Məhkəmə qərarları › İş №2-1(103)-2102/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2102/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2102/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1) İddianın əsaslarına görə iddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, 1984-1991-ci il tarixində M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda ali təhsil almış, 1991-ci ilin oktyabr ayından şirkətdə müxtəlif dövrlərdə sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrində çalışmışdır. SOCARın xx.xx.2022-ci il tarixli arxiv arayışı və "xxxx" MMC-nin verdiyi arayışlarda göründüyü kimi, iddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində işləmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1 Qazma fəhlə hissəsinə nəzərdə tutuldugu, onun 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğu halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının l/İT-l ******* nömrəli əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun güzəştli iş stajının 10 ildən az (1 il (xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Qərar qanuna zidd və əsassızdır. Belə ki, iş üzrə icraat materiallarına əlavə edilmiş “Turan Drilling & Engineering LLC”-nin xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında iddiaçı S.Z.Nəbivev xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində boru operatoru, xx.xx.2004- xx.xx.2005-ci qazmaçı köməkçisi, xx.xx.2005-xx.xx.2005-ci il tarixlə arasındakı dövr ərzində isə qazmaçı vəzifələrində işlədiyi, həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının 1 nömrəli siyahısının X bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalının ******* şifrəsinə (Qazmaçı- a) fəhlə) uyğun olduğu göstərilmişdir. "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının X bölməsinin (“Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalı”) 1-ci bəndində qazmaçı - fəhlə, quyuların tədqiqatı üzrə operatorlar, quyuların yoxlanılması (sınanması) üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və “Turan&Drillinq Engineering LLC”-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr, yəni sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi istinad olunan Siyahıda öz əksini tapmamış, həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir.» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Məmmədova 1997-2005-ci illərdə iddiaçının işlədiyi vəzifələrin siyahıya uyğun olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil F.Həsənov isə onunla razılaşmamış, iddiaçının ağır işlərdə işlədiynə görə xüsusi şərtlərələ pensiya təyin edilməsi əsaslı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi rədd olunmuşdur (İşə əlavə olunmuş AA*******nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1987-ci il tarixdə doğulmuşdur) Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının 1997-2005-ci illərdə işlədiyi dövrün 1 ili (xx.xx.2005-xx.xx.2005) istisna olmaqla, qalan hissəni güzəştli stajı kimi qəbul edilməsini mümkünsüz hesab edərək onun güzəştli stajının tələb olunan 10 ildən az olduğunu əsas tuturaq iddianı qəbul etmir Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsi isə nəzərdə tuturdu ki, hərbi xidmət dövrü, ali və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdətuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində: 1100000a—11297 saylı şifrlə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər peşəsi güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İddiaçının işə əlavə olunmuş FV № 082060 saylı diplomuna, Nəsimi rayon Hərbi komissarlığı tərəfindən verilmiş 536947Q nömrəli hərbi biletinin surətinə və xx.xx.1991-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasına əsasən onun 2006-cı il tarixədək aşağıdakı kimi iş stajı müəyyən olunur: 1984- 1991-ci illərdə Əzizbəyov adına Azərbaycan Sənaye Universitetində təhsil müddəti və həmin müddət daxilində də 1986-1988-ci illərdə ordu sıralarında müddətli hərbi xidmət dövrü (təhsil dövründə hərbi xidmətə getmiş,qayıtdıqdan sonra təhsilinə bərpa olunmuşdur) -7 il; xx.xx.1991-xx.xx.1992: “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf1" X15 4-cü dərəcəli qazmaçı köməkçisi- 5 ay 21gün; xx.xx.1992 - xx.xx.1992 “Şelf-1” X15 5-ci dərəcəli qazmaçı köməkçisi - 6ay 10gün; xx.xx.1992-xx.xx.1995 “Şelf-3” X8maçı köməkçisi- 2 il 5 ay 20 gün; xx.xx.1995 -xx.xx.1997 “Şelf-3" X15 buruq avadanlığı ücün mexanik -2il 5ay 17gün; xx.xx.1997- xx.xx.1998 “X9” şirkətində sıravi köməkçi- 1 il 20 gün ; xx.xx.1998- xx.xx.2004 “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru- 5 il 3 ay 22-gün; xx.xx.2004-xx.xx.2005 “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi-1 il; xx.xx.2005-xx.xx.2006 “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı - 1 il . İddiaçının qeyd olunan iş stajı toplandıqda iddiaçının 21 il 3 ay 20 gün ümumi stajı alınır ki,həmin stajın da azı 10 ilini güzəştli pensiya hüququ verən peşlərdə işləmişdir. Belə ki, “Turan Drilling and Engineering” şirkətinin xx-xx-2022-ci il saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı: - xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “X9” şirkətində sıravi köməkçi; - xx.xx.1998-ci il tarixindən xx.xx.2004- cü il tarixinədək “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru; xx.xx.2004-cü il tarixindən xx.xx.2005 - ci il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi; xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı; xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində növbə rəisi vəzifələrində işləmişdir. 26 iyul 2018-ci il tarixində "KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. "xxxx" MMC təsis olunanadək 1995-ci ildən başlayaraq BP (British Petroleum) əməliyyat şirkətinin Xəzər dənizindəki neft-qaz buruqlarında - Çıraq, Qərbi Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Şahdəniz və X16 yataqlarında "X9”, "Deutsche Tiefbohr-AG., Baku", "KCA Deutaq Caspian Limited" və "KCA Deutag Tiefbohrgesellschaft" adlanan Azərbaycan Respublikasındakı nümayəndəliyiklər qazma və mühəndislik xidmətlərini həyata keçirmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin və şirkətlərin adlarının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçinin işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. İddiaçı yuxarıda qeyd edilən şirkətlərdə və hazırkı “Turan Drilling and Engineering Company" MMC-də işlədiyi bütün peşələrin (vəzifələrin) vəzifə təlimatları arayışa əlavə edilir. Nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində iştirak edib. Bu fəaliyyətə aid olan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma” siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.1. Qazma a) fəhlə” hissəsində göstərilmişdir…» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsindən həqiqətən də görünür ki, 1100000a—11297 saylı şifrlə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi, 1100000-15832 şrifti üzrə quyuların tədqiqatı üzrə operatorlar, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər peşəsi güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İddiaçının dəniz neftçisi kimi çalışdığı qeyd olunan peşələr müxtəlif adlarda olsa da, eyni funksiyalara malik olmaqla eyni işləri görmüşdür. Belə ki, işə materialları üzrə qeyd edilən “Turan Drilling and Engineering” şirkətinin xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixində “X9” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Sıravi köməkçi” vəzifəsinə qəbul edilib. xx.xx.1998-ci il tarixində “Deutsche Tiefbohr-A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Boru operatoru” kimi keçirilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Qazmaçı köməkçisi” vəzifəsinə təyin olunub. xx.xx.2005-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Qazmaçı” vəzifəsinə təyin edilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə rəisi” vəzifəsinə keçirilib. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx"' MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft- qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazmaçı köməkçisi, Qazmaçı, Növbə rəisi və Növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazmaçı köməkçisi, Qazmaçı, Növbə rəisi və Növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə uyğundur. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah veririk: Yuxarıda göstərilən peşələr, yəni İddiaçı: xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək işlədiyi (1 il, 21 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi (5 il, 3 ay, 23 gün) Boru operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi (1 il, 1 gün) Qazmaçı köməkçisi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək işlədiyi (6 il, 1 ay, 1 gün) Qazmaçı (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək işlədiyi (8 il, 3 ay, 1 gün) Növbə rəisi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); xx.xx.2019-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 3 il, 7 ay) növbə supervayzeri (bu vəzifədə faktiki olaraq qazmaçı rəisi peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 25 il, 03 ay 12 gün təşkil edir. “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş Qazmaçı vəzifəsinin təlimatından da görünür ki, həmin vəzifənin xülasəsi aşağıdakı kimidir: Qazmaçı qazma qurğusunda hər gün həyata keçirilən əməliyyatlar üçün, komandasının və ya tabeliyində olan digər şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün Buruq rəhbərinin qarşısında cavabdehlik daşıyır. Başlıca vəzifələri bunlardır: Qazma meydançasında və nəzarət etdiyi ərazilərdə həyata keçirilən bütün əməliyyatlara nəzarət edir, bu əməliyyatların səmərəli qaydada, Əməliyyat Prosedurlarına və Şirkətin Təhlükəsizlik Siyasətinə uyğun olaraq həyata keçirilməsini təmin edir. Düzgün və səmərəli təhvil-təslim işləri də daxil olmaqla gündəlik qazma əməliyyatlarının qeydiyyatını aparır. Qazma parametrləri vasitəsilə quyunun vəziyyətini müşahidə edir və izləyir. Quyu dibində problemlər yaranarsa, müvafiq tədbirlər görür. Xüsusi işçilər kifayət qədər təcrübə əldə edənə qədər onlara nəzarət etmək üçün tabeliyində olan heyəti tələb olunduğu qaydada bütün əməliyyat məsələləri ilə bağlı tövsiyələrlə və təlimatlarla təmin edir. Bütün iş yerlərinin təmiz, səliqəli, təhlükəsiz vəziyyətdə olmasına və istifadə olunan bütün iş təcrübələrinin təhlükəsiz olmasına əmin olmaq üçün tabeçiliyindəki heyəti praktik mərhələlərlə yönləndirir. İşə nəzarət etmə, təlimatlandırma və təlim keçmə yolu ilə tabeliyində olan işçilərin diqqətinə iş yerində sağlamlığın, təhlükəsizliyin, və hadisələrin qarşısının alınmasının davamlı olaraq çatdırılmasını təmin edir. Əməliyyatları ən səmərəli qaydada həyata keçirtmək üçün bütün avadanlıqların və resursların mövcud olmasına əmin olur. Əməliyyatların təhlükəsiz və səmərəli qaydada həyata keçirilməsi üçün onların planlaşdırılmasının, ehtiyat avadanlıqların və planların nəzərə alınmasını təmin edir. Quyuya endirilən avadanlıqların bütün ölçülərinin qeydlərinin aparılmasını təmin edir. Endirmə-qaldırma əməliyyatları ərzində endirilən yaxud qaldırılan borunun sürətinə, borunun hər bir hissəsinin açılmasına və bağlanılmasına nəzarət edir. Qazma hesabatı üçün məlumatla məs. məhlul rəqəmləri təmin edir. Qazma müddətində müştərinin/platformanın standartlarına uyğun olaraq quyuya nəzarət avadanlığının təzyiq sınağını müvafiq mərhələlərdə həyata keçirir. Preventor blokunu yaxud rayzeri quraşdıran yaxud sökən zaman komandanın təhlükəsiz iş təcrübələrinə riayət etməsinə əmin olur. Boruların qeydiyyat sənədi (tally), X10 (BHA) / tamamlama komponentləri və quyuya ilişən zəruri alətlərin ölçülərini yəni daxili diametri/xarici diametri və birləşmələr də daxil olmaqla quyuya endirlən boruların düzgün qeydiyyatını aparır. Yerinə yetiriləcək bütün işlərin İşə İcazə sisteminə və X1 (RAP - X11) uyğun olaraq qiymətləndirir, zəruri olarsa İşə İcazə sistemini tətbiq edir, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə və işin ancaq İşə İcazə sənədində qeyd edildiyi kimi yerinə yetirilməsinə əmin olur. Məsul olduqları ərazidə işlərə cəlb edilmiş yaxud supervayzerləri tərəfindən bölüşdürülmüş vəzifələri icra edən heyətə nəzarət etmək üçün cavabdehlik daşıyır. Şirkət tərəfindən gözlənilən davranış və iş icraatının standartlarını təmin etmək üçün tabeliyində olan heyətin iş göstəricilərinin idarəedilməsinə cavabdehdir. Buruqda əməliyyatlara cəlb oluna bilən Xidmət şirkətinin yaxud Təchizatçı şirkətin nümayəndələrinə nəzarət edir, rəhbərlik edir və öyrədir. Atqıdan əvvəl hesablamaları həyata keçirir və quyuya nəzarət üzrə bütün avadanlıqların və prosedurların hər zaman mövcud olmasına əmin olur. Zəruri olarsa alternativ işləri yerinə yetirir. Birbaşa supervayzeri tərəfindən təlimatlandırıldığı kimi aidiyyəti üzrə başqa işləri yerinə yetirir. Zəruri olarsa, quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak edir. Əməliyyat göstəricisini xüsusilə zəruri olan əməliyyatların vaxtında yerinə yetirilməsini optimallaşdırır. Şirkətin Planlı Profilaktik Texniki Xidmət sisteminə uyğun olaraq texniki xidmət, təmir yaxuc hissələrin dəyişdirilməsini yerinə yetirir/nəzarət edir və qeydiyyatını aparır. Şirkətin Biznes İdarəetmə Sisteminə riayət edir. “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş qazmaçı köməkçisi vəzifəsinin təlimatından görünür ki, vəzifənin xülasəsi belədir: Qazmaçı köməkçisi təyin edilmiş iş tapşırıqlarını səmərəli qaydada və vaxtında yerinə yetirməklə Qazmaçıya kömək göstərmək üçün cavabdehlik daşıyır. Quyuların qazılmasında, quyuya müdaxilə və tamamlama əməliyyatlarında qazmaçıya kömək edir. Supervayzer tərəfindən təlimatlandırıldığı kimi buruğun sürüşdürülməsində, göyərtə və quyu ağzı işlərində kömək edir. Yuxarı ərazilərdə işləyən tabeçiliyindəki heyətin işi icra etməsinə rəhbərlik edir və nəzarət edir. Məsul olduğu ərazilərin və avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyətini saxlayır. Qazma işləri kompleksinin bütün sahələrində qazmaçıya kömək edir. Başlıca vəzifələri bunlardır: Buruqda yerinə yetirilən bütün işlərə nəzarət edilməsində zəruri olarsa qazmaçıya kömək edir və onu əvəz edir, bu işlərin səmərəli qaydada və səlahiyyətli əməliyyat prosedurlarına və Şirkətin Təhlükəsizliyi Siyasətinə uyğun olaraq yerinə yetirilməsini əmin edir. Quyu əməliyyatları üçün tələb olunan bütün alətlərin və avadanlıqların hazırlanmasında kömək edir. Boru qeydiyyat jurnalı (pipe tally), tam X2 / tamamlama komponentləri və quyuda qalan zəruri alətlərin ölçüləri (məs. daxili diametri/xarici diametri) də daxil olmaqla quyuya endirilən bütün boruların dəqiq qeydiyyatını aparır. Zəruri olan zaman gündəlik yoxlamaları həyata keçirir (məs. X7 və Preventorun stasunun yoxlanılması). Tələb olunan yerlərdə və tələb olunan zaman Şirkətin Planlaşdırılmış Profilaktik Texniki Xidmət Sisteminə müvafiq olaraq texniki xidmət, təmir və ya dəyişdirmə işlərinin yerinə yetirilməsinə dəstək göstərir. Düzgün təhviltəslim işlərinin yerinə yetirilməsini təmin edir və gündəlik qazma qeydlərini aparır. Bütün iş yerlərinin təmiz, səliqəli, təhlükəsiz vəziyyətdə olmasına və istifadə olunan bütün iş təcrübələrinin təhlükəsiz olmasına əmin olmaq üçün tabeçiliyindəki personalı praktik mərhələlərdə yönləndirir. Qazma məhlulu operatoru ilə birlikdə nasoslar, məhlul xəttləri, vibro ələkləri və məhlul çənləri də daxil olmaqla məhlul nasoslarını və bütün qazma məhlulunun dövriyyəsi sistemini idarə edir, nəzarət edir, təmir edir və texniki xidmət göstərir. Qazma məhlullarının və məhlullarının sınaq edilməsinə rəhbərlik edir və nəzarət edir. Preventor sistemini başa düşür və texniki xidmət göstərir, lay məhlulu və hidroakumulyator təzyiqini yoxlayır. Buraya işıq və səs siqnalları da daxildir. Bütün işlərin İşə İcazə sisteminin tələblərinə uyğun olaraq həyata keçirilməsini qiymətləndirir, zəruri olarsa İşə İcazələri təmin edir, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə və işin ancaq İşə İcazə sənədində qeyd edildiyi kimi yerinə yetirilməsinə əmin olur. Məsul olduqları sahə daxilində işlərə cəlb edilmiş, yaxud supervayzerləri tərəfindən təyin edilmiş heyətə nəzarət edir. Buruqda əməliyyatlara cəlb oluna bilən Xidmət şirkətinin yaxud Təchizatçı şirkətin nümayəndələrinə nəzarət edir, rəhbərlik edir və təlim keçir. Tələb olunduğu kimi alternativ işləri yerinə yetiririr. Birbaşa Supervayzeri tərəfindən təlimatlandırıldığı kimi digər müvafiq işləri yerinə yetirir. Zəruri olarsa, quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak edir. Əməliyyatın həyata keçirilməsinin optimallaşdırılmasına vaxtında dəstək göstərir. Ərazisi daxilində müvafiq iş üçün istifadə olunan İşə İcazə sistemini tam tətbiq edir. Şirkətin Biznes İdarəetmə Sisteminə riayət edir. Təsir ərazisi daxilində əməliyyat X3 (KPİ) nail olmaq məqsədilə əməliyyat göstəricilərinin vaxtında optimallaşdırılmasının təmin edilməsində təlimatlandırıldığı qaydada kömək edir. Xərcləri azaltmaq məqsədilə ələk filtirlərinin istehlakının optimallaşdırılmasını təmin edir. Vəzifə Təlimatına uyğun olaraq öz vəzifələrinin icrasına, sahədə əməliyyat statusu haqda düzgün məlumatların verilməsinə, sifarişlərin, memorandumların və rəhbərliyin təlimatlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır. Bütün müvafiq Əməliyyat İdarəetmə sistemlərinin (Siyasətlər, prosedurlar, qaydalar və Müştərinin Müddəalarının) tətbiq edilməsinin təmin edilməsində kömək edir. Biznes yaxud maliyyə məlumatlarının məxfi saxlanılmasına cavabdehlik daşıyır. “Turan Drilling and Engineering” şirkətinin güzətli işlər barədə tədqiq olunan arayışlarından da göründüyü kimi, iddiaçının işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə uyğundur. Həmçinin, tədqiq olunan təlimatlardan aydın görünür ki, qazmaçı və qazmaçı kğməkçisi eyni işləri görürlər. Digər tərəfdən, məhkəmə praktikasında analoji işlərdə həmin vəzifələrdə çalışan dəniz neftçilərinin fəaliyəti güzəştli pensiya hüququ verən göstəricilər kimi nəzərə alınmışdır. Beləliklə də cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli pensiya hüququ verən stajının 10 ildən az olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda azı 20 il ümumi, 10 il xüsusi staja malik olması ilə onun 52-yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya tələb olunan güzəştli stajının olmadığı əsas gətirilməklə 52 yaşından (müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün hesablanmaqla) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə işin halllaına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2552/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar