Məhkəmə qərarları › İş №2-1(103)-211/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-211/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-211/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişlərinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4581/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məhkəmə qərarları əsasında təyin edilmiş pensiya ödənişinin dayandırılmasının qeyri-qanuni hesab edilərək ləğv edilməsi və pensiya ödənişinin dayandırıldığı vaxtdan bərpa edilərək davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. 1974-cü ilin sentyabr ayından əmək fəaliyyətinə başlamışdır. 50 ilə yaxındır ki, demək olar ki, fasiləsiz işləyir və hal-hazırda da əmək fəaliyyətini davam etdirir. xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Xəzərdənizneftqazsənaye" X1 "Azərdənizneftinşaat" trestində, açıq dəniz şəraitində xüsusilə ağır əmək şəraitində əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Ona xx.xx.2013-cü il tarixdən, yəni 57 yaşı tamam olduqda yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin, o, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun xx.xx.1997-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında 13-cü maddəsinin "a" bəndinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə, habelə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə 20 ildən artıq iş stajı olduğu və bu müddətin 10 ildən artıq hissəsini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyi üçün 50 yaşından, yəni xx.xx.2006-cı il tarixdən pensiya hüququ qazanmışdır. DSMF-nin Nizami rayon şöbəsi ona 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən pensiya təyin etməkdən imtina etdiyi üçün, həmin hüququnun məhkəmə qaydasında təmin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2- 1(82)-2196/2016 №-li Qərarı ilə iddia tələbi təmin edilərək, onun "Neftqaztikinti" trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək açıq dənizdə, xüsusilə ağır və zərərli iş şəraitində əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş güzəştli pensiya hüququ olan vəzifələrin i №-li siyahısına uyğun olaraq (kod 1210000- 19906) xüsusilə zərərli şəraitdə əmək stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005-ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-l(103)-2184/2016 №-li Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-677/17 №-li Qərarı ilə birinci instansiya məhkəməsinin Qərarı dəyişməz saxlanmışdır. Beləliklə iş üzrə məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra edilmişdir. Pensiya ödənişi faktiki olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. 2020-ci ilin sentyabr ayından ona pensiya ödənişi dayandırılmışdır. Bundan sonra, o, bir neçə ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məmurları ilə danışıqlar aparmış, pozulmuş hüququnun bərpa edilməsini tələb etmişdir. Danışıqların faydasız olduğuna əmin olduqdan sonra, xx.xx.2021-ci il tarixli şikayətlə müvafiq instansiyalara müraciət etmişdir. Həmin şikayətə verilmiş cavablarda pensiya ödənişinin dayandırılmasını əsaslandırmaq üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə istinad edilmişdir. xx.xx.2021-ci il tarixli təkrar şikayətində və xx.xx.2021-ci il tarixli üçüncü şikayətdə İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə istinad edərək, məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və onların icrasının məcburi olduğunu cənabların nəzərinə çatdırılmışdır. Eyni zamanda məhkəmə qərarlarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması, Nazirliyin və onun tabeçiliyindəki təşkilatların qanuni qüvvəsini almış məhkəmə Qərarlarını təftiş etmək və yoxlamaq səlahiyyətlərinin olmadığı izah edilmişdir. Təəssüf ki, Nazirliyin və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əməkdaşları adi fəhlənin onlara izah etdiyi Konstitusiya müddəalarını dərk edə bilməmişlər və öz qanunsuz əməllərini davam etdirirlər. xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarlarının icrasını təmin etmək üçün göstəriş verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin xx.xx.2021-ci il tarixli 2-1(82)-2196/2016 №-li məktubu ilə qərarın icra edildiyi və hazırda pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də, həmin məsələ barədə, yəni məhkəmə qərarları ilə təyin edilmiş pensiya ödənişinin dayandırılması qeyri-qanuni hesab edilərək, pensiya ödənişinin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4581/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: E.Əliyev) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, iddianın mümkün hesab edilərək müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(82)-2196/2016 saylı qərarı ilə İddiaçı "Neftqaztikinti" trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 N-li 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 N-li Siyahısına uyğun olaraq (kod 12100000 19906 ) xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005-ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(103)-2184/2016 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2196/2016 saylı, xx.xx.2016-cü il tarixli qərarı «iddiaçıya ödəniləcək pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilməsi, iddiaçının tələbinin həmin hissədə təmin edilməməsi, qərarın icrası qaydası müəyyən edilərək, İddiaçın pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə, onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nizami rayon Şöbəsinə həvalə olunması qərara alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-1(102)-677/2017 saylı qərarı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı ona məhkəmə qərarları əsasında təyin edilmiş pensiya ödənişinin dayandırılmasının qeyri-qanuni hesab edilərək ləğv edilməsi və pensiya ödənişinin dayandırıldığı vaxtdan bərpa edilərək davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddia tələbindən görünür ki, İddiaçı məhkəmə qərarları əsasında təyin edilmiş pensiya ödənişinin dayandırılmasının qeyri-qanuni hesab edilərək ləğv edilməsi və pensiya ödənişinin dayandırıldığı vaxtdan bərpa edilərək davam etdirilməsini tələb edir. Göründüyü kimi, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş müvafiq məhkəmə qərarının icra olunması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPM-də təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Hazırda iddiaçının tələbi ona məhkəmə qərarı ilə təyin olunmuş pensiya ödənişinin bərpa edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4581/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar