Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2102/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd edilmiş 1993-cü ildən 2013-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (hazırda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala) qarşı “əmək kitabçasında qeyd edilmiş 1993-cü ildən 2013-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 2-1(82)-3880/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 10.05.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 1978-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamış, 1978-ci ildən 1980-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü, 1980-ci ildən 1983-cü ilə qədər “Sovet Qazaxıstanı” sovxozunda sürücü, 1983-cü ildən 1988-ci ilə qədər Bakı PATO-nun qarajında sürücü, 1988-ci ildən 2013-cü ilə qədər Azərnəqliyyat yoltikinti ASC-nin mexanikləşdirmə idarəsində sürücü vəzifəsində işləmişdir. Milli Arxiv İdarəsinin 5/1238 saylı 18.08.2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Mexanikləşdirmə İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 18 iyun 2019-cu il tarixli məktubda göstərilmişdi ki, iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən 1-DSMF icmal hesabatı və 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı olmadığına görə 1993-2013-cü illər sığorta stajına daxil edilməmiş və bu səbəbdən də Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq sığorta stajı və pensiya sığorta kapitalı yığılmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 22.07.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin (bu yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. 2019-cu ilin 1 iyul tarixdən kişilərin pensiya yaş həddi 64 yaş 6 ay müəyyən edilmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əmək kitabçasında qeyd edilmiş 1993-cü ildən 2013-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 5 nəfərlik ailə başçısıdır, hazırda heç yerdə işləmir, evlərinə qazanc gətirənləri yoxdur, çünki, o, təqaüd yaşındadır. O, 1978-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. Sonra, ardıcıl olaraq 1978-ci ildən 1980-ci ilə qədər qeyd etdiyi tikinti idarəsində sürücü, 1980-ci ildən 1983-cü ilə qədər “Sovet Qazaxıstanı” sovxozunda sürücü, 1983-cü ildən 1988-ci ilə qədər Bakı PATO-nun qarajında sürücü, 1988-ci ildən 2013-cü ilə qədər Azərnəqliyyat yoltikinti ASC-nin mexanikləşdirmə idarəsində sürücü işləmişdir. 17 may 2019-cu ildə lazımı sənədlərini toplayaraq təqaüdə çıxmağı ilə əlaqədar Asan xidmətə təqdim etmiş, oradan ona bildirilmişdir ki, 1993-cü il tarixdən 2013-cü il tarixədək işlədiyi müəssisələrdə onun şəxsi büdcəsinə sosial-sığorta ödənişi ödənilmədiyinə görə o, təqaüd ala bilməz. Özü və həyat yoldaşı şəkər xəstəsidir, iqtisadi durumları çətindir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 2-1(82)-3880/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının əmək kitabçasında qeyd edilən 1993-cü ildən 2013-cü ilədək işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək kitabçası ilə iddiaçının 1993cü ildən 2013-cü ilədək işləməsi təsdiq olunduğundan ona qeyd edilən illər də nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 2-1(82)-3880/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun və 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun məzmununa əsasən şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı vəziyyətində isə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin məhkəmədə mübahisələndirilən iş illərinin- 1993-2013 iki istiqamətdə araşdırılması vacibdir. Milli Arxiv İdarəsinin 5/1238 saylı 18.08.2020-ci il tarixli məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi müəssisəyə dair heç bir sənəd aşkar edilməmişdir. Eyni zamanda əmək kitabçasında həmin illərin qeydi şübhə doğurur, həmçinin 2003-cü ilin qeydi rüs dilində aparılmışdır. İkinci istiqamət (2006-20113) hamıya məlum olduğu kimi, sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün yaradılmış fərdi uçot informasiya bazasından istifadə olunur. Belə ki, DSMF-yə ünvanlanmış aidiyyəti sorğuya **********8 saylı cavab məktubunda “X1 Sistemi”nin Sığorta (Hesabat) altsisteminin “Sığortaolunanların hesabatı” bölməsindən əldə edilən məlumatlara əsasən həmin illərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilməmişdir. Digər məsələ isə prosessual hüquq pozuntusudur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən inzibati icraatın prinsipləri və tələbləri pozulmuşdur. Məhkəmə heç bir aidiyəti sorğuya istinad etməmiş, mübahisələndirilən iş illəri müvafiq qaydada araşdırılmamışdır. Qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1233/2020 saylı 23 sentyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3880/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarının "işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona” sözlərindən sonra “63 il 06 ay tamam olduğu gündən, yəni 10.12.2018-ci il tarixdən” sözləri əlavə edilərək dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, 63 yaşına çatmış 10.05.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiya hüququ 63 il 06 ay tamam olduğu gündən, yəni 10.12. 2018-ci il tarixdən yaranmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılarkən iddiaçının vəfat etməsi ilə əlaqədar məhkəmənin 27.04.2021-ci il tarixli qərardadı ilə iddiaçı onun prosessual hüquq varisləri- övladları olan X5 və X4 ilə əvəz edilmişdir. Kassasiya instansiyası məhkəməsinin 2-1(102)-508/2021 saylı 25 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020ci il tarixli 2-1(103)-1233/2020 saylı qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: 22.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər, həmçinin iddiaçının prosessual hüquq varisləri iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 08.12.2021-ci il tarixdə keçrilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Rəşad Kazımov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 22.07.2019-cu il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə 23.10.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, mərhum İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “onun əmək kitabçasında qeyd edilmiş 1993-cü ildən 2013-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi” ilə bağlı olmuşdur. Qeyd olunan tələblə mərhum iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından onun sığorta stajının 25 ildən az olması və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı 25 dekabr 2019-cu il tarixdə ölmüşdür. Mərhum iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən 1993-2013-cü illərdə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu barədə məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad edilən Qaydalarda, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Həmçinin, həmin Qaydalarda 01.01.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda "Əmək pensiyaları haqqında" Qanun 21.1-ci maddəsinin də tələbindən irəli gəlir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən 2006-cı ildən sonrakı (2006-2013-cü illər) dövrə münasibətdə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilib - ödənilməməsi araşdırılmadan həmin müddət iddiaçının sığorta stajına daxil edilmişdir. Halbuki, məhkəmə iddiaçının 01.01.2006-cı il tarixdən 2013-cü ilədək olan müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövrün onun sığorta stajına daxil edilməsi üçün həmin müddətdə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilibödənilməməsini araşdırmalı, bu barədə, müvafiq qurumlara sorğular göndərməli idi. Birinci instansiya məhkəməsinin mövqeyindən belə məlum olur ki, iddiaçının 01.01.2006-cı il tarixdən 2013-cü ilədək işləməsi əmək kitabçasında qeyd edildiyindən, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilib-ödənilməməsi əhəmiyyət daşımır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini əsassız hesab edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-508/2021 saylı 25 may 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqenin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi üçün məcburiliyini nəzərə alaraq məhkəmə kollegiyası müvafiq araşdırmalar aparmışdır. Belə ki, işin təkrar apelyasiya baxışı zamanı iddiaçı tərəfindən 01.01.2006-cı il tarixdən 11.09.2013-cü il tarixədək işlədiyi iddia edilən müddətdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə əvvəla, mərhum iddiaçının 1988-ci ildən 2013-cü ilə qədər işlədiyi "xxxx" ASCnin hansı müəssisənin bazasında yaradılması, hüquqi varisinin olması, onun hüquqi şəxs kimi adında hansı dəyişikliklərin aparılması, müəssisənin hüquqi ünvanı barədə məhkəməyə rəsmi məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 22.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən daxil olmuş məktubda göstərilmişdi ki, hüquqi şəxsin qeydiyyat qovğuluna əsasən "xxxx" ATSC ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmış və onların hüquq və öhdəliklərinin varisidir. İdarədə olan reyestrə əsasən Cəmiyyətin hüquqi ünvanı AZ1025, ünvan 4n dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin çıxarışından görünür ki, mərhum iddiaçının işlədiyi "xxxx" ASC 22.12.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-nin hansı müəssisənin bazasında yaradılması, onun hüquqi şəxs kimi adında hansı dəyişikliklərin aparılması barədə məhkəməyə rəsmi məlumat verilməsi və bu barədə sənədlərin təsdiq olunmuş surətlərini, həmçinin İddiaçı işə qəbul edilməsi barədə 68 nömrəli 27.06.1988-ci il tarixli, işdən azad edilməsi barədə 06 nömrəli 11.09.2013-cü il tarixli əmrlərin, işlədiyi dövrdə tərtib edilmiş əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi, müəssisə tərəfindən 2006-2013-cü illər üzrə İddiaçı üçün dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, onun 1988-2013-cü illərdə ödənişsiz məzuniyyətdə olub-olmaması barədə məlumat verilməsi ilə bağlı "xxxx" ASC-yə sorğu məktubu göndərilmişdir. Məhkəmə sorğusu onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan düzgün deyil» səbəbindən geri qaytarıldığı üçün həmin sorğunun cavablandırılması mümkün olmamışdır. Beləliklə, mərhum iddiaçı tərəfindən 01.01.2006-cı il tarixdən 11.09.2013-cü il tarixədək işlədiyi iddia edilən müddətdə işlədiyi müəssisənin mövcud olması kifayət etməyib, belə müəssisə tərəfindən onun üçün məcburi dövlət sosial sığorta haqqlarının da ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, yəni məcburi dövlət sosial sığorta haqqı ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmayan dövrdə 25 il iş stajına malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Mərhum iddiaçıya məxsus əmək kitabçasının tərcümə və təsdiq edilmiş nüsxəsindən görünür ki, onun 11.10.1978-ci ildən 16.06.1980-cı ilədək (1 il 8 ay 5 gün), 16.06.1980-cı ildən 16.05.1983-cü ilədək (2 il 11 ay), 27.06.1983-cü ildən 15.06.1988-ci ilədək (4 il 11 ay 18 gün), 27.06.1988-ci ildən 22.01.2003-cü ilədək (14 il 6 ay 26 gün), 01.04.2004-cü ildən 11.09.2013-cü ilədək (01.04.2004-01.01.2006 (1 il 9 ay)) ümumi iş stajı 25 ildən çoxdur (25 il 10 ay 19 gün). “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İşdə olan mərhum iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10.05.1955-ci il təvəllüdlüdür. Odur ki, onun yaşa görə əmək pensiyası hüququ 01.01.2006-cı il tarixədək 25 il iş stajı topladığı üçün 64 yaşdan, yəni 10.05.2019-cu ildən yaranır. Belə olan halda mərhum iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Odur ki, mərhum iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək olan dövr üzrə işlədiyi müddət stajına daxil edilməlidir. Cavabdeh tərəf iddiaçının əmək kitabçasındakı qeydlərin düzgün olmadığını, ya da mübahisələndirdiyi 1993-2006-cı ilədək olan müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 2-1(82)-3880/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilərək, mərhum iddiaçının əmək kitabçasında qeyd olunan 1993-cü ildən 2006-cı ilədək işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona 64 yaşdan, yəni 10.05.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 2-1(82)-3880/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilsin. İddiaçı (mərhum) İddiaçı əmək kitabçasında qeyd olunan 1993-cü ildən 2006-cı ilədək işlədiyi illər onun sosial sığorta stajına daxil edilməklə ona 64 yaşdan, yəni 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2102/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2102/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver