Məhkəmə qərarları › İş №2-1(103)-2110/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2110/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2110/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12168/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-12168/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Ərizəçi Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun hazırki inzibati iş üzrə üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-12168/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə (vəsatət) rədd edilmişdir. Hazırda həmin qərardaddan ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Maraqlı şəxs Qeybulla oğlu iddiaçı X3 cavabdeh Bakı şəhər Yasamal rayon Polis idarəsinə qarşı “qeydiyyata alınma” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə qərarın ləğv edilməsi və icraatın təzələnməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-l2168/2022 saylı qərardadına əsasən onun verdiyi vəsatət təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən hesab etmişdir ki, Maraqlı şəxs Qeybulla oğlunun ailə üzvləri ilə birlikdə 50 ildən artıq yaşadığı ünvana X3 pasport qeydiyyatına alınması Maraqlı şəxs Qeybulla oğlunun maraqlarını pozsa belə hər hansı qanunla qorunan maraqlarını pozmur. Birinci instansiya məhkəməsinin ərizəni təmin etməməsinin digər əsası isə ondan ibarətdir ki ərizəçi ilə iddiaçının mübahisələndirdiyi ev eyni ünvanda yerləşsə də eyni ev deyil. İddiaçı 2 otaqlı (24 kv.m) evə qeydiyyata düşməsini məhkəmədən xahiş edir, ərizəçi isə 1 otaqlı evdə yaşayır. Məhkəmə öz qərarında əsaslandırıcı hissəsində həmçinin İPM-nin 28-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək belə qənaətə gəlmişdir ki, ərizəçi qeyd edilən iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli şəxs deyil. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 12168/2022 saylı qərardadı qanunsuzdur və aşağıda qeyd edilən əsaslara görə ləğv edilməlidir. İlk növbədə ərizəçinin qeyd edilən iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməsi məsələsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İPM-nin 28-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Göründüyü kimi, ərizəçinin özü, arvadı, himayəsində olan nəvələri və digər ailə üzvləri ilə birlikdə 1970-ci ildən bugünədək yaşadığı evə digər şəxsin pasport qeydiyyatına alınması bilavasitə onun maraqlarına toxunur və qanunla qorunan hüquqları pozulur. Belə ki, həmin şəxsin sözügedən evə pasport qeydiyyatına alınması barədə qərar qanuni qüvvəsini alarsa gələcəkdə həmin evdən istifadə, mülkiyyət hüququna dair mübahisələr yaranacaq. Birinci instansiya məhkəməsi hələ X3 cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbi barədə inzibati mübahisəyə dair işə baxarkən həmin evdə qeydiyyatda olanlar barəsində müvafiq məlumat əldə edib lazımı prosessual tədbirlər görməli idi. Belə ki, qanunverici Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən fərqli olaraq, inzibati prosesdə işə baxan məhkəməyə daha geniş səlahiyyət vermişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Bundan əlavə, birinci instansiya məhkəməsi məlum olmayan səbəbdən mübahisənin eyni ünvanda yerləşən iki fərqli ev olması qənaətinə gəlməsinə münasibətdə qeyd edir ki, bu hal həqiqəti əks etdirmir, həmin ünvanda 2 otaqlı 24 kv.mdən ibarət cəmi bir ev var. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPMin 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. … Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı: 1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İşin faktiki halları ilə müəyyən edilir ki, ərizəçi ünvanda yerləşən 1 otaqlı mənzildə qeydiyyatda olmaqla, heç bir hüquqmüəyyənedici sənəd olmadan yaşayır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılan Oktyabr rayonu X2 İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli Sərəncamının surətindən isə görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 2 otaqlı 24 kv.m mənzilin kirayədarı hesab edilmişdir. İddiaçı ərizəçinin yaşadığı yer üzrə yox, sərəncam əsasında ona ayrılmış digər 2 otaqlı yaşayış sahəsinə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan sərəncama əsasən onun kariyədarı hesab olunduğu ünvana qeydiyyata alınmışdır, ərizəçi isə həmin ünvanın ona ayrılmasına dair, eləcə də həmin ünvana hüquqlarının qeydiyyata alınmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün ərizəçinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməli olduğu hal müəyyən edilmir, ərizəçinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12168/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar