Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2115/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-3536/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 0,12 ha bağ sahəsinə dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-1998-ci illərdə Rabitə Nazirliyinin tərkibində işləmişdir, işlədiyi dövrdə ona Görədil qəsəbəsində 0,12 ha bağ sahəsi verilmişdir. Hal-hazırda həmin bağ sahəsi hasara alınmış vəziyyətdədir. Xəstəliyi ilə əlaqədar olaraq ilkin sənədləri (bağçılıq kitabçası, protokoldan çıxarış, eskiz layihəsi) toplaya bilməmişdir. Sonradan bağ sahəsi ilə əlaqədar olan sənədləşmə işlərini etibarnamə üzrə nümayəndəsi X1 həvalə etmişdir. Bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilsə də heç bir cavab verilməyərək sənədlərin verilməsindən imtina olunmuşdur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsindən imtina etdiyi üçün tərəfindən “bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 №-li sərəncamının icrası ilə əlaqədar “Rabitəçi” BTK-nın nizamnaməsi, bölgü sxemi, ümumi siyahı “Rabitəçi” BTK-nın arxiv qovluğuna əlavə edilməsi və gələcəkdə kooperativin üzvlərinin bağ-torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləşmənin aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim edilmişdir. Ona görə də onlarda iddiaçıya bağ sahəsinin ayrılması haqqında sənədlər mövcud deyildir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1-3-17/4148-21 №-li məktuba əlavə edilmiş Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış MM-OŞ-6/1111 №-li, xx.xx.2010-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 25 aprel 1989-cu il tarixli, 3/112 saylı qərarı ilə Binəqədi (keçmiş Kirov) rayonu, Görədil bağ massivində, radiostansiyanın ərazisində “Rabitəçi” Bağlar Tikinti Kooperativinin üzvləri üçün torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahəsi “Rabitəçi” BTK-nın nizamnaməsinə uyğun olaraq üzvlər arasında bölüşdürülmüşdür. Göstərilənləri nəzərə alaraq, “Rabitəçi” BTK-nın nizamnaməsini, bölgü sxemini, ümumi siyahını “Rabitəçi” BTK-nin arxiv qovluğuna əlavə edilməsi və gələcəkdə kooperativin üzvlərinin bağ-torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləşmənin aparılması zamanı istinad edilməsi xahiş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi sənədlər cavabdeh inzibati orqan tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edildiyindən iddia mümkün sayılmamalıdır. Beləliklə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2375/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlər cavabdeh inzibati orqanda olduğu üçün tərəflərindən rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqana müraciət olunaraq, Görədil qəsəbəsində 0.12 ha bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********79 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla müraciətinə imtina verilmiş və bildirilmişdir ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına müraciət ediləcəyi təqdirdə müraciətlərində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Hesab edir ki, imtina əsassızdır, cavabdeh orqan müraciətinə imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 0,12 ha bağ sahəsinə dair çıxarış verilməsi və bağ sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil yenidən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən verilmiş 142 №-li xx.xx.1993-cü il tarixli orderlə İddiaçı “Rabitəçi” bağ tikinti kooperativi nəzdində ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 142 №-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-3536/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müvafiq tələblə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən İdarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən verilmiş 142 №-li xx.xx.1993-cü il tarixli orderlə İddiaçı “Rabitəçi” bağ tikinti kooperativi nəzdində ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 142 №-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla, iddiaçının istifadəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ИТ-İ seriyalı ******* №-li xx.xx.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Rabitə Nazirliyinin tərkibində fəaliyyət göstərən müxtəlif idarələrdə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı nümayəndəsinə təqdim olunmuş Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli 478 №-li Qərarının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin rəhbərliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə xx.xx.1993-cü il tarixli P-İ/10 nömrəli məktubla müraciət edərək, bildirmişdir ki, Nazirliyin Görədil qəsəbəsində yerləşən radiostansiyası keçmiş SSRİ-nin bir sıra şəhəri ilə telefon-teleqraf əlaqəsi yaradırdı. Rabitə avadanlığının təkmilləşdirilməsi nəticəsində bu radiostansiyadan istifadəyə ehtiyac qalmadığına görə Rabitə Nazirliyinin xx.xx.1993-cü il tarixli 40 nömrəli əmrinə əsasən radiostansiya tam ləğv edilmişdir. Radiostansiyanın ləğv edilməsi ilə əlaqədar 120 min kv. metr torpaq sahəsi boşaldılmışdır (və ya 100 nəfərli 1200 kv. metr hesabı ilə bağ sahəsi). Qeyd olunanlar nəzərə alınmaqla İcra Hakimiyyəti rabitəçilərin sosial şəraitinin yaxşılaşdırılması bağçılıq təsərrüfatının inkişaf edilməsi ilə əlaqədar olaraq aşağıdakılara dair sərəncam vermişdir: 1. Boşaldılan radiostansiyanın ərazisinin rabitə işçilərinə bağ sahəsi təşkil edilməsi üçün icazə verilsin. Ayrılan 100 bağ sahəsindən Rabitə Nazirliyinin razılığı ilə (məktub №P-İ/10, xx.xx.1993). 15 bağ sahəsi İcra Hakimiyyətinin sərəncamında saxlanılsın. 2. Rabitə Nazirliyi bağ veriləcək şəxslərin siyahısını və yerin bölüşdürülməsi planını Binəqədi rayon İcra Hakimiyyətinə təqdim etsin. 3. Bağ sahəsində sosial- şəraiti və arxitektura tələblərinə riayət edilməsi Nazirliyə həvalə edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Rabitə Nazirliyi (“Rabitəçi” bağ tikinti kooperativi) tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 142 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı İsmayıl qızına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 478 №-li qərarına əsasən Binəqədi rayonu Görədil qəsəbəsində 0,12 ha sahədən ibarət 142 №-li bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 2375/2021 saylı qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Görədil qəsəbəsində verilmiş 0,12 ha bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərardadı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Eyni zamanda Qərardadda qeyd olunmuşdur ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı "Rabitəçi" Bağlar Tikinti Kooperativinin üzvü olmuş və ona xx.xx.1993cü il tarixli, 142 №-li orderlə Binəqədi rayonu, Görədil qəsəbəsində sahəsi 0,12 ha olan 142 №-li torpaq sahəsi verilmişdir, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona Görədil qəsəbəsində verilmiş 0,12 ha bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə “Rabitəçi" Bağlar Tikinti Kooperativinə aid sənədlər xx.xx.2010-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim edilmişdir. İş materiallarında olan iddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********79 №li xx.xx.2021 tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 142 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar bildirmişlər ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına (Nizami rayonu, X.R.Ulutürk küçəsi 20) müraciət ediləcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanunamüvafqi qaydada baxılacaqdır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********44 saylı məktubunda qeyd olunmuşdur ki, “Rabitəçi” bağ tikinti kooperativi nəzdində ayrılmış Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0,12 hektar olan 142 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Məlumat üçün bildirirlər ki, “Rabitəçi” bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 142 nömrəli bağ sahəsi (0,12 hektar, 142 nömrəli xx.xx.1993-cü il tarixli order) qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (bağ sahəsinə dair verilən order) mövcud olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya həmin əmlak üzərində hüququn onun adına qeydiyyata alınması barədə çıxarış verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən İdarəyə təqdim edilmədiyi səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını təsdiq edən çıxarışın və bağ sahəsinin plan ölçünün verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-3536/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2115/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2115/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver