Məhkəmə qərarları › İş №2-1(103)-2106/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2106/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2106/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz sayılması, ona yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq aylıq ödəniş təyin edilməsi, bugünədək pensiyasından qanunsuz olaraq tutulan pensiya məbləğinin hesablanaraq ona geri qaytarılması öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlıqda hündürlükdən yıxılaraq qapalı kəlləbeyin travması, baş-beyin əzilməsi, sol tərəfli gicgah-təpə nahiyəsinin epiderial hematoması, sol təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsindən uzun müddət huşsuz qalmasına səbəb olmuşdur. xx.xx.2012-ci ildə qapalı kəllə-beyin travmasından (baş-beyin əzilməsi) əməliyyat keçirilib. Sol tərəf gicgah-təpə nahiyəsinin rezeksia tripanasiyası epiderial hematomiyasının xaric edilməsindən əməliyyat olunaraq 15 gün ərzində komada olmuşdur. Bunların nəticəsində sol tərəfdə üz sinirinin periferik parezi qeyd olunmuş, gözlərini tam yuma bilməmiş, burun dodaq büküşünün assimmetriyası sağa yığılması, eşitmə-udma saxlanılması və nitqdə pozqunluq müşahidə olunmuşdur. Sol tərəfdə hemiparez əzələ tonusu ruter refleksləri yüksəlmişdir. Patoloji reflekslər alınmır, yaddaş pozğunluqları əmələ gəlmişdir. Dəfələrlə stansionar və ambulator müalicələr almışam. Bəbəklər D=s işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının hərəkəti məhduddur, konvengensiyanın iki tərəfli catışmamazlığı, sola baxarkən nistaqm mövcuddur. Burundodaq büküşü assimetrikdir. Dil orta xətt üzrədir. Əzələ gücü sağ ətraflarda 3 bal enib. Aldığı travmadan sonra Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 8 saylı Tibbi Sosial Ekspert Komissiyasına təqaüd alması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyi nəticəsində əmək qabiliyyətinin itirilməsini, əlilliyin müəyyən olunması meyarını 2.2-ci dərəcəli əlillik 2.2.12 sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegatativ əlamətlərlə keçən funksional pozğunluqları diaqnozu qoyaraq ona ikinci dərəcəli əlillik qrupunu vermişdir. Uzun illər təqaüd almasına baxmayaraq xx.xx.2021-ci il tarixindən təqaüdü məlum olmayan səbəblərdən dayandırılmışdır. Təqaüdünün dayandırılma səbəbinin araşdırması zamanı məlum olmuşdur ki, ona ümumi xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlillik və ona uyğun təqaüd təyin edilmişdir. Lakin sonradan onun xəstəliklə bağlı göndərişi etibarsız hesab edilərək təqaüdü qanunsuz və əsassız şəkildə dayandırılmışdır. Beləliklə, o, 2022-ci ilin iyul ayında cavabdeh təşkilata əlillik pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Cavabdeh təşkilatın **********4 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətindən imtina edərək onun xəstəliyini “əlillik ilə əlaqədar” deyil, ümumi xəstəlik kimi qiymətləndirərək əlillik pensiyaya çıxmasını qeyri-mümkün hesab etmişdir. X1-Sosial Ekspertiza və Reablitasiya Xidməti 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının tərəfindən, lazimi sənədlər əsasında təyin olunmuşdur. Həmin sənədlərdə açıq-aydın şəkildə qeyd olunmuşdur ki, ona müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegatativ əlamətlərlə keçən funksional pozğunluqları diaqnozu qoyaraq ona ikinci dərəcəli əlillik qrupuna əsasən pensiya təyin etmişdir. Cavabdehin təşkilatın həmin sənədləri heçə sayması və səbəbsiz şəkildə qanunsuz şəkildə ləğv etməsi onun pensiya hüquqlarını məhdudlaşdırır. Cavabdeh təşkilat onun pensiya hüquqlarını məhdudlaşdırarkən əlil olması və bunu ondan asılı olmayan səbəblərdən baş verdiyini nəzərə almamışdır. Verilən imtinaya görə cavabdeh iddia edir ki, o, ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlildir. Bu isə sadəcə onların fərziyəsidir. Ona əlil statusu ilə pensiya təyin olunarkən lazımi sənədləri lazimi orqana təqdim etmiş və bunun əsasında da uzun illər pensiyanı o şəkildə almışdır. Hal-hazırda üzərindən uzun müddət keçdikdən sonra onun əlil olmasını inkar edərək, əlillik pensiyası almaq hüququ cavabdeh tərəfindən qanunsuz və əsassız şəkildə məhdudlaşdırılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İşin hallarından aydın olur ki, iddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək, daha sonra isə xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2021ci il tarixinədək İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlillik müddəti bitdikdən sonra isə iddiaçının əlilliyi dayandırılmışvə əlillik müddətinin bitməsi səbəbindən müvafiq müavinətin ödənişi dayandırılmışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2750003AAFZ3 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddia ərizəsinin məzmunundan, eyni zamanda iddiaçı tərəfin iradə ifadəsindən aydın olur ki, iddiaçı əlillik dərəcəsinin əsasında ona təyin olunmuş sosial müavinətin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6-cı hissəsində qeyd edilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Kollegiya bildirir ki, iddiaçıya dayandırıldığı tarixdən ikinci dərəcəli əlillik təyin olunarsa, bu zaman iddiaçı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı işin hallarından isə iddiaçıya əlillik təyinatından imtina olunduğu müəyyən edilir. Belə olan halda isə iddiaçının hazırkı cavabdehə qarşı iddia tələbi mümkün hesab edilə bilməz. Belə ki, hazırki iş üzrə cavadeh inzibati orqanın hər hansı hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulduğunu, onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz əksini tapmadığından, mümkünlük şərtlərinin ödənilməməsi səbəbi ilə iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6-cı hissəsinin bəndinin tələbləri pozulmaqla iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar