Məhkəmə qərarları › İş №2-1(103)-2103/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2103/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2103/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, ərizəçinin nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21-23 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı X7 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, müəssisənin hesablarının dondurulması və həmin borclara görə iddiaçının hazırda mövcud olan, habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması, məhkəmə qərarı qanuni qüvvəyə minmədən vergi borcunun tələb edilməsi və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərarların “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Bəyannamədə tərəflərindən göstərilən məbləğə düzəliş edilməsinin səbəbi onlara aydın deyil, eyni zamanda bu düzəlişi təsdiq edən sənəd də onlara təqdim edilməmişdir. Halbuki vergi orqanına ünvanlanmış məktubda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişlər. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdikləri sənədlər tam şəkildə araşdırılmamışdır. Cavabdeh 20.05.2019-cu il tarixli, **********348500 saylı, 30.04.2020-ci il tarixli, **********540500 saylı və 07.05.2020-ci il tarixli, **********608200 saylı qərarları vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən və iddianın təmin edilməsinə yəni hüquqlarının qorunmasına yönəlmiş digər təminat tədbirləri görülməlidir. Vergi orqanı tərəfindən həyata keçirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı zamanı müəssisənin hüquqları kobud şəkildə pozulmuşdur. Faktiki olaraq vergi orqanın hərəkətlərinin dayandırılması zərurəti yaranmışdır. Ona görə də, hesab edirlər ki, cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifə qoyulsun. Yəni hazırki iş üzrə yekun qərar çıxaralanadək, müəssisənin fəaliyyətinin dayanmaması, işlərin davam etdirilməsi, istehlakçı və ya sifarişçilərin hüquqlarının pozulmaması, müəssisənin müflis olmaq təhlükəsi ilə üz-üzə qalmaması üçün müəssisənin ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, müəssisənin hesablarının dondurulması və həmin borclara görə iddiaçının hazırda mövcud olan, habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması, məhkəmə qərarı qanuni qüvvəyə minmədən vergi borcunun tələb edilməsi və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsi inzibati orqana qadağan edilməlidir. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2-1(112)-4482/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsinin qismən təmin edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, firmanın hesablarının dondurulması, mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla dayandırılması və həmin borclara görə hazırda mövcud olan, habelə, onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən, xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması cavabdehə qadağan edilməsi qərara alınmışdır. (hakim Aygün Abdullayeva) Qərardaddan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə ərizənin təmin edilməməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsindən əvvəl məhkəmənin vəzifəsi ilk öncə iddianın uğurluluq ehtimalının müəyyən edilməsi olmalı idi. Lakin məhkəmə qərardadında iddianın uğurlu olmasına dəlalət edən hər hansı sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad etməmiş, ümumiyyətlə qeyd edilən məsələ üzrə araşdırma aparmamışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Məhkəmənin hazırkı qərardadı iddianın gələcəkdə uğurlu olmayacağı təqdirdə iddiaçının dövlət büdcəsinə olan borclarının alınması ilə bağlı mühüm çətinliklər yaradacaqdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2092/2020 nömrəli iş 07.12.2020-ci il tarixli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4482/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, inzibati işin həmin məhkəməyə göndərilməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1010/2021 nömrəli 26 may 2020-ci il tarixli (hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2092/2020 nömrəli iş üzrə 07.12.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərardadının ərizənin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə ərizənin təmin edilməməsi haqqında qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi İşə təkrar apelyasiya qaydasında baxılarkən ərizəçinin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatlını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. İş materiallarından görünür ki, İddiaçı X7 iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, müəssisənin hesablarının dondurulması və həmin borclara görə iddiaçının hazırda mövcud olan, habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması, məhkəmə qərarı qanuni qüvvəyə minmədən vergi borcunun tələb edilməsi və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərək qeyd etmişdir ki, vergi orqanı tərəfindən ərizəçinin bank hesabları üzərinə tam olaraq sərəncam qoyulması, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə, ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda borclunun bank hesablarının üzərinə sərəncam qoyulmadığı halda iddianın təmin olunmadığı təqdirdə dövlət büdcəsinə müvafiq vəsaitin ödənilməsi bank hesablarında pul vəsaitinin olmaması səbəbindən mümkün olmaya bilər. Məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilməli, yəni, ərizəçi İddiaçı X5 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi Firmanın ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulmasının, Firmanın hesablarının dondurulmasının qadağan edilməsi hissəsində mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla, təmin edilməlidir. Ərizəçinin həmin borclara görə hazırda mövcud olan habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması ilə bağlı ərizədə yazılanlara münasibətdə məhkəmə hesab etmişdir ki, bu hissədə də ərizənin təmin edilməsi mümkündür. Nəzərə alınmalıdır ki, firmanın işlək vəziyyətdə saxlanması, onun gələcəkdə yarana biləcək dövlət ödənişlərinin və digər ödənişlərin ödənilməsi üçün qeyd olunan məhdudiyyətlərin firmanın üzərinə qoyulmaması vacib əhəmiyyətlidir. Belə ki, qeyd olunan firmanın ünvanına idxal olunacaq bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların siyahıya alınması tətbiq ediləcəyi təqdirdə firmanın ağır maliyyə çətinlikləri ilə rastlaşması istisna deyil. Belə olduğu təqdirdə qeyd olunan məhdudiyyətlərin hal-hazırda vergi orqanı tərəfindən vergi ödəyicisinə qarşı tətbiq edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi məhkəmənin hüququ olmaqla, həmin məsələlər İPM-nin “Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlanan Vİİ fəslində yer almış maddələrlə tənzimlənir. Azərbaycan Respublikası İPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Qeyd edilən maddələrin məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tədbiqinin mümkünlüyünü və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müvəqqəti xarakterli müdafiənin görülməsi barədə ərizədə irəli sürdüyü, yuxarıda artıq göstərilmiş bir neçə müdafiə tədbirləri əslində inzibati aktın icrasının dayandırılmasına yönəldilmişdir ki, bunun da tənzimlənməsi mexanizmi İnzibati Prosessual Məcəllənin eyni adlı 41-ci maddəsində müfəssəl, konkret və aydın şəkildə müəyyən edilmişdir, başqa sözlə iddiaçının ərizəsində və məhkəmə qərarlarında bunun uzun-uzadı yazılması məqsədəmüvafiq olmamaqla yanaşı gələcəkdə, yəni, artıq yuxarıda yazıldığı kimi, icra icraatı zamanı problemlər yarada bilər ki, bu baxımdan, eləcə də prosessual qanunvericiliyin (İnzibati Prosessual Məcəllənin 41-ci maddəsi) tələbləri nəzərə alınmaqla özündə hazırkı işdə hər şeyi ehtiva edən «inzibati aktın icrasının dayandırılması» terminindən istifadə edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qərar qəbul edilən zaman vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmaqla yanaşı maliyyə sanksiyası da tətbiq olunur. Vergi mübahisələrinə məhkəmə icraatı qaydasında baxılan zaman, yəni səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qəbul edilən qərarın ləğvi ilə əlaqədar iddia qaldırıldıqda həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək vergi ödəyicisinin hüququdur. Belə ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində (hətta şikayət əsassız olduğu halda) maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə baxılan zaman müvəqqəti xarakterli müdafiə tədbiri olaraq iddiaçının vəsatəti və ya ərizəsi əsasında mübahisələndirilən qərar ilə tətbiq edilmiş maliyyə sanksiyasının dövlət büdcəsinə alınması təmin etmək üçün vergi qanunvericiliyində nəzərdə tutulmuş hərəkətləri etməkdən çəkindirmək (vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək), və yaxud üçüncü şəxsin (bank və kredit təşkilatlarının) üzərinə vəzifələr (bank hesabına qoyulmuş sərəncamların icra edilməməsi barədə) qoyma barədə qərardad qəbul edilməlidr. Qərar əsasında vergilər hesablandığı zaman isə həmin qərarın (inzibati aktın) mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə təqdim etdikdə həmin ərizədə ifadə olunan istəyin ifadə olunduğu tərzdə qeyd olunmasından asılı olmayaraq həmin istəyin mahiyyətindən irəli gələrək baxılmalıdır. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı mübahisələndirərsə İPM-in 40-cı maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılması barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. İPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İddiaçı öz ərizəsində müdafiə tədbiri olaraq cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi (bank hesablarına sərəncamın qoyulmasından çəkindirmək, qoyulan sərəncamların icrasını dayandırmaq və s.) barədə istəyi faktiki olaraq mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasından ibarətdir. Başqa sözlə desək iddiaçının ərizəsində göstərdiyi müdafiə tədbirinə baxılan zaman həmin ərizədə ifadə olunan istək hərfi mənada başa düşülməməlidir. Əgər hesablanmış vergilərə münasibətdə müvəqqəti müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılırması barədə məhkəmə qərardad qəbul edirsə, bu tədbirlərə hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə alınmasını təmin etmək məqsədi ilə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi, yəni vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və s. Bu kimi hərəkətlərin edilməsinin qadağan olunması deməkdir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın icrasının dayandırılması, iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda iddiaçının vəsatəti və ya ərizəsi əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Digər məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı məhkəmədə mübahisələndirilirsə həmin qərar əsasında hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə də təsdiqini tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadının iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə iddiaçı tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi hissəsində dəyişdirilməli, cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli qərarlarının icrası dayandırılmalıdır, qalan hissədə birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə iddiaçı tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi hissəsində dəyişdirilsin. Cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli qərarlarının icrası dayandırılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar