Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2111/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi və s. tələbləri barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10265/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilərək, İddiaçı mənzil uçotuna götürülməsi və müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-xx.xx.2009-cu il tarixlərdə Azərbaycan Respublikası MTN Sərhəd Qoşunlarının, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin, Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin sıralarında düşmənlə təmas xəttində yerləşən hərbi hissələr üzrə bölmə və şöbələrdə xidmətdə olmuş, xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən pensiya təyin olunmaqla ehtiyata buraxılmışdır. Xidmət dövründə növbədə olsa da, yaşayış sahəsilə təmin olunmamışdır. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2019-cu il tarixdən Bakı şəhərində kirayədə yaşayır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, 15 təqvim ilindən artıq həqiqi hərbi xidmətdə olduğu üçün mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmasına dair ərizəsi əsasında Suraxanı rayon İcra Hakimiyyətində qeydiyyata alınmış, rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə ona və ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə başlanmışdır. Lakin, cari ilin yanvar ayından mənzil kirayəsi haqqının ödənilməsi dayandırılmış, səbəbini öyrənmək üçün çoxsaylı müraciətlərdən sonra bəlli olur ki, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 143 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə N. Əliyev mənzil uçotundan çıxarılmış, bu səbəbdən də mənzil kirayəsi haqqının ödənilməsindən imtina edilmişdir. Əsas kimi övladı X6 ipoteka krediti ilə 2 otaqlı mənzil alması, digər övladı X4 Ağstafa rayonunun Poylu kəndində 0.12 ha torpaq sahəsinin birgə mülkiyyətində olduğunun müəyyən edilməsi göstərilmişdir. Hesab edir ki, qeyd edilən sərəncam tam əsassız və qanunsuzdur. Belə ki, mənzil kirayəsi haqqının ödənilməsinə hüququ olan hərbçinin yetkinlik yaşına çatmış, sərbəst iş fəaliyyətində olan və ailə qurmağa hazırlaşan övladının ipoteka krediti ilə mənzil alması həmin hərbi qulluqçunun digər ailə üzvləri ilə birgə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə tənzimlənən təminatlardan məhrum edilməsinə əsas ola bilməz. İşin birinci instansiya icraatı zamanı cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, sərəncama münasibət təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı ləğv edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına bərpa edilməsi və müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassızdır, iddiaşı Əliyev X3 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə ehtiyata buraxılmış, hərbi qulluqşu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış, və hər ay ailə üzvlərinin syına uyğun olaraq (özü, arvadı, 2 oğlu) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada mənzil kirayəsi haqqı (kompensasiya) ödənilmişdir. Qanunvericiliyə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində RİH-də uçota alınmış vətəndaşların mənzil uçotu işində yeniləmə və dəqiqləşmə aparılması zamanı İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RİH-ə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda onun övladları X4 adına Ağstafa rayonu Poylu kəndində 1200 kv.m torpaq sahəsinin, digər oğlu X6 adına isə ipoteka krediti ilə 2 otaqlı mənzil olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Mənzil Məclləsinin 55.1.2-ci, 55.1.4-cü, 55.1.5-ci maddələrinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamı ilə İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılmaqla mənzil kirayəsi xərcinin ödənilməsi dayandırılmışdır. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10265/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli, xx.xx.2019cu il tarixli “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında” sərəncamın surətindən görünür ki, Sərəncamın 1.1-ci bəndinə əsasən ehtiyata buraxılmış hərbi qulluqçu Əliyev X3 rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin Siyahısına daxil edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi”nə dair müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.71 kv.m olan mənzili X1 götürmüşdür. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 nömrəli xx.xx.2022-ci il tarixli “Mənzillə təmin olunmuş ehtiyyatda olan hərbi qulluqçuların yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundan çıxarılmaları haqqında” sərəncamından çıxarışdan görünür ki, araşdırma zamanı Suraxanı RİHB-nın xx.xx.2019-cu il tarixli 13 saylı sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə (özü) ehtiyyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RİH-ə təqdim etdiyi arayışda onun övladları X4 adına Ağstafa rayonu, Poylu kəndində 1200 kv. torpaq sahəsinin, digər övladı X6 adına isə ipoteka krediti ilə 2 otaqlı mənzil olduğu müəyyən edilmişdir. Qeyd olunanlara, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2, 55.1.4-cü, 55.1.5-ci maddələrinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə istinad edərək, Sərəncamın 1-ci bəndinə əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin siyahısından çıxarılması qərara alınmış, Sərəncamın 2-ci bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli, 143 nömrəli sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki: -1965-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1992ci il tarixən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası MTN-də həqiqi hərbi xidmətdən keçmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “V” bəndinə əsaəsn (xəstəliyə görə) Azərbaycan Respublikası Milli Təhlükəszlik Nazirliyinin xx.xx.2009-cu il tarixli, 1738 şh saylı əmri ilə ehtiyata buraxılmışdır. - 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 1238 nömrəli, xx.xx.2019-cu il tarixli arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası, Ağstafa rayonu, Poylu kəndində anadan olmuş İddiaçı dair Azərbaycan Respblikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2019-cu il tarixdə yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Arvadı – X5 (xx.xx.1970-ci il təvəllüdlü), 2. Övladı – X9 (xx.xx.1996-cı il təvəllüdlü), 3. Övladı - X7 (xx.xx.1998-ci il təvəllüdlü). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixli arayışa əsasən X6 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciəti üzrə aşağıdakı daşınmaz əmlak (əmlaklar) aşkar edilmişdir: ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, hüquq növü mülkiyyət, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 171, M6, M1 (2 otaq, ü/s 57,6 kv.m, y/s 34 kv.m) ünvanında yerləşən mənzil, JN-635 qeydiyyat nömrəli, hüququn növü ümumibirgə mülkiyyət, Ağstafa rayonu, Poylu kəndində 1.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi, JN-444A qeydiyyat nömrəli, hüququn növü ümumibirgə mülkiyyət, Ağstafa rayonu, Poylu kəndində 1.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmət keçmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.2009-cu il tarixli, 1738 şh saylı əmri ilə ehtiyata buraxılmışdır. O, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmn edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Lakin, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci, 55.1.4-cü və 55.1.5 – ci maddələrinə istinad edilməklə iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərin siyahısından çıxarılmış, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamın qəbul edilməsinə əsas olmuş işin faktiki halı isə ondan ibarət olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RİH-ə təqdim etdiyi arayışda onun övladları X4 adına Ağstafa rayonu, Poylu kəndində 1200 kv.m torpaq sahəsinin, digər övladı X6 adına isə ipoteka krediti ilə 2 otaqlı mənzil mövcuddur. Həmçinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı arvadı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə yaşayır. Məhkəmə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin «b» bəndinə əsasən xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. Qeyd olunanlar iddiaçının həyat yoldaşı ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması halları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin hallarından müəyyən edilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsinə istinad etməklə iddiaçını güzəştli mənzil növbəsindən çıxartmaqda iddiaçıya münasibətdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların heç biri iddiaçıya münasibətdə tətbiq edilə bilməz. O cümlədən iddiaçının övladlarının mülkiyyətlərində daşınmaz əmlakın olması iddiaçının güzəştli mənzil növbəsindən çıxarılmasına əsas vermir. Belə ki, iddiaçının övladları müstəqil fərd olaraq həddi buluğa çatmış və müvafiq qaydada əmlak əldə etmişlər. Bu halın mövcud olması iddiaçının güzəştli mənzil növbəsindən çıxarılmasına əsas sayıla bilməz. Odur ki, məhkəmə qeyd edir ki, qeyd olunan halın iddiaçıya münasibətdə tətbiq olunaraq onun güzəştli mənzil növbəsindən çıxarılması barədə qəbul edilən sərəncam qanunsuz və əsassızdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın - inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim dəlilləri də, əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10265/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2111/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2111/2023
18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver