Məhkəmə qərarları › İş №2-1(103)-2113/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2113/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2113/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 121 nömrəli mənzilin üzərində mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)- 2469/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X7 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 121 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda "xxxx" MMC tərəfindən yüksək mərtəbəli, çox mənzilli ofis və yaşayış binasının tikintisinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncam verilmişdir. Binanın MMC tərəfindən 2006-cı ildə layihələndirilmiş Eskiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəyinə əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına icazə verilmiş, həmin rəyə əsasən bina zirzəmi, kürsülü, 12 mərtəbə + texniki mərtəbədən ibarət olmalıdır. "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunan yüksək mərtəbəli, çox mənzilli ofis və yaşayış binasına dair həmin MMC ilə "xxxx" MMC arasında xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 2-ci blok, 7-ci mərtəbə, 127,65 kv.m. sahəsi olan, 3 otaqdan ibarət 121 nömrəli mənzilə dair onunla xx.xx.2006-ci il tarixdə 165 saylı payçı müqaviləsi bağlanmış, mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Bu barədə xx.xx.2011-ci il tarixli 1/63 saylı Maliyyə arayışı verilmişdir. Hal-hazırda İddiaçı ona ayrılan mənzili tam təmir edib ailəsi ilə birlikdə 15 ilə yaxındır ki, orada yaşayır. Həmin bina hazırda “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunur. Beləliklə, həmin mənzilə onun mülkiyyət hüququ yaranmışdır. Sonradan iddiaçı tələbini dəyişdirmiş və iddiaçının nümayəndəsi və vəkilinin sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin, ümumi sahəsi 127,65 kv.m. olan 121 nömrəli mənzili üzərində mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş Mənzil Tikinti Kooperativi üzvlərinin iclas protokoldan çıxarış və maliyyə arayışı təqdim olunmalıdır. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 116.3 kv.m olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2469/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-nin Gəncə prospekti 2935 A ünvanda tikəcəyi yaşayış binasının 2-ci blok 6-cı mərtəbəsindən 3 otaqlı mənzilə dair MMC ilə iddiaçı arasında mənzilin iddiaçıya satılması barədə, 21 sentyabr 2006-cı il tarixli, 165 №-li Müqavilə bağlanmışdır. "xxxx" MMC-nin, 01 oktyabr 2011-ci il tarixli, 1/63№-li Maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, 2935A ünvanında tikilən 2 bloklu yüksək mərtəbəli binanın 2 blok, 7 mərtəbəsi 121 nömrəli 127,65 kv.m. olan mənzilin tikintisi üçün müqavilə şərtlərinə uyğun bütün dəyəri 41001,18 manat olmaqla ödənilmişdir. Onun mənzilin tikintisi ilə əlaqədar müqavilə üzrə heç bir borcu yoxdur. Hal-hazırda İddiaçı ona ayrılan mənzili tam təmir edib ailəsi ilə birlikdə 10 ilə yaxındır ki, orada yaşayır. Belə ki, “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 18 fevral 2025-ci il tarixli, 10/2025 nömrəli “Yaşayış yeri haqqında” arayışa əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksək mərtəbəli, çox mənzilli yaşayış binasının 121 №-li mənzilində, 2015-ci ildən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. Həmin bina hazırda “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunur, bina bütün kommunal xətlərlə, o cümlədən işıq, qaz, su, kanalizasiya, internet ilə təchiz olunmuş və sakinlər 15 ildən artıqdır ki, həmin binada yaşayır. Belə ki, iddiaçının mülkiyyət hüququnun qeydə almaq istədiyi daşınmaz əmlakın yerləşdiyi binanın istismara qəbul aktının olmaması işin mübahisələndirilməyən halıdır. İddiaçı bu halla bağlı bildirir ki, cavabdeh İdarə həmin binada bir neçə mənzilə mülkiyyət hüququna qeydə aldığından bərabərlik prinsipinə istinad edərək onun hüququnu da qeydə almalıdır. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, bina ilə bağlı lazımi sənədləri cavabdeh inzibati orqan iddiaçıdan tələb etmişdir. Həmin sənədlər inzibati orqana təqdim edilmişdir. Birinci instansiya məhkəmə tərəfindən hazırkı inzibati iş üzrə qərar qəbul edildikdən sonra analoji işlə bağlı birinci instansiyası məhkəməsinin iddia tələbinin təmin olunması üzrə 04 fevral 2025-ci il tarixli qərarı qəbul olunmuş və 20 may 2025-ci il tarixində qərar icra edilmiş və vətəndaşa çıxarış verilmişdir. Binanın ünvanında sənədlərdə müəyyən fərqliliklər mövcuddur, lakin digər işin çərçivəsində alınmış sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ilə eynilik təşkil edir. Məhkəmə təcrübəsinə görə cavabdeh tərəfindən iddianın təmin edilməməsi zamanı məhkəmə qərarından artıq yuxarı instansiya məhkəməsinə şikayət verilmir. Belə ki, sözügedən bina 20 il əvvəl inşa edilmiş yaşayış sahəsidir. Bina sakinləri 20 ildir ki, orada yaşayırlar. İddiaçı ona məxsus olan mənzildə 10 ildən artıq müddətdir ki, yaşayır. Mənzilə keçirilən baxış zamanı iddiaçının, həqiqətən də, orada yaşaması müəyyən edilmişdir. Mənzillə bağlı kommunal sənədlər məhkəməyə təqdim edilmişdir. Müqavilənin əsli də məhkəməyə təqdim edilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, inzibati orqan tərəfindən istismara icazə aktının olmaması səbəbindən istismara icazəsi olmayan bütün binalardakı mənzillərə çıxarış verilməsi tələbindən imtina edilmişdir. Lakin daha sonra analoji işlər üzrə iddiaların təmin olunmasına yönələn yeni məhkəmə qərarları qəbul edildikcə artıq oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşmışdır. Məhkəmə sorğusuna cavab olaraq binada 5 ədəd mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş olduğu bildirilmişdir. Bu şəkildə şəxslərin yaşadığı məzilə çıxarışın verilməsi təmin olunur. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suala cavab olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı qərarları əvvəllər tərəflərindən mübahisələndirilsə də, şikayətlər təmin edilmirdi. Hazırkı mərhələdə vahid məhkəmə təcrübəsi olduğuna görə artıq məhkəmə qərarları mübahisələndirilməyərək tərəflərindən icra edilir. İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, iş materiallarında olan, məhkəmə tərəfindən tədqiq edilmiş və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən sənədlərdən aşağıdakılar müəyyən edilir: - "xxxx" MMC-nin Gəncə prospekti 2935A ünvanda tikəcəyi yaşayış binasının 2-ci blok 6-cı mərtəbəsindən 3 otaqlı mənzilə dair MMC ilə İddiaçı arasında mənzilin iddiaçıya satılması barədə 21 sentyabr 2006-cı il tarixli, 165 №-li Müqavilə bağlanmışdır. - "xxxx" MMC-nin 01 oktyabr 2011-ci il tarixli, 1/63 №-li Maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, 2935A ünvanında tikilən 2 bloklu yüksək mərtəbəli binanın 2 blok, 7 mərtəbəsi 121 nömrəli 127,65 kv.m. olan mənzilin tikintisi üçün müqavilə şərtlərinə uyğun bütün dəyəri 41001,18 manat olmaqla ödənilmişdir. Onun mənzilin tikintisi ilə əlaqədar müqavilə üzrə heç bir borcu yoxdur. - “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 18 fevral 2025-ci il tarixli, 10/2025 nömrəli “Yaşayış yeri haqqında” arayışına görə, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksək mərtəbəli, çox mənzilli yaşayış binasının 121 №-li mənzilində, 2015-ci ildən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. - "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Q0009-8/2024 **********76 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin İdarəyə təqdim edilmədiyi müəyyən edilmişdir. - İş materiallarında olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ilə eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cu maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X4 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Birinci instansiyası məhkəməsi qərarında aşağıdakıları qeyd etmişdir: “ ... iddiaçının mülkiyyət hüququnun qeydə almaq istədiyi daşınmaz əmlakın yerləşdiyi binanın istismara qəbul aktının olmaması işin mübahisələndirilməyən halıdır. İddiaçı bu halla bağlı bildirir ki, cavabdeh İdarə həmin binada bir neçə mənzilə mülkiyyət hüququna qeydə aldığından bərabərlik prinsipinə istinad dərək onun hüququnu da qeydə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarında qeyd olunan halların araşdırılması üçün məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə sorğu verilmişdir. Cavabdeh sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, xx.xx.2024-cü il tarixli məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A saylı binada 5 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin məktuba sözgedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti əlavə edilmişdir. Məhkəmə tərəfindən həmin sənədlərə baxış keçirilərkən müəyyən olunur ki, həmin binada yerləşən mənzillər üzərində hüquqların qeydiyyata alınmasına əsas məhkəmə aktları olmuşdur. Cavabdeh inzibati orqan qeyd olunan yaşayış binasında digər mənzillərə mülkiyyət hüququnu özü tərəfindən qeydə almamış, yəni məhkəmə təcrübəsi inzibati orqanın öz təcrübəsinə çevrilməmişdir. Göründüyü kimi, istismara qəbul aktı olmamış binada mənzillərə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh İdarənin inzibati praktikası mövcud deyil. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasında yerləşən digər mənzillərə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar məhkəmə aktları əsasında verildiyindən hazırkı iş üzrə etimad bərabərlik hüququnun qorunması prinsinpinə istinad oluna bilməz. İddiaçı bərabərlik və etimad hüququnun qorunmasına o zaman istinad edə bilərdi ki, mübahisəli binada mülkiyyət hüququ qeydə alınmış mənillər məhkəmə qərarı əsasında deyil, cavabdehin öz praktikasına əsaslansın”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu yanaşması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu prinsip həm qanunvericilik səviyyəsində, həm də inzibati fəaliyyət zamanı tətbiq edilməlidir. Eyni binada, eyni hüquqi və faktiki şəraitdə yaşayan şəxslərdən yalnız bir qisminə çıxarış verilməsi, digərlərinə isə imtina edilməsi Konstitusiyanın 25-ci maddəsinə və hüququn bərabərlik prinsipinə ziddir. Eyni binada yaşayan digər şəxslərə məhkəmə qərarları əsasında çıxarış verilmişsə, bu artıq qanunla qadağan olunmayan və hüquqi presedentlə qəbul edilən haldır. Məhkəmə qərarları normativ hüquqi akt olmasa da, praktiki hüququn tətbiqi sahəsində əsas göstəricidir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarında təsbit edildiyi kimi, şəxslərin qanuni gözləntilərinə hörmət edilməlidir. Əgər eyni binada eyni faktiki və hüquqi vəziyyətdə olan digər şəxslər çıxarış alıblarsa, vətəndaş da mülkiyyət hüququnun qeydiyyata alınması istiqamətində eyni gözləntiyə sahibdir. “D.H. and Others v. the Czech Republic” işində AİHM göstərmişdir ki, eyni vəziyyətdə olan şəxslərə fərqli yanaşma – bərabərlik prinsipinin pozulmasıdır və dövlət bunu əsaslandırmalıdır. "X6 Ltd v. İreland" işində AİHM bildirmişdir ki, eyni şəraitdə olan şəxslər eyni hüquqi nəticə gözləyə bilər və dövlət bu gözləntiləri pozmamalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir İnzibati orqanın nümayəndəsinin də məhkəmə iclasında bildirdiyi kimi, artıq bu tip işlərdə iddiaçının xeyrinə qəbul edilmiş qərarlar inzibati orqan tərəfindən mübahisələndirilmir və icra edilir – yəni inzibati orqan qismən də olsa inzibati praktikasını məhkəmə qərarları əsasında formalaşdırmaq istiqamətdə hərəkət edir. Məsələn, iş materiallarında olan sənədlərdən görünür ki, eyni binada yaşayan və eyni tələblə çıxış edən X2 münasibətdə birinci instansiyası məhkəməsinin qərarı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, inzibati orqan tərəfindən mübahisələndirilməmiş və xx.xx.2025-ci il tarixdə vətəndaşa elektron çıxarış təqdim edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər mübahisələndirilmir. Mübahisələndirilən yaşayış binasının istismarına icazə sənədinin olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, əgər eyni *istismarına icazəsi olmayan* binada yaşayan digər vətəndaşlara münasibətdə mülkiyyət hüququ tanınıbsa, vətəndaşın analoji vəziyyətdə olan tələbini rədd etmək bərabərlik prinsipinin və hüquqi ardıcıllığın pozulması deməkdir və bu, məhkəmə müdaxiləsini tələb edən haldır. Beləliklə, mübahisəli yaşayış sahəsinin qanuni əsaslarla iddiaçının mülkiyyətinə (istifadə və sahiblik hüququ ilə) verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Tikintisi başa çatmış obyektlərə mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul aktının verilməsi tikintiyə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar başlanılmışdır. Qeyd edilən bina isə həmin dövrdən əvvəl inşa edildiyindən onun tikintisinə dövlət nəzarəti mövcud qanunvericiliyə uyğun həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur. Hazırda binanın müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur. Belə olan təqdirdə mübahisəli mənzilin yerləşdiyi ünvan 10 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintiyə icazə sənədinin cavabdeh inzibati orqana təqdim edilməməsi iddiaçının mülkiyyət hüququnun pozulması və ya məhdudlaşdırılması üçün ağlabatan əsas olaraq qəbul edilməməlidir. İddiaçı binanın sifarişçisi olmamış, odur ki, istismara icazə sənədlərinin təqdim edilməsi iddiaçı tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2469/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin, ümümi sahəsi 127,65 kv.m. olan 121 nömrəli mənzili üzərində mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X7 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2469/2025 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin, ümümi sahəsi 127,65 kv.m. olan 121 nömrəli mənzili üzərində mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X7 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar