Məhkəmə qərarları › İş №2-1(103)-2121/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2121/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2121/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X10 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (X4 və X12 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3466/2023 saylı 29 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 23 iyun 1994-cü ildə İddiaçı verilmiş xidməti orderin surətindən görünür ki, N.Nərimanov adına NQM rəhbərliyinin və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli birgə qərarı ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, LökBatan qəsəbəsi, 28 May küçəsi, ev 21-də 2 saylı mənzil verilmişdir. Həmin orderdə İddiaçı ilə yanaşı, onun ailə üzvləri kimi, həyat yoldaşı X1 və oğlu X5 adları da göstərilmişdir. “Boşanma haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X1 nikahı 13 mart 1999-cu ildə ləğv edilmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 (xx.xx.1966); X12 (xx.xx.1986); … Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, mənzil 2 ünvanında qeydiyyatdadırlar. İddiaçı X1 və X5 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, 2 saylı mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək, onun tələbini təmin etməkdən imtina etmişdir. Qeyd olunan imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X5 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, mənzil 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə, X4 və X12 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının arvadı X4 və X12 (arvadının başqa nikahdan olan oğlu) ünvan 3 ünvanda qeydiyyatdadırlar. Onların evdən qeydiyyatdan çıxarılması ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinə müraciət etsə də tələbi təmin olunmamışdır. 1999-cu ildən X4 ilə boşandığı üçün sonuncu Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5e, mənzil 13-də yerləşən ona məxsus olan mənzildə yaşayır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3466/2023 saylı 29 mart 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 21 saylı evin 2 saylı mənzili ona 23 iyun 1994-cü ildə N.Nərimanov adına NQCM rəhbərliyinin və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli birgə qərarı ilə xidməti order əsasında verilmişdir. Həmin mənzildə qeydiyyatda olan X4 onun keçmiş həyat yoldaşı olmuş və onların nikahı 13 mart 1999-cu il tarixdə ləğv edilmişdir. X13 isə onun oğulluğudur. Onlar həmin mənzildə qeydiyyatda olsalar da faktiki olaraq X2 məxsus ünvan 5 ünvanında oğlu Vaqif, gəlini və iki nəvəsi ilə birlikdə yaşayırlar. Ona məxsus mübahisəli mənzil isə 1993-cü ildən Ağdam rayon məcburi köçkünlər tərəfindən zəbt edilmiş və orada məskunlaşmışlar. Hazırda həmin mənzildə yaşamırlar, mənzildən çıxmışlar və mənzildə ailəsilə o yaşayır. Lakin onun keçmiş həyat yoldaşı və onun oğlu əsassız olaraq 2005-ci ildən onun razılığı olmadan qeyri-qanuni olaraq həmin mənzilə qeydiyyata düşmüşlər. Məhkəmə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 21 saylı evin 2 saylı mənzilin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində dövlət qeydiyyatından keçməsi barədə məlumatın aşkar edilməməsini qeyd etmişdir. Bildirir ki, həmin mənzil xidməti orderlə verilmiş və bu səbəbdən də daşınmaz əmlakdan qeydiyyatdan keçə bilməz. Eyni zamanda məhkəmə özü həmin şəxslərin mübahisəli mənzildə yaşamaması və mənzilin Ağdam rayonundan məcburi köçkünlər tərəfindən zəbt edilməsini qeyd etsə də, əsassız olaraq həmin şəxslərin qeydiyyatda olduqları ünvana əmlak hüquqlarının yaranıb-yaranmaması səbəbindən mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməməsi qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh inzibati orqan işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslər X4 və Əlibəyov Vaqif oğlunun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxslər X4 və Əlibəyov Vaqif oğlunun iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh qurumun imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixlidir. Həmin imtinanın iddiaçı tərəfindən nə vaxt alındığı barədə işdə sübut yoxdur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı tələbi “3-cü şəxslər X4 (keçmiş həyat yoldaşı) və X5 (oğulluğu) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, mənzil 2 ünvandan qeydiyyatdan çıxarılması” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edildiyi üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsinin inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 152 Saylı Mənzil Kommunal İstismar Sahəsinin 18 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, mənzil 2 ünvanında qeydiyyatda olan X4 və X12 bu ünvanda yaşamırlar. Harada yaşadıqları məlum deyil. Həmin mənzili Ağdam rayonundan gəlmiş məcburi köçkünlər 1993-cü ildən zəbt ediblər və müvəqqəti məskunlaşıblar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, 2 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Qaradağ Rayon Polis İdarəsinin 20 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 xx.xx.2005-ci il tarixdə və X12 xx.xx.2004-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, mənzil 2-ə yaşayış yeri üzrə qeydiyyata alınmışdır… “Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in müvafiq əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə dair sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının göndərilməsi mümkün olmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 16 saylı arayışından görünür ki, Vəliyev X6 qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 21, mənzil 2 ünvanında qeydiyyatdadır. xx.xx.1994-cü ildə verilmiş xidməti orderə əsasən mənzil sahibidir. Ailə tərkibi aşağıdakılardır. xx.xx.1994-cü ildə verilmiş Xidməti orderə əsasən mənzilin sahibidir və ailə tərkibi 3 (üç) nəfərdən ibarətdir: İddiaçı (1949-cu il), yoldaşı- X4 (1966-cı il), oğulluğu-X19 (1986-cı il) oğlundan ibarət olmaqla mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq mənzildə yaşamırlar, mənzili Ağdam rayonundan gəlmiş məcburi köçkünlər 1993-cü ildən zəbt ediblər və qeydiyyatsız yaşayırlar. Ailə tərkibi X7 (1938), nəvəsi-X8 (2003) və nəvəsi -X17 (2008) qızından ibarətdir. Beləliklə, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının 3-cü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 21, 2 saylı mənzil N.Nərimanov adına NQM rəhbərliyinin və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli birgə qərarı ilə 23 iyun 1994-cü il tarixdə order əsasında İddiaçı istifadəsinə verilmişdir. 3-cü şəxslər iddiaçının keçmiş arvadı və onun oğulluğudur. Onlar order əsasında iddiaçıya verilmiş mənzildə qeydiyyatdadırlar və onların istifadə hüququnun olub-olmamasına dair mülki məhkəmə icraatı qaydasında qəbul olunmuş qərar mövcud deyil. İddiaçıya order əsasında məxsus olan əmlaka 3-cü şəxslərin istifadə hüquqlarının hal-hazırda mövcud olub-olmaması, yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, alə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi, ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsini iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. Hazırki işdə iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin (hansı ki, adları 1994-cü ildə verilmiş orderdə də qeyd olunub) yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni, iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki, həmin halların, yəni üçüncü şəxslərin yaşayış sahəsində yaşayıbyaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub-olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulubpozulmamasını araşdırır. Yəni, inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “keçmiş arvadı və arvadının oğlunun ona orderlə məxsus olan mənzildən qeydiyyatdan çıxarılması” barədə tələbinin təmin olunması hazırki vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası da qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3466/2023 saylı 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3466/2023 saylı 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X16 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar