Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2105/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2022 saylı, 12 yanvar 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1972-ci il tarixdən 2001-ci il tarixədək "xxxx" QSC-də işlədiyi müddətin iş stajına hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X12 işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X12 işləmişdir. Qeyd olunan iş stajı arxiv arayışları ilə təsdiq olunur. O, pensiya təyin edilməsi cavabdehə müraciət etmişdir, lakin müraciətinə xx.xx.2019-cu il tarixdə cavab olaraq bildirmişlər ki, arxiv arayışlarındakı qeyd edilən dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq orqana müraciət edərkən, 1972-ci ildən 1989-cu ilədək Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda və xx.xx.1991-ci ildən xx.xx.2001ci ilədək X12 işlədiyi dövrlərin iş stajına daxil edilməsi üçün əmək kitabçasını itirdiyini əsas gətirərək, həmin dövrlərdəki iş stajı ilə bağlı arayışlar təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə” 17 nömrəli Qərarının 3.2-ci bəndə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının təyin olunması ilə bağlı müraciət edən şəxs 2006-cı il yanvarın 1-dək olan iş stajının müəyyən edilməsi üçün müvafiq orqana əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etməlidir. İddiaçı əmək pensiyası ilə bağlı müraciət etdiyi zaman əmək kitabçası itdiyinə görə təqdim edə bilməmiş və cavabdeh tərəfindən imtina verildikdən sonra əmək kitabçasının təqdim edə bilməməsinin hər hansı fövqəladə hallarla bağlı olmadığı halda arayışlara əsaslanaraq işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, nəzərə alınmalı digər məsələ isə iddiaçının təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli arayışlarının, Kəngərli Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışının və Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışlarının bir-birinə ziddiyyət təşkil etməsidir. Belə ki, xx.xx.2019cu il tarixli arayışla X2 xx.xx.2001-ci il tarixli, 74 nömrəli əmrlə işdən azad edilməsi və əmək haqqı cədvəlində 1996-cı ilin dekabr ayı üçün 140797 rəqəminin göstərilməsi ilə xx.xx.2019-cu il tarixli arayışla Səmayə Həsənovanın xx.xx.2001-ci il tarixli, 265 nömrəli əmrlə işdən azad edilməsi və əmək haqqı cədvəlində 1996-cı ilin dekabr ayı üçün 9720 rəqəminin göstərilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışında Səmayə Həsənovanın 1991-ci ildən 1996-cı ilədək işlədiyi dövrlərin göstərilməsi və 1998-2001-ci illərdə sənədin olub adının olmaması, "xxxx" QSC-nin arayışında isə 1996-1999-cu illərin göstərilməsi və s. kimi hallar həmin arayışların doğruluğuna şübhə yaradır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseyov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi “Azərbaycan Dəmir Yolan QSC-nin xx.xx.2019-cu il tarixli arayışlarının, Kəngərli Rayon Dövlət Arxivinin 28,06.2019- cu il tarixli arayışının və Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışları bir-birinə ziddiyət təşkil edir. Belə ki, xx.xx.2019-cu il tarixli arayışla İddiaçı xx.xx.2001-ci il tarixli, 74 nömrəli əmrlə işdən azad edilməsi və əmək haqqı cədvəlində 1996-ci ilin dekabr ayı üçün 140797 rəqəminin göstərilməsi ilə xx.xx.2019-cu il tarixli arayışla Səmayə Həsənovanın xx.xx.2001-ci il tarixli, 265 nömrəli əmrlə işdən azad edilməsi və əmək haqqı cədvəlində 1996-ci ilin dekabr ayı üçün 9720 rəqəminin göstərilməsi, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışında Səmayə Həsənovanın 1991-ci ildən 1996-ci ilədək işlədiyi dövrlərin göstərilməsi və 1998-2001-ci illərdə sənədin olub adının olmaması, “Azərbaycan Dəmir Yoları QSC-nin arayışında isə 1996-1999-cu illərin göstərilməsi və s kimi hallar həmin arayışların doğruluğuna şübhə yaradır ki, buda sözügedən arayışların gerçəkliyinin yoxlanılmasını zəruri edir. Həmçinin iş üzrə “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2021 -ci il tarixli arayışlar verilmişdir. xx.xx.2020-ci il tarixli arayışda iddiaçıya 1996-cı il dekabr ayı üzrə 140797 məbləğində əmək haqqı yazıldığı halda,xx.xx.2021-ci il tarixli arayışda 1996-cı il dekabr ayı üzrə 111114 məbləğində əmək haqqı gösərilmişdir. Göründüyü kimi müəssisə tərəfindən təqdim edilən arayışlar arasında ziddiyyətlər var. Belə ki, iş materiallarından göründüyü kimi, ümumilikdə, iddiaçının sığorta stajı qanunvericiliklə nəzərdə tutulan 25 il sığorta stajı tələbindən azdır. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq kifayət qədər sığorta stajı, o cümlədən pensiya kapitalı olmadığı üçün ona yaşa görə pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia rədd olunmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X12 əmək fəaliyyəti ilə məşğul olduğunu iddia edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əməkpensiyasıhüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilmişdir. Lakin iş materiallarında arxiv arayışlarına əlavə edilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçının əmək haqqı aldığı dövrlər 25 ildən azdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını düzgün şərh etməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlara nəzər yetirir: İş materiallarında olan: - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin HÜA-H/4 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, X5 "xxxx"QSC-nin Sərnişindaşımaları Departametində xx.xx.1996ci ildə köçürmə yolu ilə Naxçıvan hissəsindən ADDY X1 stansiyasına bilet kassiri keçirilmiş (əmr № 349, xx.xx.1996-ci il), xx.xx.2001-ci ildə Yol Rəisinin xx.xx.2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir (əmr 74, xx.xx.2001-ci il). Əsası: Fond 21 siyahı L/2 şəxsi işdən çıxarış. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin HÜA-H/3 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, X5 1996-cı ilin dekabrından 1999-cu ilin dekabrınadək cəmi 3 il əmək haqqı almışdır, 2000-2001-ci illərin əmək haqqı cədvəlləri arxivdə aşkarlanmamışdır. Əsası: Fond 22 siyahı L/2 ə/haqqı cədvəlləri. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/371 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, X2 xx.xx.1991-ci il tarixli 13 №-li əmrlə həmin tarixdən Şahtaxtı stansiyasına bilet xəzinədarı vəzifəsinə qəbul olunması, NOD-3 rəisinin xx.xx.1996-cı il tarixli 349 №-li əmrlə xx.xx.1996-cı il tarixdən Azərbaycan Dövlət Dəmir yolu Sərnişin daşıma istehsalat birliyinin tabeçiliyinə verilməsi, xx.xx.2001-ci il tarixli 200 №-li əmrlə xx.xx.2001-ci il tarixdən yenidən NOD-3-ün tabeçiliyinə verilməsi, xx.xx.2001-ci il tarixli 265 №-li əmrlə həmin tarixdən işə çıxmadığı üçün Şahtaxtı stansiyasının bilet xəzinədarı vəzifəsindən azad olunması əmr kitablarında göstərilmişdir. Əsas: fond-739, siyahı-1, sax/vah.-184. - Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Dövlət Arxivinin 13 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Qənbərova (Həsənova) X4 rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda işləmiş, 1972-1989-cü il tarixədək 13 il 10 ay əmək haqqı almışdır. Əsas: fond № 203, siyahı № 1, sax/vah. № 3-4-1-1-3-4-5-1-11-9-5-3-1-2-1- 4-1-1. - Naxçıvan Muxtar Respublikası “X13” MMC tərəfindən məhkəməyə ünvanlanmış D/196 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli 13 nömrəli əmrlə Azərbaycan Dövlət Dəmir X9 Şahtaxtı stansiyasında bilet kassiri vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Dövlət Dəmir X9 Şahtaxtı stansiyasında bilet kassiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixli 265 nömrəli əmrlə işdən azad olunmuşdur. Həmin məktuba əlavə edilmiş: - "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin NÜA-H/2 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 həqiqətən Sərnişindaşımaları Departamentində işləmiş və 1996-cı ilin dekabrından 1999-cu ilin dekabr ayınadək əmək haqqı almışdır, 2000-2001ci illərin əmək haqqı cədvəlləri arxivdə aşkarlanmamışdır. Əsası: Fond 22 siyahı L/2 əmək haqqı cədvəlləri. - "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin NÜA-H/1 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 həqiqətən "xxxx" QSC-nin Sərnişindaşımaları Departametində işləmişdir. xx.xx.1996-ci il köçürmə yolu ilə Naxçıvan hissəsindən ADDY X1 stansiyasına bilet kassiri keçirilmiş (əmr № 349, xx.xx.1996-ci il), xx.xx.2001-ci il Yol Rəisinin xx.xx.2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir (əmr 74, xx.xx.2001-ci il). Əsası: Fond 21 siyahı L/2 şəxsi iş. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Şərur rayon Təhsil şöbəsi-Şahtaxtı kənd orta məktəbində işləmiş və 1980-1981-ci il tarixədək əmək haqqı almışdır. Qeyd: Şərur rayon Təhsil şöbəsi-Şahtaxtı kənd orta məktəbinin 1982, 1983-cü illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. Əsas: fond 127, siyahı 2, sax/vah. 1281, 1301, 1303, 1310, 1323, 1291. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər M.S.Ordubadi adına Mərkəzi kitabxananın sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, X2 xx.xx.1973-cü il tarixli, 125 №-li əmrlə işə qəbul edilməsi, xx.xx.1973-cü il tarixli, 137 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan MR Dövlət Dram teatrının xx.xx.1975-ci il tarixli, 12 №-li əmrlə işə qəbul edilməsi, xx.xx.1975-ci il tarixli, 45 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Əsas: fond 607, siyahı 2, sax/vah. 13; fond 50, siyahı 2, sax/vah. 28. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 Azərbaycan Dəmir Yolu Naxçıvan-NOD 3 Hissəsində işləmiş, 1991-1996-cı il tarixədək cəmi 04 il 10 ay əmək haqqı almışdır. 1997ci ildə sənəddə adı var, pul yoxdur. 1998-2001-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. Əsas: fond 739, siyahı 2, sax/vah. 4443, 6886, 6940, 6952. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 02/94 nömrəli xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı X15-NOD 3 hissəsində işləməsi haqqında əmrlərin surətlərindən görünür ki, X5 13 nömrəli xx.xx.1991-ci il tarixli əmrilə X15-NOD 3 hissəsində bilet kassiri vəzifəsinə qəbul edilmiş, 349 nömrəli xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı ildə köçürmə yolu ilə Naxçıvan hissəsindən ADDY X1 stansiyasına bilet kassiri keçirilmiş, Azərbaycan Dövlət Dəmir X10 xx.xx.2001-ci il tarixli 200 №-li əmrilə yol rəisinin 06 aprel 2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar xx.xx.2001-ci il tarixdən Şaxtaxtı stansiyasına bilet kassiri işinə qəbul edilmiş, Azərbaycan Dövlət Dəmir X10 265 nömrəli xx.xx.2001-ci il tarixli əmrilə Şaxtaxtı stansiyasına bilet kassiri İddiaçı uzun üddət üzrsüz səbəbdən işə çıxmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Beləliklə, göründüyü kimi iddiaçı 1972-ci il tarixdən 2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğunu və 25 ildən çox iş stajının olduğunu lakin əmək kitabçasının mövcud olmadığını, arxiv arayışları ilə sosial sığorta stajının tamamlandığını qeyd edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə araşdırma apararaq hesab edir ki, iddiaçının 25 il sosial sığorta stajı tamamlanmamışdır. Belə ki, iddiaçının 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərindən aydın görünür ki, iddiaçı qeyd edilən sovxozda cəmi 13 il 10 ay işləyərək əmək haqqı almışdır. İddiaçının xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək X12 işlədiyi dövrlər üzrə əmək haqqı cədvəlləri arxivdən təqdim edilmişdir. Həmin dövrlər üzrə də məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı təqdim edilmiş arxiv arayışlarında ziddiyyətlər mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ziddiyyətlər vəətndaşın təqsiri ucbatından olmadığından onun xeyrinə şərh edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən təqdim edilən arayışlardan görünür ki, 1991-ci il üzrə 10 ay, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzrə tam il, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 5 ay işləyərək əmək haqqı almışdır. Həmin arxiv arayışında 1997-ci ildə əmək haqqı almasının göstərilmədiyi, 1998- 2001-ci illərdə sənəd var adının olmaması qeyd edilmişdir ( iş v.8,47) "xxxx" QSC tərəfindən ünvanlanmış arxiv arayışlarından görünür ki, iddiaçı 1996-cı ildə 1 ay, 1997-ci il tam il, 1998-ci ildə tam il, 1999-cu ildə isə 11 ay, həmin dövrlər üzrə cəmi 3 il işləyərək, əmək haqqı almışdır (iş vərəqi 43,83). Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Dəmir Yolunun Naxçıvan hissəsində işlədiyi 1991-2001-ci illər üzrə arxiv arayışlarını birlikdə qiymətləndirərək əmək haqqı aldığı dövrlərlə bağlı ziddiyyətləri iddiaçının xeyrinə şərh edərək yəqin edir ki, iddiaçı həmin idarədə cəmi 7 il 10 ay işləyərək əmək haqqı almışdır. Bundan əlavə işin araşdırılmış hallarından görünür ki, iddiaçının müxtəlif yerlərdə işlədiyi bəzi dövrlər üst –üstə düşür. Məhkəmə kollegiyası iddiaçının üst-üstə düşən əmək fəaliyyəti dövrləri ilə bağlı qeyd edir ki, “Əmək pensiyası haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət arxivi tərəfindən təqdim edilmiş 13/257 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışına nəzər yetirir ( iş v.45). Həmin arayışda iddiaçının Şərur rayon Təhsil şöbəsi Şahtaxtı kənd orta məktəbində işlədiyi və aylar üzrə əmək haqqı aldığı cədvəldən görünür ki, iddiaçı 1980-cı ilin sentyabr ayında və 1981-ci ilin yanvar, fevral, mart, may, iyul, avqust aylarında əmək haqqı almışdır. Bu dövr iddiaçının sovxozda işlədiyi dövrlə üstüstə düşdüyündən Məhkəmə kollegiyası iddiaçının əmək haqqı aldığı ayların üst-üstə düşdüyü hissəsindən birini götürür. Belə ki, 1980-cı ilin sentyabr ayında və 1981-ci ilin may, iyul, avqust aylarında iddiaçının sovxozda da iş fəaliyyəti olduğundan bu dövrlərin birini iş stajına daxil edir. Lakin 1981-ci ilin yanvar, fevral və mart aylarında sovxozda əmək haqqı almadığı, lakin orta məktəbdə həmin aylar üzrə əmək haqqı aldığı aydın olduğundan Məhkəmə kollegiyası həmin 3 ayı da iddiaçının iş stajına daxil edir. Bundan əlavə işdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət arxivinin 13/257 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Naxçıvan şəhər M.S.Ordubadi adına mərkəzi kitabxanada işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Naxçıvan MR Dövlət Dram teatrında işləmişdir. Qeyd edilən dövrlər də iddiaçının sovxozda işləyərək əmək haqqı aldığı dövrlərlə tam üst-üstə düşdüyündən bu dövrlərində biri götürülür. Beləliklə, Məhkəmə kollegiyası tərəfindən iş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçı 1972-2001-ci illər üzrə cəmi 21 il 11 ay işləyərək əmək haqqı almışdır. Bu dövr isə iddiaçıya yaşa görə əmək pensiyasının təyininə kifayət etmir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırır ki, vətəndaşın işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinin vətəndaşın təqsiri ucbatından olmaması ilə bağlı məhkəmə təcrübəsi mövcuddur. Lakin hazırki halda iddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı cədvəlləri arxivdə aşkar edilir, lakin həmin əmək haqqı cədvəllərində iddiaçının adı, müvafiq dövrlər üzrə əmək haqqı alması aşkar edilmir. Bundan əlavə iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilmiş Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan bölməsi üzrə 265 nömrəli xx.xx.2001-ci il tarxili əmrdən aydın görünür ki, iddiaçı uzun müddət üzürsüz səbəbdən işə çıxmadığı üçün Azərbaycan respublikasının ƏM-nin 72-ci maddəsinin a bəndi ilə işdən azad edilmişdir. Bu hal özü də Məhkəmə kollegiyasında belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı əmək haqqı aldığı dövrlər üzrə işlədiyindən yalnız həmin dövrlər onun pensiya təyininə əsas verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi, pensiya sisteminin iki əsas təməl prinsipi var: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Mövcud qanunvericlik normalarından da göründüyü kimi əmək pensiyası təyin edilən şəxsin əvvəllər aldığı və həmin məbləğdən məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda şəxs pensiyaya çıxdıqdan sonra bu vəsait kompensasiyası şəklində şəxsə aylıq ödənişlər formasında həyata keçirilir. Lakin Məhkəmə kollegiyası hazırki iş üzrə 2-ci tələbin araşdırılmasını zəruri hesab etmir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə 2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Göründüyü kimi, əmək fəaliyyəti dövrü bir qayda olaraq işçinin işləyərək əmək haqqı aldığı dövrdür. İddiaçı arxiv arayışlarına qoşulmuş əmək haqqı cədvəllərində əmək haqqı almadığı dövrlərlə bağlı hər hansı bir arqument gətirə bilmədiyindən, sübutlar təqdim etmədiyindən, həmin dövrlərdə əmək fəaliyyəti göstərdiyi halda əmək haqqı ödənişinin olmasını müəyyən etmək mümkün olmur. Bundan əlavə iddiaçının xx.xx.2001ci il tarixli işdən çıxma barədə əmrindən də göründüyü kimi uzun müddət üzürsüz səbəbdən işə çıxmadığına görə əmək fəaliyyətinə xitam verilmişdir. Qeyd edilənlər isə Məhkəmə kollegiyasında daxili inam əsasında belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının işlədiyi dövrlər üzrə iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan 25 il sığorta stajına malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq, mövcud olan iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 il sığorta stajı tələbindən azdır. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2105/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2105/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver