Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2110/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsinə qarşı “ona 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsinə qarşı “ona 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2021 saylı 20 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04.08.1998 və 17.01.2004-cü il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində zabit vəzifələrində xidmətdə olmuş və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “q” bəndi ilə (ştatların ixtisarına görə) ehtiyata buraxılmışdır. 2004-cü ildən DİN-nin Daxili Qoşunlarında xidmətini davam etdirmiş və 18.04.2018-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu) ilə ehtiyata buraxılmışdır. 1998, 1999, 2000, 2001, 2002 və 2003-cü təqvim illərində keçmiş MTN-də xidmətdə olarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə etməmişdir. Daxili Qoşunlarda xidmətdə olarkən istifadə etmədiyi məzuniyyət barədə keçmiş MTN-ə (indiki DTX-yə) müvafiq sorğular verilmişdir. Sorğuya cavablara əsasən 2003, 2004-cü təqvim illərinə görə pul ödənilsə də, 1998, 1999, 2000, 2001 və 2002-ci illərə görə istifadə olunmamış məzuniyyət günləri əvəzinə kompensasiyalar ödənilməmişdir. Pretenziya qaydasında etdiyi müraciətlərə cavab verildiyindən, qeyd edilən illərin (1998, 1999, 2000, 2001 və 2002) kompensasiyalarının ödənilməsi üçün mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iddianın təmin edilməsi və qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qarşı tərəfin analogiya üzrə istinad etdiyi Ali Məhkəmənin 28.12.2016-cı il tarixli 2-1(102)- 2089/2016 saylı presedent qərarına dair 01.04.2021-ci il tarixdə təqdim etdiyi mülahizəsində olan qeydlərə məhkəmə qərarında münasibət bildirilməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsinə qarşı tələbi “ona 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 17.01.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun müraciətilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsinə sorğu verilmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsindən daxil olmuş məktubundan məlum olmuşdur ki, İddiaçı 04.08.1998-ci il tarixdən 17.01.2004-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etmiş və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etdiyindən və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirildiyindən həmin qərarın tələbləri ona şamil olunmur. Həmin imtinadan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının növbəti əmək məzuniyyətlərindən istifadə etməsini təsdiq edən pul təminatı şəxsi vərəqədən çıxarışlarda olan məlumatlara, eyni zamanda iddiaçı tərəfindən 1998 və 1999-cu illərə münasibətdə məzuniyyətlərdən istifadə edilməməsinə görə kompensasiyanın ödənilməsinin etiraf olunmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdən müəyyən olunur ki, İddiaçı 1998-ci il tarixdən 2004-cü il tarixədək Azərbaycan Respublikası yanında Xüsusi İdarə- Hərbi Əks-Kəşfiyyat Xidmətində, Milli Təhlükəsizlik Xidmətində çalışmış, iddia tələbində 1998-2002-ci illər üzrə pozulmuş hüquqlarının bərpası, yəni həmin dövrdə işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsini xahiş edir. Qeyd olunmalıdır ki, iddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanı 1998-ci il tarixdən 2004-cü il tarixədək işlədiyi Xidmətdən deyil, `sonuncu dəfə 2018-ci ildə ehtiyata buraxıldığı iş yerindən- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsindən tələb edir. Cavabdeh inzibati orqan isə özünü iddiaya cavab verməli şəxs hesab edərək, Dövlət Təhlükəsizlik Xidmətinin sorğuya cavab olaraq iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etdiyini və ona müvafiq ödənişlərin həyata keçirildiyini bildirdiyinə istinad edərək tələb olunan kompensasiyanı ödəyə bilmədiyini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası ona cavab verməli olmayan şəxsə qarşı yönəlməklə yanaşı, mübahisə açdığı məsələ də İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılması üçün əsas yaratmır. Bununla da, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2110/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2110/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver