Məhkəmə qərarları › İş №2-1(103)-2118/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2118/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2118/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsi) «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı xx.xx.2022-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsinə dair torpağın kadastr planı və ölçüsünün verilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhər Sabunçu rayon Bilgəh bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 57 saylı qərarına əsasən iddiaçıya Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi dəyəri ödənilməklə verilmiş və bu qərar əsasında onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı bələdiyyəyə 25000 manat məbləğində pul ödənmiş və həmin müqavilə barədə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixdə göndərilən 281/2 saylı məktubla məlumatlandırılmışdır. Lakin bu torpaq sahəsinin 2007-ci ildən qanuni əsaslarla əldə etməyinə baxmayaraq həmin torpaq sahəsinin kadastr və ölçü planının ona verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdehə etmiş olduğu müraciətlər heç bir nəticə verməmişdir. Sonuncu dəfə onun ərizəsi cavablandıran cavabdeh özünün 31 avqust 2020-ci il tarixli **********51 saylı məktubunda göstərmişdir ki, guya satılan torpaq sahəsi bələdiyyəyə ayrılmış ərazilərdən kənarda yerləşir və bu səbəbdən də müraciətinin icrası mümkün olmamışdır…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bilgəh bələdiyyəsinə ayrılmış ərazilərdən kənarda, Bilgəh bağ massivində yerləşdiyindən iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsi Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisidir. Habelə, İdarəyə təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2020-ci il tarixli, **********51 saylı məktub ünvanlanmışdır …” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunanların həqiqəti əks etdirib-etdirmədiyini, imtinanın qanuni olub-olmadığını müəyyənləşdirməmişdir. Bakı şəhəri, Sabunçu rayonu Bilgəh bəbdiyyəsinin 57 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə ona ayrılmış torpaq sahəsinə dair bütün sənədlərin əslləri cavabdehə təqdim edilmişdir. Torpaq sahəsi bələdiyyənin ərazisindən ayrıldığı üçün cavabdehin imtina məktubunda tələb etdiyi “icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub" adlı sənədlər mövcud deyildir. Cavabdeh formal olaraq həmin sənədləri tələb etmişdir. Cavabdehin imtinasının əsası kimi qeyd olunur ki, göstərilən torpaq sahəsi Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisidir. Bununla bağlı bildirilir ki, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş 1005 saylı bağın mülkiyyətçisi X4 məhkəmə iclasında bildirmişdir ki, onun bağ sahəsi ilə iddiaçıya məxsus olan torpaq sahəsi üst-üstə düşmür, iddiaçının torpaq sahəsinin ərazisi ayrı olmaqla qonşu torpaq sahələridir. Bu fakt Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə də təsdiq olunur. Cavabdeh imtinasında qeyd etmişdir ki, guya satılan torpaq sahəsi bələdiyyəyə ayrılmış ərazilərdən kənarda yerləşir və bu səbəbdən də müraciətinin icrası mümkün olmamışdır. Bununla bağlı bildirilir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1054 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, İddiaçı faktiki istifadəsində olan 2385 kv.m torpaq sahəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının 817 saylı xx.xx.2000-ci il tarixli sərəncam ilə Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşir. X3 ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşsə də, Bilgəh Bələdiyyəsinin xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün dövlət mülkiyyəti hesab edilir. Göründüyü kimi, təsdiq olunmuşdur ki, ona ayrılmış torpaq sahəsi bələdiyyənin ərazisində yerləşir və bələdiyyə torpaq sahəsini satmaqda tam hüquqlu olmuşdur. Bilgəh Bələdiyyəsinin xəritəsinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsində isə onun heç bir məsuliyyəti yoxdur. Bu vəzifəni müvafiq qurumlar icra etməlidirlər. Məhkəmə öz xidməti vəzifəsindən istifadə edərək əlavə sübutlar toplayaraq və yasübutların təqdim edilməsini təmin edərək iddianın obyektiv həllinə yönələn addımlar atmalı olduğu halda atmamışdır. Eyni zamanda sübutlara qiymət verərkən Ekspert Rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ekspert rəyində iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyə hüdudları ərazisində yerləşdiyi qeyd olunsa da məhkəmə həmin torpaq sahəsini dövlətmülkiyyəti hesab etmişdir. Məhkəmətorpaq sahəsinin dövlət mülkiyyətində olduğunu hüquqi sənəd əsasında deyil, fərziyələrlə əsaslandırmışdır. İş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfliaydınlaşdırılmaması nəticəsində qərar qəbul edildiyindən, qərarda göstərilən nəticələr həqiqətə və işin hallarına uyğun deyildir.Məhkəmənin həmin qərarı qeyri obyektivdir...” Apellyasiya mərhələsində iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə iddiasının təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1008/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2385 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-44/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki,“apellyasiya məhkəməsi Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamının, həmin sərəncamın icrası ilə bağlı müvafiq sənədlərin (torpaqayrma sənədləri, yerquruluşu planı və s.) əslini və ya təsdiq edilmiş surətini əldə etməmiş, sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin real və faktiki olaraq ayrılıb-ayrılmadığını, mübahisəli torpaq sahəsinin məhz, həmin sərəncamla Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində, o cümlədən Sabunçu rayon Bilgəh bələdiyyəsinin inzibati ərazisində yerləşdiyini müəyyənləşdirməmişdir. Hazırkı mübahisəyə münasibətdə qanunauyğun qərarın qəbulu üçün məhz qeyd olunan xüsusat həlledici əhəmiyyət daşıyır və həmin hallar araşdırılmadan qəbul olunmuş məhkəmə qərarı əsaslı sayıla bilməz...” Hazırkı apellyasiya mərhələsində məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, Ali Məhkəmənin qərarında göstərilən xüsusatların apellyasiya məhkəməsində obyektiv araşdırılaraq öz həlllini tapdığını, dəqiqləşdirilmiş iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxsin (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası qaydasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin: 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. X6 (Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısının) 1-ci hissəsinin 1-5-ci bəndlərinə əsasən Binəqədi bələdiyəi Binəqədi, Biləcəri, Xocahəsən, M.Ə.Rəsulzadə qəsəbələrinin aid olduğu müvafiq bələdiyyələrin əraziləri çıxılmaqla Binəqədi rayonu ərazisini əhatə edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 57 nömrəli xx.xx.2007-ci il tarixli Qərarına, eyni tarixdə tərtib olunmuş “Torpaqların alqısatqısına dair” aktına və həmin bələdiyyə sədri tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin plan-cizgisinə” və bələdiyyənin eyni tarixli 220278 No-li kassa mədaxil orderinə sasən müəyyən olunur ki, Bilgəh qəsəbəsi ərazisində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi, alqı-satqı yolu ilə əvəzi ödənilməklə, İddiaçı mülkiyyətinə verilmişdir. İşdən həmçinin görünür ki, İddiaçı 1005 saylı, 1000 kv.m sahəsi ilan bağın mülkiyyətçisi olan Kənan Əliyevin anası olmaqla, onlara məxsus bağ sahələri bir hasar daxilində yerləşir, iddiaçının faktiki istifadə etdiyi sahə birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis və ekspert rəyindən gisə görünür ki, blədiyənin qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsinin faktiki ölçüsü 2385 kv.m təşkil edir (0275959 saylı xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışına əsasən 0,10 ha olmaqla iddiaçının oğlu Kənan Əliyevin mülkiyyətindədir) Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı Bilgə bələdiyyəsinin həmin qərarı ilə ona ayrılmış torpaq sahəsini özəlləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina olunaraq mübahisələndirilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən onun adına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsinə uyğun olaraq dövlət qeydiyyatı üçün müvafiq sənədlərin əsilləri təqdim olunmamış, göstərilən torpaq sahəsinin Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisidir, təqdim edilmiş alqısatqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və həmin sahəyə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Daha sonra, məhkəmə sorğusuna əsasən cavabdeh məhkəməyə bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi 1005R və 1005 saylı bağların ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir. Ümumi hasar daxilində sahə 3357.0 kv.m təşkil edir. İddia olunan ərazı 2329 kv.m-dir. Həmin hissədə tikili yoxdur. Sxematik xəritəyə əsasən göstərilən sahə 1005 saylı bağlı ərazisidir. Bundan əlavə yol tərəfdən torpaq sahəsinin üstündən 6kVt-luq yüksək gərginlikli elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Bilgəh bağ massivi 1005 saylı bağların (bölünənləri daxil) ərazisinə uyğun gəlir. Qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslarla iddiaçının tələbinin təmin edilməsindən imtina olunması əsassızdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/1054 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan və sənədləşdirilməsi tələb olunan torpaq sahəsində hal-hazırda, tikili mövcud deyil, istifadəsində olan faktiki torpaq sahəsi 2385 kv.m təşkil edir, həmin torpaq sahəsi əvvəllər dövlət mülkiyyəti torpağı olmuş, lakin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Bilgə bələdiyyəsinin işə əlavə edilmiş 071 saylı 18 dekabr 2017-ci il tarixli arayışndan və sxematik xəritədən də görünür ki, həqiqətən, Bilgəh bələdiyyəsi tərəfindən 057 saylı 10 sentyabr 2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 1005A saylı bağ torpaq sahəsi Bilgəh bələdiyyəsinin ərazisində yerləşir. Hazırkı apellyasiya mərhələsində, Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, məhkəmə sorğusu əsasında Bilgə bələdiyyəsinin 163 nömrəli 23 oktyabr 2024-cü il tarixli və 186 nömrəli 10 dekabr 2024-cü il tarixli məktubları ilə məhkəməyə təqdim olunmuş Bakı şəhər İHB-nın xx.xx.2000-ci il tarixli 817 saylı sərəncamının surətinə və Bakı şəhər İhakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş ayrılmış torpaq ərazisinin xəritəsinə əsasən müəyyən olunur ki, Bilgə bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 57 saylı qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsi Bilgə bələdiyyəsinin mükiyyətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir (Xəritədə iddiaçıya aid sahənin yeri oxla göstərilmişdir) Ən azından, Bilgə bələdiyyəsinin həmin qərarı və müqaviləsi, torpaq sahəsini planı bu günə kimi geri çağırılmamış, ləğv olunmamış, öz qüvvəsini saxlamaqda davam edir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Beləliklə də, mübahisəli ünvanda yerləşən torpaq sahəsinədair iddiaçının adına bələdiyyə qərarı və həmin torpaq sahəsinin planı mövcuddur. Belə olan halda, həmin torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, cavabdeh onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılaraq: - iddia təmin edilməli, İddiaçı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 57 saylı qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində ayrılmış 2400 kv.m 1005A saylı, ekspert rəyinə əsasən faktiki ölçüsü 2385 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı - Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 57 saylı qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində ayrılmış 2400 kv.m 1005A saylı, faktiki ölçüsü 2385 kv.m olan, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, reyestrdən ona çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar