Məhkəmə qərarları › İş №2-1(103)-2100/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2100/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2100/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, X7 və X9) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanından X6, X7 və X4 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6658/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə X6, X7 və X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbini aşağıdakılarla əsaslarıdırılmışdır: «…Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan X6, X7 və X9 iddiaçının mülkiyyətidə olan mənzildə kirayədə yaşamış və 1991-ci ilə kimi kirayə haqqı ödəmiş, sonra isə ödənişi dayandırmışlar. O zamanlar Bakı şəhərində işə düzəlmək üçün qeydiyyat tələb olunduğundan ailə başçısı olmuş İntiqam İmanovun mənzilə qeydiyyata alınmasına etiraz etməmişdir. İntiqam İmanov vəfat etdiyindən avtomatik qeydiyyatdan çıxarılmış, onun ailə üzvləri arvadı X6, övladları X7 və X9 isə bu günə kimi xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Həmin şəxslər 4 ilə yaxındır ki, kirayədə yaşadıqları 2 otağın qapısını bağlayaraq oranı tərk etmişlər, lakin qeydiyyatları formal olaraq qalmışdır.Onların faktiki olaraq harada yaşadıqlarını bilmir. Qeydiyyatda qalmalarının heç bir qanuni əsası da yoxdur. Cavabdehin ona məxsus olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanunsuzdur...» Cavabdehin iddiaçının müraciətinə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə üçüncü şəxslərin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilcəyini və iddiaçının məhkəməyə müraciət etməli olduğunu bildirərək dolayısı ilə müraciətin təmin olunmasından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, X6, X7 və X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər (Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkün hesab olnmuşdur). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı qanunsuz yolla əldə etdiyi çıxarış əsasında üçüncü şəxslərin qanuni istifadəsində olan mənzillə bağlı qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hazırda faktiki yaşadıqları və qeydiyyatda olduqları evdən pasport qeydiyyatından çıxmalarını tələb edir. Hesab edirlər ki, həmin fərdi yaşayış evinə dair sənədlər etibarsızdır və bu barədə iddia qaldırmışlar. Bununla əlaqədar birinci instansiya məhkəməsinə vəsatət verərək icraatın dayandırılmasını tələb etsələr də, məhkəmə qanunvericiliyin tələblərini pozaraq iş üzrə icraatı dayandırmamışdır. Elektron çıxarışdan da görünür ki, Bakı şəhəri. Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsindən bir hissəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə və 4/5 hissədən bir hissəsi X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda onların mülkiyyətindədir. Tərəflərindən məhkəmədə təqdim edilmiş “bütün mülkiyyətçilərin cəlb edilməsi barədə” vəsatəti əsassız olaraq təmin olunmamış, ümumiyyətlə, iddiaçının Bakı şəhəri. Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissədən bir hissəsi mülkiyyətində olduğu halda bütün fərdi yaşayış evinə cavabdehin pasport qeydiyyatından çıxarılmasına iddiaçının subyektiv hüququ olmaması qeyd olunsa da, məhkəmə bu hala da əhəmiyyət verməmişdir. İş üzrə də müəyyən olunur ki, iddiaçı cavabdehə müraciət edərkən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmamışdır. Hesab edirlər ki, belə olan halda cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozduğundan, işin əhəmiyyət kəsb edən hallarına diqqət yetirmədiyindən həmin qərar əsassızdır və ləğv olunmalıdır…» Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 üçüncü şəxslərin apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə məlumatı olsa da məhkəməyə gəlməmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birgə mülkiyyətçisi olan İddiaçı üçüncü şəxslər - X6, X7 və X4 həmin evdən qeydiyyatdan çıxarılmasını cavabdehdən tələb etmiş, sonuncu tərəfindən imtina olunaraq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının onun paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın üçüncü şəxslərdən mülkiyyət hüququnun müdafiəsi ilə bağlı istər daşınmaz əmlakın dövlət reyestrində əmlakın qeydiyyata alındığı ünvan-ev 79/81 ünvanı üzrə, istərsə də eyni əmlak olması əsası ilə lakin daxili işlər orqanı tərəfindən üçüncü şəxsləri qeydiyyata aldığı ev 81 ünvanı üzrə hər hansı əşya hüququ müəyyən olunmadığından həmin ünvandan cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Mirzə Fətəli küçəsi-81 ünvanında yerləşən ev 16 dekabr 1931-ci il tarixdən X1 mülkiyyətində olmuş, onun vəfatından sonra 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4/5 hissəsinə nəvələri İddiaçı və X3 vərəsəlik hüququ tanınmışdır. Üçüncü şəxslərin həmin ünvanla bağlı istifadə hüququna - mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli, 2-149 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən, o cümlədən, hazırkı işdə üçüncü şəxs olan X5 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə isə məhkəmə qeyd edilmişdir ki, iddiaçının yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz. Bundan əlavə, üçüncü şəxslərin iddiaçıya qarşı “Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli evdən istifadə hüquqlarının tanınması barədə” iddia tələbləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2(004)- 5233/2023 nömrəli qətnaməsi ilə təmin edilsə də həmin qətnamə hazırkı iddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1486/2023 nömrəli 17 mart 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilrək iddia rədd edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3106/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan məhkəmə qərarlarından göründüyü kimi, üçüncü şəxslərin mübahisəli ünvana dair hər hansı əmlak, o cümlədən, istifadə hüququnun mövcüd olmadığı qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə artıq müəyyən olunmuş haldır. Ümumiyyətlə, həmin evdə yalınz iddiaçı və onun ailə üzvlərinin yaşadığı işin mübahisəsz halıdır. Üçüncü şəxslərə gəldikdə onlar apellyasiya şikayətində mübahisəli ünvanda yerləşən həmin fərdi yaşıyış evində faktiki olaraq yaşamaları, həm də həmin evə hər hansı əmlak hüquqlarına malik olmaları əsaslandırılmamış, bu barədə hər hansı sənə-sübut məhkəməyə təqdim olunmamışdır. Ən azından, işə materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən onların mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə qeyd alınmış hüquqları mövcudluğu müəyyən olunmur Birinci instansiya məhkəməsinin ayrıca sorğularıa cavab olaraq da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022ci il tarixli **********31 nömrəli və xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubları ilə bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilə ünvan 5 ünvanlardır 79/81 saylı fərdi yaşayış evi barədə Ünvan Reyestri İnformasiya Sistemində hər hansı başqa məlumat aşkar edilməmişdir. Beləliklə də, mübahisəli ünvanda qeydiyyatda olan üçüncü şəxslər X6, X7 və X4 həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqlarının reystrdə qeydiyyata alınmadığı və onların faktiki olaraq həmin ünvanda yaşamadıqları iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında şərh etmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, üçüncü şəxslərin mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatının olması və cavabdeh tərəfindən onların qanunvericiliyin qeyd olunan tələbləri və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından irəli gələn şərhi nəzərə alınmadan həmin evdən qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan üçüncü şxslərin apellyasiya şikayətinin, mübahisəli evin onların qanuni istifadəsində olduğunu və məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını pozduğunu, işin əhəmiyyət kəsb edən hallarına diqqət yetirmədiyini və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 826/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar