Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2114/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil ştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdeh Publik Hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - xx.xx.2000-ci il tarixdə Cavabdeh PHŞ 5 nömrəli X12 bir qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsi vəzifəsinin Cavabdeh PHŞ-yə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «...İddiaçı 1999-cu ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1956-cı il təvəllüdlü X7 ilə ailə qurmuş, lakin nikaha daxil olmamış, ailə münasibətlərindən xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində (xx.xx.2021-ci il tarixdən etibarən adı: 5 saylı X17 Cavabdeh PHŞ) bir qızları doğulmuş, həmin tibb müəssisəsi tərəfindən ona qızının doğulmağı barədə tibbi şəhadətnamə də verilmiş, lakin həmin vaxt onun səhhətində problem olduğundan qızının doğumunun qeydiyyatı üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilməyib. Qızının təxminən üç yaşı olarkən X7 ilə ayrıldı, həmin vaxt o, xəstə olduğu üçün qızı atasının - X3 yanında qaldı. Qızı atasının yanında qaldığı üçün onun doğulması barədə 5 nömrəli Doğum Evi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamə də X4 qaldı. X7 ilə ayrıldıqdan sonra da qızının doğumu qeydiyyata alınmayıb. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməyib. Bu səbəbdən də qızı heç vaxt məktəbə getməyib, ona yazıb-oxumağı evdə atası X7 və bibisi X6 öyrədib. Təxminən, 3-4 il bundan əvvəl qızının doğulması barədə doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi üçün 5 nömrəli Doğum Evinə müraciət etdi və ona həmin sənədin dublikatı təqdim edildi. Daha sonra o, qızının doğumunun dövlət qeydiyyatına alınması üçün Daşkəsən rayon Qeydiyyat Şöbəsinə müraciət etdi. Lakin 5 nömrəli Doğum Evi tərəfindən ona verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatında möhür olmadığı üçün Daşkəsən rayon Qeydiyyat Şöbəsi qızının doğumunu dövlət qeydiyyatına almaqdan imtina etdi. Buna görə də həmin sənədi 5 nömrəli Doğum Evinə geri qaytardı. Bakı şəhəri Səbail ravon Qeydiyyat Şöbəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş arayışlarına əsasən də qızının doğumu dövlət qevdiyyatına alınmayıb. Hazırda qızının 22 yaşı var, lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. xx.xx.2023-cü il tarixdə, o, Cavabdeh PHŞ-yə müraciət edərək xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - xx.xx.2000-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində bir qız uşağı doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir…» Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı 13 aprel 2023-cü il tarixli imtina məktubunda isə bildirmişdir ki, “təqdim olunmuş sənədlərinizdə ziddiyyət yarandığından xx.xx.2000-ci ilə aid olan doğum haqqında tibbi şəhadətnamənin (Forma 103) verilməsi mümkün deyil. Sizə qeyd edilən məsələ ilə bağlı, doğum faktının müəyyən edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ tövsiyə olunur”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad qanunsuz və əsassızdır. Birinci növbədə, Məhkəmə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.4-cü bəndini yanlış şərh edib. Belə ki, həmin qərarın 1.4-cü bəndində itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, arxivin saxlanılmaması/itməsi/olmaması nəzərdə tutulur - arxiv saxlanılmadığı/itdiyi/olmadığı üçün itən sənədin dublikatının verilməsi mümkün olmur. İkincisi, o, cavabdehdən doğum haqqında tibbi şəhadətnamənin bərpasını deyil, həmin sənədin dublikatının mənə təqdim edilməsini xahiş etmiş, kakin cavabdeh təqdim etdiyim sənədlərdə zidiyyətin olduğunu əsas gətirərək həmin sənədin dublikatını mənə verməkdən imtina edib. Göründüyü kimi, cavabdeh öz imtinasında hazırda onun nəzdində fəaliyyət göstərən 5 nömrəli X12 xx.xx.2000-ci il tarixdə bir qız uşağı doğduğuuu inkar etməyib. Məhkəmə isə mübahisə ilə bağlı işi araşdırarkən 5 nömrəli X14 arxivində mənim xx.xx.2000-ci il tarixdə qadın cinsindən olan bir uşağı doğmağımla bağlı tibbi qeydlərin saxlanılmasını ətraflı yoxlamadan qərardad qəbul etmiş,oəmin sorğuya cavab olaraq Cavabdeh PHŞ bildirmişdir ki, xx.xx.2000-ci il tarixdə qız uşağını dünyaya gətirməsi ilə əlaqədar İddiaçı X9 qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Məhkəmə prosesində vəsatət verərək Doğum Evinin xx.xx.2000 və xx.xx.2000-ci il tarixlərə aid xəstələrin qəbulu jurnalının məhkəməyə təqdim edilməsi üçün Cavabdeh PHŞ-yə sorğu gördərilməsi xahiş edilsə də məhkəm heç bir tədbir görməmişdir, həmin qevdivvat jurnalına baxış keçirilməmiş, bundan başqa, məhkəmə mənə doğum faktının müəyyən edilməsi üçün ümumi rayon (səhər) məhkəməsinə müraciət etməyimi tövsiyvə etmiş və həmin qətnamə əsasında doğum haqqında tibbi şəhadətnamənin bərpa oluna biləcəyini qeyd etmişdir. Birincisi, qeyd etmək istəyirəm ki, doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi mövcud olduqdan sonra doğum haqqında tibbi şəhadətnaməyə ehtiyac qalmaz.Belə ki, doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi doğumun dövlət qeydiyyatı üçün əsasdır.Lakin, şəxs doğum faktının müəyyən olunması məqsədilə məhkəməyə o halda müraciət edə bilər ki. o, doğum faktını təsdiq edən sənədi başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın - həmin sənədin verilməsinə əsas olan arxiv itmiş olsun/saxlanılmasın və arxivi bərpa etmək mümkün olmasın. Doğum haqqında tibbi şəhadətnamə doğumun qeydiyyatı üçün lazımdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali X1 1.4-cü bəndinə əsasən, itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfimdən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Onun qızının doğum faktını təsdiq edən sənədin dublikatının isə alınması mümkündür. Belə ki, mən qızımı 5 nömrəli Doğum Evində doğmuşam. Buna dair xəstəxanda arxiv mövcuddur. Yəni, o, xəstəxanada doğuş həyata keçirmiş şəxs olduğumu sübut edə bilir. 5 nömrəli Doğum Evi tərəfindən mənə qızımın doğulmağı barədə tibbi şəhadətnamə də verilmişdi. Lakin həmin tibbi şəhadətnamə itib. Bu səbəbdən də həmin sənədin dublikatının verilməsi üçün cavabdehə müraciət etmişdir. Bununla da, bəlli olur ki, qızımın doğumu haqqında tibbi şəhadətnamənin (103 saylı tibbi şəhadətnamə) dublikatının qanuni qaydada əldə edilməsi mümkündür - yəni, qızımın doğum faktını təsdiq edən sənədin məhkəmədən kənar qaydada alınması mümkündür.Lakin cavabdeh təqdim etdiyim sənədlərdə ziddiyyətlərin olduğunu əsas gətirərək mənim müraciətimi təmin etməkdən imtina edərək qızımın doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Cavabdeh öz imtinasında mənim hazırda onun nəzdində fəaliyyət göstərən 5 nömrəli X12 xx.xx.2000-ci il tarixdə bir qız uşağı doğduğumu inkar etməyib. Yəni, cavabdehin imtinasının əsasını mənim 5 nömrəli X12 bir qız uşağı doğmağımla bağlı cavabdehdə məlumatın olmaması təşkil etməyib.Belə olduqda MPM-in 308 və 310.1 -ci maddəsində göstərilən tələblər ödənilmir və sübut olunmur. Belə olan halda, qızımın doğum faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi üçün əsas yoxdur. Çünki, həmin sənədi əldə etməyin məhkəmədən kənar yolu mövcuddur. Qızımın doğulması faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi üçün o halda əsas yarana bilərdi ki, cavabdehdə qızımın doğulması barədə məlumatlar/tibbi qeydlər saxlanılmasın, bu səbəbdən də tələb olunan sənədin dublikatının verilməsi mümkün olmasın…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili iddiaçının apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş və məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı onun xx.xx.2000-ci il tarixdə Cavabdeh PHŞ 5 nömrəli X12 bir qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsini tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdehə qarşı doğum haqqında tibbi şəhadətnamə verilməsi tələbinin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, işin qeyd olunan hallarından, o cümlədən, iddia ərizəsində şərh olunanlardan, habelə, cavabdehin iddiaçının müvafiq müraciətinə və məhkəmə sorğusuna ünvanlanmış cavab məktublarından aydın olur ki, iddiaçı övladının doğum haqqıda tibbi şəhadənaməsinin onda mövccud olmadığını, əri ilə ayrıldıqdan sonra uşağın atasında qaldığını, cavabdeh isə onun təqdim etdiyi ərizəsində sənədlərdə ziddiyyət yarandığını və ümumiyyyətlə, «X16»də qeydiyyat kitablarından qeydiyyatdan keçmədiyinə görə xx.xx.2000-ci ilə aid olan doğum haqqında tibbi şəhadətnamənin (Forma 103) verilməsinin mükün olmadığı bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, konkret halda, iddiaçının qızının doğum haqqında tibbi şəzadətnaməsi iddiaçının özündə yoxdur, dolayısı ilə itirmişdir. Eyni zamanda, cavabdeh X8 də belə bir doğum qeydiyyatı aşkar edilməmişdir. İş materiallarından da məhz, görünür ki, doğum haqqında tibbi şəhadətnamənin əldə olunması mümkün olmadığından, qeydiyyat orqanı tərəfindən iddiaçının qızına doğum haqqında şəhadətnamənin verilməsi mümkünsüz olmuşdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.5-ci bəndi isə nəzərdə tutur ki, doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-cı bəndinə əsasən isə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun 12 aprel 2019-cu il 3 №-li Qərarının 4-cü bəndində də məhz, məhkəmələrə izah edilmişdir ki, MPM-in 307.2.3-cü maddəsində nəzərədə tutulan doğum faktı Məhkəmə qaydasında o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Konkret halda isə iddiaçı, doğum haqqında tibbi şəhadətnaməni itirdiyi, cavabdeh tibb müəssisəsində də belə bir sənəd və ya doğum qeydiyyatı aşkar olunmadığı halda, o, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq xüsusi icraat çərçivəsində doğum faktının müəyyən edilməsi yolu ilə çatmaq istədiyi məqsədinə nail olmaq əvəzinə, mövcud olmayan tibbi şəhadətnamənin dublikatının verilməsinin cavabdehə həvalə olunması barədə tələbi ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etməklə uğursuz bir yolu seçmişdir. Halbuki, İPM-in 2.1-ci maddəsinin mənasına görə qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilə bilməz. Beləliklə də, iddiaçının cavabdeh tibb müəssisəsinə qarşı hazırkı “övladının doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsi tələbinə dair iddiasının inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından hazrıkı iddianın əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qayda»sının qeyd edilən 2.6-cı bəndinin tələbini nəzərə alan məhkəmə kollegiyası iddiaçıya izah edir ki, mülki icraat qaydasında mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində qızının doğum faktının müəyyən edilməsi tələbi ilə ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2114/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2114/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver