Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2110/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-1085/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “Vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 5 oktyabr 2005-ci il tarixli 02/607 nömrəli qərarı ilə Nardaran bağ massivində ayrılmış 805A saylı 2.200 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-1085/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 5 oktyabr 2005-ci il tarixli 02/607 saylı qərarı ilə Bakı şəhəri, Nardaran bağ massivində ona ayrılmış 805 “A” saylı 2.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 11 mart 2022-ci il tarixli məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə cavabdehə göndərilmiş, 30 mart 2022-ci il tarixdə xəbərnaməyə imza edilərək məhkəmə qərarı qəbul edilmiş, qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürməklə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən, cavabdehə buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizə və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə şikayət vermiş şəxs tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də, cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-1085/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2110/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2110/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver