Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-212/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Füzuli qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1916/2019 saylı 01.11.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İ.İddiaçı Füzuli qızı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş «B 18 188697» nömrəli, 30 iyun 2018-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı 01.09.2013-cü il tarixdə Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetinin qiyabi şöbəsinə daxil olmuş, 30 iyun 2018-ci il tarixdə bitirmiş, Dövlət İmtahan Komissiyasının Qərarına əsasən, ona «hüquq» ixtisası üzrə bakalavr dərəcəsi verilmiş və Universitet tərəfindən ona adına verilmiş B18 188697 nömrəli diplom təqdim olunmuşdur. Diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh Nazirliyin Ekspert Qrupu tərəfindən 21.01.2019-cu il tarixdə ddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyəsi qənaətbəxş olmadığı müəyyən edilməsi barədə mənfi rəyi əsasında onun diplom üzrə ixtisasının tanınmasından imtina olunmuşdur. İddiaçı imtinanı qanunsuz və əsassız hesab etmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (İPM) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1916/2019 saylı 01.11.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər nazirlikdə Ekspert Qrupu tərəfindən araşdırılmış və onunla müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Təhsil haqqında Qanunun 1.0.43, 11.1.3, 11.1.4 və 11.1.5-ci maddələrindən göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində keçirilən təlim prosesinin sonunda təlim anının əldə etməli olduğu biliklərə bacarıqlara vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyytlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması haqqında şəhadətnamə onun sahibinə əlavə ixtisas almaq, ixtisasını artırmaq, müvafiq peşə fəaliyəti göstərmək hüququ verir. İddiaçınn tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Göstərilənlər nəzərə alınaraq Ekspert Qrupu tərəfindən mənfi rəy verilmiş və iddiaçının adına verilmiş diplom üzrə ixtisasın tanınması mümkün hesab olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə barədə iddiaçıya göndərilmiş məhkəmə bildirişi geri qaytarılmış, məhkəmə tərəfindən məhkəmə iclası barədə yenidən ona məlumat ( telefon nömərəsinə (050 4219191) «SMS xəbərdarlıq») göndərilsə də məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçının Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetinin qiyabi şöbəsində ali təhsil alması və 30 iyun 2018-ci il tarixdə həmin universitet tərəfindən ona B18 188697 nömrəli diplom verilməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda iş materialları (iddia ərizəsi, ona əlavə olunmuş sənədlər, cavabdehin etirazı, Ekspert Qrupunun rəyi və onun apellyasiya şikayətinə və s.) ilə müəyyən olunur ki, işin mübahisələndirilən tək halı ondan ibarətdir ki, iddiaçının müraciəti ilə əlaqədar onunla, cavabdeh nazirliyin nəzdində fəaliyyət göstərən Ekspert Qpupu tərəfindən nostrifakasiya prosedurunun tərkib hissəsi olan müsahibə aparılmış və bu zaman aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş və «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİİ. 1.2-ci və Konvensiya Komitəsinin Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövasiyələr»ə istinadən diplom üzrə ixtisasının tanınması mümkün hesab edilməmiş (iş vərəqi 41-42). və Ekspert Qrupunun qeyd olunan mənfi rəyinə əsaslanaraq cavabdeh nazirlik tərəfindən iddiaçıya imtina verilmişdir (Diploma əlavədən görünür ki, iddiaçı «ukrayna» dilində təhsil almışdır). Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdeh nazirlyin qeyd olunan imtinası ilə razılaşır. Birincisi, «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin 5-ci maddəsinin mənasından göründüyü kimi, Ukrayna Respublikasında verilmiş diplom üzrə ixtisas təhsilin müddətinə və təhsilin məzmununa görə uyğun gəlmədiyi təqdirdə, Azərbaycan Respublikası ərazisində tanınmasından söhbət gedə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində də razılığı gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Ümumiyyətlə, Konvensiyasının Vİ maddəsinə aid edilən müddəaların mahiyətindən görünür ki, ixtisasın tanınması zamanı təkcə kəmiyyət meyarları deyil, həm də keyfiyyət meyarları da nəzərə alınmalıdır. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.2-ci bəndinə əsasən iddiaçının təhsil aldığı ixtisas üzrə bilik səviyyəsinin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğunun ekspertiza qaydasında yoxlanılması qanuni və əsaslıdır. Belə olan halda, həmin «Qaydaları»ın 3.6-cı bəndi nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmunun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Azərbaycan Respubliasının qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair AR Prezideqtinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Müvafiq icra hakimiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş 1-ci hissəsinin 1.3-cü bəndinin 6-cı yarımbəndinə əsasən ali təhsilin dövlət standartı həmçinin «təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini də əhatə edir. Cavabdeh nazirliyin Ekspert qrupunın işdə olan rəyindən (iş vərəqi 41-42) isə görünür ki, iddiaçı ilə aparılan müsahibə zamanı onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş və «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİİ.1.2-ci maddəsinə istinadən iddiaçının diplom üzrə ixtismasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Konvensiyanın qeyd olunan İİİ.1.2-ci maddəsi isə nəzərdə tutur ki, müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirildiyini təmin edir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halda, onun T.Şevçenko adına Kiyev Milli Universitetində «hüquq ixtisası» üzrə «ukrayna» dilində aldığı təhsilin məzmununa uyğun hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası Ekspert Qrupunun mənfi rəyi ilə razılaşır. «Qaydalar»ın qeyd olunan 3.6-cı bəndindən isə görünür ki, ekvivalentlik haqqında şəhadətnamə müsbət rəy olduqda verilir. Ekspert qrupunun qeyd olunan rəyindən isə göründüyü kimi mənfidir. «Qaydalar»ın 3.7-ci bəndinin birinci hissəsindən isə görünür ki, mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Beləliklə də müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının aldığı diplom üzrə ixtisasın tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, diplumun tanınmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənamından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ümumiyyətlə, qanunvericliyin yuxarıda qeyd olunan tələblərindən birmənalı olaraq göründüyü kimi, diplom üzrə ixtisasın tanınması cavabdeh nazirliyin diskresion bir sələahiyyətidir. İPM-in 73.3; 73.3.2-ci maddələrində isə nəzərədə tutulur ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etəməmiş bütün bunların nəticəsi olaraq da məhkəmə mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz əsassız olduğunu, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1916/2019 saylı 01.11.2019-cu il tarixliqərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tam ləğv edərək yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1916/2019 saylı 01.11.2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı Füzuli oğlunun iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-212/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-212/2020
09.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver