Məhkəmə qərarları › İş №2-1(103)-2105/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2105/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2105/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(112)-7215/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Yasamal Rayon İcra Hakimiyyəti arasında Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ünvanında yerləşən 38 saylı evin 11/12 saylı mənzilinə dair mənzil icarə münasibətlərinin xx.xx.1991-ci il tarixdən mövcud olmasının müəyyən edilməsi və həmin mənzilə dair onunla mənzil icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizələr təqdim edərək, cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini, həmçinin iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ünvanında yerləşən 38 saylı evin 11/12 saylı mənzilinə dair onunla mənzil kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizələr təmin edilərək cavabdeh əsl cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ünvanında yerləşən 38 saylı evin 1/12 saylı mənzili iddiaçıya Oktyabr rayon XDS İK-nin (indiki Yasamal RİH) 13/1 saylı, xx.xx.1991-ci il tarixli qərarına əsasən verilmişdir. Sözügedən mənzildə ümumi hesabla 30 (otuz) ildən artıqdır ki, öz ailə üzvləri ilə birgə yaşayır. Onun 1991-ci ildən hal-hazıradək həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halıdır, onunla Yasamal Rayon İcra Hakimiyyəti arasında sözügedən ünvanda olan mənzilə dair mənzil icarə münasibətlərinin xx.xx.1991-ci il tarixdən mövcud olması müəyyən edilməlidir. Bundan əlavə, faktiki olaraq mənzil münasibətləri 1991-ci ildən mövcud olduğundan həmin münasibətlər xx.xx.2009-cu il tarixdən əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Lakin o, 1991-ci il tarixdən hal-hazıradək qeyd olunan mənzildə yaşayır və qeydiyyatdadır. Buradan da görünür ki, o, həmin mənzildə yaşadığı dövrdə tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı vəsatətdə bildirilmişdir ki, Yasamal (keçmiş Oktyabr) rayon X4 İcraiyyə Komitəsinin qərarı ilə vətəndaş İddiaçı 9 nəfər ailə tərkibi ilə (özü 3 oğlu, qızı, gəlini və 3 nəvəsi) mənzil növbəsinə götürülmüşdür. Yasamal (keçmiş Oktyabr) rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13/1 nömrəli qərarı ilə İddiaçı 6 nəfər ailə tərkibi ilə (özü, oğlu Vaqif, gəlini Qənifə və 3 nəvəsi) ünvan 2 ünvanındakı yaşayış binasında yerləşən, yaşayış sahəsi 39 kv.m-dən ibarət üçotaqlı 11/12 saylı mənzili (mənzil növbəsindən çıxarılmaqla) mənzil növbəsi çatana qədər sığınacaq kimi ona verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 38 mənzil 11/12-də qeydiyyatda olan İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinə H-18-032 saylı, xx.xx.2022-ci qeydiyyat tarixli ərizə ilə müraciət edərək yaşadığı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 4/H-18-32 nömrəli məktubu ilə ərizəçiyə cavab olaraq məlumat verilmişdir ki, vətəndaş İddiaçı Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğundan və sözügedən mənzil ona Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 13/1 nömrəli qərarı ilə mənzil növbəsi çatanadək müvəqqəti sığınacaq kimi verildiyindən onun xahişini təmin etmək Nəsimi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İddiaçını cavab qane etmədiyindən o, iddia müddətini ötürülməklə məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia müddəti ötürülmüşdür. Həmçinin, ünvan 2 ünvanındakı yaşayış binasında yerləşən, yaşayış sahəsi 39 kv.m-dən ibarət üçotaqlı 11/12 saylı mənzilə kirayə müqaviləsini bağlanılması ilə bağlı Sərəncam verilməsi Yasamal (keçmiş Oktyabr) Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərindədir. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(112)-7215/2022 saylı qərarı (hakim S.Salahova) ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ünvanında yerləşən 38 saylı evin 11/12 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş yazılı vəsatətə uyğun məzmunda əsaslandırılmış və bildirilmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia müddəti ötürülmüşdür. Həmçinin, məhkəmə tərəfindən mübahisə predmeti olan mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansında olmasının, mənzilə dair Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 1991-ci il tarixli, 13/1 nömrəli qərarı ilə mənzil növbəsi çatanadək müvəqqəti sığınacaq kimi verildiyinin, cavabdehin əsl cavabdehlə əvəz olunmalı olduğunun iddiaçıya izah edilməsi xahiş olunmuşdur. Daha sonra cavabdeh tərəfindən apellyasiya şikayətinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək iddianın mümkün sayılmaması ilə bağlı qərardadın qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə iddianın mümkün sayılmaması ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddiadır. Çünki barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məhkəmə kollegiyası cavabdeh tərəfin əsl cavabdeh olmaması mövqeyi ilə bağlı bildirir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.-ci maddəsinə əsasən qaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı yarımbəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifəsinə, 4.9.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səalhiyyətinə aid edilmişdir. Əsasnamənin 7.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, 1870-ci il tarixdə istismara verilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 38 ünvanındakı ikimərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) balansında olan daşınmaz dövlət əmlakıdır. Həmçinin, cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 38 ünvanında yerləşən 11/12 saylı mənzil Nəsimi Rayon İcra Hakimiyyətinin balansındadır və 1997-ci il tarixdə iddiaçıya müvəqqəti sığınacaq kimi verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil, Yasamal Rayon İcra Hakimiyyətinin deyil, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmaqla, Nəsimi rayonunun inzibati ərazi vahidində yerləşir və həmin mənzilə dair qərar qəbul etmək onun balanssaxlayıcısı olan yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə cavab olaraq cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məsələnin həllinin Yasamal Rayon İcra Hakimiyyətinə aid olduğunu bildirmiş, bundan sonra iddiaçı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin qurum da iddiaçının müraciətini xx.xx.2022-ci il tarixli məktubla təmin etməkdən imtina etdikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müddətdə məhkəmədə iddia qaldırmışdır. İddianın əsaslılığa gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Yasamal (keçmiş Oktyabr) rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/2 nömrəli qərarından görünür ki, 28 May küçəsi (keçmiş 28 Aprel küçəsi) 56 nömrəli evdə sahəsi 29,5 kv.m olan 59 nömrəli iki otaqlı mənzilin növbəsi çatana qədər müvəqqəti yaşamaq üçün 4 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, qızı) birlikdə İddiaçı verilməsi, onun həmin ünvana daimi pasport qeydiyyatına alınması və mənzil növbəsindən qeydiyyatdan çıxarılmaması qərara alınmışdır. İşdə olan Yasamal (keçmiş Oktyabr) rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13/1 nömrəli qərarından görünür ki, X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/2 nömrəli qərarı ilə vətəndaş İddiaçı 9 nəfər ailə tərkibi ilə (özü 3 oğlu, qızı, gəlini və 3 nəvəsi) mənzil növbəsinə götürülmüş, daha sonra xx.xx.1991-ci il tarixli, 13/1 nömrəli qərarı ilə mənzilin ölçüsündə və İddiaçı ailə tərkibində dəyişiklik edilərək ünvan 5 ünvanındakı yaşayış binasında yerləşən, yaşayış sahəsi 39 kv.m-dən ibarət üçotaqlı 11/12 saylı mənzilin (mənzil növbəsindən çıxarılmaqla) mənzil növbəsi çatana qədər sığınacaq kimi 6 nəfər ailə tərkibi ilə (özü, oğlu Vaqif, gəlini Qənifə və 3 nəvəsi) İddiaçı verilməsi qərara alınmışdır. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 49 saylı Mənzil-Kommunal İstismar Sahəsinin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən, oğlu X12, gəlini X7, nəvəsi X8, nəvəsi X9, nəvəsi X3 1991-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadırlar. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-23985- 1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 38 ünvanında xx.xx.1990-cı il təvəllüdlü X6 qeydiyyatdadır. İşdə olan Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 38 saylı yaşayış evi və orada yerləşən 11/12 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Eyni zamanda, Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 28 May küçəsi 38 saylı bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır, 11/12 saylı mənzil özəlləşdirilməmişdir, dövlət mənzil fonduna aiddir. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 49 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 288 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 38 saylı evin 11/12 saylı mənzili İddiaçı məxsusdur. Mənzil müvəqqəti sığınacaq kimi ona verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4 icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. İşdən görünür ki, mübahisəli mənzil iddiaçıya ailə üzvlərinin sayının artması ilə əlaqədar verilmiş və bu zaman o mənzil uçotundan çıxarılmışdır. Bununla həmin şəxsin mənzil şəraiti yaxşılaşdırılmış, mənzil sığınacaq kimi mənzil növbəsi çatanadək verilsə də, sonradan iddiaçı hər hansı mənzillə təmin olunmamışdır. İddiaçı 1991-ci ildən etibarən həmin mənzildə yaşayır və həmin mənzilə sahiblik edir. Belə olan halda ayındır ki, 30 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, 11/12 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Cavabdeh iddiaçıya imtina cavabı verərkən mənzilin Yasamal Rayon İcra Hakimiyyətinin qərarı ilə ona verildiyini və onun həmin rayon üzrə mənzil növbəsində olduğunu bildirmiş, bu zaman xx.xx.1991-ci il tarixli qərarla iddiaçının mənzil uçotundan çıxarılmasını və mövcud qanunvericiliyə əsasən mənzilə dair kirayə müqaviləsi bağlanması barədə qərarın mənzilin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti tərəfindən qəbul edilməsini nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(112)-7215/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar