Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2101/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “12.04.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018-ci il tarixli, 2-1(103)- 298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədinin tam şəkildə icra edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.10.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsinə əsasən pensiyanın Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 388 nömrəli Fərmanının qəbul edildiyi 25.02.2011-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.10.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 12.04.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)1009/2018 nömrəli 26.11.2018-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyi barədə 07.10.2019-cu il tarixli 43/2019 saylı yeni məlumat vərəqəsi tərtib edilmiş, 1000-180/00324/021800 nömrəli 08.10.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4009/2018 nömrəli 26.11.2018-ci il tarixli icra sənədi yalnız Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanı dair hissədə icra edilmiş, həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29.02.2019-cı il tarixli 810 saylı və 24.01.2017-ci il tarixli 1207 saylı Fərmanlarına dair hissələrdə isə icra edilməmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında verilmiş icra sənədində artımın 2011-ci il tarixdən hesablanması barədə birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinə istinad etməklə artımı yalnız əvvəlki 3 il üçün hesablamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 12.04.2012-ci il tarixdən ona pensiya təyin edilmişdir. Həmçinin pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq ərizə ilə aidiyyəti qurumlara 2014-cü ilin sonunda, iddia ərizəsi ilə 2015-ci ilin əvvəlində 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydalarda nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının adına yenidən məlumat vərəqəsi tərtib edilərək 07.10.2019-cu il tarixdə idarəyə daxil olmuş və həmin məlumat vərəqində əlavə olaraq təminat xərcliyinə digər əlavələr əlavə edilmişdir. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası tərəflərindən ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2- 1(103)-354/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 25 may 2021-ci il tarixli, 2-1(102)-889/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(103)-354/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.10.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 12.04.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh yeni məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablayarkən «Əmək pensiyaları haqqında» Qanununun 2017-ci il 01 iyul tarixdən qüvvədə olan 32.1-1 və 37.7-ci maddələrinə istinad etmişdir. Halbuki, iddiaçının yeni məlumat vərəqəsinə əsasən pensiya almaq hüququ 2017-ci il 01 iyul tarixdən əvvəl yaranmışdır. 2017-ci il 01 iyul tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 2017-ci il 01 iyul tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ödənilir. Beləliklə, iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13.07.2018-ci il tarixli, 2-1(102)-1141/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25.02.2011-ci il tarixli, 388 nömrəli Fərmanına, 25.02.2011-ci il tarixli, 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli, 810 saylı və 24.01.2017-ci il tarixli, 1207 saylı Fərmanlarına müvafiq olaraq aylıq vəzifə maaşlarına edilən əlavələrin təminat xərcliyinə (pul təminatına) hesablanmaqla İddiaçı barəsində yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.07.2018-ci il tarixli, 2- 1(102)-1141/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 06.02.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İdarənin iddiaçının 28.11.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 23.01.2020-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, ona aid 07 oktyabr 2019-cu il tarixli, 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan məlumat vərəqəsində vəzifə maaşı: 220,00 manat; rütbə maaşı: 127,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşı 15 faizi miqdarında əlavəsi - 52,05 manat; digər növ əlavəsi - 480,95 manat; ərzaq payı əvəzinə kompensasiya 32,00 manat olmaqla cəmi təminat xərcliyi 912,00 manat göstərilmişdir. İş materiallarında olan İdarənin iddiaçının 06.03.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 01.05.2020-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə daxil olmuş 7 oktyabr 2019-cu il tarixli 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanılması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2018-ci il tarixli 2-1 (103)-298/2018 nömrəli məhkəmə qərarında İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İş materiallarında olan İddiaçı aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 56 №-li, 31.03.2012-ci il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı 24.10.2009-cu ildən hesablanmaqla 13.04.2012-ci il tarixli qərarla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 43/2019 №-li, 07.10.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı pensiyası yenidən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 18.11.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, 43/2019 №-li, 07.10.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı pensiyası yenidən hesablanarkən alınmamış pensiya məbləğləri üzrə ötən dövrlər kimi 01.11.2016-01.11.2019-cu illər nəzərə alınmışdır. İddiaçı hazırki pensiya məbləği 271,55 manat yenidən hesablanaraq 512,02 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli Qərardadının:
75. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
76. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə qərara almışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh iddiaçının əmək pensiyası hüququnun pensiyanın son üç ilə görə ödənildiyini təsdiq edir. Eyni zamanda, hesab edir ki, təyin edilmiş pensiyanın son üç ildən əvvəlki dövr üçün ödənilməsi normaların tələbinə ziddir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyini iddiaçıya münasibətdə əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün də həmin tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Normanın məzmunundan göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır. Göründüyü kimi müvafiq məlumat vərəqi Fonda təqdim edilmədən iddiaçının birbaşa olaraq Fonda müraciət etməsi səmərəli hüquq müdafiə vasitəsi kimi çıxış etmir. İddiaçı bəyan edir ki, ona əmək pensiyası təyin edilməsi məqsədi ilə təminat xərcliyi barədə məlumatın verilməsi üçün xidmət etdiyi orqanın müvafiq qurumuna 2017-ci il 1 iyul tarixdən əvvəl müraciət etmiş, onun müraciəti təmin olunmadığından həmin orqana qarşı məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Beləliklə, iddiaçı 2017-ci il 1 iyul tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Həmin müraciət isə öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən Dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4103/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.