Məhkəmə qərarları › İş №2-1(103)-2120/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2120/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2120/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçı (həm də cavabdeh) Cavabdeh və cavabdehin (həm də iddiaçının) nümayəndəsi X2 və iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair”, eyni zamanda, Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından ƏƏSMN “DSMF”-nin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (“ƏƏSMN”) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 11.165,51manat pensiya məbləğinin cavabdehdən tutularaq Filialın hesabına ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.). İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.1980-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Soyuduclar Zavodu”nun Rəngləmə sexində təmirçi-çilingər vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi sahə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, qanunvericiliyə zidd olaraq ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona görə də ona əmək pensiyası ödənişi dayandırıldığından pensiya təyin olunduğu tarixdən xx.xx.2020-ci il tarixə kimi ödənilmiş olna 11.165,51 manat artıq pul vəsaiti Filiala qaytarılmalıdır. Sonradan, Cavabdeh da iddiaçı qismində ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh kimi ayrıca öhdəliyin icrası haqqında iddia qaldıraraq (sonradan iddia tələbini dəqiqləşdirilməklə), əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, o, xx.xx.1975-ci ildən “Bakı Soyuduclar Zavodunda” fəhlə, xx.xx.1979-cu il tarixdən yığıcıçilingər, xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək rəngləmə sexində təmirçiçilingər peşəsində işləmişdir ki, həm yığıcı-çilingər, həmçinin də təmirçi-çilingər peşələri zərərli peşələrə aid edilir. O, pensiya ödənişinin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, əsassız olaraq imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə işlər bir icraatda birləşdirilmişdir. Daha sonra, məhkəmənin 2-1(112)-1515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh iddiası təmin olunaraq, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, Mərkəzi Filialın iddiası isə rədd edilmişdir. Həmin qərarla razılaşmayan Mərkəzi Filial apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, araşdırma zamanı xx.xx.1980xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində “Bakı Soyuduclar Zavodu”nun Rəngləmə sexində təmirçi-çilingər vəzifəsi Siyahının “Kimya istehsalı” bölməsinin göstəricilərinə uyğun deyildir. Ona güzəştli stajı olmadığı halda, xx.xx.2016-xx.xx.2020-ci illərdə 11.165,51 manat artıq pul vəsaiti ödənildiyi aşkar olunmuşdur. Həmin pulun qaytarılmasının təmin olunması Mərkəzi Filiala tapşırılmışdır. Filial tərəfindən də 19 yanvar 2021-ci il tarixli məktubla həmin vəsaitin qaytarılması tələb olunmuşdur. Apellyatorun nümayəndəsi V.Əhmədov şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçı Cavabdeh isə onunla razılaşmamış, şikayəti əsassız hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslarla apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından görünür ki, birincisi, DSMF-nin Nizami rayon şöbəsi tərəfindən qəbul edilmiş, pensiyaçı Cavabdeh etimad etdiyi - xx.xx.2016-cı il tarixli ilkin pensiya təyinatı barədə qərar ləğv olunmamış, qüvvədədir. İkincisi, işin hallarından görünür ki, pensiyaçı Cavabdeh pensiya təyinatı ilə bağlı araşdırma aparılarkən və ona xx.xx.2016-xx.xx.2020-ci illər üzrə 11.165,51 manat məbləğində pensiyanın əsassız ödənilməsinin aşkar olunarkən, pensiya təyin edən orqan onun iştirakını təmin etmədən və 2020-ci ilin dekabr ayından faktiki hərəkətləri ilə ona verilən pensiya ödənişi dayandıraraq, artıq ödənilmiş pul vəsaiti kimi həmin pulun qaytarılmasını tələb etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə isə iddiaçı tərəfindən riayət olunmamışdır. Üçüncü bir tərəfdən, konkret halda, cavabdehdən artıq ödənilmiş pul vəsaitinin tutulumasının tələb olunması da qanunvericiliyə uyğun hesab oluna bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinin tələbindən görünür ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Konkret halda da məhz, pensiyaçı etimad göstərdiyi qərarla ona 2016-2020-ci illərdə ona ödənilmiş 11.165,51 manat pensiya məbləğini xərclədiyi və hazırkı aşkar ahıl dövrünü yaşadığı və iddia olunan ona həmin dövr ərzində ödənilmiş pensiya vəsaitini vəsaitləri qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan həmin pul vəsaitinin qaytarılmasının tələb olunması Qanunsuzdur. Qeyd olunmalıdır ki, sözügedən Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Konkret halda, pensiyaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsinə dair araşdırmanı aparan pensiya təyin edən orqanın heç bir əsaslandırması yoxdur. Ümumiyyətlə, iş materiallarına əsasən pensiyaçı Cavabdeh tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməsinə dair mübahisənin mövcudlğu belə müəyyən olunmur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Göründüyü kimi, iddiaçının cavabdehdən artıq ödənilmiş pensiya vəsaitinin tutulmasını tələb etməsinin əsassız olduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinin mənası da ondan ibarətdir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsi ilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini o halda tələb edə bilər ki, bu qanunla üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, pensiya təyin edən orqanın, ödənildiyi mübahisələndirilən pul vəsaitinin pensiyaçıdan tutmaq, sonuncunun isə həmin vəsaitini birinciyə qaytarmaq kimi, qanunla onların üzərinə düşən öhdəliklərinin mövcudluğunu təsdiq edən şərtlər sübuta yetirilmir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və bu baxımdan apellyatorun apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1515/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar