Məhkəmə qərarları › İş №2-1(103)-2117/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2117/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2117/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X13, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan birinci icraat : İddiaçı cavabdehə (üçüncü şəxs X17) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının X17 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 46, həmçinin evin yerləşdiyi 0,0729 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs X23 hazırkı iş üzrə iddiaçıya qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldıraraq qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 465 nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ona ayrılmış və ona həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Hətta ona ayrılmış torpaq sahəsinin sxemi olmadığı halda üçüncü şəxs hesab edir ki, hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsini zəbt etmişdir, bu səbəbdən də məhkəmədən hazırkı iş üzrə iddiaçının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını tələb edir. Eyni zamanda, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 07 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-1641/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində aparılan birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2- 1(103)-2900/2021 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı Suraxanı rayon İcra Hakimiyyəti başçısının hazırkı iş üzrə üçüncü şəxs qismində keçən X17 Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ayrılması haqqında xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamını mübahisələndirmək hüququna malik olduğundan, iddianın mümkün sayılmamasına dair qərardad ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, üçüncü şəxs qismində keçən X4 rayon İcra Hakimiyyəti başçısının 465 nömrəli sərəncamını əsas kimi göstərərək iddiaçıya qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldırmış və qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. İddiaçi həmin sərəncamı mübahisləndirdiyi üçün Suraxanı rayon Məhkəməsində iş üzrə icraat dayandırılmışdır. İddiaçı hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin sxemi yoxdur və Suraxanı rayon İcra Hakimiyyəti başçısının həmin vaxtı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Ona görə də iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yaranmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququ olmaqla ona qarşı məhkəmədə torpaqdan çıxartma iddiası qaldırmış üçüncü şəxsin adına verilmiş sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqa malik olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsində aparılan ikinci icraat: İş birinci instansiya məhkəməsinin yenidən icraatında olarkən iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 465 nömrəli sərəncamının etibarsız sayılması barədə qərar çıxarılması xahiş edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-124/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixdən belə bir səlahiyyətə malik olmadığı halda, Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamla X17 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsini ayırmışdır. Qeyd olunanlara əsasən, mübahisələndirilən sərəncam Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Qanunun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir. Üçüncü şəxs X23 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir Apelyasiya instansiya məhkəməsində aparılan ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində 0,0729 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) olmasına baxmayaraq, faktiki olaraq istifadəsində 0,1470 ha torpaq sahəsi mövcuddur. İş üzrə apellyasiya baxışı zamanı da iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrılan torpaq sahəsinin məhz xüsusi mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı dəlil irəli sürülməmiş, buna dair sübut təqdim edilməmiş, hətta bu məsələ mübahisələndirilməmişdir. Ekspert rəyi ilə də bu hal müəyyən edilə bilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrılan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan (0,0729 ha) torpaq sahəsi ilə üst-üstə düşmədiyi işin mübahisəsiz halıdır. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin üst-üstə düşmə məqamı olsa belə, işin araşdırılmış hallarından aydın göründüyü kimi, 0,1470 ha torpaq sahəsinin tərkibində qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsindən kənar sahəyə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Sözügedən sahənin iddiaçının hasarı daxilində olması, hələ ona həmin sahə ilə üst-üstə düşsə belə, üçüncü şəxsə ayrılan torpaq sahəsinə dair inzibati aktı mübahisələndirmək hüququ vermir. Digər bir tərəfdən aydındır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 2001-ci il tarixlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir Kassasiya instansiya məhkəməsində aparılan icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 321/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “....obyektiv araşdırma prinsipinin tələbinə əsasən, iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin araşdırma predmetini həm də iddiaçının adına qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin perimetr üzrə dəqiq ölçülərinin (perimetr üzrə hər tərəfdən faktiki zəbt olunmuş sahənin ölçülərinin) müəyyən olunması təşkil etməli idi. Məhkəmə tərəfindən eləcə də iddiaçının faktiki istifadəsində olan hissədə ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasının mümkünlüyü araşdırılmalı və bunun üzərindən işin halları qiymətləndirilməli idi. Başqa sözlə, üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin iddiaçının zəbtində olan torpaq sahəsində yerləşə bilməsinin və həmin sahədə fərdi yaşayış evinin tikintisinin mümkünlüyü yoxlanılmalıdır. Bundan əlavə, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin naturada dəqiq yerinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi məqsədilə cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iş üzrə məhkəmə icraatında iştirakı təmin edilməmiş və onun vasitəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir. Qeyd edilən hallar araşdırıldıqdan sonra və üçüncü şəxsə ayrılmış torpaq sahəsinin naturada dəqiq yerinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı təqdirdə, mübahisələndirilən sərəncam faktiki icrası mümkün olmayan sənəd kimi qiymətləndirilə bilərdi. Təkrar baxış zamanı apelyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan : Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli 650 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş; - Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin başçısının “Suraxanı rayon İHB-nın 25 avqust 1993-cü il tarixli 2097 saylı sərəncamında dəyişiklik aparılması haqqında” 455 №li 27 iyun 2001-ci il tarixli sərəncamın təsdiq olunmuş surətində göstərilmişdir ki, Xırdalan qəsəbəsi 24 məhəllə ev 1, mənzil 64-də yaşayan vətəndaş X10 rayon icra hakimiyyətinə müraciət edərək, qarşılıqlı razılaşma əsasında vət. X8 ayrılmış torpaq sahəsinin 200 kv. m-ni ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vət. S.Fərzəliyevə Suraxanı rayon İHB-nın 25 avqust 1993-cü il tarixli 2097 saylı sərəncamı ilə Əmircan qəsəbəsi 351 “a” №li evin qarşısında 600 kv. metr torpaq sahəsi ayrılmışdır. 3 №li İİTS-nin tərəfindən verilmiş 2 №li forma arayışına və məznil qanunvericiliyinə əsasən vətəndaş R.Əmiraslanovun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Sərəncamla qeyd olunanlar nəzərə alınmaqla aşağıdakılar qərara alınmışdır:

1. Suraxanı rayon İHB-nın 25 avqust 1993-cü il tarixli 2097 saylı sərəncamında 1-ci və 2-ci bəndində dəyişiklik aparılsın və aşağıdakı kimi oxunsun: 1.1. X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi 351 “a” nömrəli evin qarşısında 200 kv. metr torpaq sahəsi ayrılsın.

2. Vətəndaş R.Əmraslanova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin.

3. Qalan 400 kv. metri vətəndaş X7 tərəfində saxlanılsın.

4. Sərəncamın qalan bəndləri dəyişiklik aparılmadan saxlanılsın. Sərəncamın surətinin Əmircan qəsəbə nümayəndəliyinə, 31 nömrəli P/B, Əmircan Bələdiyyəsinə göndərilməsi umumi şöbənin müdirinə tapşırılsın. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının “Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, ev 9, mənzil 10-da yaşayan vət. X17 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 465 №li 29 iyun 2001-ci il tarixli Sərəncamın təsdiq olunmuş surətində göstərilmişdir ki, vətəndaş H.Hüseynov rayon icra hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, vət. H.Hüseynova 158 №li MTK tərəfindən verilmiş 2 №li forma arayışına və mənzil qanunvericiliyinə əsasən, onun yaşayış şəraitini normallaşdırmağa ehtiyacı var. Qeyd olunanlar, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin 30.08.86-cı il tarixli 274 №-li, BŞİK-nin 27.01.89-cu il tarixli 13/713 №-li və BŞXDS-nin 20.10.89-cu il tarixli 11/412 №-li qərarlarına əsaslanaraq, aşağıdakılar qərara alınmışdır:

1. X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 №-li məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılsın.

2. Vət. H.Hüseynova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********97 saylı xx.xx.2020-ci il məktubu ilə məhkəməyə təqdim olunmuş; - 208666 №-li 30 oktyabr 2003-cü il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X15 ilə ünvan 2 ünvanında yaşayan X24 arasında ünvan 1 ünvanında ümumi sahəsi 97,20 kv. metr, yaşayış sahəsi 28,8 kv. met olan 2 (iki) otaqlı evin (Tİ. Hİ. TİHQ-dan xx.xx.2003-cü il tarixli 62 saylı reys. Kit. 9368-ci səh. 30/9368 saylı qeydiyyat vəsiqəsinə əsasən X9 məxsus) X2 dair müqavilə bağlanmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM 024829 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 (iki) otaqlı, yaşayış sahəsi 28,8, ümumi sahəsi 97,2 kv. metr olan 46 saylı ev X16 adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 62 nömrəli reyestr kitabının 9368 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,0729 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ev 46 X16 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan; - X24 ilə X19 arasında bağlanmış AN-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X24 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 11/17228 nömrəli forma arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən, mülkiyyətində olan 0,0729 ha torpaq sahəsində olan yaşayış sahəsi 28,8 kv. metr, yardımçı sahəsi 23.5 kv. metr, ümumi sahəsi 52.3 kv.metr olan 2 (iki) otaqlı 46 saylı fərdi yaşayış evini alıcı X11 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında, 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsində yerləşən 46 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1632/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, X5 Taleh Tapdıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” yaşayış massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin onun (iddiaçının) qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/1252 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli, **********80 nömrəli rəyinə əsasən, elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X14 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumatın aşkar edilmədiyi, eyni zamanda mübahisələndirilən ərazidə İddiaçı adına reyestr nömrəsi **********91-10301 olan çıxarışla verilmiş 0,0729 hektar torpaq sahəsinin qeydiyyatdan keçdiyi müəyyən olunur Məhkəmənin 2-1(112)-5944/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə tikninti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6796 saylı ekspert rəyində göstərilmişdir ki: 1) Qərardadın 1-ci sualı üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 0,0729 ha torpaq sahəsinin (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. 2) Mütəxəssis rəyinə əsasən, üçüncü şəxs X17 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır (Bundan əlavə 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil) 3) Mütəxəssis rəyinə əsasən , birinci sualın cavabında qeyd olunduğu kimi, faktiki sahənin şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda Kollegiya tərəfindən kassasiya instansiya məhkəməsinin qərarında qeyd etdiyi göstərişlər nəzərə alınaraq 2-1(103)-2117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: - İddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsində ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılması mümkündürmü? Kollegiya tərəfindən qeyd edilən sual üzrə ekspertiza keçirilməsinin məqsədi mübahisələndirilən sərəncamın faktiki icrasının mümkün olub-olmamasının müəyyən edilməsi olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 21 avqust 2024-cü il tarixli, 3-16-16/2- 10/4712 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin planlı yerləşmə vəziyyətini, konfiqurasiyasını, həmin torpaq sahəsində tikililər inşa edilməsini, boş qalan hissənin isə torpaq sahəsinin şimal tərəfində olan uçurum ilə həmsərhəd olan hissədə yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının X17 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncam faktiki icrası mümkün olmayan sənəddir. Digər tərəfdən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyanın qənaətinə görə, həmin sərəncam həm də etibarsız inzibati akt hesab olunur. Belə ki, 01 yanvar 2001-ci il tarixdən cavabdeh inzibati orqanın belə bir səlahiyyətə malik olmadığı halda, Suraxanı rayon icra hakimiyyəti başçısı tərəfindən 29 iyun 2001-ci il tarixli 465 saylı sərəncam qəbul edilərək X17 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 10-cu maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 25-ci maddəsinin 3-cü hissəsinin mənasına görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 25-ci maddələrinin tələblərinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi üçün qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri geri qaytarıla bilməz və həmin sahələr vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə götürdüyü ölçüdə verilir. Qeyd olunan normaların hazırkı işə tətbiqi zamanı Kollegiya belə nəticəyə gəlir ki, mübahisələndirilən sərəncam Suraxanı rayon icra hakimiyyəti başçısı tərəfindən yuxarda qeyd edilən qanunvericilik normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Suraxanı rayon icra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli, 465 saylı sərəncamı əsasında X17 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 kv. metr torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Bu səbəbdən də iddiaçı sözügedən inzibati aktın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası tərədindən aparılan araşdırma zamanı isə sözügedən inzibati aktın icrası mümkün olmayan sənəd olmaqla yanaşı etibarsız inzibati akt olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar