Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2111/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X5) qarşı “yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının tələb olunması ilə əlaqədar müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4787/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Mənzil – Tikinti Kooperativi cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X5 göstərilməklə) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev 11A ünvanda inşa edilmiş çoxmənzilli binada yerləşən 20 nömrəli mənzilin 08 may 2021-ci il tarixdə X1 sonra, X6 tərəfindən mənzildə özbaşına, heç bir qanuna uyğun olmayan qaydada və hüquqi cəhətdən nəzərdə tutulmuş qaydada razılıq və məlumat vermədən apardığı yenidən qurma və yenidən planlaşdırma işlərinin qanunsuz aparması səbəbindən, bu işlərin nərticələrinin aradan qaldırılması məqsədi ilə AR-nın Mənzil Məcəlləsinin 27-ci maddəsinin tələbləri əsasında yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq bərpa edilməsinin tələb olunması və bunun üçün əsaslandırılmış müddət və qaydanı müəyyən edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev 11a ünvanında yerləşən hündür mərtəbəli (çoxmənzilli) bina "xxxx" MTK tərəfindən inşa edilmişdir. Bina tikinti və normativ qayda və tələblərinə uyğun olaraq tikilmişdir. Binada yerləşən mənzillərdən biri də 20 nömrəli olmuş və həmin mənzil 08 may 2021-ci il tarixdə X3 tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmışdır. Bundan sonra, X5 öz mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədi ilə DƏDRX-ə müraciət etmiş və çıxarış almışdır. Çıxarış aldıqdan sonra mənzilin ümumi sahəsində azalmaların olması barədə həmin çıxarışda qeyd olunaraq, ümumi sahənin 150.7 kvadrat metr olduğu müəyyən olunmuşdur. Bunu görən X5 iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və azalmış kvadratların pul ilə əvəzinin yenidən "xxxx" MTK-dan geri qaytarılması tələbi ilə çıxış etmişdir. MTK da öz növbəsində mənzildə aparılmış qanunsuz və özbaşına yenidən qurma və ya yenidən planlaşdırma işləri nəticəsində mənzilin əvvəlki vəziyyətə gətirilməsi və s. barədə qarşılıqlı iddia ərizəsi ilə çıxış etmişdir. Məhkəmə prosesləri zamanı tikinti-texniki ekspertizasının keçiriməsi barədə məhkəmə qərardadı qəbul olunmuş və məhkəmənin qəradadının icra olunması üçün xx.xx.2022-ci il tarixli, 10/5575 nömrəli ekspert rəyi tərtib olunmuşdur. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllədə İddiaçı tərəfindən inşa edilmiş "A" blokunda, 4-cü mərtəbədə yerləşən X4 məxsus 20 saylı mənzildə 8 saylı tikilinin arakəsmə divarları sökülərək 1 saylı tikilinin tərkibinə daxil edilmişdir, 1 saylı tikili ilə 7 saylı sanitar qovşağı arasında olan divar sökülərək arxa hissədən inşa edilmişdir. 6 saylı sanitar qovşağının qapısı bağlanaraq, 1 saylı otağa tərəf olan hissədən açılmış, 3 və 4 saylı otaqlarda arakəsmələr hörülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1878 nömrəli təkrar rəyinin 4-cü səhifəsinin 5-ci abzasında da qeyd olunur ki, həmin mənzildə konstruktiv dəyişikliklik edildiyi müəyyən olunmuşdur. Buna baxmayaraq, işə baxmış məhkəmə azalma məbləğləri üzrə hesablanmış 4275 (dörd min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin MTK-dan tutularaq X2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minməmiş və qanunverciliklə nəzərdə tutulmuş qaydada tərəflərindən müvafiq apellyasiya şikayəti verilmişdir. Hal-hazırda mənzilin ümumi sahəsinin azalmasının faktiki tərəfi kimi, mənzilin mülkiyyətçisi X2 təqsirindən yaranmışdır. Çünki mənzildə aparılmış bu özbaşına işlər, qanuna zidd hərəkətlərin hamısı X5 tərəfindən şəxsən icra olunmuşdur (aparılmışdır). Baxmayaraq ki, qeyd edilən işlərin aparılması üçün ilk öncə yerli icra hakimiyyəti orqanı, yəni Cavabdeh ilə bu barədə razılaşma əsasında həyata keçirilə bilərdi. Bunun üçün X5 AR-nın Mənzil Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş prosedur qaydaya riayət etməklə, Cavabdehə müraciət etməli idi. Ancaq bunların heç birinə əməl etmədən, özbaşına yenidən tikinti quraşdırma işləri aparmaqla mənzilin ilkin əvvəlki vəziyyətdə olan quruluşunu öz istəyinə uyğun olaraq dəyişmişdir. Özü də həmin dəyişiklərin sonradan qanunsuz hesab olunması Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 189/23 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Ancaq həmin qanunsuzluğun aradan qaldırılması ilə bağlı iddia tələbinin həyata keçirilməsi üzrə subyektiv hüququn həmin iş üzrə Cavabdehə aid olması səbəbindən, MTK-nın iddia tələbləri həmin hissədə rədd olunmuşdur. Bu səbəbdən, AR-nın Mənzil Məcəlləsinin 27-ci maddəsinin tələbləri baxımından bu qanunsuzluqların aradan qaldırılması və əsassız hesab olunaraq müvafiq hüquqi tədbirlərin görülməsi ilə bağlı Cavabdehdə inzibati icraat işi açılmalı olduğundan, tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavabdeh inzibati orqana müraciət olunmuşdur. Həmin müraciətlə birbaşa "İnzibati icraat haqqında" AR-nın Qanunun tələbləri əsasında müvafiq inzibati icraatın açılması və bunun da nəticəsində müvafiq Qərarın qəbul olunması xahiş olunmuşdur. Göstərilən müraciət rəsmi qaydada cavabdeh inzibati orqana göndərilmiş və onun (cavabdeh) tərəfindən də xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır. Müraciətin olunmasından 38 gün keçməsinə baxmayaraq, bu günə kimi həmin müraciətə nə münasibət bildirilmiş, nə də ki rəsmi cavab belə verilməmişdir. Bu isə onu bildirir ki, cavabdeh inzibati orqan "İnzibati icraat haqqında" ARnın Qanununun tələblərini pozmuş və üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, mübahisə predmeti barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, M-232-073/23 nömrəli imtina məktubu ünvanlanmışdır. Mübahisə predmetinin işin mahiyyətinə və tərəflər arasındakı münasibətə hər hansı aidiyyəti yoxdur və bu barədə Cavabdehin hər hansı öhdəliyi yaranmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4787/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ümumiyyətlə icra hakimiyyəti başçısının səlahiyyətlərinə istinad etməklə, iddianın mümkünsüzlüyü əsaslarını ortaya qoyması qanunvericiliyin tələb və göstərişlərinə həm ziddir, həm də əsassızdır. Ona görə ki, Əsasnamənin nə 4.9.12-ci bəndinin bura heç bir aidiyyəti olmamışdır, nə də ki 3.9.6-cı bəndə fikir verilməmiş və öhdəlik hissəsini nəzərə almadan ancaq səlahiyyətlərinə istinad etməklə, məqsəd iddianın mümkünsüz sayılmasına xidmət edən yekun məhkəmə qərarı çıxartmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Bəhlul İskəndərov ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Hazırki tələbində iddiaçı üçüncü şəxs tərəfindən mənzildə konstruktiv dəyişikliklərin aparılması nəticəsində mənzilin sahəsinin dəyişdirilməsinə səbəb olan aparılmış yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılaraq bərpa edilməsi və bunun üçün əsaslandırılmış müddət və qaydanın müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 27.4-cü maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; 1.10-cu bəndinə əsasən həmin Məcəllənin 21.1-ci, 24.1-ci, 24.2.6cı, 28.3-cü, 28.4-5-ci (ikinci halda) və 143-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqları ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə mülkiyyətçi yaşayış sahəsində konstruktiv dəyişikliklər apara bilər, digər halda, yəni icazəsiz aparılmış dəyişikliklər isə özbaşına yenidən qurulma hesab edilir. Bunun nəticəsində razılaşdırmanı həyata keçirən orqan (müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum) yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edə bilər, tələb vaxtında yerinə yetirilmədikdə həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etmək hüququ məhz razılaşdırmanı həyata keçirən orqana - müvafiq icra hakimiyyəti orqanına verilmişdir, həmin tələb ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs (mülkiyyətçi) isə öz növbəsində həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki işdə iddiaçı səlahiyyəti olmadığı halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4787/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4787/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2111/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2111/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver