Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-211/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə4 Əlayif oğlunun iştirakı ilə, İddiaçı “X14 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2022 saylı 10 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X14 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin (bundan sonra- QƏYTS) 2 saylı briqadasının qazmaçı köməkçisi X18 15 dekabr 2021-ci il tarixdə saat 07:00 radələrində 1-ci növbədə işləyən işçilərlə birlikdə 2 saylı NQÇS-nin 138 saylı quyusuna, iş yerinə gəlmişdir. O, xüsusi iş geyimlərini geyindikdən və iş yerində 2 saylı briqadanın ustası Əliyev Mübariz tərəfindən digər işçilərlə birlikdə şifahi təlimatlandırıldıqdan sonra əmək funksiyalarının icrasına başlamışdır. Həmin gün verilmiş iş tapşırığına uyğun olaraq N. Nağıyev saat 10:00 radələrinədək 138 saylı quyuda boruların endirilməsi işlərini yerinə yetirmişdir. 15 dekabr 2021-ci il tarixdə Şirkətin 2061 saylı quyusunda boruları quyudan qaldıraraq boru stellajının üzərinə yığılması əməliyyatı planlaşdırılmış və bu işin icrası QƏYTS-in 4 saylı briqadasına həvalə olunmuşdur. Həmin gün 4 saylı briqadanın işçisi, qazmaçı köməkçisi X19 üzrlü səbəbdən işə çıxmadığı üçün QƏYTS-in böyük ustası Əhəd Mustafayev 15 dekabr 2021-ci il, 246 saylı sərəncama əsasən 5 saylı briqadanın qazmaçı köməkçisi X1 və 2 saylı briqadanın qazmaçı köməkçisi X12 4 saylı briqadaya köməklik göstərmələri məqsədilə 2061 saylı quyuda işlərin yerinə yetirilməsinə göndərmişdir. 4 saylı briqadanın ustası Bəhmən Abdullayev tərəfindən X13 və X2 iş yerində birdəfəlik (iş öncəsi) təlimat keçirilmiş və bununla bağlı müvafiq jurnalda qeydiyyat aparılmışdır. Təlimatlandırma başa çatdıqdan sonra quyuda boruların qaldırılması işinə başlanmış və nahar fasiləsinə yəni, saat 12:00-dək briqada üzvləri həmin işin icrası ilə məşğul olmuşlar. Nahar fasiləsindən sonra briqada üzvləri tərəfindən boruların qaldırılması işlərinin yerinə yetirilməsi davam etmiş və işlərin icrasına 4 saylı briqadanın ustası Bəhmən Abdullayev nəzarət etmişdir. Təxminən saat 14:00 radələrində 2061 saylı quyunun qazmaçısı Elman Nəsibov quyudan çıxarılan növbəti borunu açarla açdıqdan sonra qülləli qurğunun köməkliyi ilə qəbul etmiş, qazmaçı kəməkçiləri N.Nağıyev və A.Babalıyev isə borunu borular üçün müəyyən edilmiş meydançada yerləşdirmişlər. Borunun meydançaya yerləşdirilməsi işi başa çatdıqdan sonra N. Nağıyev işçi meydançadan qəbul körpüsü ilə pilləkənə tərəf hərəkət etdiyi vaxt sağ ayağı sürüşdüyü üçün müvazinətini itirmiş və qəbul körpüsü ilə borular yığılan meydança arasında olan boş sahədən yer səthinə yıxılmışdır. N. Nağıyev izahatında hadisənin həmin gün hava şəraitinin yağmurlu və ayağına geyindiyi xüsusi iş çəkməsinin altının palçıqlı olması və bu səbəbdən ayağının sürüşməsi ilə bağlı olduğunu bildirmişdir. N.Nağıyev yıxıldıqdan sonra yerdən qalxmış, lakin sağ ayağında ağrı hiss etdiyi üçün yaxınlıqda quyuda işləyən qazmaçı köməkçisi Qəmbər Hüseynovun köməkliyi ilə quyudan təxminən 30-40 metr məsafədə yerləşən məişət otağına getmişdir. Usta B.Abdullayev zərərçəkən N. Nağıyevin yanına gələrkən ilkin tibbi yardım göstərmiş və hadisə barədə böyük usta Əhəd Mustafayevə zəng edərək məlumat vermişdir. Böyük usta Ə.Mustafayev baş vermiş bədbəxt hadisə barədə sex rəisinin müavini Rizvan Səttərovu, o isə sex rəisi P.Aslanovu məlumatlandırmşdır. Sex rəhbərliyinin göstərişinə əsasən böyük usta Ə.Mustafayev xidməti maşını ilə bədbəxt hadisə baş vermiş 2061 saylı quyunun yaxınlığında yerləşən məişət otağında olan N.Nağıyevi Şirkətin tibb məntəqəsinə aparmışdır. Məntəqədə həkimlər tərəfindən N. Nağıyevə ilkin tibbi yardım göstərilmiş, sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxənasına aparılması təmin edilmişdir. Xəstəxanada N. Nağıyevə tibbi yardım göstərildiksən sonra təxminən saat 18:30 radələrində evə buraxılmışdır. N. Nağıyevə “Sağ diz oynağının hemoartrozu” diaqnozu qoyulmuş və ambulator şəritdə müalicə olunmuşdur. Mübahisələndirilən Təhqiqat aktında cavabdehin 23 dekabr 2021-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş komissiyanın sədri, X15 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinin məsləhətçisi - əmək müfəttişi X20 hadisəinin baş vermə səbəbini (i) zərərçəkmiş tərəfindən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçilərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə peşə təlimatı”nın 2.1.1. bəndinin (xüsusi geyimləri, ayaqqabıları və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalı, iş zamanı onlardan istifadə etməlidir) tələblərinə riayət olunmaması və (ii) QƏYTS-in ustası X8 tərəfindən vəzifə təlimatının “Vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə riayət edilməməsi kimi qiymətləndirmişdir. Bədbəxt hadisə ilə bağlı Cavabdehin 23 dekabr 2021-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş komissiyanın digər üzvləri “İddiaçı” Şirkətində Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi söbəsinin rəisi İbrahim Mollaçiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri X16 sədri tərəfindən tərtib edilmiş Təhqiqat Aktı layihəsi ilə razılaşmayaraq xüsusi rəyi Komissiya sədrinə təqdim etmişlər. Cavabdeh, X15 Xidmətinin rəisi cənab Fuad Heydərov tərəfindən yazılmış 02 fevral 2022-ci il tarixli, **********9 nömrəli məktubda Komissiya üzvlərinin xüsusi rəyinin nəzərə alınmadığı və Komissiyanın sədrinin tərtib etdiyi Təhqiqat aktının əsas götürülərək İZ formalı aktın tərtib edilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən Filialın işçisi X9 xx.xx.2021ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə X15 Xidmətinin (bundan sonra- Xidmət) müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Qaydalara əsasən Təhqiqat aktının 3-cü (Bədbəxt hadisənin şəraiti) bölməsində bədbəxt hadisədən qabaq nə olduğu əmək prosesinin necə getdiyi, həmin prosesə kimin rəhbərlik etmiş olduğu göstərilməli, zərərçəkənin (zərərçəkənlərin) və bədbəxt hadisə ilə əlaqədar olan digər şəxslərin hərəkətləri təsvir edilməli, hadisələr ardıcıllıqla ifadə edilməli, zədə yetirmiş olan təhlükəli (zərərli) istehsal amili, maşın, alət yaxud avadanlıq göstərilməlidir. Qaydalara əsasən Təhqiqat aktının 4-cü (Bədbəxt hadisənin səbəbləri) bölməsində bədbəxt hadisənin əsas texniki və təşkilati səbəbləri göstərilməli, əməyin mühafizəsi üzrə təlimatların, işlərin təhlükəsiz aparılması üzrə təlimat və normaların hansı tələblərinin pozulması (müvafiq maddələrə, paraqraflara, bəndlərə istinad edilməli, eləcə də dövlət standartlarının pozulması konkret ifadə edilməli, hansı təhlükəli və zərərli istehsal amillərinin yol verilən normadan, yaxud səviyyədən artıq olduğu) göstərilməlidir. Qaydalara əsasən Təhqiqat aktının 6-cı bölməsində bədbəxt hadisəyə (bədbəxt hadisə ilə nəticələnmiş qəzaya) gətirib çıxarmış hərəkətlərinə, yaxud fəaliyyətsizliklərinə görə cavabdeh olan şəxslərin adları çəkilməli, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə üzrə təlimatların, dövlət nəzarəti orqanlarının təsdiq etmiş olduğu digər normativ sənədlərin onlar tərəfindən hansı dərəcədə pozulması (faiz nisbətində), riayət olunmamış maddələri, paraqrafları, bəndləri göstərilməlidir. Qaydalara uyğun olaraq Təhqiqat aktının 3-cü bölməsində hadisənin şəraiti göstərilmiş və X9 xəsarət almasına səbəb həmin gün hava şəraitinin yağmurlu və ayağına geyindiyi xüsusi iş çəkməsinin altının palçıqlı olmasına görə ayağının sürüşməsi olmuşdur. Qaydalara uyğun olaraq Təhqiqat aktının 4-cü bölməsinin 4 1-ci bəndində Filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçilərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə peşə təlimatı”nın 2.1.1-ci bəndinin (xüsusi geyimləri, ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalıdır, iş zamanı onlardan istifadə etməlidir.) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Qaydalara uyğun olaraq Təhqiqat aktının 4-cü bölməsinin 4.2-ci bəndində Filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş "Quyuların əsaslı və yeraltı təmiri üzrə ustanın vəzifə təlimatı”nın “vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Təhqiqat komissiyasının sədri alınmış izahatlara və toplanmış materiallara əsasən bədbəxt hadisənin baş verməsində Filialın Quyuların əsaslı və yeraltı təmiri sexinin qazmaçı köməkçisi X9 ehtiyatsızlığını və usta X3 nəzarətsizliyini müəyyən edərək akt tərtib etmişdir. Lakin komissiyanın Filialdan olan üzvləri təhqiqat aktı ilə razılaşmayaraq xüsusi rəy təqdim etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) maddəsinin tələblərinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. Filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri üzrə ustanın vəzifə təlimat”ının “vəzifə borcu” bölməsinin 21-ci abzasına əsasən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək funksiyası ustaya həvalə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, komissiya üzvləri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli xüsusi rəy əsassız hesab edilmişdir. Bununla yanaşı, Filial rəhbərliyi tərəfindən tərtib və təsdiq edilmiş İZ formalı akta baxış keçirilərkən aktın 11.1-ci (Bədbəxt hadisənin səbəbləri) və 12- ci (Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər) bəndlərində təhqiqat aktına uyğun məlumatların daxil olunmadığı müəyyən edilmişdir Qaydaların 1.8-ci bəndinə əsasən İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürənin cavabdeh olduğu nəzərə alınaraq, İZ formalı aktın yenidən tərtib edilərək (Təhqiqat aktına uyğun olaraq) Xidmətə təqdim edilməsi barədə Filiala xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktub göndərilmişdir. Filialdan təqdim edilmiş cavab məktubunda məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi və İZ formalı aktın məhkəmə qərarına uyğun olaraq tərtib ediləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2022 saylı 10 avqust 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əməyin mühafizəsi qaydalarının pozulmadığı qənaətinə gələrək, hadisə baş verməmiş kimi təhqiqat aktını tam ləğv etmiş və sonrakı hərəkətlərlə bağlı hər hansı münasibət bildirməmişdir. Halbuki, X9 iş vaxtı xəsarət alması iş materialları ilə öz təsdiqini tapmış, təhqiqatın aparılmasını istisna edən hallar olmamış və məhkəmə tərəfindən təhqiqat aktının ləğv edilməsi X9 işçi kimi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021- ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4.2-ci bəndi və 6-cı bölməsinin birinci abzasında “4.2 bəndinə əsasən “İddiaçı” Şirkətihin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X3 nəzarətsizliyi" sözləri çıxarılaraq təhqiqat aktının dəyişdirilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia ərizəsinə uyğun izahat verərək, təhqiqat aktının dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia dəqiqləşdirilmiş iddia tələbinə uyğun təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı subyektiv hüquqa malik olmuş, Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti hazırki tələb üzrə cavabdehlik daşıyan orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X15 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X15 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçıya təhqiqat aktı 02 fevral 2022-ci il tarixdə təqdim edildikdən sonra 30 günlük müddət ötürülmədən xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 1 iyul 1997-ci il tarixli ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında Əsasnamə”nin: -2.1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı: - yüngül bədən xəsarətləri (zədələnmələri), az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaranmış komissiya tərəfindən aparılır; - ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə bu əsasnamənin 3.1-ci 3.2-ci və 3.3-cü bəndlərində göstərilən komissiyalar tərəfindən aparılır. -2.3-cü bəndinə əsasən müəssisə rəhbəri bədbəxt hadisə baş verdikdən dərhal sonra öz əmri ilə hadisəni təhqiq edən komissiya yaradır. Tərkibi sex rəisindən (müəssisənin baş mütəxəssisindən), müəssisənin (sexin) əməyin mühafizəsi xidmətinin rəisindən (onun vəzifələrini icra edən mühəndisdən, mütəxəssisdən), sexin (bölmənin) əməyin mühafizəsi komissiyasının, ictimai müvəkkillərin nümayəndəsindən ibarət olan komissiya bədbəxt hadisənin şəraitini və səbəblərini üç gün ərzində təhqiq etməyə, şahidləri və əmək mühafizəsi üzrə qaydaların, əmək təhlükəsizliyi standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar etməyə və dindirməyə, imkan dairəsində zərərçəkəndən izahat almağa, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə, aşağısı beş nüsxədən ibarət İZ formalı akt tərtib etməyə və təsdiq edilmək üçün müəssisənin rəhbərinə göndərməyə borcludur. İZ formalı akta şahidlərin, zərərçəkənin izahatları, iş yerinin (maşının, avadanlığın, qurğunun) vəziyyətini, təhlükə və zərərli istehsalat amillərini xarakterizə edən planlar, sxemlər və başqa sənədlər, tibbi rəy və sairə əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın: -1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyəti göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması halları təhqiq edilməlidir. -1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin bəndin 2-ci hissəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. - 3.1-ci bəndinə əsasən təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. -3.4-bəndinin 2-ci və 3-cü hissəsinə əsasən təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir. Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir. -3.5-ci bəndinə əsasən Təhqiqat aktına aşağıdakı sənədlər əlavə olunmalıdır: hər bir zərərçəkən üçün İZ formalı aktın surəti; hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri; sorğu protokolları; bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları; ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr); zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış; zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy; bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri; qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surəti; təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti; təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti. Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur. - 4.1-ci bəndinə əsasən Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. Məhkəmə kollegiyası işdə olan sübutlara nəzər yetirir: İş materiallarında olan “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4-cü bəndində göstərilmişdir ki, 4.1. “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçilərinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə peşə təlimatı”nın 2.1.1-ci bəndinin (xüsusi geyimləri, ayaqqabılarını və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalıdır, iş zamanı onlardan istifadə etməlidir) tələblərinə riayət olunmaması. 4.2. “İddiaçı” Şirkətinin “Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş “Ustanın vəzifə təlimatı”nın “Vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə əməl edilməməsi. X22 6-cı bəndində “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” bədində göstərilmişdir: “Komissiya təhqiqat aktının 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin qazmaçı köməkçisi X9 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X3 nəzarətsizliyini müəyyən etmişdir. X18 ilə baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında uçota alınmalıdır.” Təhqiqat aktının "Bədbəxt hadisənin şəraiti" adlı 3-cü bölməsində qeyd edilmişdir: - "4 saylı briqadanın ustası Bəhmən Abdullayev tərəfindən X18 və X7 15 dekabr 2021-ci il tarixdə iş yerində birdəfəlik təlimat keçirilmişdir və müvafiq jurnalda qeydiyyatı aparılmışdır". -"Bəhmən Abdullayevin verdiyi izahata əsasən işlərin yerinə yetirilməsinə şəxsən nəzarət etmişdir". - "Nağıyev Namiq işçi meydançadan qəbul körpüsü ilə pilləkənə tərəf gedəndə həmin gün yağış yağdığına görə, çəkməsinin altı palçıqlı olduğu üçün sağ ayağı sürüşərək müvazinətini itirmiş və qəbul körpüsü ilə borular yığılan meydança arasında olan boş sahədən yer səthinə yıxılmışdır". - "X23 Namiqin yanına gələrək ilkin tibbi yardım göstərmişdir”. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından müəyyən edilir ki, ******* nömrəli Əmək kitabçasına və xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinə əsasən N.Q.Nağıyev xx.xx.2020-ci il tarixdən “X14 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların Əsaslı və Yeraltı təmiri sexinə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləyir. Filialın işçisi X9 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Həmin bədbəxt hadisə X15 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Nəticədə hazırkı iddia tələbi ilə mübahisələndirilən Təhqiqat aktı qəbul edilmişdir. Bədbəxt hadisə ilə bağlı cavabdehin 23 dekabr 2021-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş komissiyanın digər üzvləri “İddiaçı” Şirkətində Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi söbəsinin rəisi İbrahim Mollaçiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri X16 sədri tərəfindən tərtib edilmiş Təhqiqat Aktı layihəsi ilə razılaşmayaraq xüsusi rəyi Komissiya sədrinə təqdim etmişlər. Cavabdeh, X15 Xidmətinin rəisi cənab Fuad Heydərov tərəfindən yazılmış 02 fevral 2022-ci il tarixli, **********9 nömrəli məktubda Komissiya üzvlərinin xüsusi rəyinin nəzərə alınmadığı və Komissiyanın sədrinin tərtib etdiyi Təhqiqat aktının əsas götürülərək İZ formalı aktın tərtib edilməsi tələb edilmişdir. İddiaçı Təhqiqat aktı ilə razılaşmayarq hazırkı iddia tələbi ilə həmin Aktın ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, təhqiqat aktı tam ləğv edilmişdir, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçinin xəsarətinin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəy alınmamış, habelə işçinin ayağının altının palçıqlı olması və hava şəraitinin yağışlı olması müəssisə tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməməsi kimi qiymətləndirilməsi əsaslı hesab edilmir, çünki eyni sahədən eyni vaxtlarda keçən digər işçiyə münasibətdə analoji hadisə baş verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qənaətini qismən əsaslı hesab etsə də aşağıdakıları diqqətə çatdırır: İşdən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən Filialın işçisi X9 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə X15 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Namiq Nağıyev işçi meydançasından qəbul körpüsü ilə pilləkənə tərəf hərəkət etdiyi vaxt sağ ayağı sürüşərək qəbul körpüsü ilə borular yığılan meydança arasında olan boş sahədən yer səthinə yıxılmış və izahatında hava şəraiti, ayağının altının palçıqlı olması və ehtiyatsızlığı nəticəsində hadisənin baş verdiyini bildirmişdir. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 877 nömrəli məktubuna əsasən X18 xx.xx.2021-ci il tarixdə Şirvan şəhər X4 X24 “Sağ diz oynağının hemoartrozu” diaqnozu ilə daxil olmuş və ambulator yardım almışdır. Təhqiqat komissisiyası tərəfindən hadisənin baş vermə səbəbləri olaraq X9 ehtiyatsızlığı və quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X5 nəzarətsizliyi müəyyən edilmişdir. Belə ki, Qazmaçı köməkçilərinin “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə peşə təlimatının 2.1.1-ci bəndinin (xüsusi geyimləri, ayaqqabılarını və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalıdır) və “Ustanın vəzifə təlimatının “Vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə əməl edilməmişdir. “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı filialının təhqiqat komissiyasına verdiyi xüsusi rəyində X9 ehtiyatsızlığı hissəsində təhqiqat aktı ilə razılaşdıqlarını və usta X3 nəzarətsizliyi hissəsinin çıxarılmasını xahiş etmişlər, lakin komissiya tərəfindən konkret təlimatlar mövcud olduğundan və həmin təlimatlann bəndləri pozulduğundan təhqiqat aktına heç bir dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən işçi əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Göründüyü kimi, X9 iş vaxtı xəsarət alması xəsarətin ağır və ya yüngül olmasından asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisədir və təhqiqat aparıldıqdan sonra bədbəxt hadisə kimi işəgötürən tərəfindən uçota alınmalıdır. Birinci instansiya məhkəməsi isə əməyin mühafizəsi qaydalarının pozulmadığı qənaətinə gələrək, hadisə baş verməmiş kimi təhqiqat aktını tam ləğv etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən nəticəyə gəlməsini əsassız hesab edir. Belə ki, X9 iş vaxtı xəsarət alması iş materialları ilə öz təsdiqini tapmış, təhqiqatın aparılmasını istisna edən hallar olmamışdır, təhqiqat aktının tam ləğv edilməsi X9 işçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021- ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4.2-ci bəndi və 6-cı bölməsinin birinci abzasında “4.2 bəndinə əsasən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X3 nəzarətsizliyi" sözləri çıxarılaraq təhqiqat aktının dəyişdirilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də iddiaçı tərəf cavabdehin apellyasiya şikayətinin X9 iş vaxtı aldığı xəsarətin, ağır və ya yüngül olmasından asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi təhqiqat aparıldıqdan sonra işəgötürən tərəfindən uçota alınmalı olması ilə bağlı mövqeyini əsaslı hesab etmiş, lakin həmin hadisənin səbəbi kimi “Usta vəfizə təlimatı”nın “vəzifə borcu” bölməsinin 21 –ci abzas (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yeirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə əməl edilməməsi qeydinin təhqiqat aktında qeyd edilməsinin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası da iddiaçının qeyd edilən mövqeyini əsaslı hesab edərək, diqqətə çatdırır ki, məhkəmə araşdırmaları nəticəsində baş vermiş bədbəxt hadisənin səbəbi kimi məhz səlahiyyətli şəxs tərəfindən “Usta vəfizə təlimatı”nın “vəzifə borcu” bölməsinin 21 –ci abzas (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yeirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə əməl edilməməsi halının aşkar edilmədiyi, əksinə inzibati icraat zamanı alınmış izahatlardan da aydın olduğu kimi müvafiq qaydalara əməl olunduğunu (hadisə nəticəsində xəsarət alan şəxsin müvafiq geyim forması ilə təmin edildiyi və s.) müəyyən edildi. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2022 saylı 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi dəyişdirilmiş iddia tələbinə uyğun təmin edilməli, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021- ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4.2-ci bəndi və 6-cı bölməsinin birinci abzasında “4.2 bəndinə əsasən “İddiaçı” Şifkətihin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X3 nəzarətsizliyi" sözləri çıxarılaraq təhqiqat aktının dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2022 saylı 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X9 15 dekabr 2021- ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4.2-ci bəndi və 6-cı bölməsinin birinci abzasında “4.2 bəndinə əsasən “İddiaçı” Şirkətihin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X3 nəzarətsizliyi" sözləri çıxarılaraq təhqiqat aktının dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-211/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-211/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver