Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2112/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5064/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdən tərxis edilməsi barədə əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixində öd kissəsində kəskin ağrı şikayəti ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına müraciət etmiş və həmin zaman ağrıların kəskin olması səbəbindən iddiaçıya ağrıkəsici dərmanlar vurulmuşdur. Bununla əlaqədar, iddiaçı xx.xx.2021-ci il tarixində cərrahiyyə əməliyyatı keçirmiş, xx.xx.2021-ci il tarixində ambulator müalicə üçün evə buraxılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Məhz keçirilmiş cərrahiyyə əməliyyatı sonrası iddiaçı narkotik vasitələrin analizini vermişdir. Məlumdur ki, cərrahiyyə əməliyyatı zamanı xəstələr ağrıkəsici və keyidici dərmanlar qəbul edirlər. Hətta əməliyyat zamanı da bu cür dərmanlar xəstələrin özləri də bilmədən bədəninə yeridilir. Bununla belə qənaətə gəlmək olar ki, narkotik vasitələrin analizinin nəticəsinin müsbət çıxması iddiaçının cərrahiyyə əməliyyatından sonra analiz nümunələrini verməsi ilə birbaşa bağlıdır. Bundan əlavə əməliyyatdan sonra iddiaçıya həkim tərəfindən “Menloksan”, “Nomicine”, “Pantoran”, "Melorna”, “Ornoenzym” adlı müxtəlif dərmanların qəbulu tövsiyə olunmuşdur. İddiaçı tövsiyə olunmuş bu dərmanları mütəmadi olaraq qəbul etmişdir. Bu dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 09 dekabr 2021-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 1279 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir narkotik və psixotrop maddələrin izləri aşkar edilməmişdir. Bu, bir daha onu deməyə əsas verir ki, iddiaçı narkotik və psixotrop maddələrinin aludəçisi deyil, DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik və psixotrop maddələri mütəmadi olaraq qəbul edirdisə, bu, sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə iddiaçı qanunsuz əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı 2008-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olmuş, 2013-cü ildə təhsil müəssisəsini bitirərək, zabit qismində xidmətini davam etdirmişdir. Xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş, pul mükafatları almışdır. Silahlı Qüvvələrin 95, 100 illik yubiley medalları ilə və təhlükəsizlik orqanlarının 100 illik yubiley medalı ilə təltif edilmişdir. Xidmət dövründə nümunəvi, əmr və təlimatların tələblərinə riayət edən, vətənpərvər hərbçi kimi xarakterizə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizəsinə baxılmışdır. Daxil olmuş iddia ərizəsi ilə bağlı aidiyyəti strukturların verdiyi məlumatlar əsasında araşdırma aparılmış və iddiaçı tərəfindən verilmiş iddia əsassız hesab olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydasının 2-ci bəndinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. DTX-də qəbul olunmuş normativ akta əsasən növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. Yoxlama zamanı İddiaçı qeyri-səmimilik nümayiş etdirərək orqanizmində narkotik vasitənin aşkarlanmasını 2021-ci ilin sentyabr ayında keçirdiyi cərrahiyyə əməliyyatından sonra həkimin təyinatı üzrə qəbul etdiyi dərman preparatları ilə əlaqələndirməyə çalışsa da, ondan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, İddiaçı cərrahiyyə əməliyyatı zamanı istifadə olunan, habelə əməliyyatdan sonra təyin edilmiş dərman preparatlarının heç birinin tərkibində “marixuana (TCH)” narkotik maddəsi mövcud deyildir. İddiaçı götürülmüş qan və sidik nümunələri bu sahə üzrə “beynəlxalq qızıl standart” sayılan maye-xromotoqrafik (LC-MS-MS) analiz metodu ilə yoxlanılmış və bunun nəticəsində “marixuana (TCH)” narkotik maddəsi aşkar edilmişdir. Eyni zamanda, İddiaçı hüquqlarını müdafiə edən 21 saylı Vəkillər bürosunun vəkili Vəkil1 10 dekabr 2021-ci il tarixli 122 nömrəli müraciəti əsasında iddiaçının xəstəlik tarixindən çıxarış, onun əməliyyat zamanı istifadə olunan, eləcə də əməliyyatdan sonra təyin edilmiş dərmanlar barədə, həmçinin narkotik maddələrin nəticəsinə dair məlumatlar, ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətləri onların tərəfindən vəkilə təqdim edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq DTXnin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində cərrahiyyə əməliyyatı keçirmiş, bu əməliyyatdan sonra ona həkim X2 tərəfindən müvafiq dərmanların qəbulu tövsiyyə olunmuş, həmin dərmanların siyahısı olan resept məhkəməyə təqdim edilmişdir. Cərrahi əməliyyat sonrası tövsiyə olunan dərman vasitələrinin mütamadi olaraq birlikdə qəbul edilməsinin narkotik analızın müsbət nəticə vermə ehtimalının olmasıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X4 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2022 saylı, 20 aprel 2022-ci il qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması» Qaydasının 2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. İş materiallarından göründüyü kimi növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. İddiaçıdan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirildiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2022 saylı, 20 aprel 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2112/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2112/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver