Məhkəmə qərarları › İş №2-1(103)-2109/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2109/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2109/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “tələbnamə-tapşırıqların və sərəncamların ləğv edilməs tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC Cavabdehnə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqların və 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamların qanunsuz hesab edilməklə onların ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən etmişdir. İddia onunla əsaslandırmışlar ki, MMC-nin (VÖEN **********) ünvanına xx.xx.2017-ci il tarixində Türkiyə Respublikasından idxal olunan mal 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş, mal xx.xx.2018-ci il tarixində **********1253 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və AR Nazirlər Kabinetinin 17.11.17-ci il tarixli 500 nömrəli qərarına uyğun olaraq XİFMN kodu ilə yazılmışdır. Daha sonra Bakı Baş Gömrük İdarəsi MMC-yə bir neçə dəfə məktublarla müraciət edərək bəyan olunan malın idxal rüsumu 0 %-lə deyil, 0,5%-lə hesablanmalı olduğunu bildirərək bu tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixində gömrük sərhədini keçmişdir. Həmin gün qüvvədə olan xx.xx.2001-ci il tarixli AR Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən bəyan olunan malın rüsumu 0,5% təşkil edir. MMC tərəfindən xx.xx.2020-ci il tarixində Bakı Baş Gümrük İdarəsinə cavab məktubu göndərilərək bildirmişdir ki, mal 2017 ilin dekabr ayın 29-da daxil olmuş olsa da, malın idxal rüsumu 01 yanvar 2018 il tarixindən qüvvəyə minmiş AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq 0 %-lə hesablanmalıdır. Bunun səbəbi məsuliyyəti yüngülləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Lakin göstərilənlərə baxmayaraq Bakı Baş Gümrük İdarəsi 14 dekabr 2021 il tarixində "xxxx" ASC-nin Sabail filialına 13 dekabr 2021 il tarixli 01, 02 və 03 saylı ödəniş tələbnamə -tapşırıqları göndərmiş və müvafiq olaraq 1955 manat, 352 manat və 843 manat (cəmi 3150 manat) pulun iddiaçının bank hesabından silinməsini tələb etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu cür hərəkətləri qanunsuzdur, onun hüquqlarını pozur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu Gömrük Məcəlləsinin 238.1-238.4, 242.3, 249.3, Vergi Məcəlləsinin 65-ci maddələrinə istinadən onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən normalara əsasən iddiaçının bank hesabına sərəncam qoyaraq vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə ödənilməsinə nail olmaq istəmiş, qanunvericiliyin tələblərinə tam uyğun hərəkət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia “Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqların qanunsuz hesab edilməklə onların ləğv olunması” hissəsində mümkün sayılmamışdır Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamları qanunsuz hesab edilməklə ləğv olunmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…Məhkəmənin qərarı ilə razı deyl, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun hesablanmış dəbbə pulunun iddiaçıdan tələb edilməsi üçün cavabdeh tərəfindən Gömrük Məcəlləsinin 249-cu maddəsində nəzərdə tutulan 3 il müddətin ötürüldüyünə istinad etmişdir. Daha sonra, cavabdeh Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3, 249.3-cü maddələrinə istinadən mübahisələndirir ki, MMC tərəfindən tərtib edilmiş qeydedilən sorğu gömrük bəyannamələrində bəyan edilən mallara görə tutulmuş gömrük rüsumunun düzgün hesablanmadığı aşkar edilmiş və müəssisəyə bu barədə xx.xx.2020-ci il tarixində 1400-012/0xx-xx/008419 nömrəli məktub ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 80 №-li qərarının tələbələri əsasında gömrük sərhəddini keçdiyi günə qüvvədə olan gömrük rüsum dərəcələri əsas götürülməklə hesablanmalı olduğu halda, səhvən, Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı əsasında hesablandığı barədə məlumat verilmiş və sözügedən gömrük bəyannamələri üzrə 1955,00 manat idxal rüsumu, 352 manat əlavə dəyər vergisi, 843 manat dəbbə pulu olmaqla, ümumilikdə, 3150,00 manat gömrük borcunun ödənlməsi xahiş olunmuşdur. Məktubun MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində çatması poçt xəbərnaməsi ilə təsdiq olunur. Cavabdeh tərəfindən iddiaçının bank hesabına sərəncam qoyulması Gömrük Məcəlləsinin 238.4-cü maddəsinin tələbəlrin uyğun olmuş və 3 il müddət ötürülməmişdir 3 illik müddət poçt vasitəsilə göndərilən məktubun müəssisənin ünvanına xx.xx.2020-ci il tarixində çatdığı vaxtdan hesablanmalıdır. Məhkəmənin qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, iddia ərizəsinin məzmuna uyğun izahat verərək, birinci instansiay məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı onun "xxxx" ASC- nin “Sabail filialındakı bank hesabındakı pul vəsaiti üzərinə cavabdeh tərəfindən 13 dekabr 2021 il tarixli 01, 02, 03 saylı alınma sərəncamları qoyulmuşdur. Cavabdehin iddiaçıya ünvanladğı məktublarına, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlillərinə, habelə hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələrinə əsasən müəyyən olunur ki, sözügedən sərəncamlarla cavabdeh tərəfindən sonradan aşkar edilən gömrük borcu iddiaçının xx.xx.2017-ci il tarixində Türkiyə Respublikasından idxal etdiyi və xx.xx.2018-ci il tarixdə Görüyə bəyan etdiyi mallara görə qanunvericiliklə müəyyən edilən məbləğdən az gömrük rüsumunun ödənilməsindən yaranan borc məbləğidir. Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Həmin Məcəllənin 242.4-cü maddəsinə əsasən gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. Məcəllənin qeyd olunan tələlərindən göründüyü kimi, gömrük rüsumu idxal olunan mallara münasibətdə gömrük sərəhəddini keçdiyi vaxtdan hesablanmalı və bəyan edildiyi tarixdən qısa müddətdə ödənilməlidir. İddia ərizəsindən görünür ki, mübahisələndirilən mallar iddiaçının ünvanına 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2017-ci il tarixində daxil olmuşdur, yəni gömrük sərhəddini həmin tarixdə keçmişdir. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 12 aprel 80 nömərli qərarının 2018-ci ilin 1-nə qədər qüvvədə olan redaksiyasında iddiaçı idxal etdiyi mallara görə 0,5% dərəcə ilə gömrük rüsumu ödənilməsi nəzərədə tutulduğu halda, iddiaçı tərəfindən həmin mallara görə gömrük rüsumu həmin Qərara edilmiş, xx.xx.2018-ci il tarixdən qüvvəyə mnmiş dəyişikliyə uyğun olaraq 0 % dərəcəsi ilə gömrük rüsumu hesablanaraq ödənilmişdir Odur ki, cavabdeh gömrük orqanı konkret halda, xx.xx.2017-ci il tarixdə gömrük sərhəddini keçmiş mallara görə həmin vaxt qüvvədə olmuş 0,5% dərəcəsi ilə cəmi 3150 manat məbləğində gömrük rüsumunun ödənilməsini təmin edilməsi məqsədilə , 3 il keçdikdən sonra, xx.xx.2021-ci il tarixində iddiaçının bank hesabındakı pul vəsaiti üzərinə 01, 02, 03 saylı alınma sərəncamları qoymuşdur. Gömrük Məcəlləsinin 249.1-ci maddəsi isə nəzərədə tutur ki, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, gömrük borcunun qanuvericiliklə müəyyən edilən məbləğdən az ödənildiyi aşkar olunduğu hallarda, həmin səhvin düzəldilməsi istiqamətində pul idxalçıdan 3 ərzindətutla bilər. Başqa sözlə, gömrük qanunvericiliyi ilə gömrük borcunun tutulması üçün 3 illik tələbetmə müddəti müəyyən edilmişdir. İşin sübutlarla qeydolunan halları ilə ətəsdiq olunur ki, cavabdeh gömrük orqanı tərəfindən qanunla müəyyən edilən 3 illik tələbetmə müddət buraxılmışdır. Belə olan halda, cavabdeh mübahisələndirilən "xxxx" ASC-nin Səbail filialına 13 dekabr 2021-ci il tarixli 01, 02 və 03 saylı sərəncamları ilə müvafiq olaraq 955 manatın, 352 manatın və 843 manatın, cəmi 3150 manat məbləğində pulun ödənilməsini tələb etmək hüququnu itirmişdir ki, bu da iddiaçıdan ödənilməsi tələbolunan gömrük borcunun ləğv edilməsi üçün əsasdır ( Gömrük Məcəlləsinin 271.1.2-ci maddəsindən də görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi gömrük borcu ləğv edilir). Bundan əlavə, qeyd edilməlidir ki, İddiaçının idxal etdiyi mallar gömrük sərhəddindən keçdiyi xx.xx.2017-ci il tarixi həftənin 5-ci gününə düşürdü. Növbəti günlər isə istirahət və bayram günlərinə düşdüyündən iddiaçı növbəti ilin birinci iş günü malların bəyannaməsini vergi orqanına təqdim etmişdir. Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, onlar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır ( 149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.). Həmin Məcəllənin 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir. Göründüyü kimi, birincisi, cavabdehin apellyasiya şikayətinin üç illik tələb etmə müddətinin müddətinin iddiaçıya ünvanladığı məktubun çatdırıldığı xx.xx.2020-ci il tarixindən başlandığını vurğulamaqla, 3 illik tələbetmə müddətini buraxılmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunan hər iki bəyannamə gömrük qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında təqdim olunmuşdur. Həmin tarixdə isə (xx.xx.2018) artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 80 nömərli qərarına edilən dəyişikliyə əsasən iddiaçının idxal etdiyi mallara görə «0%» dərəcəsi ilə gömrük rüsumu tətbiq edilməsi nəzərədə tulurdu ki, belə olan halda da, ən azından, iddiaçının vəziyyətini yaxşılaşdıran qanunvericilik norması xx.xx.2018-ci tarixdən qüvvəyə mindiyi halda, iddiaçıya münasibətdə həmin normanın tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin tələblərin uyğundur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən sərəncamları ilə iddiaçıdan mübahisəli gömrük börcunun ödənilməsinin tələb olunması onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin appellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar