Məhkəmə qərarları › İş №2-1(103)-2104/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2104/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2104/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)- 3474/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 20 sentyabr 2017-ci il tarixdən həmin Qanunun İV fəslində müəyyən edilmiş “Pensiyaların hesablanması” qaydasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuşdur, 1975-1978-ci illərdə Peşə təhsili məktəbində oxumuşdur, 1978-ci ildə əmək fəaliyyətinə başlamışdır, 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən əmək fəaliyyətinə başlamışdır və hal-hazıra qədər işləməklə ümumilikdə 40 ildən yuxarı əmək stajına malikdir və həmin əmək stajından 14 il 5 ay 22 gün zərərli əmək şəraitində işlədiyi dövrü əhatə etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajına aiddir. Qanunvericiliklə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Ona görə də müvafiq sənədlərlə ona 57 yaşdan etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 18 mart 2021-ci ildə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə ayidiyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərində xx.xx.1988-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərətsüd” X11 Birliyinin texnoloji sexində kompressor maşinisti vəzifəsində işlədiyi qeyd edilmişdir. Adı çəkilən müəssisə tərəfindən ona dair 30 dekabr 2020-ci il tarixli 1/33 nömrəli arayışda kompressor maşinisti vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq, Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Bundan sonra məktubda tələb olunan, qüzəştli şərtlərlə pensiya hüququ verən məlumatlara dair müvafiq rəsmi arayışları o cümlədən, “Azərkontrakt” SC-nin “Azərətsüd” X11 Birliyinin 17 iyun 2021-ci il tarixli 1/26 saylı, həmin Birliyin 30 dekabr 2020-ci il tarixli 1/33 saylı, Fövqəladə Hallar Nazirliyinin DMEA-nin “Qala” Kombinatının 16 avqust 2019-cü il tarixli, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışlarını, əmək kitabçasının təsdiq olunmuş surətini cavabdeh inzibati orqana ünvanlanmış ərizəyə əlavə edib, göndərmişdir. Həmin arayışlarla təsdiq olunur ki, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi “Azərətsüd” X11 İdarəsində güzəştli şərtlərlə əmək stajı 9 il 3 ay 23 gün, yenidən həmin idarədə işlədiyi xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək müddətdə 11 ay, həmçinin Fövqəladə Hallar Nazirliyinin DMEAnin “Qala” Kombinatında işlədiyi xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək 4 il 2 ay 29 gün, ümumilikdə 14 il 5 ay 22 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Müraciətinə cavab olaraq güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabdeh inzibati orqanın 14 sentyabr 2021-ci il tarixli məktubda göstərilir ki, ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Texniki peşə məktəbində təhsil aldığı müddət və həqiqi hərbi xidmətdə olduğu müddət onun ümumi əmək stajına daxil edilməklə 40 ildən artıq müddətə əmək stajına malik olduğundan ona əmək pensiyası 57 yaşdan, yəni 20 sentyabr 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Cavabdeh inzibati orqanın hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə anlayışı 10 mart 2017-ci il tarixdə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əlavə edilmişdir. O, isə 01 yanvar 2006-cı ilədək, yəni “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. İş üzrə cavabdehin iddiaya dair etiraz məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №li və 17 iyun 2021-ci il tarixli 1/26 №li arayışlarında xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X11 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 1975-ci ildə Bakı şəhəri 68 nömrəli orta Texniki Məktəbə daxil olmuş və 1978-ci ildə aşpazçılıq peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1978-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 4-cü şöbəsinin nəzdində “Zaqulba” pansionatına 4-cü dərəcəli mövsümü aşpaz vəzifəsinə təyin olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1978-ci ildə Nərimanov rayon X6 birliyi 25 saylı yeməkxanaya 4-cü dərəcəli aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə çəğırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə Nərimanov rayon X6 birliyi fabrik-mətbəxə 4-cü dərəcəli aşbaz vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü ildə həmin yerdə 5-ci dərəcəli aşbaz kimi təsdiq edilmiş, xx.xx.1983-cü ildə Gəncə rayonunda həmin vəzifəyə (aşbaz) təyin olunmuş, xx.xx.1983-cü ildə 11 saylı yeməkxanada həmin vəzifəyə (aşbaz) keçirilmiş, xx.xx.1984-cü ildə işdən çıxarılmış, xx.xx.1984-cü ildə “Azərelektromaş” İstehsalat Birliyi BEMZ-də 30-cu sahəyə (qarışıq tullantıların toplanması və atılması üçün sənaye sahələrinin təmizlənməsi) 2-ci (ikinci) kateqoriyalı köməkçi işçi kimi qəbul edilmiş, xx.xx.1986-cı ildə 18-ci sahəyə metal konstruksiyaların yığımı üzrə 1-ci dərəcəli çilingər ixtisası verilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə yükdaşıyan vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 1 №li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə həmin sexdə 4cü dərəcə verilmiş, xx.xx.1992-ci ildə 5-ci dərəcə verilmiş, xx.xx.1997-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci ildə “Bakı Soyuducu kombinatı”na kompressor sexinə 5-ci dərəcəli maşinist qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 121 saylı MKİS-ə süpürgəçi qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2003-cü ildə “X10” ATSC-də kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmiş (xx.xx.2003-cü ildə “X10” ATSC ləğv olunub “X5 Bazası” ASC yaradılmışdır), xx.xx.2003-cü ildə “X5 Bazası” ASC-də “Kompressor üzrə maşinist vəzifəsinə” qəbul edilmiş, xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2004-cü ildə “Azərətsüd” X3 vəzifə maaşı əmək müqaviləsinə uyğun olaraq 1 №li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2006-cı ildə "xxxx" ASC-də SC-nin maya zavoduna kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad olunmuş, xx.xx.2009-cu ildə həmin zavoda eyni vəzifəyə təyin olunmuş, xx.xx.2010-cu ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri, “Qala” kombinatının Soyuducu anbarının soyuducu qurğunun maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2016-cı ildə “İpək Yol” firmasında pivə zavoduna kompressor maşinisti vəzifəsinə qəbul olunub, xx.xx.2019-cu ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" ASC-də əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq üç ay müddətinə iki həftə sınaq müddəti ilə Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsinə kompressor üzrə operator peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X11 Birliyinin 1/33 №li 30 dekabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə xx.xx.1988-ci ildə yükdaşıyan vəzifəsinə qəbul olunub, xx.xx.1988-ci ildə 1 №li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti (zərərli əmək şəraitində) vəzifəsinə keçirilib, xx.xx.1988-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 4-cü dərəcə verilib, xx.xx.1992-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 5-ci dərəcə verilib, xx.xx.1997-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Yenidən xx.xx.2004-cü il tarixdə “Azərətsüd” X4 1 №li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi xx.xx.2005-ci il tarixdən ləğv edilib. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 6 saylı əmrinə və Dövlət qeydiyyatı haqqında xx.xx.1998-ci il tarixli D-127 saylı şəhadətnaməyə əsasən “Azərətsüdticarət” idarəsi “Azərətsüd” X7 hesab edilmişdir. İşlədiyi müddət ərzində zərərli əmək şəraitində işlədiyinə görə əmək haqqının 24 faiz əlavə və 13 təqvim günü əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X11 Birliyi tərəfindən verilmiş 1/26 №li 17 iyun 2021- ci il tarixli arayışda Birlik tərəfindən verilmiş 1/33 №li 30 dekabr 2020-ci il tarixli məktubda göstərilmiş məlumatlar bir daha təsdiqlənməklə, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi haqqında 12 №li qərarının “Ümumi peşələr” bölməsində ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti kimi güzəştli pensiya almaq hüququ var. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri, “Qala” kombinatı tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həmin Kombinatda xx.xx.2012- ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər soyuducu qurğunun maşinisti vəzifəsində işləmişdir. Soyuducu qurğulara xidmət edən kompressor sexi ammonyakla işlədiyinə görə zərərli sex sayılırdı. Zərərli sex olduğu üçün əmək haqqının 12 %-i zərərə görə hesablanıb və əmək məzuniyyətinə 6 gün əlavə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarının 35-ci maddəsinin “Ümumi peşələr” siyahısında “Ammonyaklı soyuducu qurğuların maşinistləri” 40-cı bəndinə uyğundur. "xxxx" ASC tərəfindən verlmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cəmiyyətin Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsində kompressor vəzifəsində işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Ticarət Nazirliyinin Bakı şəhər Ticarət və İctimai İaşə Baş İadrəsinin Səbail rayon Ticarət-Tədarük Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 401 saylı sərəncamı ilə “X10” ASC yaradılmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2- 1267/2000 saylı qətnaməsi ilə “X10” ASC-nin yaradılması haqqında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 401 saylı sərəncamı və bununla əlaqədar keçirilmiş ixtisaslaşdırılmış çek hərraclarının nəticələri etibarsız hesab edilmiş və ləğv edlmiş “X10” ASC-nin bazasında keçmiş DƏİE üzrə DK-nin xx.xx.2007-ci il tarixli 87 saylı əmri ilə "xxxx" MMC təsis olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Bakı Soyuducu Kombinatı” xx.xx.1994-cü il tarixdə KOL-1643 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və “Azərsənayetikinti” DŞ-nin tərkibinə daxil edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 mart 2022-ci il tarixli məktubu ilə "xxxx" MMC-nin və Bakı Soyuducu Kombinatının təsis sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********4 №li və 14 sentyabr 2021-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №li və 17 iyun 2021-ci il tarixli 1/26 №li arayışlarda xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X11 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, iş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23200000—33775 ilə qeyd olunmuş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşələrinə uyğundur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (xx.xx.1988-xx.xx.1997; xx.xx.1997-xx.xx.2000; xx.xx.2003xx.xx.2004 = 13 il 2 ay 15 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin imtina məktubunda həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçıya ödəniləcək pensiyanın cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən 18 mart 2021-ci il tarixdən əvvəlki illər üçün, yəni 2018-ci ilin martın 18-dən hesablanaraq, ödənilməli olmasını göstərsə də, nəticə hissəsində pensiyanın təyin edildiyi tarixi göstərmiş, pensiyanın nə vaxtdan ödənilməsini göstərməmişdir. İddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26 may 2021-ci il tarixli **********4 №li “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciəti 18 mart 2021-ci il tarixdə daxil olmuşdur. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (18 mart 2021-ci il) əvvəlki illər üçün, yəni 2018-ci ilin mart ayının 18-dən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 18 mart 2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 saylı qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 18 mart 2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar