Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2116/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X3 və X4) “kompensasiyanın ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətində olan Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin evin qanunsuz olaraq sökülməsi nəticəsində ona dəymiş 42938 (qırx iki min doqquz yüz otuz səkkiz) maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsi 1/3 hissədə iddiaçının paylı mülkiyətindədir və həmin evə dair DƏDRX tərəfindən MH-0162956 seriyalı **********89-10301 reyestr nömrəli xx.xx.2009-cu il tarixli Çıxarış verilmişdir. Bakı Şəhər İcra Hakimiyəti tərəfindən ona məxsus mənzil sökülmüş və yerində park tikilmişdir.Bu barədə iddiaçının heç bir razılığı olmamış, hər hansı müqavilə bağlanılmamış və heç bir məhkəmə qərarı olmadan sökülmüşdür. İddiaçı qeyd etmişdir ki, həmin sökülmüş mənzil iddiaçının yeganə yaşayış yeri idi və hal hazırda kirayə evlərdə və ya qohumlarının evində qalır, yaşamağa ev yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə dəymiş zərərin ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizənin xx.xx.2021-ci il tarixdə tərəfindən qəbul edilməsinə baxmayaraq heç bir cavab verilməmiş ona dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir müsbət addım atılmamışdır. Qeyd edilmişdir ki, evin digər paylı mülkiyyətçiləri bacıları X9 və X14 ilə Bakı Şəhəri Mənzil Kommunal Təsərüffatı Departamenti arasında 19 Noyabr 2021-ci il tarixli alqı satqı müqaviləsinə əsasən onlara məxsus paylar satılmış və hər iki bacısı 42938 manat məbləğində pul ödənilmişdir. Payların bərabər olduğunu nəzərə alaraq ona da ödənilməli olan məbləğ 42938 manatdır. Mənzilinin iddiaçının razılığı olmadan sökülməsi iddiaçının səhvi deyil. Ev sökülmədən əvvəl iddiaçı ilə razılıq əldə edilməli idi. İddiaçı hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus mənzil qanunsuz olaraq sökülmüşdür və ona görə də ona dəymiş maddi zərər ödənilməlidir. Məhkəmənin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə X3 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxslər X3 və X4 eyni zamanda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin razılıqları alınmadan satılması və sökülməsi nəticəsində cavabdeh tərəfindən onlara vurulmuş zərərin əvəzi olaraq üçüncü şəxslərin hər birinin payından hər biri üçün ayrı-ayrılıqda 5000 manat olmaqla, ümumilikdə hər birinə 15000 manat məbləğində, cəmi olaraq ikisinə 30000 manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər iddialarını onunla əsaslandırmışlar ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X1 və X2 Bakı şəhəri, ünvan 2 ünvanındakı mənzilə dair istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2010-cu il tarixli qərarı ilə üçüncü şəxslərin kassasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X3 və X2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının itirilməsi barədə İddiaçı iddiasının təmin edilməsinə dair Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilərək, həmin mənzildən istifadə hüquqları olan şəxs kimi tanınıb Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin qismən - X3 və X2 Bakı şəhəri, ünvan 2 ünvanına dair yaşayış hüquqlarının itirilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları hissəsində ləğv edilməsi, İddiaçı üçüncü şəxslərə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2010-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə yekun qərar qəbul edilmişdir. Bir müddət öncə üçüncü şəxslərə məlum olmuşdur ki, qeydiyyatda olduqları Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 16 noyabr 2021-ci il tarixində notarial qaydada İddiaçı, X9 və X14 arasında əmlak bölgüsü barədə müqavilə bağlanılmış, daha sonra isə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 57.9 kv.m sahəyə malik olan paylı mülkiyyətlərin alqısatqısı ******* nömrəli, AN-İ seriyalı, 19 noyabr 2021-ci il tarixli notarial qaydada tərtib edilmiş alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə satılmışdır. Üçüncü şəxslərin istifadə hüquqlarının mövcud olduğu bir mənzildən isə razılıq və ya məhkəmə qərarı olmadan qeydiyyatdan çıxarılmaları və istifadə hüquqlarının məhdudlaşdırılması qanunsuzdur. Mənzilə dair hər hansı özgəninkiləşdirilmə əməliyyatları həyata keçirirlərkən (alqısatqı, bağışlama, ipoteka yüklü edilmə və sair) üçüncü şəxslərin razılığının alınması vacib olsa da, burada pozuntuya yol verilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X3 və X4) “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxslər X3 və X4 tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2- 1(103)-557/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2- 1(112)-5423/2022 saylı qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8390/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 və X4 İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 3413/2023 nömrəli qərardadı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8390/2023 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ləğv edilmiş və üçüncü şəxslər X3 və X2 Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə Səbail rayonu, 1ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə görə 42938 (qırx iki min doqquz yüz otuz səkkiz) manat məbləğində kompensasiya tutulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazıl etiraza uyğun tərtib edilmişdir. Eyni zamanda X3 və X4 qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* seriya nömrəli çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində istifadədə olan 0.0075 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 4 otaqlı, 61.1 kvm yaşayış, 35.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı müliyət hüququ üzrə X5 – 1-ci mərtəbə, İddiaçı – 2-ci mərtəbədən 1/3 hissə, X7 – 2- ci mərtəbədən 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Notariat işində olan X14, X9 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmlak bölgüsü barədə müqavilədən görünür ki, həmin ünvanın onlara məxsus olan 57.9 kv.m-nin (2-ci mərtəbə) real bölgüsünü aşağıdakı kimi aparmışlar: X10 1/3 hissə - 19,3 kv.m; X6 1/3 hissə - 19,3 kv.m; İddiaçı 1/3 hissə - 19,3 kv.m. - xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X9 və X14 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus hissəsini (19.3 kv.m) Alıcı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişlər və müqavilədə daşınmaz əmlakın satış qiyməti hər birinə məxsus hissə üçün 42938,00 manat müəyyən edilmişdir. - “Torpaq sürüşməsi təhlükəsi olan, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 254 saylı sərəncamına əsasən ünvan 6 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638,0 (Beş milyon səkkiz yüz bir min altı yüz otuz səkkiz) manatının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentimin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 7 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin (qarajların) istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsini və ərazinin abadlaşdırılmasını təmin etməsi qərara alınmışdır. - Cavabdeh Başçısı xx.xx.2021-ci il tarixli 254 nömrəli sərəncama əsasən ünvan 8 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə, "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638,0 (Beş milyon səkkiz yüz bir min altı yüz otuz səkkiz) manatını Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentiinin təqdim etdiyi bank hesabına köçürülməsini təmin edilməsi qərara alınmışdır. - Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisinin "xxxx" ASC BAŞ ofisindəki depozit hesabina İddiaçı adına 42939 manat depozit vəsaiti köcürülmüşdür. Hal-hazırda "xxxx" ASC BAŞ ofisindəki depozit hesabında 42939 manat pul vəsaiti mövcuddur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq — bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.8. iddiaçı — bu Qanuna əsasən alınmanın təsirinə məruz qalan, kompensasiya iddiasında olan şəxs; 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinin ümumi sahəsi 57.9 kv.m təşkil edir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh orqan tərəfindən X9 və X10 qiyməti hər birinə məxsus hissə üçün ayrılıqda 42 938,00 manat ödənimişdir. Göründüyü kimi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət olması, həmin fərdi yaşayış evinin 1/3 hissənin (19,3 kv.m) İddiaçı məxsus olması iddiaçının həmin mənzilə dair mənzil hüquqlarının olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X9 və X14 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus hissəsini (19.3 kv.m) Alıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişlər və müqavilədə daşınmaz əmlakın satış qiyməti hər birinə məxsus hissə üçün 42938,00 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri X9 və X14 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılması və əmlakın dəyərinin yalnız onlara münasibətdə ödənilməsi həmin mənzilin digər (1/3 hissədə) mülkiyyətçisi olan (iddiaçı) İddiaçı münasibətdə fərqli rəftar olmaqla hüquq bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirməlidir. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X8rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X15rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015) Apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki , sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri X9 və X14 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əmlakın dəyərinə mütənasib olaraq hər birinə 42 938,00 manat ödənildiyini nəzərə alınaraq iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Bir sözlə qeyd edilən kompensasiyanın icra hakimiyyətinin büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ödəməsi mümkündür və ya cavabdeh həmin kompensasiya məbləğini notariusun depozit hesabından geri tələb edərək iddiaçıya ödənilməsini təmin edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2116/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2116/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver