Məhkəmə qərarları › İş №2-1(103)-2104/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2104/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2104/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-5284/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 598/2017-034 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin həmin məhkəməyə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 598/2017-034 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən o və X1 müştərək qaydada 50000 ABŞ dolları pul vəsaitinin tutularaq tələbkar X7 ödənilməlidir. Həmin icra sənədi ilə bağlı Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında" qərar qəbul edilmişdir. Həmin icra sənədinə əsasən ona aid hissədə tərəfindən tələbkar X7 20000 (iyirmi min) manat pul ödənilmişdir. Sonradan icra sənədi aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir və həmin şöbənin icra məmuru Şakir Bahadırov icraatındadır. Hazırda maddi imkanı çox çətin olmaqla yanaşı “Hepatit-B" və “Şəkər" xəstəliyindən əziyyət çəkir. Ona görə də qalan borcu tələbkara ödəyə bilmir. Bundan başqa, 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli arayışından görünür ki, o, heç bir növ pensiya, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və təqaüd almır. Uzun illərdir ki, Binəqədi rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, adına hər hansı bir əmlak aşkar edilməmişdir. Bundan başqa hər hansı bir bankda adına heç bir pul vəsaiti yoxdur. Bunlar nəzərə alınaraq Binəqədi rayon İcra Şöbəsinə ərizə ilə məlumat verərək qətnamənin icrasının mümkün olmaması ilə bağlı icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etsə də, icra şöbəsi tərəfindən xahişi təmin edilməmiş və ərizəsi ilə bağlı ona heç bir cavab verməmişdir. Əksinə Binəqədi rayon İcra şöbəsindən ona zəng edilərək xəbərdarlıq edilmişdir ki, əgər qətnaməni könüllü icra etməsə, barəsində məsuliyyətə cəlb edilməsinə dair protokol və təqdimat tərtib ediləcəkdir. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-5284/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına səbəb kimi belə göstərilir ki, guya iddiaçı icra sənədinin geri qaytarılması barədə ayrıca iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə bilməz. Məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən qeyd edir ki, yalnız icra sənədinin icra olunmaması ilə bağlı icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən tələbkar inzibati məhkəməyə şikayət verə bilər. Məhkəmə onun iddiasına dair münasibətdə səhv qərara gəlmişdir.Belə ki, iddia tələbinin məzmunundan görünür ki, onun iddia tələbi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsində göstərilən xüsusatlardan fərqlidir ona görə ki, onun iddiasının predmeti icra sənədinin icrası deyil, icra məmurunun icra sənədini məhkəməyə qaytarmaması ilə bağlıdır.Yəni o, iddia edir ki, icra məmuru qəsdən, Azərbaycan Respublikası İcra haqqında qanunun 23-cü maddəsinin tələblərini pozaraq icra sənədini məhkəməyə geri qaytarmadığına görə o, icra sənədini məhkəməyə qaytarmağa məcbur edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-598/2017-034 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən o və X1 müştərək qaydada 50.000 ABŞ dollar pul vəsaiti tutularaq tələbkar X7 ödənilməlidir. Həmin icra sənədi ilə bağlı Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018- ci il tarixli "İcraata başlamaq haqqında" qərar qəbul edilmişdir. Qeyd etdiyi icra sənədinə əsasən ona aid hissədə tərəfimdən tələbkar X7 20000 (iyirmi min) manat pul ödənilmişdir. Həmin pulu alması barədə tələbkar X12 rayon İcra Şöbəsinə ünvanlandığı 24 yanvar 2022-ci il tarixli ərizəsinin surətini ərizəsinə əlavə etmişdir. Sonradan icra sənədi aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru Şakir Bahadırov icraatındadır. Hazırda maddi imkanı çox çətin olmaqla yanaşı "Hepatit-B” və "Şəkər" xəstəliyindən əziyyət çəkir. Ona görə də qalan borcu tələbkara ödəyə bilmir. Bundan başqa ərizəyə əlavə etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022ci il tarixli, **********6 nömrəli Arayışından görünür ki, o, heç bir növ pensiya, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və təqaüd almıram. Uzun illərdir ki, Binəqədi rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Belə ki, Bakı şəhər 4 saylı DOST mərkəzinin dekabr 2022-ci il tarixli Arayışından görünür ki, adınaa hər hansı bir əmək müqaviləsi aşkar edilməmişdir. Ərizəmə əlavə etdiyim Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, adına hər hansı bir əmlak aşkar edilməmişdir.Bundan başqa hər hansı bir bankda adına heç bir pul vəsaiti yoxdur.Bütün bu qeyd etdiklərini nəzərə alaraq Binəqədi rayon İcra Şöbəsinə ərizə ilə məlumat verərək qətnamənin icrasının mümkün olmaması ilə bağlı icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etsə də, icra şöbəsi tərəfindən xahiş təmin edilməmiş və ərizəsi ilə bağlı ona heç bir cavab verməmişdir. Əksinə Binəqədi rayon İcra şöbəsindən ona zəng edilərək xəbərdarlıq edilmişdir ki, əgər könüllü qətnaməni icra etmə onun barəsində məsuliyyətə cəlb edilməyinə dair protokol və təqdimat tərtib ediləcəkdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı hüquqi marağına uyğun iddia qaldırmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 598/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X6, İddiaçı və X4 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X3 75837 ABŞ dolları, X2 14000 ABŞ dolları, İddiaçı Kekavus oğlu və X2 müştərək qaydada 50000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İşdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi xx.xx.2018-ci il tarixli icra sənədi əsasında xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, İddiaçı Kekavuz oğluna və X4 10 gün müddətində icranı könüllü olaraq təmin etmək təklif olunmuşdur. İddiaçı hazırda Bakı şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 598/2017-034 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin həmin məhkəməyə qaytarılması vəzifəsinin Cavabdehnə həvalə edilməsini xahiş edir. Məhkəmə Kollegiyası qeyd edir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur.Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.Bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə arının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017- ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1. icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2. icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra -- Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün nəzərə alınmalıdır ki, Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. İcra qurumunun fəaliyyəti zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır.Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göstərilənlərə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə, inzibati orqanın mübahisələndirilən hərəkətləri icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından məhkəmə qətnaməsi üzrə icra sənədini vermiş məhkəməyə icra icraatı çərçivəsində şikayətlə müraciət etmək əvəzinə düzgün olmayaraq hazırkı iddia ilə inzibati məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, onun istəyi Bakı şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 598/2017-034 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin həmin məhkəməyə qaytarılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbinin təmin edilməsi ilə bağlıdır. Odur ki, Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinin də (yardım etmək vəzifəsi) yerinə yetirildiyini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-5284/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar