Məhkəmə qərarları › İş №2-1(103)-2109/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2109/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2109/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1826/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsin İnzibati Kollegiyasının 2-1(102)-2725/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(103)-1826/2024 saylı qərarından verdiyi kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh 28 yanvar 2025-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-455/2024 nömrəli qərarı icra edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək, qərarın məcburi icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərar qanuni qüvvəsini aldıqdan sonra da cavabdeh tərəfindən tam icra edilmir. Hadisələrin sonrakı gedişi göstərir ki, bu etiraf, ona çatası məbləğin (4946,46) cüzi bir hissəsi - 2024-cü ilin noyabr və dekabr aylarında hər birində 502 manat ödənildi (cəmi 1004 manat). Belə çıxır ki, cavabdeh tərəf məhkəməyə də, iddiaçıya da yalan və səhv məlumat vermişdir. Pensiyanın yenidən hesablanmasında və nəticələr barədə iddiaçıya nə yazılı, nə şifahi heç bir məlumat verilməmişdir. İddiaçı ötən ilin noyabrında pensiyaya əlavə olunmuş məbləği bankomatdan götürəndə əmin olmuşdur ki, məsələnin həlli bitmişdir. Lakin 2025-ci il yanvar ayının pensiyasında artım (fərq) verilmədi. Mərkəzi filial ona hesablandığından 6 dəfə az artım qeydə alaraq, iki ay ödəniş etmiş və bununla da məsələni bitirmişdir. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, işdə olan aylar üzrə ona ödənilən pensiyanın ABB xx.xx.2025-ci il tarixli arayışından aydın görmək olur. Qeyd edilən arayışda o, əvəllər nə qədər pensiya almışsa, indi də həmən məbləğdə pensiya alır. Yəni cavabdehin 1 noyabr 2024-cü il tarixli məktubunda guya məhkəmə qərarı icra edilmişdir sözləri faktlarla təsdiq edilmir. Əksinə onun pensiyasını 2024-cü ilin noyabr ayından 727, 34 manatdan, 715,64 manata endirməklə 11,70 manat azaldılmışdır. Yəni cavabdeh onun xəbəri olmadan “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə riayət etmdən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırma onun iştrakı olmadan aparılmış, onun dinlənilmə hüququnu təmin etməmişdir. Halbuki xx.xx.2009-xx.xx.2012 illər arasında cavabdeh təqdim etdiyi 2-ci cədvələ əsasən bu 3 il 4 ay ərzində onun fərdi hesabına toplanan pensiya kapitalı 4585,27 manat təşkil edir. 4585,27:104 (144-40) = 44,09, yəni 2013-cü ilin yanvar ayında aylıq pensiya məbləği 197,15 + 44,09 + 15,79 (indeksləşmə) = 257,03 olmalı idi. Halbuki ABBnin işdə olan arayışda 2013-cü ilin yanvar ayında 197,15, fevralda 248,21, martda 212,94, apreldə 212,94, mayda 212,94 manat pensiya ödənilibdir. Bu hal təsdiq edir ki, Cavabdeh 2012-ci ilin dekabr ayında yenidən hesablama aparmamış və bu ayların hər birində ona 44,09 manat əksik pensiya hesablanmışdır (257,03-212,94=44,09). İndi də xx.xx.2013xx.xx.2019-cu illərdə hesablamaya diqqət edək. Əgər bu 6 ildə fərdi hesabda toplanmış PK-nın cəmi məlumdursa, bunun hesablama qaydası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1. maddəsində verilmişdir. Normativlərə uyğun hesablama belə olmalıdır: Fərdi hesabda illər üzrə PK xx.xx.2013-də 379,5, 2014-də 1382,30, 2015-də 1626,59, 2016-da 1825,15 və 2017-ci ildə 1644,13, 1429.19+026-2019-cu ilin 9 ayında 1218.69 manat təşkil edir. Bu altı ildə (xx.xx.2013- xx.xx.2019) PK-nı toplasaq, 9505,55 manat təşkil edər. 9505:72 = 132,01 manat, yəni xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləğinə 132,01 manat əlavə edilib, artırılmalı idi. Cavabdeh qanunvericiliyin bu tələbinə də əməl etməməklə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Beləliklə, xx.xx.2019-cu il tarixdə aylıq pensiya məbləği 477,83 (345.32+132.01) manat olmalı idi. Lakin o dövrdə pensiya məbləği 346,32 manat olaraq qalmışdır (artım olmayıb), yəni 2019-cu ilin oktyabrda 345,32, noyabrda 345,32, dekabrda 345,32 manat aylıq pensiya ödənilmişdir. Yəni 2019-cu ilin oktyabrından hər ay mənə 132,01 manat əskik pensiya ödənilmişdir. Bu əskik ödəmə 2020-2021-ci illərdə və sonralarda davam etmişdir. Bu əskik ödəmələr 30 noyabr 2023-cü il tarixli AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən də təsdiq edilmişdir. Məhkəmə mühasibat ekspertizasının nəticə hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə və cədvəl məlumatlarına əsasən 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 423,29 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 1976,64 manat az, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1467,20 manat az, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1079,33 manat az hesablamaqla ümumilikdə 4946,46 manat pensiya məbləğinin az hesablanması müəyyən edilir. Bu əskik hesablama, yəni 4946,46 manat yalnız 2023-cü ilin mart ayınadək olan əskik hesablamadır. Bu əskik hesablamanın üzərinə 2023-cü ilin 9 ayı, 2024-cü ilin 12 ayı, 2025-ci ilin 2 ayı da əlavə edilməlidir. Lakin cavabdeh Məhkəmə Mühasibat Ekspertizasının qanunvericiliyə uyğun hesablamasına da əməl etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə qərarın icra edilməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair ərizə rədd edilməsi qərara alınmışdır.. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi məhkəmə qərarırın icra olunaraq əmək pensiyasının yenidən hesablandığını bildirərək şikayətin rədd olunmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 118.2. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Məcəllənin sadalanan normalarından göründüyü kimi, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır və icra məsələləri üzrə baxılan ərizələrə dair qərardad qəbul edilir. Baxılan işdən görünür ki, məhkəmə qərarı üzrə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. İş materiallarından müəyyən edilir ki, qərar icra edilərək idiaçının əmək pensiyası yenidən hesablanmış və qərarın icrası başa çatıdırılmışdır. Belə ki, iş materialında olan cavabdehin Xidməti Məktubunda bildirilmişdir ki, İddiaçı pensiya işi qovluğunda olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1955-ci il tarixindən xx.xx.1960-cı il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 50 il 8 ay 23 gün sığorta stajı və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2330,29 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2013- cü il tarixindən xx.xx.2019-cu il tarixinədək 7259,81 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-455/2024 saylı qərarına əsasən) 405.35 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 472,64 manata, xx.xx.2021-ci il tarixindən 526,52 manata, xx.xx.2022-ci il tarixindən 544,42 manata, xx.xx.2023-cü il tarixindən 643,56 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixindən 715,64 manata, xx.xx.2025-ci il tarixindən 773,61 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği 2024-cü ilin noyabr və dekabr aylarında İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə qərarının icrasını təmin edərək iddiaçının pensiyasını yenidən hesablamış və iddiaçının pensiya məbləği məhkəmə qərarının icrasından sonra 773,61 manata çatdırılmış və xx.xx.2019-cu il tarixindən hesablanmış fərq məbləği 2024-cü ilin noyabr və dekabr aylarında iddiaçının pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. 2019-cu ilə topladığı pensiya kapitalının 9505,55 manat olması və hesablamanın həmin məbləğə uyğun olaraq aparılması ilə bağlı iddiaçının dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği iddiaçının fərdi şəxsi hesabından çıxarışa əsasən həmin çıxarış çap olunan və ekspertiza tədqiqatı aparılan zaman müəyyən edilmiş indeksasiya faizləri də nəzərə alınmaqla artırılmış məbləğdir. Lakin cavabdeh hesablamanı aparan zaman haqlı olaraq 2019-cu ilə olan indeksasiya faizlərini nəzərə almış və iddiaçının topladığı pensiya kapitalını hesablayarkən həmin dövrə, yəni 2019-cu ilə olan istehlak faizlərini nəzərə almış və nəticədə ekspert rəyindən və iddiaçının göstərdiyi məbləğdən azalma baş vermişdir. İddiaçı ilə cavabdeh arasında pensiyanın düzgün hesablanmaması barədə yaranan fərq də bu məsələ ilə bağlı, yəni iddiaçının fərdi şəxsi hesabında yığılmış pensiya kapitalının hesablanma dövrü ilə bağlıdır ki, məhkəmə cavabdehin mövqeyini əsaslı hesab edir. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə əsasən 6 il işlədiyinə görə, (xx.xx.2013-cü il tarixindən xx.xx.2019cu il tarixinədək) fərdi şəxsi hesabda yığılmış və 2019-cu il tarixinə indeksləşdirilmiş 7259,81 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-455/2024 saylı qərarına əsasən) 405.35 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, məcburi icra tədbirlərini görülməsindən imtina edilməlidir. Apellyasiya şikayəti iddiaçının ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar