Məhkəmə qərarları › İş №2-1(103)-2107/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2107/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2107/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı X2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2572/2021 saylı 16 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X5 xx.xx.1953-cü il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 25.04.1977-ci il tarixli əmək kitabçasından görünür ki, o, 18.04.1977-ci il tarixdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Respublika Hesablama Mərkəzinin Xalq Təsərrüfatı şöbəsinə baş texnik təyin olunmuş, 01.12.1977-ci il tarixdə həmin şöbəyə mühəndis vəzifəsinə, 02.10.1978-ci il tarixdə həmin şöbəyə baş mühəndis, 01.03.1982-ci il tarixdə qrup rəhbəri, 04.10.1985-ci il tarixdə sistem və proqram təminatı şöbəsinə şöbə müdirinin müavini, 13.11.1985-ci il tarixdə informasiya işləməsinin təşkili və alqoritm və proqramlar fondunun aparılması şöbəsinə şöbə müdiri, 01.07.1986-cı il tarixdə ES-Elektron hesablama maşının istismarı şöbəsinə şöbə müdiri, 16.05.1988-ci il tarixdə 89 VPH-da materialların işlənməsi/hazırlanması dövrünə ümumi əhalinin siyahıya alınması şöbəsinə şöbə müdiri, 01.07.1988-ci il tarixdə yeni əmək haqqı ödənilməsi şərtlərinə keçid ilə bağlı olaraq VPN şöbəsinin rəisi, 02.01.1990-cı il tarixdə Sistem proqram təminatı və X1 Sistem vasitələri şöbəsinin rəis vəzifəsinə, 01.01.1993-cü il tarixdə ştat cədvəlinə əsasən istismarı və sistem təminatı şöbəsinə rəis müavini, 01.07.1996-cı il tarixdə ştat cədvəlinə əsasən elektron maşınlarına texniki xidmət və sistem təminatı şöbəsinə rəis müavini, 04.01.1998-ci il tarixdə Əhalinin siyahıya alınması materiallarının işlənməsi şöbəsinə rəis, 01.05.2001-ci il tarixdə ştat cədvəlindəki dəyişikliyə əsasən informasiya texnologiyaları şöbəsinə rəis vəzifəsinə təyin edilmiş və 07.05.2009-cu il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmiş; 07.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində 12.05.2009-cu il tarixdən İşlər İdarəsi “İnformasiya texnologiyaları şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunmuş, 22.06.2009-cu il tarixdə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilmiş, 22.06.2018-ci il tarixdə dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilmiş, 03.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni strukturu haqqında Ali Məhkəmə sədrinin 07.01.2020ci il tarixli əmrinə əsasən Elektron məhkəmə məsələləri və informasiya texnologiyaları şöbəsinə müdir vəzifəsinə təyin edilmiş və 11.08.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinin **********2 saylı 09 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, X5 (FİN xxxxxxx) 624,26 manat məbləğində pensiya alır. Əmək pensiyasının yenidən hesablanması haqqında 11.11.2020-ci il tarixli qərardan görünür ki, Mehman İbrahimə 01.01.2019-cu il tarixdə pensiya təyin edilmiş və yenidən heablanmış pensiyanın məbləği 835.91 manat təşkil edir. X5 ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 08 oktyabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi əsasında ona yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2- ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Onun dövlət qulluğunda iş stajı 15 ildən az (11 il 03 ay 04 gün) olduğundan, ona dövlət qulluqçusu kimi əmək pensiyanın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı X5 cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun pensiya hüququ 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18.04.1977-ci il tarixdən 07.05.2009-cu il tarixinə qədər Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində (32 il) informasiya texnologiyalarının tətbiqi sahəsində müxtəlif vəzifələrdə, əsasən şöbə müdiri vəzifəsində (24 il) işləmişdir. 07.05.2009-cu il tarixdən 11.08.2020-ci il tarixədək Ali Məhkəmədə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixli redaksiyasına qədərki redaksiyasının 7-ci maddəsinə əsasən onun pensiya hüququ 01 iyul 2016-cı il tarixdən yarandığından, onun həmin dövrdə qüvvədə olan qanuna əsasən dövlət qulluqçusu kimi pensiya almaq hüququ vardır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya 31 yanvar 2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (11 il 03 ay 04 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2572/2021 saylı 16 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, X2 pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun pensiya hüququ 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinə qədər işləməsinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının dövlət qulluğu stajının 15 ildən az olmasına istinad edilərək tələbin təmin edilməsindən imtina etmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının ümumilikdə 43 il 03 ay 18 gün dövlət qulluğu stajının olmasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Şərh olunan qanunvericiliyin müddəalarına görə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin ödənilməsi tələb olunur: 1) 62 yaş (01.01.2012-ci il tarixdən sonra 63 yaş); 2) 12 il sığorta stajı. İşin hallarına görə iddiaçının 63 yaşı 01.07.2016-cı il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçı 18.04.1977-ci il tarixdən 01.07.2016-cı il tarixə kimi müxtəlif vəzifələrdə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, bu da onun dövlət qulluğunda ümumi iş stajının 12 ildən çox (39 il 2 ay 10 gün) olduğunu deməyə əsas verir. Buna görə də hazırki işdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) nəzərdə tutulan yaş və stajla bağlı şərtlər ödənildiyindən iddiaçının yaşa görə əmək pensiyası hüququnun məhz 63 yaşının tamam olduğu, yəni 01.07.2016-cı il tarixdən yarandığı müəyyən olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunarkən onun dövlət qulluğunda ümumi sığorta stajı nəzərə alınmamış və pensiya hüququnun yaranma tarixi düzgün müəyyən edilməmişdir. Bundan başqa, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan əlavələri iddiaçıya münasibətdə tətbiq etməkdən imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İddiaçının pensiya hüququ 01.07.2016-cı il tarixdən yarandığından, ona həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-cü maddəsi tətbiq edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.11.1-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. Qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Dövlət qulluğu haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Göründüyü kimi, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbinə görə şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. Hazırki işdə iddiaçının 01.07.2016-cı il tarixədək dövlət qulluğunda olan iş stajının 5 ildən artıq təşkil etdiyi müəyyən olunur ki, bu da ona dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün yetərlidir. İddiaçının 63 yaşının tamam olduğu, yəni 01.07.2016-cı il tarixədək işlədiyi vəzifələrin dövlət qulluğunda iş stajı kimi nəzərə alınması barədə məhkəmə kollegiası aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin birinci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 17 yanvar 1996cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 15/1-45 saylı 26 fevral 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində Baş Hesablama Mərkəzinin adı olmadığı üçün bu təşkilatda çalışmış M.C.İbrahimə dair məlumatların həmin reyestrə daxil edilmədiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş X4 Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılaraq, ləğv edildiyinin nəzərə alınması xahiş olunmuşdur. M.C.İbrahimin işlədiyi vəzifələrin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması ilə bağlı isə aidiyyəti üzrə X8 müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsinin verdiyi sorğuya Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçı X5 barədə “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daxil edilmiş müvafiq məlumatlara əsasən onun 18.04.1977-ci il tarixdən 07.05.2009-cu il tarixədək işlədiyi qrup rəhbəri, şöbə müdiri, şöbə müdirinin müavini, 12.05.2009-cu il tarixdən 11.08.2020-ci il tarixədək isə Azərbaycan Respublikası Ali Məhkəməsində aparatında və işlər idarəsində şöbə müdiri vəzifələrində çalışdığı müəyyən olunur ki, bu vəzifələr də “İnzibati və yardımçı vəzifələrin” Təsnifat Toplusunda sadalanan dövlət qulluqçusu vəzifələrinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə, bölmə rəhbəri –bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün və onun dövlət qulluğunda ümumilikdə iş stajının 43 il 03 ay 18 gün təşkil etdiyini nəzərə alaraq, pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbini (həmin əlavələr pensiya təyin edilməsi üçün nəzərə alınmadığından) təmin etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçının “ona pensiyanın 07.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixə qədər işləməsi nəzərə alınmaqla hesablanaraq yığılmış pensiyanın (4 il 2 ay) ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığını, əmək pensiyasının təyin olunması üçün inzibati orqana isə həmin tarixdən sonra, yəni 26.08.2020-ci ildə müraciət etdiyini (bu tarix həm iddiaçının cavabdeh orqana müraciət məktubunda, həm də cavabdehin imtina məktubunda qeyd olunmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi 26.08.2020-ci il tarixdən əvvəlki üç il üzrə, yəni 26.08.2017-ci il tarixdən başlayaraq 11.08.2020-ci il tarixə qədər işləməsi nəzərə alınmaqla həmin tarixədək olan dövr üzrə hesablanaraq ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2572/2021 saylı 16 may 2021-ci il tarixli qərarı “ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi” hissəsində dəyişdirilərək, iddiaçıya ”26.08.2017-ci il tarixdən 11.08.2020-ci il tarixə (bu tarixə qədər işlədiyi üçün) qədər olan dövr üzrə almadığı pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2572/2021 saylı 16 may 2021-ci il tarixli qərarı- “ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı X3 ”26.08.2017-ci il tarixdən 11.08.2020-ci il tarixə qədər olan dövr üzrə almadığı pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar