Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-212/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçının tam reabilitasiya olunması və əlilliyinin təyinindən imtina edilməsi barədə qərarın ona aid hissədə ləğv edilməsi, əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), X7 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya 15 iyul 2021-ci il tarixdən “Paranoid şizofreniya, şizofreniya, paranoid forma, natamam remissiya” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur.
2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı “Paranoid şizofreniya, şizofreniya, paranoid forma, fasiləsiz gedişli” diaqnoz əsasında əlilliyin təyin edilməsindən imtina olunmuşdur.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 01 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı onda əlillik təyinatına əsas verən psixi pozuntular aşkar edilmədiyi bildirilmişdir.
4. Bakı 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli forma 088 arayışından görünür ki, iddiaçıda əsas diaqnoz kimi F20.0 kod altında nəzərdə tutulan “Paronoid şizofreniya, Şizofreniya paranoid forma, fasiləsiz gedişli” müəyyən olunmuşdur.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, 2 ömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7556/23 nömrəli çıxarışında diaqnoz “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Həkim Komissiyasına qarşı “pensiyanın təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək “xx.xx.2021-ci ildə təyin edilmiş əlilliyinin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlilliyin təyinatının imtina edilməsi barədə qərarların da ləğv edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
8. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddianın “İddiaçının tam reabilitasiya olunması və əlilliyin təyinindən imtina edilməsi barədə qərarın ona aid hissədə ləğv edilməsi, əlilliyin dayandırıldğı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin olunsa da, daha sonra ona təyin olunmuş əlillik dayandırılmışdır. İddiaçı hesab edir ki, onda olan xəstəlik forma 088 arayışında da öz təsdiqini tapdığından ona əlillik dərəcəsi verilməli və ədalətli pensiya təyin olunmalıdır. 10.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tam reabilitasiya olma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Eyni zamanda Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 17 noyabr 2023-cü il tarixli qərarı da ləğv olunmalıdır. Belə ki, həmin qərar iddiaçıya verilmiş yeni göndəriş əsasında müayinə nəticəsində diaqnozun əlillik təyin etməməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tam reabilitasiya olması barədə qərar ləğv olunduğundan, iddiaçının yenidən qiymətləndirmə nəticəsində əlillik təyin olunmasından imtina barədə qərarda ləğv olunmalıdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan vətəndaşı əyani müayinəyə vətəndaşın özünün xahişi ilə cəlb etmiş və əyani müayinə nəticəsində tam reabilitasiya olunduğu və diaqnozun əlillik əlaməti təyin etmədiyi aşkar edilmişdir. Yəni heç də inzibati orqan öz təşəbbüsü ilə inzibati icraat aparmamışdır.Məhkəmənin diqqətinə çatdırırıq ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir.İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1 -ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir.Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ı: Bənd 7.3.1. şizofreniya (formadan asılı olmadan) F20, paranoid şizofreniya F20.0, hebefrenik şizofreniya F20.1 katatonik şizofreniya F20.2 differensasiya edilməmiş şizofreniya F20.3 sadə şizofreniya F20.6 nəzərdə tutulmuşdur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: Bənd. 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20- F20.9) ikinci dərəcə müddətsiz əlilliyin təyini əsası kimi qeyd edilmişdir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 20 iyul 2023-cü il, 235 nömrəli Qərarı.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.1.” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
22. “İnzibati icraat haqqında” Qanun:
Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.1. inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; Maddə 13.2. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində birinci instansiya məhkəməsinin aktının əsaslığı tam olaraq yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
31. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 32.Əvvəla qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin mütəxəssisi cəlb edilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
33. Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə-Tibbi Ekspertizа və X9- Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsinin 19.11.204-cü il tarixli 5307 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Bakı 2 nömrəli X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli P00128984QFC saylı Forma 88-də göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: F20.0-Paranoid şizofreniya. Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnoz ona stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən psixiproduktiv və neqativ əlamətlər müşahidə olunmamış və xəstəliyin ağırlaşmaları olmamışdır. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Bu xəstəliyə düçar olmuş şəxslər dispanser qeydiyyata götürülür və sahə psixiatrının nəzarəti altında təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər, xəstəlik kəskinləşərsə stasionar müalicəyə cəlb edilirlər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyində iddiaçının tam reabilitasiya olunması ilə əlaqədar hər hansı nəticə mövcud deyildir.
35. Hazırkı işin hallarına görə, iddiaçıya 15 iyul 2021-ci il tarixdən “Paranoid şizofreniya, şizofreniya, paranoid forma, natamam remissiya” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur.
36. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 1 mart 2023-cü il tarixli qərarından görünür ki, müayinə zamanı təqdim edilmiş yeganə xx.xx.2017-ci il tarixli epikrizdə “Müayinə olunmadı” kimi məlumat qeyd olunmuş, digər müayinə və müalicə sənədləri təqdim olunmamışdır. Həmçinin həmin qərarda 2 nömrəli Psixiatrik Xəstəxanasının xx.xx.2017-xx.xx.2017-ci il tarixli çıxarışda diaqnoz “Müayinə olunmayıb” kimi qeyd olunduğu göstərilmiş və bunun nəticəsində Agentlik tərəfindən “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir.
37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, 2 ömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7556/23 nömrəli çıxarışında diaqnoz “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
38. Kollegiya cavabdeh inzibati orqanının imtina dəlili olaraq məhkəməyə təqdim etdiyi yuxarıda göstərilən hər iki imtina qərarı ilə bağlı aşağıdakıları qeyd edir:
39. Cavabdehin 1 mart 2023-cü il tarixli qərarında iddiaçının 2017-ci ildə “müayinə olunma”dan iddiaçıya müvafiq diaqnozun qoyulması dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdehin bu əsaslandırması özü tərəfindən təkzib edilir. Belə ki, eləcə məhz cavabdeh inzibati orqanın özü iddiaçıya “müayinə olmadan” 4 il sonra onun barəsində əlilliyin təyin olunması, hətta müddətsiz olaraq təyin olunması barədə xx.xx.2021-ci il tarixli əlverişli inzibati aktı qəbul etmişdir. 1 mart 2023-cü il tarixli qərarda iddiaçının “tam reabilitasiya olması” göstəriləsə də, həmin halın əsaslandırılması qərarda həyata keçirilməmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.3-cü bəndində şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9) ikinci dərəcə müddətsiz əlilliyin təyini əsası kimi qeyd edilmiş və həmin əsasla cavabdeh tərəfindən iddiaçıya əlillik təyin edilmişdir.
41. Həmçinin, iddiaçıya müddətsiz əlillik təyin edilməsinə baxmayaraq, heç bir hüquqi əsası olmadan onun barəsində yenidən əyani müayinə xx.xx.2023-cü il tarixdə keçirilmiş və xx.xx.2023-cü ildə imtina qərarı qəbul etmişdir.
42. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ın “7.3.1-ci bəndində:
şizofreniya (formadan asılı olmadan) F20 paranoid şizofreniya F20.0 hebefrenik şizofreniya F20.1 katatonik şizofreniya F20.2 differensasiya edilməmiş şizofreniya F20.3 sadə şizofreniya F20.6 nəzərdə tutulmuşdur.
43. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 20 iyul 2023-cü il, 235 nömrəli Qərarı ilə ikinci bəndi, yəni “paranoid şizofreniya” diaqnozu ləğv edilmişdir. Qeyd edilən dəyişiklik xx.xx.2023-cü il tarixində qüvvəyə minmişdir.
44. Göründüyü kimi, xx.xx.2023-cü il tarixinədək iddiaçının diaqnozu müvafiq “Meyarlar”da mövcud olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı barədə Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən zaman da, yəni xx.xx.2023-cü il tarixində müvafiq “Meyarlar”da “diaqnoz əlillik əlaməti təyin edir”di.
45. Cavabdehin 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı barədə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina edilmişdir.
46. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən hər iki qərarda fərqli əsaslardan irəli gələrək iddiaçı barədə əlilliyin təyin edilməsidən imtina edilmişdir.
47. İkinci imtina qərarında, yəni 23 noyabr 2023-cü il tarixli qərarda “diaqnoz əlillik əlaməti təyin etmədiyi” göstərildiyi halda, birinci qərarda, yəni 1 mart 2023-cü il tarixli qərarda “tam reabilitasiya olunması” diaqnozu qeyd edilmişdir. Belə olan halda, Kollegiya qeyd edir ki, iddiaçı onun barəsində 1 mart 2023-cü il tarixində “tam reabilitasiya olunması” əsası ilə imtina qərarı qəbul edildiyi halda, 23 noyabr 2023-cü il tarixində “diaqnoz əlillik əlaməti təyin etmir” qənaətinə gəlməsinin də, əsaslandırmasını həyata keçirməmişdir. Əgər ki, 1 mart 2023-cü il tarixində iddiaçı tam reabilitasiya olunmuşdursa, cavabdeh 17 noyabr 2023-cü il tarixində diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə imtina etməsi, onu qeyd etməyə əsas verir ki, iddiaçı tam reabilitasiya olunmayıb, amma diaqnoz əlillik əlaməti təyin etmədiyi üçün onun barəsində müvafiq əlverişli inzibati akt qəbul edilmir. Beləliklə də, hər iki qərarın bir-biri ilə ziddiyyət təşkil etməsi inzibati orqanın inzibati icraatı da ziddiyyətli həyata keçirdiyini qeyd etməyə əsas verir.
48. Göründüyü kimi, hər iki qərar arasında ziddiyyətin olunduğu müəyyən olunur. Belə olan halda, “1 mart 2023-cü ildə iddiaçı barədə qərar qəbul edilərkən əgər iddiaçı “tam reabilitasiya olmasaydı” həmin vaxt diaqnoz əlilliyin təyininə əsas verirdimi sualı”nın yaranması inzibati orqanın inzibati icraatı natamam apardığına dəlalət edir. Halbuki, göndəriş verilərkən və HHK-in qərarı qəbul edilərkən, iddiaçıda müvafiq diaqnoz üzrə xəstəlik olmuş və həmin xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”nın “Meyarlar”ın 7.3.1-ci yarımbəndində göstərilmişdir (paranoid şizofreniya).
49. Həmçinin, Kollegiya qeyd edir ki, hazırkı mübahisənin yaranması əsası iddiaçının onun barəsində təyin edilmiş müddətsiz əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbi olmuşdur. Belə ki, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi iddiaçının cavabdeh inzibati orqan tərəfindən əyani müayinəyə dəvət edilməsi nəticəsində gəldiyi hüquqi qənaətdir ki, bu da iddiaçını əlverişsiz vəziyyətə salmışdır.
50. Göstərilənlərlə bağlı Kollegiya qeyd edir ki, müddətsiz əlillik təyin edilmiş şəxslərin əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı inzibati orqana sənədlərin təqdim edilməsi həmin şəxslərin yenidən əyani müayinəyə dəvət edilməsinin (yoxlanmasının) hüququ əsası kimi qanunvericilikdə təsbit olunmamışdır.
51. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.
52. Göründüyü kimi, “Qaydalar”a əsasən iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin şəxslərin əlilliyinin səbəbinin dəyişidirilməsi ilə əlaqədar olaraq əyani müayinəyə dəvət olunaraq yenidən yoxlanılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
53. Həmçinin, Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan sonradan iddiaçı barədə 1 mart 2023-cü il və 17 noyabr 2023-cü il tarixli aktları da qəbul edərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı barədə 15 iyul 2021-ci il tarixli müddətsiz əlilliyin təyin olunması barədə qərar qüvvədə olduğu halda, həmin qərarı ləğv etmədən sonradan yuxarıda göstərilən hər iki qərarı qəbul etmişdir. İddiaçı barədə xx.xx.2021-ci il tarixli qərarda iddiaçıya müddətli əlillik təyin edilmədiyi və həmin qərarın qüvvədə olma müddəti qərarda göstərilmədiyi halda, həmçinin iddiaçı barədə qəbul edilmiş əlverişli inzibati akt ləğv edilmədən sonrakı qiymətləndirilmələrlə 1 mart 2023-cü il və 17 noyabr 2023-cü il tarixli aktlar qəbul etməsi ilə inzibati icraata haqqında qanunvericiliyin tələbləri pozulmuşdur.
54. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə aidiyyəti olmamışdır. Qeyd edildiyi kimi, cavabdeh inzibati orqan “iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılmasına zərurət olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, məzmununa etimad göstərdiyi əlillik ilə bağlı inzibati aktı ləğv etmədən, onun “diaqnoz əlillik əlaməti təyin etmir” və “tam reabilitasiya olması” barədə qərarlar qəbul etmişdir.
55. Kollegiya qeyd edir ki, iddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və etimadın qorunmasına istinadı istisna edən digər hərəkətlərə yol verməmişdirsə, onun barəsində müddətsiz əlillik təyin edildiyi halda əlilliyin ləğvinə əsas yaratmır. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır.
56. Belə ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
57. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu hüququndan istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğv olunması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər normativ hüquqi aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
58. Cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3000/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. 36. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
60. Lakin hazırkı iş üzrə cavabdeh orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu təsdiq edən sübut təqdim etməmişdir.
61. Məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarını tətbiq edərək, işin faktiki hallarına nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) ləğv edilməsi (etibarsız sayılması), iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və əlilliyin etibarsız hesab edilməsindən bilavasitə əvvəl iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından iddiaçıya təyin olunmuş əlillik onun barəsində “tam reabilitasiya olunma” barədə qərar qəbul edilməklə dayandırıldığından, ikinci dərəcəli əllik məhz həmin tarixdən, yəni 01 mart 2023-cü il tarixdən bərpa olunmalıdır.
62. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən inzibati orqanın mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyaa məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
63. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.