Məhkəmə qərarları › İş №2-1(103)-2121/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2121/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2121/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndələri X1 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2023 saylı 08 fevral 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi rayon Məhkəməsindən tələb olunmuş 2(001)-5779/2011 saylı mülki işin materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 saylı kooperativin B/S saylı orderinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1998-ci il tarixli 1/16 saylı qərara əsasən Goradil Bağlar sahəsində 152 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 322 B saylı bağ İddiaçı istifadəsinə verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5779/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 322 B saylı bağ sahəsinin yerləşmə sxemi (planı) tərtib edilmiş, bağ sahəsinin ölçüsü 1200.00 kv.m-dir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina eilmişdir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizəninin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 322 “b” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.12 hektar olan 322 “b” saylı bağ sahəsi Bakı şəhəri İK-nin xx.xx.1998-ci il tarixli 1/16 saylı qərarına əsasən 152 saylı BTK tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsində abadlıq işləri görüb daim istifadə etmişdir. Torpaq sahəsinə qulluq etməyi qonşular tərəfindən təsdiq oluna bilər. Heç bir fiziki şəxs, dövlət və bələdiyyə orqanları ilə bağ sahəsinə dair mübahisələri olmamışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-5779/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən B/S nömrəli order üzrə iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağlar massivində yerləşən 322 “b” saylı bağ sahəsinin plan-sxeminin verilməsi cavabdehə həvalə edilmişdir. Qətnamə icra edilərək xx.xx.2012-ci ildə cavabdeh tərəfindən bağ-torpaq sahəsinin planı və sxemi təsdiq edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək istifadəsində və mülkiyyətində olan sözügedən bag sahəsinə hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi **********45 olan bildirişlə ona imtina verilmişdir. Səbəb kimi “qeyd edilən bağ sahəsinin nömrəsinin sxematik xəritədə aşkar edilmədiyi” qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerəşən 322B saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən bağ sahəsi sxematik xəritəyə əsasən 254 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Əraziyə Əli-zadə Şəbinə Vidadi tərəfindən müraciət edilmişdir. Bundan əlavə, sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, vətəndaşın nümayəndəsi 322B kimi göstərdiyi bağ sahəsini əvvəlki müraciətində 302E saylı bağın ərazisi kimi göstərmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********45 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2023 saylı 08 fevral 2023-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, sübutlar obyektiv, hərtərəfli araşdırılmamış, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, mütəxəssis rəyinə qiymət verilməmişdir. İllər öncə itirilmiş sənədlərlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müraciət edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X2 və X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən onun istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 322 “b” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi və göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən bağ sahəsinin üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdə olan cavabdeh inzibati orqanın **********35 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına 152 nömrəli BTK nəzdində Göradil bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 322b saylı bağ sahəsinə dair B/S nömrəli order, həmçinin həmin BTK-ya dair ayrıc aktı İdarənin arxivində aşkar edilməmiş, sorğu ilə əlaqədar olaraq 152 nömrəli BTK sxemi və məlumat üçün arxiv qovluğunda mövcud olan xx.xx.1990-cı il tarixli aktın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.1990cı il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, 152 nömrəli BTK-də 14 nəfərin hər birinə 0,12 ha torpaq sahəsi ayrılıb təhvil verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 7-1882/17 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1998-ci ilə dair sənədləri arasında xx.xx.1998-ci il tarixli 1/16 nömrəli qərar (orderin verilməsinə əsas olan qərar) mövcud deyildir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli 2(001)-5779/2011 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən B/S nömrəli order üzrə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağlar massivində yerləşən 322 “b” saylı bağ sahəsinin plansxeminin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. “X10 və Ekspertiza Mərkəzi” MMC-nin 155 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 1/16 saylı xx.xx.1998-ci il tarixli qərarına əsasən 152 saylı BTK tərəfindən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha olan bağ sahəsinin surəti məktuba əlavə edilmiş sxemə əsasən faktiki yeri naturaya uyğundur, koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpağıdır; bağ sahəsinin faktiki yeri və koordinatlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş sxemə əsasən naturaya uyğundur; faktiki yeri və koordinatlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş sxemə əsasən digər bağ sahələrinin faktiki yeri və koordinatlan ilə kəsişmir və üst-üstə düşmür. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “hüquqmüəyyənedii sənədlərin təqdim edilməməsi və bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” ilə bağlı olmuşdur. İşin apellyasiya baxışı zamanı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 nömrəli kooperativinə aid sənədlər toplusunun (qovluğun) məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri İcraiyyə Komitəsinin 1/16 saylı xx.xx.1998-ci il tarixli qərarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı isə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına məhkəmə sorğuları verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq apellyasiya baxışı zamanı məhkəməyə BTK-nin sənədlər toplusu (qovluq) təqdim edilmişdir. Həmin sənədlər toplusuna baxış keçirilən zaman müəyyən olundu ki, İddiaçı adı Goradil 152 saylı bağ-tikinti kooperativi üzvlərinin syahısında (14 nəfərdən ibarət) öz əksini tapmamışdır. Halbuki xx.xx.1990-cı il tarixli aktın məzmunundan da görünür ki, kooperativin tərkibində olan 14 nəfərin hər birinə 0.12 ha olmaqla ümumilikdə 1.68 ha torpaq sahəsi ayrılıb təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə məhkəməyə bildirilmişdi ki, Bakı şəhəri İcraiyyə Komitəsinin arxiv fondu üzrə 1998-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1998-ci il tarixli 1/16 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin Kollegiya tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinin plan-sxeminin verilməsi tələbinə dair iddiası üzrə olan 2(001)-5779/2011 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən tələb edilmişdir. Həmin mülki işin materialları nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin mülki işdə sözügedən Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 152 nömrəli kooperativinin B/S nömrəli orderinin notariat qaydada təsdiq olunmuş surəti mövcuddur. Beləliklə, iş üzrə müəyyən olundu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin Bağlar İdarəsinin 152 nömrəli kooperativi tərəfindən verilmiş B/S nömrəli orderi və həmin order əsasında məhkəmə qətnaməsinə əsasən tərtib edilmiş yerləşmə cizgisi (planı) mövcud olsa da, ilkin olaraq verilən- sözügedən orderin verilməsi üçün əsas olan Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 1/16 saylı xx.xx.1998-ci il tarixli qərarı müvafiq orqanlarda mövcud deyildir. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi məhkəmə qətnaməsinə əsasən verilmiş “torpaq sahəsinin planı” sənədi isə torpaq sahəsinin yerləşmə cizgisinə aid olub, hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd olundugu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilər. Odur ki, hazırki işdə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi sənədlər- order, hansı ki onun verilməsi üçün əsas olan Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 1/16 saylı xx.xx.1998-ci il tarixli qərarı müvafiq orqanlarda mövcud deyildir, torpağın planı sənədi iddia olunan torpağın iddiaçının adına rəsmiləşdirilməsi üçün qanunda nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər qismində qiymətləndirilmədiyi üçün iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2023 saylı 08 fevral 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar