Məhkəmə qərarları › İş №2-1(103)-2109/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2109/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2109/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2109/2023 (Açar sözlər: “məhsul subsidiyasının ödənilməsi tələbi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdehin nümayəndələri X7 və X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-cı il tarixli **********247200 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: xx.xx.2016, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 117, qanuni təmsilçi: X2r.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən 373.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına icarə hüququ ilə xx.xx.2017- xx.xx.2066-cı il, 49 il müddətinə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən 1930.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına icarə hüququ ilə xx.xx.2017-xx.xx.2066-cı il, 49 il müddətinə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

4. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TO-03 nömrəli “Xampambığın alqı-satqısına sair” Müqavilədə qeyd olunmuşdur ki, hazırki müqavilənin predmetini “Alıcı” tərəfindən “satıcı”ya məxsus (mülkiyyətində və ya istifdəsində olan) Salyan rayonu, Qızılağac kəndində yerləşən 400 (dörd yüz) hektar torpaq sahəsində “Satıcı” pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri özü icra edir və yığılmış məhsulu bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Alıcıya” təhvil verir. “Alıcı” tərəfindən “satıcının” təhvil verdiyi xam pambığın nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir.

5. İddiaçı ilə pambıq qəbul edən müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 94 ədəd pambıq qəbulu qəbzlərinin surətlərindən görünür ki, cəmi dəyəri 200.000 (iki yüz min) manat məbləğində və cəmi kondisiya çəkisi 2000 (iki min) ton xam pambıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/12-2022-223 nömrəli imtina məktubda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Pambıq əkini və təhvil verdiyini məhsulun qəbzləri barədə məlumatlarınız EKTİS-ə daxil edilmədiyi üçün Sizə məhsul subsidiyasının ödənilməsi mümkün deyil.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Aztəsərrüfat" MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMCyə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Aztəsərrüfat" MMC ilə "xxxx" MMC arasında 30 mart 2021-ci il tarixdə TO-03 saylı “Xam-pambığın alqı-satqısına dair“’ müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən “Aztəsərrüfat" MMC tərəfindən “Taşobası" MMC-yə 2000 (iki min) ton kondisiya çəkisində xam pambıq satılmışdır. Tərəflərindən təhvil verdikləri pambığa görə məhsul subsidiyasının alınması ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilərək “Aztəsərrüfat" MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və "xxxx" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi xahiş edilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/12-2-2022-2238 №-li məktubuna əsasən “Aztəsərrüfat’' MMC-yə məhsul subsidiyasının ödənilməsindən mtina edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyinə edilən müraciətlərə verilmiş cavabda subsidiyanın verilməsi 2020-ci ilin yanvar ayının 1- dən etibarən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq X9 İnforasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi bildirilməklə təhvil verilən və təhvil alınan kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatların EKTİS-ə daxil edilməsi göstərilmişdir. Pambıq əkini və təhvil verilən məhsulun qəbul qəbzləri barədə məlumatların EKTİS-ə (X9 İnformasiya Sistemi) daxil edilmədiyi üçün İddiaçı MMC-yə məhsul subsidiyasının ödənilməsindən imtina edilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin cavab məktubunda istinad etdiyi halların, pambıq əkini və təhvil verilən məhsulun qəbul qəbzləri barədə məlumatların EKTİS-ə daxil edilməməsi, həmçinin AR KTN-nin Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda istinad etdiyi norma imperativ xarakter daşımır və məhsul subsidiyasının ödənilməməsinə səbəb ola bilməz. Eyni zamanda tədarük edilmiş və satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambıq "xxxx" MMC ilə aralarında bağlanmış 30 mart 2021-ci il tarixli TO-03 saylı “Xam-pambığın alqı-satqısına dair" müqavilə, eləcə də 13 sentyabr 2021-ci il tarixdən başlayaraq 22 dekabr 2021-ci il tarixədək rəsmi qaydada gündəlik hesabat aparılmaqla cədvəl üzrə təhvil verilmiş pambığın çəkisi, növü, ödəniş məbləği və pambıq qəbuluna dair məhsulun qəbul qəbzləri əsasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qayda"larına müvafiq olaraq təhvil verilmiş məhsul subsidiyasının məbləği İddiaçı MMC-yə ödənilməlidir. Göründüyü kimi qanunvericiliyin normalarına görə “Aztəsərrüfat" MMCyə AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş imtina qanunsuzdur.

9. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘‘Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına (bundan sonra - Qayda) uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci yarımbəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2020-2021-ci əkin ilində “Aztəsərrüfat" MMC-nin pambığın tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzləri) və məlumatları EKTİS-ə daxil edilmədiyi üçün cəmiyyətə məhsul subsidiyasının hesablanması mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

10. İddiaçının nümayəndəsi X5 xx.xx.2023-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə münasibətdə iddia mümkün sayılmaması qərara alınmışdır.

12. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı “Aztəsərrüfat" MMC-nin iddiasının təmin edilməsi, İddiaçınə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMCyə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının 2021-ci il üzrə məhsul subsidiyası alması üçün Qaydalarda tələb olunan sənədləri-elektron bəyannamə, məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri, tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları X3 vaxtında daxil etmədiyindən məhsul subsidiyasının verilməsinin mümkün olmamasını bildirsə də məhkəmə hesab edir ki, qeyd edilən hallar hazırkı halda təqdim edilmiş pambıq məhsuluna görə məhsul subsidiyasının verilməsinə mane olmur.

14. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, TO-03 nömrəli “Xam-pambığın alqı-satqısına sair” Müqavilə imzalanmış, müqavilə tələbinə uyğun olaraq iddiaçıya məxsus Salyan rayonu, Qızılağac kəndi ərazisində xam pambığın əkilib becərilməsi və tədarükü həyata keçirilmiş, 2021-ci il ərzində 2000 ton kondisiya çəkisi olan xam pambıq tədarük edilərək "xxxx" MMC-yə satılmışdır. İş materiallarına 2000 ton kondisiya çəkisi olan pambığın satılması və təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən elektron qaimələr, bank ödəniş sənədləri və pambıq qəbul qəbzləri təqdim edilmişdir. Təqdim edilən GZM seriyalı 538481, 538482, 538483...(.....)– 538401-dək 94 ədəd pambıq qəbul qəbzləri “Pambıqçılıq haqqında” Qanunun, “Pambıq qəbulu qəbzinin forması və verilməsi” Qaydalarının tələblərinə uyğun formada tərtib olunmaqla təhvil verilmiş, xam pambığın kəmiyyət və keyfiyyət göstəriciləri (xam pambığın növü üzrə ayrıayrılıqda miqdarı, dəstin nömrəsi, seleksiya növü, reproduksiyası, sənaye növü, yığım üsulu, laboratoriya arayışının nömrəsi, faktiki fiziki, kondisiya və zibillik normasına görə hesablama çəkisi, faktiki zibillik və nəmlik faizi, alış qiyməti, məbləği və s.) göstərilməklə pambığı qəbul edən müəssisə və istehsalçı müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Qeyd edilən pambıq qəbul qəbzləri ciddi hesabat blankı hesab edilir, onların mötəbərliyi və ya etibarsızlığı ilə bağlı hər hansı hal hazırkı iş üzrə müəyyən olunmamışdır. İddiaçı tərəfindən 2021-ci il ərzində 2000 ton kondisiya çəkisində xam pambığın tədarük edilməsi, həmin çəkidə pambıq məhsulunun "xxxx" MMC-yə təhvil verilməsi işin mübahisələndirilməyən halıdır.

15. Belə olan halda məhkəmə hesab edir ki, həqiqətən də İddiaçınə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının “Pambıqçılıq haqqında” Qanunun 11-ci və 14-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları"na, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununa istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması əsaslı olmamaqla qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuş, bununla da subsidiya verilməsinin mövcud mexanizminin və inzibati praktikasının pozulmasına, subsidiya verilməsi qaydasını tənzimləyən hüquq normalarının tətbiqinin mümkünsüzlüyünə şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nm 2.6-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra - DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaya əsasən subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti, məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən subsidiya alınması üçün X3 müraciət daxil olmamış, o cümlədən qanunvericiliklə təqdim edilməsi tələb olunan sənədlər sistemə əlavə edilməmişdir. Bu səbəbdən iddiaçıya subsidiya ödənilməsi baş verməmişdir. Məhkəmə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsində məqsəd fermerlərə dəstək yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalına təşviq etmək, kənd təsərrüfatı sahəsinin inkişafı, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixracın artırılmasına zəmin yaratmaqdan ibarət olmasını nəzərə alaraq subsidiyanın alınması üçün elektron informasiya sistemi üzərindən prosedur qaydalarını vaxtında icra etməyən iddiaçı üçün bu halı üzrlü hesab etsə də, nəzərə almamışdır ki, hazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımı məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxarır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə birinci instansiya məhkəməsində iddia ərizəsinə yazılı etiraza uyğun etiraz daxil olmuşdur.

Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələbinin və şikayətə etirazın dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

22. “Pambıqçılıq haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən pambığın alqı-satqısı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal müəssisəsinə satır və bununla da istehsalçı pambıq və ondan alınan pambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir. -11.2-ci maddısinə əsasə pambıq emalı müəssisəsi satın aldığı pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula və ondan aldığı emal məhsullarına mülkiyyət hüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir. -11.3-cü maddəsinə görə pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. -14.1.-ci maddəsinə əsasən pambıq emalı müəssisəsi pambıq istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya pambıq qəbulu qəbzi verir. -14.3-cü maddəsinə görə pambıq qəbulu qəbzi qanunvericiliyə uyğun olaraq ciddi hesabat blankı hesab olunur və üç nüsxədən ibarət tərtib edilir. Bu Qanunun 14.2-ci maddəsində göstərilən tələblərə uyğun olmayan sənəd pambıq qəbulu qəbzi hesab edilmir.

23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. 33.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları"nın: 1.3-cü bəndinə əsasən pambıq qəbulu qəbzi pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. 1.4-cü bəndinə görə pambıq qəbulu qəbzinin forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunur. 2.1. bəndinə görə Pambıq qəbulu qəbzində aşağıdakı məlumatlar göstərilməlidir: 2.1.1. pambıq qəbulu qəbzi blankının seriyası və nömrəsi; 2.1.2. pambıq emalı müəssisəsinin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 2.1.3. pambıq istehsalçısı haqqında məlumatlar: fiziki şəxsin - soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin nömrəsi; hüquqi şəxsin - adı, yerləşdiyi yer, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 2.1.4. pambığın toxumluq və ya texniki növə aid olduğunu göstərən məlumat; 2.1.5. toxumluq və texniki pambığın seleksiya və sənaye sortu; 2.1.6. pambığın kəmiyyət və keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı; 2.1.7. pambıq qəbulu məntəqəsinin adı; 2.1.8. alqı-satqı müqaviləsinin nömrəsi və tərtib edildiyi tarix; 2.1.9. pambıq qəbulu qəbzinin tərtib edildiyi tarix; 2.1.10. pambıq emalı müəssisəsinin möhürü və səlahiyyətli şəxsin imzası; 2.1.11. pambıq istehsalçısının pambığı təhvil verən səlahiyyətli nümayəndəsinin imzası; 2.1.12. tərəflərin razılığı ilə əlavə məlumatlar. -2.2-ci bəndinə əsasən tədarükçü qəbul etdiyi xam pambıq üçün istehsalçı ilə həmin qəbzlərə əsasən hesablaşmanı aparır. 3.1-ci bəndinə əsasən qəbzlərin bütün sütunları səliqəli və aydın şəkildə doldurulmalıdır. Pambıq qəbulu qəbzinin 1-ci bölməsində gün ərzində qəbul olunan xam pambığın növü üzrə ayrı-ayrılıqda miqdarı, dəstin nömrəsi, seleksiya növü, reproduksiyası, sənaye növü, yığım üsulu, laboratoriya arayışının nömrəsi, faktiki fiziki, kondisiya və zibillik normasına görə hesablama çəkisi, faktiki zibillik və nəmlik faizi, alış qiyməti və məbləği göstərilməlidir. 3.2-ci bəndinə əsasən tədarük olunmuş xam pambıq üçün pambıq qəbulu qəbzini baş əmtəəşünas, yaxud əmtəəşünas-qapançı tərtib edir və qəbzin birinci nüsxəsini istehsalçıya, ikinci nüsxəsini istehsalçı ilə hesablaşmanın aparılması üçün tədarükçünün mühasibatlığına təqdim edir, üçüncü nüsxə isə bu qəbzi tərtib edən şəxsdə qalır. Eyni vaxtda laboratoriya müdiri (baş laborant) tədarükçünün mühasibatlığına laboratoriya jurnalında imza etmək şərtilə, pambığın təhvil nəticələri haqqında hər bir istehsalçıdan qəbul olunan xam pambığın dəstinə görə pambığın keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı barədə arayış təqdim edir. .

25. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanın: 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilmişdir. -3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 3.1. “Subsidiya” informasiya sisteminin yaradılmasını və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin edir; -8-ci bəndinə görə yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak edirlər.

26. “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının: -1.1-ci bəndinə əsasən bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. -1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. -1.2.2-ci bəndinə görə “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X9” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemidir. -1.2.4-cü bəndinə əsasən baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaitidir. -1.2.6-cı bəndinə əsasən fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir. -1.2.7-ci bəndinə görə tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir. -1.2.10-cu bəndinə əsasən məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır. -2.2-ci bəndinə əsasən aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. -2.4-cü bəndinə əsasən Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.2. məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi; (...). -2.5-ci bəndinə görə bu Qaydanın 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. -2.6-cı bəndinə görə fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. -2.7-ci bəndinə əsasən Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. -3.5.-ci bəndinə əsasən məhsul subsidiyası aşağıdakı qaydada hesablanır: baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası • məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici. -3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025- ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) (…..) 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədlər (….). -3.10-cu bəndinə əsasən fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. -3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. -3.16-cı bəndinə əsasən bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. -3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.7-inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Maddə 52-məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.Belə ki, cavabdeh apellyasiya şikayətində iddianın bütünlükdə mümkün sayılmamasını tələb etmişdir.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmənin yanaşması əsaslı olmamaqla qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuş, bununla da subsidiya verilməsinin mövcud mexanizminin və inzibati praktikasının pozulmasına, subsidiya verilməsi qaydasını tənzimləyən hüquq normalarının tətbiqinin mümkünsüzlüyünə şərait yaratmışdır. Həmçinin iddiaçı "xxxx" MMC tərəfindən subsidiya alınması üçün X3 müraciət daxil olmamış, o cümlədən qanunvericiliklə təqdim edilməsi tələb olunan sənədlər sistemə əlavə edilməmişdir. Bu səbəbdən iddiaçıya subsidiya ödənilməsi baş verməmişdir.

32. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Məhkəmə hazırkı iddiaya qiymət verərkən o halı da nəzərə alır ki, kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi X9 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsinə xx.xx.2020-ci il tarixdən başlanılmış, subsidiya ilə bağlı tələb olunan sənədlərin SİS-ə daxil edilməli olması barədə fermerlərin maarifləndirməsinə yönəlik tədbirlər də həmin vaxtdan etibarən müvafiq olaraq ilkin mərhələdə olmuş, 2021-ci il üçün tam şəkildə başa çatdırılması da ağlabatan və mümkün hesab oluna bilməz.

33. Belə ki, iddiaçı özü də KTN-nə müraciətində xam pambığın əkilib becərilməsi sahəsində ilk addım olduğundan subsidiyanın alınması üçün elektron informasiya sistemi üzərindən prosedur qaydalarını vaxtında icra edə bilmədiyini etiraf etmişdir.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsində məqsəd fermerlərə dəstək yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalına təşviq etmək, kənd təsərrüfatı sahəsinin inkişafı, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixracın artırılmasına zəmin yaratmaqdan ibarətdir.

35. “Pambıqçılıq haqqında” Qanunun 3, 4-cü maddələri də kənd təsərrüfatının bir qolu olan pambıqçılıq sahəsində dövlət siyasətinin məqsədinin ölkədə pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaq olduğunu, pambıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin isə pambıqçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, yeni texnika və texnologiyaların tətbiqindən, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, pambıqçılığın elmi təminatının yaxşılaşdırılmasından ibarət olduğunu da vurğulamışdır.

36. Qaydaların 3.17-ci bəndi təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləğinin onu təqdim edən oranın hesabına deyil, dövlət büdcəsinə qaytarıldığını nəzərdə tutur.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.( “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi, 13.2-ci maddəsi, 64.1-ci maddəsi və 64.2-ci maddəsi.)

38. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə də iddiaçı 2021-ci il üçün məhsul subsidiyasının alınması ilə bağlı müvafiq prosedur qaydalarını icra etmədiyindən onun üçün nəzərdə nəzərdə tutulan və ödənilməli olan subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır.

39. Belə olan halda məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və subsidiyanın verilməsinin kənd təsərrüfatının inkişafına yönəlmiş dövlət siyasətinin istiqaməti olduğunu, subsidiya informasiya sisteminin fermerlərin subsidiya əldə etməsinə əlçatanlığının təmin edilməsinə xidmət edən sistem olmaqla məhz 2020-ci ildən etibarən istifadəyə verildiyini, bu sahədə fermerlərin sistem üzərindən məlumatların SİS-ə daxil edilməsi ilə bağlı müvafiq maarifləndirmənin 2021ci il üçün tam başa çatmasının qeyr-mümkün olmasını, iddiaçının SİS üzərindən məlumatları vaxtında təqdim etməsə də 2021-ci il pambıq mövsümündə xam pambığın becərilərək satıldığını, pambığın təqdim edilməsini təsdiq edən ciddi hesabat blankları-pambıq qəbzlərinin təqdim edildiyini, təhvil verilmiş pambıq məhsuluna görə məhsul subsidiyası istifadə edilmədiyindən dövlət büdcəsinə geri qaytarıldığını, təqdim edilmiş pambıq məhsuluna görə hazırkı halda məhsul subsidiyasının verilməsini istisna edəcək qanunla hər hansı imperativ norma olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının məhsul subsidiyasının verilməsi ilə bağlı müraciəti cavabdeh orqan tərəfindən təmin edilməlidir.

40. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

41. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdein apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar