Məhkəmə qərarları › İş №2-1(103)-2108/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2108/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2108/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1999-cu il tarixindən 03 noyabr 2005-ci il tarixinədək "xxxx" X3 cildçi peşəsində işlədiyi müddəti digər 22 il 5 ay sığorta stajına əlavə edilməklə 04 iyul 2021-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 62 yaşının tamam olduğu 04 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. 02 avqust 1976-cı il tarixdə 78 saylı əmrlə Geodeziya və Kartoqrafiya Baş İdarəsinə kameral qrupda rəssam kimi işə başlamışdır. 01 fevral 1977-ci il tarixdə SSR Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş idarəsi 23 noyabr 1976-cı il tarixli 464 saylı əmri əsasında 322-ci ekspedisiya vahid kompleks ekspedisiyasına çevrildi. xx.xx.1977-ci il tarixdən texniki işləri müvəffəqiyyətlə keçməsi ilə əlaqədar olaraq texniki rəssam vəzifəsinə köçürülmüşdür. 25 sentyabr 1980-ci il tarixdə Bakı Geodeziya İdarəsinə keçirilməklə işdən azad olunmuşdur. 26 sentyabr 1980-ci ildə köçürülmə əsasında texniki rəssam vəzifəsinə təyin olunmuşdur. 01 may 1988-ci ildə Mükafatlandırılma şərtlərinə keçid və sertfikatlaşdırma komissiyasının qərarı ilə texnik ixtisasına layiq görülmüşdür. OKE bazasında 322 nömrəli əmrlə BAKİ BKQ 1-2-5-7-ci sexlərində ç, p, x. m.p.m neytron laboratoriyasında Bakı Aero Geodeziya müəssiəsi yaradılmışdır. 01 fevral 1991-ci ildə 2-ci texnik kateqoriyasında 2-ci sexə keçirilmişdir. 02 fevral 1992-ci ildə Bakı Aqro Geodeziya Müəssisəsinin 1-ci texnik kateqoriyasında 2-ci sexə köçürülmüşdür. 25 may 1993-cü il tarixə uşaqlara qulluğa görə öz ərizəsi əsasında işdən azad olunmuşdur. (17 il 2 ay 23 gün) 01 iyul 1993-cü ildə Dövlət Sığorta Agentliyində ştatdan kənar sığorta agenti kimi işə başlamışdır. 01 mart 1999-cu ildə işdən azad olunmuşdur. (5 il 8 ay) 05 iyul 1999-cu ildə "Fortuna-S” X7 cildçi vəzifəsinə qəbul edilmişdir, 03 noyabr 2005-ci ildə işdən azad olunmuşdur. (6 il 3 ay 28 gün) 62 yaş 6 ay tamam olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Onun ümumi əmək stajı 29 il, 2 ay 21 gün təşkil edir. Onun pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş ona əmək pensiyasından imtina verildi. İmtinanın əsası kimi xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi "Fortuna-S” X4 faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bildirir ki, o həqiqətən "xxxx" X3 cildçi vəzifəsində işləmişdir. Buna dair əmək kitabçasında firmanın möhürü və qeydi vardır. "xxxx" X4 faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasından o məsuliyyət daşımır. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" X4 faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmin dövrlərin araşdırılması və nəticədə iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Qanunvericiliklə tələb edilən şərtlər ödənildiyi halda, iddiaçı A.A.Vasilyevnanın yaşa görə əmək pensiyası hüququ 04 yanvar 2021-ci il tarixdə (62 yaşında) yaranacaqdır. Lakin A.A.Vasilyevnanın "xxxx" X2 işlədiyini iddia etdiyi xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr mübahisəli hesab edilir. Bununla bağlı bir sıra dövlət orqanlarına sorğular göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 18 noyabr 2021-ci il tarixli **********25 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisə tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. "xxxx" X8 barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 25 oktyabr 2021-ci il tarixli **********8 nömrəli cavab məktubuna əsasən “Fortuna- S" X4 iş qovluğundakı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan hesabat məlumatları Mərkəzi Filial tərəfindən təhvil alınmamışdır. Göründüyü kimi, iddiaçı "xxxx" firmasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etsə də, rəsmi məlumata əsasən həmin müəssisə xx.xx.2003-cü il tarixdən vergi uçotuna alınmışdır. Belə olan halda müəssisənin xx.xx.1999-cu il tarixdən vergi uçotuna alındığı xx.xx.2003-cü il tarixədək fəaliyyət göstərməsi öz təsdiqini tapmadığından, iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmaqdadır. Bu səbəbdən həmin dövrlərin (1999-2003-ci illər) A.A.Vasilyevnanın sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri ilə mümkün deyildir. İddiaçının "xxxx" X3 işlədiyini iddia etdiyi dövrü həmin müəssisənin vergi uçotuna alındığı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək götürüldüyü halda belə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı müddəti (25 il) tamamlanmır: 1. 2005.11.03 - 2003.08.12 = 02 il 02 ay 21 gün - "xxxx" firmasında işlədiyini iddia etdiyi dövr;

2. 22 il 05 ay + 02 il 02 ay 21 gün = 24 il 07 ay 21 gün - mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil olunduğu halda yaranacaq ümumi sosial sığorta stajının müddəti. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Hər iki halda iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən sosial sığorta stajı müddəti tamamlanmadığından, iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçı "xxxx" firmasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005- ci il tarixədək işlədiyini iddia etsə də, rəsmi məlumata əsasən həmin müəssisə xx.xx.2003-cü il tarixdən vergi uçotuna alınmışdır. Belə olan halda müəssisənin xx.xx.1999-cu il tarixdən vergi uçotuna alındığı xx.xx.2003-cü il tarixədək fəaliyyət göstərməsi öz təsdiqini tapmadığından, iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmaqdadır. Bu səbəbdən həmin dövrlərin (1999-2003-ci illər) A.A.Vasilyevnanın sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri ilə mümkün deyildir.Əlavə olaraq, iddiaçının "xxxx" X3 işlədiyini iddia etdiyi dövrü həmin müəssisənin vergi uçotuna alındığı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək götürüldüyü halda belə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı müddəti (25 il) tamamlanmır. İddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasından göründüyü kimi, onun mübahisəsiz qəbul edilən sosial sığorta stajının müddəti 22 il 05 ay təşkil edir. Mübahisəli müəssisədə işlədiyi iddia olunan dövr iddiaçının sosial sığorta stajına daxil olunduğu halda belə, iddiaçının 24 il 07 ay 21 gün sosial sığorta stajı mövcud olacaqdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. İşin mübahisələndirilməyən halı iddiaçının 22 il 05 ay ümumi sığorta stajının mövcud olmasıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının xx.xx.1999cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" X3 işlədiyi dövrdür. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X14) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixinədək SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 N°li Müəssisə. 322 nömrəli X6 Kameral dəstəyə çertyojçu şagirdi, xx.xx.1980-xx.xx.1991-ci illərdə texniki çertyojçu vəzifəsində işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək SSRİ NS GKBİ -nin 16 №-li Müəssisənin Bakı kontorunda texniki çertyojçu, xx.xx.1988-xx.xx.1993-cü illərdə BGKnun texniki vəzifəsində işləmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixinədək Dövlət Sığorta Agentliyində ştatdan kənar sığorta agenti vəzifəsində işləmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək "xxxx" X7 cildçi vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1999-cu ildən sonrakı dövrləri mübahisələndirmiş, həmin dövrlərlə bağlı arxiv məlumatlarının olmaması, dövlət qeydiyyatına alınmasını əsas gətirmişdir. Bununla bağlı, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18 iyul 2022-ci il tarixli **********246600 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" X8 xx.xx.1993-cü ildə 4801 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İş materiallarından da məlum olduğu kimi, iddiaçının işlədiyi müəssisə mövcuddur və onun həmin müəssisədə xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar