Məhkəmə qərarları › İş №2-1(103)-2120/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2120/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2120/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) “torpaq sahəsinin planı və ölçüsü sənədinin, çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 adına cavabdeh tərəfindən verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0.23 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. 2018-ci ildə tikinti işləri başa çatdırılan zaman vətəndaş X13 onun sahibliyində olan sahəyə iddia edərək boşaldılmasını tələb etmişdir. Sistematik müdaxilələri nəticəsində işlərin başa çatdırılması mümkün olmadığı üçün X13 tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda həmin mübahisə üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsində baxışdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1564 saylı ekspert rəyinə əsasən onun sahibliyində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi sxematik xəritədə 444 və 444A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə X13 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X8 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. X8 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən X2 və Birliyi ilə X13 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 0.20 ha ərazisi olan 443 saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında 444 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/35 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə X13 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X8 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında 444 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 444 və 444A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə X13 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X8 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. X8 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, onun sahiblik və istifadəsində olan 0.23 ha torpaq sahəsi keçmiş 444 və 444A saylı bağların yerinə uyğundur, X2 və Birliyi ilə X13 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X8 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi onun cənub qonşuluğunda yerləşməlidir. Beləliklə, ekspertlərin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərin rəylərindən birmənalı müəyyən olunur ki, onun sahibliyində olan torpaq sahəsi X11 verilmiş torpaq sahəsi ilə üstüstə düşmür. Lakin məhkəmə gedişində məlum olmuşdur ki, onun sahibliyində və istifadəsində olan torpaq sahəsi 443 saylı bağ sahəsi kimi göstərilərək X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Sözügedən ərazi boş torpaq sahəsi kimi göstərilir, halbuki həmin yerdə 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Belə olan halda onun və cavabdeh arasında mübahisənin məhkəmə baxışı predmeti olduqda çoxsaylı ekspert və hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə xx.xx.2021-ci il tarixli məktubla təqdim olunan mövqeyə zidd olaraq X8 adına mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun həmin gün tələsik rəsmiləşdirilməsi onun hüquqlarının pozulması ilə yanaşı cavabdehə məhkəmədə aşkar üstünlük verir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bu səbəbdən İddiaçı iddia edilən torpaq sahəsinə dair subyektiv hüquqa malik deyil. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 443 saylı bağ sahəsi Bağlar Təsərüfatı İdarəsi ilə bağlanılmış xx.xx.2007-ci il tarixli, 7832 nömrəli müqavilə əsasında xx.xx.2021- ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Üçüncü şəxs X13 iddiaya etiraz edir və bildirir ki, öz iddiasında çoxsaylı qanun və qərarları sadalayaraq onlara əsaslanmağa çalışsa da, bunlarla əlaqədar məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddia ərizəsində göstərilən, məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi qanunsuz və qərəzlidir. Çünki ekspertiza, məhkəmə işinin içərisində mövcud olan xx.xx.2021 tarixli çıxarış və texniki pasport əsasında yox, artıq hüquqi qiymətini itirmiş 2007-ci il tarixli 7832 saylı bağın istifadə müqaviləsi əsasında, onun iştirakı olmadan aparılmışdır. Hazırda Bakı Apellasiya Məhkəməsində İddiaçı ona qarşı “maneələrin aradan qaldırılması” qondarma tələbi üzrə iş aparılır. Həmin iş üzrə İddiaçı iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən rədd edilmiş və sonrakı baxışlarda Ali Məhkəmədən yenidən Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda İddiaçı həmin iş üzrə apellyasiya məhkəməsi tərəfindən keçirilən ekspertizada iştirak etməkdən müxtəlif yollarla boyun qaçırır. Ekspertləri və onun ərazisinə buraxmır, onu zəbt etməkdə davam edir. Özünün qaldırdığı işin gedişatına maneələr törədir və paralel olaraq yeni bir qondarma iddia ilə inzibati məhkəməyə müraciət edir. Nardaran bağ massivində yerləşən və 2018-ci ildən İddiaçı tərəfindən zəbt olunmuş 443 nömrəli bağ sahəsi 1967-ci ildən onların ailəsinə məxsusdur. Əvvəllər atası Tofiq Muradovun, 2007-ci ildən isə onunla bağlar təsərrüfatı idarəsi arasında bağlanmış müqaviləyə əsasən tərəflərindən istifadə olunmuşdur. Son illər bir qədər baxımsız qalmışdır. xx/xx/2021 tarixindən isə cavabdeh tərəfindən verilmiş çıxarış və texniki pasporta əsasən onun tam rnülkiyyətinə keçmişdir. İddiaçı iddiası qanunsusdur. Çünki onun heç bir qanuni mənafelərini əks etdirmir. Belə ki, cavabdeh onun bağ sahəsinə, müvafiq sənədlər əsasında çıxarış verməklə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin ona heç bir dəxli yoxdur. Çünki özünün göstərdiyi kimi bağ sahəsinə dair heç bir nə qanuni, nə də qanunsuz sənədinin olmamasına baxmayaraq, sübut elməyə çalışır ki, onun zəbt etdiyi bağ sahəsinin ona heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, İddiaçı iddiasına gəldikdə, onun belə bir iddia verməyə heç bır subyektiv hüququ da yoxdur. Məhkəməyə heç bir mülkiyyət sənəd-sübutu təqdim olunmamışdır. Bağ ərazisinin zəbt olunması isə ona bu hüququ vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X8 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs X13 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bu səbəbdən İddiaçı iddia edilən torpaq sahəsinə dair subyektiv hüquqa malik deyildir. Üçüncü şəxs X8 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin sözügedən bağ sahəsinə hüquqları ilk dəfə 1962-ci ildə, sonuncu dəfə 2007-ci ildə bağlanılmış müqaviləyə əsaslanmışdır. Lakin, iddiaçı Kərimovanın hüquqlarının mənbəyi belə yoxdur, məhkəmə hökmü ilə dələduz olan şəxsə bağ sahəsinə görə pul verilməsi, belə iddia verilməsinə əsas yaratmır. Belə ki, üçüncü şəxsin həmin torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ilə təsdiq olunur. İddiaçı həmin bağ sahəsinə soxularaq, onu zəbt etmiş, oradakı evi və hasarı sökərək, əvəzində hündür hasar ucaltmış, yeni darvaza qoymuş və ikimərtəbəli ev tikməyə başlamışdır. Həmin vaxtdan başlayaraq Muradova Lalə dəfələrlə Kərimovadan sahəni tərk etməsini tələb etmiş, lakin buna baxmayaraq, cavabdeh sahəni tərk etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarda göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir – o cümlədən, Kərimovanın torpağa dair heç bir sənədi, hüququ olmamasının iddianın qeyrimümkün sayılması üçün kifayət etməsinə baxmayaraq iddianın təmin edilməsi də məhkəmənin prosessual hüquq normalarını pozmasına dəlalət edir. Məhkəmədə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinə uyğun izahat verərək, verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının hazırki, iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmamasını əsas gətirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxs X13 arasında bağlanmış 06 aprel 2007-ci il tarixli, 7832 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Sabunçu rayonunun Nardaran ərazisində 0,20 hektar torpaq sahəsi olan 443 №-li bağ sahəsi X8 istifadəsinə verilmişdir. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 443 saylı bağ sahəsi üzərində üçüncü şəxs X8 (bundan sonra – üçüncü şəxs) xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair AA№ 606585 № li torpaq sahəsinin plan və ölçü sənədi işlənmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardara bağ massivində faktiki istifadəsində olan 443 saylı bağ torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Lakin həmin bağ sahəsi üzərində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə X8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı hazırda üçüncü şəxsin hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin onun inşa etdiyi bağ evinin ərazisi olduğunu və üçüncü şəxsin sənədlərinin qanunvericliyin tələblərinə zidd verildiyini iddia edir. Cavabdeh və üçüncü şəxs isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli Çıxarışın qanunvericiliyə uyğun tərtib edildiyini və iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədinin olmadığını bildirərək iddiaya etiraz edirlər. İş materiallarına əlavə edilmiş şahidlərin ifadəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin 445 və ya 446 olması barədə verdikləri ifadələrini aydınlaşdırmaq üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və 05 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Sabunçu rayon, Nardaran qəsəbəsi 445 saylı bağ sahəsinə dair məlumatlat İdarənin arxivində aşkar edilmədiyi bildirilmiş, lakin 446 saylı bağ sahəsinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilmişdir ki, ünvan üzərində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrə ilə X6 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və mülkiyyət hüququna dair çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 446a saylı bağ sahəsi üzərində isə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrə ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüququna dair çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsaən xx.xx.1999-cu il tarixdə ölmüş X6 vərəsəsi X9 tanınmışdır. Daha sonra ünvan üzərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrə ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüquqna dair çıxarış verilmişdir. X9 xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.191 ha olan torpaq sahəsi alıcı Gənvəli-zadə Rəhiməxanım Elman qızına satmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrə ilə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Göründüyü kimi iddiaçının sahibliyində 446 saylı bağ sahəsinin olması ilə bağlı şahidlərin verdiyi məlumatlar öz təsdiqini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı əsasında verilmiş mütəxəssi rəyi ilə 443 saylı bağ sahəsinin 444 saylı bağ sahəsi ilə yerlərinin səhv vurulması, yəni X10 məxsus 0,1644 ha torpaq sahəsinin yerləşdiyi yerin səhvən X11 məxsus 0,20 ha torpaq sahəsinin yerinə vurulması müəyyən olunsa da bu səhvin aradan qaldırılmasını tələb etmək hüququ həmin bağ sahələrinin mülkiyyətçilərinə məxsusdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli hökmündə İddiaçı 443 saylı bağ sahəsinin dəyərini Sancar adlı şəxsin vasitəsi ilə ödəyərək həmin bağ sahəsi üzərində faktiki sahibliyi həyata keçirməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 0,23 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evindən sərbəst şəkildə istifadə etməsi ilə bağlı X13 tərəfindən yaradılan manelərin aradan qaldırılması ilə bağlı göstərişi İddiaçı tərəfindən hazırki, iddia tələbini qaldırmaq üçün əsas yaratmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən X11 qoyulmuş qadağanın kökündə ekspert rəyi ilə 443 saylı bağ sahəsinin yerinin səhvən 444 saylı bağ sahəsinin yerinə işlənməsi göstərilmişdir. Yəni Bakı Apellyasiya Məhkəməsi ona görə İddiaçı iddiasını təmin etmişdir ki, 443 saylı torpaq sahəsi üzərində Lalə Muradovanın mülkiyyət hüququnun səhvən qeydə alınıb və buna görə də İddiaçı inşa etdiyi fərdi yaşayış evinin 443 saylı bağ sahəsinin ərazisində deyil, 444 saylı bağ sahəsinin ərazisində yerləşir. Odur ki, İddiaçı 443 saylı bağ torpaq sahəsinə dair X7 adına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. X8 adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi haqqında İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar