Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-211/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-3834/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.07.1988-ci il tarixdən 01.04.1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, uzun müddət dövlət qulluğunda çalışıb və onun ümumi dövlət qulluğu stajı 16 il 05 ay 13 gündür. İddiaçı lazımı sənədləri, o cümlədən dövlət qulluğu stajını özündə əks etdirən əmək kitabçasını və bununla bağlı digər zəruri sənədləri cavabdehə təqdim edib. Cavabdeh 23 iyun 2020-ci il tarixli məktubla dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsindən imtina edib və əsas kimi də iddiaçının dövlət qulluğu stajının az olmasını göstərib. Cavabdehin imtinası qanunsuz olmaqla yanaşı qanunla müəyyən edilmiş hüququnu məhdudlaşdırır. Cavabdeh orqan ümumi əsaslar gətirməklə iddiaçının işlədiyi 18.07.1988-ci il tarixdən 01.04.1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsindəki dövlət qulluğu stajını qanunsuz olaraq nəzərə almır. Baxmayaraq ki, iddiaçının qeyd etdiyi vəzifəsinin dövlət qulluğu, o cümlədən icra hakimiyyəti orqanının ərazi üzrə dövlətin səlahiyyətli şəxsi olması hamıya məlumdur və bu halı hər hansı üsulla sübut etməyə ehtiyac yoxdur. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinin ikinci cümləsində aydın şəkildə qeyd edilib ki, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-3834/2021 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim: M.Hacıbəyova). Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı Azırbaycan Respublikası Milli Məclisin Aparatı dövlət qulluğu və kadr məsələləri şöbəsinin 09-01/OQ nömrəli, 01.06.2020-ci il tarixli “əmək fəaliyyəti haqqında arayış”ı əsas götürülməklə iddiaçının 1988-ci il iyul ayının 18-dən 1992-ci il aprel ayının 01-dək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsini dövlət qulluğu kimi stajı kimi nəzərə almışdır. Məhkəmə sadəcə sözügedən arayışı əsas gətirməklə bu qənaətə gəlmişdir. Məhkəmə işin obyektiv, tam, hərtərəfli araşdırılması üçün əlavə tədbirlər görməmişdir. Məhkəmə tərəfindən işin hallarının araşdırılması zamanı Azırbaycan Respublikası X5 və digər müvafiq aidiyyəti qurumlara sorğular verərək işin obyektiv həllinə nail ola bilərdi. Nəticə etibarilə məhkəmə tərəfindən belə tədbirlər görülməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında iddiaçının işlədiyi qəsəbə sovetinin sədri vəzifəsini hal-hazırda mövcud olan dövlət qulluğunun inzibati vəzifələrinə uyğunlaşdırmaq mümkün deyil. Məhkəmə qərarında sözügedən Siyahı üzrə uyğunlaşdırma aparılmamış, nəinki uyğunlaşdırma aparılmamış həmin Siyahıya ümumiyyətlə məhkəmə tərəfindən istinad belə olunmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 15 ildən az dövlət qulluğu stajının olması öz təsdiqini tapmışdır. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (13 il 1 ay 27 gün) olduğundan iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 18.07.1988-ci il tarixdən 01.04.1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək, yəni 2001-ci ilin 01 sentyabr tarixədək, Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində qulluq etmişdir. Buna görə də həmin dövr iddiaçının dövlət qulluğu stajına daxil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən o, 02.01.1970-ci ildən 20.09.1970-ci ilədək Ağdam pioner və məktəblilər evində dərnək rəhbəri, 01.09.1971-ci ildən 01.06.1972-ci ilədək turist dərnəyin rəhbəri, 21.11.1972-ci ildıən 16.10.1975-ci ilədək Lenin rayon Qarışıq Ticarətdə kiçik satıcı, 04.01.1978-ci ildən 16.02.1978-ci ilədək Şaumyan rayon 89 nömrəli MİS-də bağban, 17.02.1978-ci ildən 29.08.1979-cu ilədək Volodar adına Tikiş fabrikasında əmtəəşünas, 30.11.1979-ci ildən 30.12.1983-ci ilədək “Azqaztikinti” trestin TQİ-2 böyük iqtisadçı, 17.01.1984-ci ildən 18.07.1988-ci ilədək Bakı Broyler fabrikasında baş iqtisadçı, 18.07.1988-ci ildən 01.04.1992-ci ilədək Qaradağ rayon Sovetinin icraiyyə komitəsində Müşfiqabad qəsəbə sovetinin sədri, 01.04.1992-ci ildən köçürülmə yolu ilə istehsalın təchizatı və komplektləşdirilməsi idarəsinə rəis vəzifəsinə təyin edilmiş, 25.02.1993-cü ildən 10.08.1993-cü ilədək Qaradağ rayon İcra Hakimiyyəti nəzdində "xxxx" trestin MTKU trestin tərkibinə daxil edilməsi ilə əlaqədar olaraq həmin idarəyə rəis vəzifəsinə təsdiq edilmiş, 04.08.1993-cü ildən 14.03.1997-ci ilədək Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi, 11.04.1997-ci ildən 06.01.2006-ci ilədək Qaradağ rayon MKTİB-də 6 saylı MİS-in, 3 saylı MİS-in rəisi, 06.01.2006-ci ildən 15.05.2006-ci ilədək Qaradağ rayon Müşfiqabad bələdiyyəsinin sədri, 23.02.2007-ci ildən 29.11.2010-cu ilədək Milli Məclisdə deputatın köməkçisi, 14.03.2011-ci ildən 01.05.2020-ci ilədək böyük məsləhətçisi, baş məsləhətçisi vəzifələrində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanmış 23.01.2021-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, dövlət qulluğunda 15 ildən az (13 il 1 ay 27 gün) olduğundan dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11-ci maddəsinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. İşin faktiki hallarına əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Lakin iddiaçıya pensiya təyin edərkən cavabdeh qulluq stajına görə əlavələri təyin etməmişdir. Buna səbəb kimi cavabdeh iddiaçının dövlət qulluğu stajının 15 ildən az olması kimi göstərmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətində qeyd olunan Siyahıda iddiaçının işlədiyi qəsəbə sovetinin sədri vəzifəsini hal-hazırda mövcud olan dövlət qulluğunun inzibati vəzifələrinə uyğunlaşdırmaq mümkün olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdehin göstərdiyi dəlil ilə bağlı İddiaçı 1988-ci il iyul ayının 18-dən 1992-ci il aprel ayının 01-dək işlədiyi Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsinin yuxarıda qeyd olunan Siyahıya əsasən dövlət qulluqçusu vəzifəsinə uyğun olub-olmamasını müəyyən etmək üçün X5 sorğu verilmişdir. X3 sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 24.12.2021-ci il tarixli 08/04- 22/3407 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndində rayon X4 icraiyyə komitəsinin aparatında, 2.13-cü bəndində isə rayon X4 (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılınası aparılmış, lakin qəsəbə sovetliyində mövcud olan vəzifələr Təsnifat Toplusunda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmamışdır. Sözügedən Siyahıda qəsəbə sovetliyi nəzərdə tutulmadığı və qəsəbə sovetliyində mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün iddiaçının 1988- 1992-ci illərdə Qaradağ Rayon Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. Göründüyü kimi iddiaçının Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğunda iş stajı kimi nəzərdə tutulmadığından onun dövlət qulluğunda iş stajının 15 ildən az olması müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-3834/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-211/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-211/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver