Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2105/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(112)-2607/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşın tamam olduğu 1 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 iyul 1984-cü il tarixdən sanitar, 18 fevral 1992-ci il tarixdən tibb bacısı, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5ndə fəaliyyət göstərən “Respublika Psixiatriya Xəstəxanası”nın psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. Onun 2 iyul 1984-cü il tarixdən 1 yanvar 2006-cı ilədək 21 il 5 ay ümumi stajı, 27 aprel 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək Respublika Psixiatriya Xəstəxanasının psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışdığına görə güzəştli şərtlərlə 13 il 08 ay iş stajı var. Buna görə ona 52 yaşdan, yəni 1 mart 2018-ci il tarixdən pensiya təyin edilməlidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 25 sentyabr 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək işlədiyi “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Səhiyyə və sosial təminat idarələri” bölmələri (19), uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti sahəsinə uyğun deyil. AR Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə əsasən böyük tibb bacısı orta tibb heyətinə aiddir. Cavabdehin imtinası tam əsassızdır və qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüququnu pozur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası tam əsassız hesab edilir, qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1, 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə - profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 yanvar 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 27 aprel 1992-ci il tarixdən bu günədək “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46.600 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.780,68 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X2 iddiası üzrə 2-1(112)-5359/2020 saylı 2 dekabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” AR Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmi ilə, “52” rəqəmi “55” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (1 iyul 2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticə etibarilə 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(112)-2607/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx xxxx 1966-cı il tarixdə doğulmuş, “Respublika Psixiatriya Xəstəxanası”nda 1984 – 1992-ci illərdə sanitar, 18 fevral 1992-ci il tarixdən 27 aprel 1992-ci il tarixədək tibb bacısı vəzifələrində işləmiş, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək psixiatrik vərəm şöbəsində böyük tibb bacısı kimi çalışır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 sentyabr 2020-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.8, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya istinad edilərək aşağıdakılar bildirilir: Qanunun yuxarıda qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Təqdim olunan 8 yanvar 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 27 aprel 1992-ci il tarixdən bu günədək “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, həmin vəzifə yuxarıda qeyd olunan sahəyə aid deyil. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46.600 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.780,68 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997ci il avqustun 1-dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu 01.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının işlədiyi “böyük tibb bacısı” vəzifəsi AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində və 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahının “19. Tibb və sosial təminat müəssisələri” bölməsində konkret nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını həmin hissədə qanuna zidd saymır. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən verilmiş 414 saylı 14 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, böyük tibbi bacısı İddiaçı 02.07.1984-cü il tarixdən sanitar, 18.02.1992-ci il tarixdən tibb bacısı, 27.04.1992-ci il tarixdən hal-hazıradək psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. İddiaçı işlədiyi müddət ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 nömrəli “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 2.2.1.1. Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr bəndinə əsasən hər ay vəzifə (tarif) maaşının 25 faizi miqdarında əlavə haqq ödənilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən psixiatriya müəssisələrində orta tibb heyətində çalışanlara 24 gün əlavə məzuniyyət hüququndan istifadə etmiş, ödənilmə aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №li Qərarına 1 nömrəli Əlavədə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 24-cü bölmədə nəzərdə tutulmuş “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a bəndində “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” orta tibb heyəti və 2 nömrəli Əlavədə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 24-cü bölmədə nəzərdə tutulmuş “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a bəndində “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” orta tibb heyəti, eləcə də 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarına əsasən, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bəndinə “Səhiyyə və sosial təminat bölməsində müvafiq olaraq həmin bölmədən nəzərdə tutulmuş “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” konkret “a” bəndində “orta tibb heyəti”nə uyğunluğunu nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının işlədiyi böyük tibb bacısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “22600000 XXİV. Səhiyyə və sosial təminat idarələri. Kod 2260000a -“vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti” peşəsinə uyğundur. 8 yanvar 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 27 aprel 1992-ci il tarixdən bu günədək “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsində işlədiyi qeyd olunsa da, işəgötürən tərəfindən verilmiş güzəştli arayışda iddiaçının məhz “psixiatrik vərəm şöbəsi”ndə böyük tibb bacısı vəzifəsində işlədiyi göstərilmiş, həmin peşənin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” orta tibb heyətinə uyğun olduğu bildirilmişdir. Cavabdehin imtina məktubunda həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ 01.01.2006-cı il tarixədək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. Eyni zamanda, kollegiya qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (01.03.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı pensiya fərqinin birdəfəlik ödənilməsini xahiş etsə də, qüvvədə olan qanunvericilikdə pensiya fərqinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Hazırkı qərarın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin məzmunundan da görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada yox, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Odur ki, pensiya fərqinin birdəfəlik döənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(112)-2607/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 01 mart 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(112)-2607/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 01 mart 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2105/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2105/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver