən başqa, onun təminat xərcliyində kəşfiyyət fəaliyyəti subyekti əməkdaşı kimi, artım əmsalları üzrə aldığı üstəlik pul təminatı nəzərə alınmamışdır. Onun qeyd olunan dəlili 2013-2021-ci illərdə ona ödənilmiş digər əlavələrə dair («ABB») bank hesabından çıxarışlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin qeyd olunan tələbindən göründüyü kimi, birincisi təminat xərcliyinə hesablanan digər əlavələr vəzifə maaşından hesablanır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarının birinci hissəsinin: -birinci bəndinin 2-ci yarımbəndinə əsasən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı nəzərdə tutulmuşdur. -ikinci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Cavabdehin etirazından da göründüyü kimi, Nazirlər Kabinetinin sözügedən Qərarının icrası qaydasında qəbul olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı (məxfi) ilə təsdiq olunmuş «Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında» Əsasnamə də həmçinin nəzərdə tutur ki, hərbi qulluqçulara aid ödəniş növlərindən “uzun müddət xidmətə görə verilən faiz əlavəsi” eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşlarından hesablanır. İddiaçı tərəfindən isə digər əlavələr kimi təminat xərcliyinnə daxil edilməsini tələb etdiyi kəşfiyyatçı kimi tətbiq olunan əmsallar üzrə ona hesablanmış üstəlik əlavələr müvəqqəti xarakterli ödənişlərdir. İddiaçının istinad etdiyi bank ABB-nin bank hesabından çıxarışlara əsasən də həmin ödənişlərin qeyri-stabil olduğu aydın görünür. Beləliklə də “Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinin tələbi baxımından, vəzifə maaşından hesablanmayan həmin ödənişlərin iddiaçının təminat xərcliyində nəzərə alınması istisna olunur. İddiaçının yaralanması ilə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi ona 3 illik miqdarında kompensasiyanın ödənilməsi tələbinin də təmin edilməsi üçün əsaslar müyyən olunmur. Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3cü bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına: 1.Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı xidmət etdiyi dövrdə; 2) xidməti vəzifələrinin icrası ilə əlaqədar travma (xəsarət) aldıqda ; 3) həmin xəsarət onun xidmətinin davam etdirilməsini istisna etdikdə - sözügedən bu üç şərtin vəhdət təşkil etdiyi hallarda, üç illik pul təminatı həcmində kompensasiya ödənilə bilər. Konkret halda iddiaçıya münasibətdə birinci iki şərt (iddiaçının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması və xidmət etdiyi dövrdə 2020-ci ildə Hadrut döyüşlərində xəsarət alması) yerinə yetirilsə də, üçüncü şərt, yəni, aldığı həmin xəsarətin onun xidmətinin davam etdirilməsini istisna etməsi sübuta yetirilmir. Belə ki, iddia ərizəsində şərh olunanlara, hərbi biletinə və məlumat vərəqinə əsasən 2020-ci ildə Vətən müharibəsində iştirak edərkən Hadrut uğrunda gedən döyüşlərdə yaralansa da xidmətini davam etdirmiş və yalnız xx.xx.2021-ci il tarixdə tərxis olunmuşdur. İddiaçının 5 illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi tələbi ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir və həmin Qanunun 4.2-ci maddəsinə əsasən sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Sözügedən Qanuna uyğun olaraq baş vermiş sığorta hadisəsinə görə iddiaçıya 11000 manat sığorta ödənişi ödəndiyi işin mübahisələndirilməyən halıdır. Lakin onun tələbindən göründüyü kimi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyekti olduğu üçün əlavə 5 illik pul təminatı məbləğində sığorta ödənişi kimi kompensasiya ödənilməsini tələb edir (qeyd olunan maddəyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir) . Məhkəmə kollegiyası, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11ci maddəsinin də həmçinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsinə yönəlməsi baxımından qeyd edir ki, subyektlərdən olan əməkdaşlar da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun məqsədlərinə uyğun olaraq sığorta olunan hesab edilir və sığorta hadisəsi baş verdiyi halda onlara da sığorta ödənişi məhz, bu sonuncu Qanunun tələbləri qaydasında həyata keçirilir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının kobud şəkildə pozaraq qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, 2-1(112)-2673/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2673/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-210/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-210/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver