Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2121/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Musayev Kamran İbrahim oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qаrşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxli İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-1062/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1977-ci ildə Laçın şəhərində anadan olmuşdur. 2004-cü ildə avtomobil qəzası keçirmiş və məhkumluq həyatı yaşamışdır. 2019-cu il mart ayının 6-da azadlığa buraxılmışdır. O, şəxsiyyət vəsiqəsini almaq üçün ASAN xidmətə müraciət etmiş, onlar onu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə yönləndirmişlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08.04.2019-cu il, ******* saylı qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar çıxarılmışdır. Onun hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşıdır. X1 2005-ci ildə rəhmətə getmişdir. Anası X2 şəhəri, 28 Aprel küçəsi 61A ünvanında qeydiyyatdadır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı X8 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 26.02.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə 08.04.2019-cu il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5.1-ci maddəsinə və «Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.3-cü bəndinə əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da (o cümlədən, DMX-yə təqdim edilmiş tərcümeyi haldan) görünür ki, iddiaçı 2002-ci ildən 2012-ci ilədək Rusiya Federasiyasında yaşamışdır, buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Eyni zamanda iddiaçı 28.02.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisinin qəbulunda olmuş və şəxsə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün müvafiq sənədləri toplayaraq müraciət etməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-1062/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, iddiaçı X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı DMX-ya qarşı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən qərar ona 11.04.2019-cu il tarixdə təqdim edilmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsinə nəzər salsaq görərik ki, iddiaçının DMX-nə qarşı irəli sürdüyü iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinə uyğun deyildir. Belə ki, iddia tələbində DMX-nin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi məsələsi qeyd olunmalı idi. Əks halda məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməli idi. Yaşayış yeri üzrə qeydiyyatın araşdırması məsələsinə gəldikdə isə DMX tərəfindən sözügedən şəxsə münasibətdə düzgün inzibati icraat aparılmışdır. Belə ki, inzibati icraat zamanı şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olubolmaması ilə bağlı tərəflərindən DİN-ə sorğu verilmiş, şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1988-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmaması müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə icraatı zamanı məhkəmə tərəfindən qeydiyyatla bağlı DİN-ə sorğu verilmiş, sorğuya cavab olaraq DİN tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatı haqqında məlumatların müəyyən edilməsinə onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək (07.08.1988-ci il) qeydiyyatda olduğu və həmin qeydiyyatı özündə əks etdirən 19 nömrəli “ünvana gəlmə vərəqi” aşkar edildikdə yol verilməsi bildirilmişdir. (həmçinin, yaşayış yeri üzrə qeydiyyat barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsində müvafiq məlumatın aşkar edilməməsi, Laçın rayon polis idarəsinin kartotekasının işğal zonasında qalması səbəbindən araşdırmanın aparılması mümkün olmaması bildirilmişdir). Şəxsin qeydiyyatda olmaması ilə bağlı kifayət qədər araşdırma aparılmışdır. Bu da şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən əsassız olaraq inzibati icraatın yenidən aparılması qənaətinə gəlmişdir. Bundan əlavə, DMX tərəfindən şəxsə onun Azərbaycan Respublikasında anadan olması əsas götürərək birbaşa vətəndaşlığa qəbulla bağlı DMX-yə müraciət edə bilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan halların tətbiqi ilə bağlı qaydalara və iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, onları düzgün nəzərə almamış və nəticədə əsassız qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırki işin hallarından görünür ki, iddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı X8 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 26.02.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə 08.04.2019-cu il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə cavabdeh inzibati orqan tərəfindən 08.04.2019-cu il tarixli ******* nömrəli qərar qəbul edilmişdir, iddiaçı qeyd olunan qərarı mübahisələndirmədən, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasını istəmişdir. Habuki, AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmışdır, odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının birinci iddia tələbinə mahiyyəti üzrə baxılmadığından instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-1062/2021 saylı qərarı ləğv edilsin. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qаrşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxli İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2121/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2121/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver