Məhkəmə qərarları › İş №2-1(103)-2106/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2106/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2106/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3014/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müvafiq sənədləri ilə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 №-li, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 1998-ci il tarixli sərəncamına dəyişiklik aparılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2000-ci il tarixli, 1233 №-li sərəncamının 2-ci bəndi X4 adından iddiaçının adına keçirilmişdir. Qeyd olunan 25 avqust 2000-ci il tarixli, 1233 №-li sərəncamının 2-ci bəndinin məzmunu belədir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, fərdi tikinti təyinatlı, 300 kv.metr torpaq sahəsi X4 tərəfində saxlanılsın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, eləcə də Mülki Məcəlləyə görə torpaqlar qeydiyyata alınmalıdır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 №-li, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 21 sentyabr 2021-ci il tarixli məktubla dolayısı yolla tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh cavab məktubunda əvvəlki cavablarına istinad edərək çatışmamazlıqların aradan qaldırılmadığını, təqdim edilən sənədlərin dövlət reyestri haqqında qanunun 8-ci maddəsinin tələbinə uyğun olmadığı göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3014/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)- 1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, torpaq sahəsinə dair İddiaçı adına Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Belə ki, qeyd olunan tarixdə torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Həmçinin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur (qonşu torpaq sahəsi ilə aralarında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir). Əlavə olaraq qeyd edirik ki, sözügedən torpaq sahəsi mübahisəlidir və hüquqmüəyyənedici sənədlərdə 300 kv.m qeyd olunsada, faktiki 202 kv.m təşkil edir (+98 kv.m zəbt sahə). Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, idarəyə daxil olan sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyətinin 123 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X4 adına (iddiaçının mərhum həyat yoldaşı) Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra Hakimiyyətinin 1233 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin 300 kv.m X7, Suraxanı rayon İcra Hakimiyyətinin 169 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə digər 300 kv.m hissəsi mərhum X4 həyat yoldaşı İddiaçı adına dəyişdirilmişdir. X1 öz torpaq sahəsinin 3 hissəyə bölərək özgəninkiləşdirmişdir. Lakin öz sahəsindən də əlavə 98 kv.m iddiaçının ərazisindən istifadə edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya Zığ qəsəbəsində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsinin ayrılması barədə 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək həmin torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X5 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamının 1 və 2-ci bəndlərinə dəyişiklik edilərək X8 Zığ qəsəbəsinin qərb hissəsində 300,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına icazə verilmişdir. Qalan 300,0 kv.m X2 tərəfində saxlanılmışdır. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamına Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının 2-ci bəndi X2 adından İddiaçı adına keçirilmişdir. Sərəncamın qalan bəndləri dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna əsasən, Suraxanı rayon Məhkəməsi məktubu ilə bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1141/2008 saylı iş üzrə qəbul etdiyi xx.xx.2008-ci il tarixli qətnaməsi xx.xx.2008-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən İddiaçı Hadi qızının cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı vərəsəlik faktının təsdiq edilməsi və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamında qismən dəyişiklik edilməsinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Hadi qızının xx.xx.2003-cü ildə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınması, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamına qismən dəyişiklik edilməsi, İddiaçı Hadi qızının mərhum X3 vərəsəsi olması faktının təsdiq edilməsi, X3 adına verilmiş Suraxanı rayon İcra Hakimiyyəti Başçının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamının İddiaçı Hadi qızının adına keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli ərazinin hüquqmüəyyənedici sənədlərdə 300 kv.m qeyd olunduğunu, faktiki 202 kv.m təşkil etdiyini, 98 kv.m sahənin zəbt olunduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin göstərilən dəlili tamamilə əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya Zığ qəsəbəsində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsinin ayrılması barədə 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncam verilmişdir. Bu səbəbdən də iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən hissəsinin başqası tərəfindən zəbt olunması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd olunan tarixdə torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, həmin sərəncamda dəyişiklik edilməsi qanuni qüvvəyə minmiş qətnamə əsasında olmuşdur. Cavabdehin digər dəlili torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun olması ilə bağlıdır. Göstərilən dəlilə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh uyğunsuzluq olduğunu bildirsə də buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən qeyd edilən uyğunsuzluq mövcud olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3014/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar